Əhməd bəy Cavanşir

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Əhməd bəy Cavanşir
Əhməd bəy Cəfərqulu bəy oğlu Sarıcalı-Cavanşir
Doğum tarixi
Doğum yeri Kəhrizli, Kəbirli mahalı, Rusiya imperiyası
Vəfat tarixi (74 yaşında)
Vəfat yeri Kəhrizli, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Həyat yoldaşı Mülkicahan xanım
Uşaqları Aslan bəy, Məhəmməd bəy, Həmidə bəyim
Atası Cəfərqulu bəy Sarıcalı-Cavanşir
Fəaliyyəti tarixçi, şair, hərbi qulluqçu

Əhməd bəy Cavanşir — tarixçi, şair, Pənahəli xan Sarıcalı-Cavanşirin nəticəsi, Həmidə xanım Cavanşir-Məmmədquluzadənin atası.

Əhməd bəy Cəfərqulu bəy oğlu 1828-ci ildə Kəbirli mahalının Kəhrizli kəndində dünyaya gəlmişdir. 15 yaşına qədər molla yanında oxumuşdur. Sonra rusca öyrənmişdir. 1843-cü ildə Mehdiqulu xan Cavanşirin xahişinə görə, çar I Nikolay Əhməd bəyi Peterburqa tələb edir və onu dövlət hesabına Pavlov kadet korpusuna qəbul edir. O vaxtlar Pavlov məktəbinə yalnız zadəgan uşaqlarını qəbul edirdilər. İzdihamlı Sankt-Peterburq mühitinə düşən Əhməd bəy rus dilini öyrənməyə ciddi səy göstərir və məktublarından göründüyü kimi, bu dili mükəmməl surətdə öyrənə bilir.

1848-ci ildə Əhməd bəy Pavlov korpusunu bitirib Konstantin Nikolayeviç adına Qusar alayına təyin olunur və 1854-cü ilə qədər hərbi xidmətdə qalır.

1853-cü ildə Krım müharibəsi başlandı. Qasım bəy Zakirin oğlu Nəcəfqulu bəy və qardaşı oğlu Isgəndər bəy könüllü olaraq cəbhəyə getmişdilər, Qafqaz cəbhəsində rus əskərləri ilə çiyin-çiyinə 2000 nəfərə qədər azərbaycanlı döyüşürdü. Əhməd bəyin olduğu Qusar alayı Sevastopol altında vuruşurdu. Döyüş meydanında göstərdiyi igidliyə və qoçaqlığa görə Əhməd bəy ordenlə təltif edilmiş və ona ştabs-rotmistr rütbəsi verilmişdir. Lakin Əhməd bəyə orduda uzun müddət xidmət etmək nəsib olmadı, çünki o, hələ 1850-ci ildə Əli bəy Sultanovla iştirak etdiyi dueldə qolundan yaralanmış olduğu üçün 1854-cü ildə tamamilə hərbi qulluqdan getməyə məcbur oldu.

1854-cü ildə Əhməd bəy öz doğma kəndi olan Kəhrizliyə gələrək burada təssərüfat işləri ilə məşğul olmağa başlayır. Rus ordusundan istefaya çıxmış və Sankt-Peterburq təhsili almış zabit köhnə kənddə yeni qaydalar yaratmaq istəyirdi. Buna görə də o, xalq arasında "Urus Əhməd bəy" ləqəbini almışdı.

XIX yüzilin 60-cı illərinin sonunda Əhməd bəy Vərəndə sahəsinin murovu vəzifəsinə təyin edilir; bu zaman o, həm də taxıl yerlərini sulamaq üçün Arazdan su çıxartmaq işi ilə də məşğul olurdu. Uzun əziyyətdən sonra Əhməd bəy 8 verst uzunluğunda bir arx qazdırır və onu Mil düzündəki qədim Gavur arxı ilə birləşdirir. Azərbaycanı Rusiya sənayesinin xammal mənbəyinə çevirməyə çalışan çar hökuməti heç bir vəsait sərf etmədən yerlərdə suvarma işlərini yaxşılaşdırmağa və beləliklə də çoxlu xammal əldə etməyə çalışırdı. Ona görə Qafqaz canişinliyi idarəsi hələ XIX yüzilliyin 60-cı illərinin axırlarında Mil düzündəki suvarma işlərini qaydaya salmaq üçün bir neçə dəfə xüsusi komissiyalar göndərmişdi. Lakin tərkibində hətta hollandiyalı suvarma mütəxəssisləri də olan bu komissiyalar heç bir qəti tədbir görə bilmədilər. Çünki bu layihələrin həyata keçirilməsi "külli miqdarda xərc tələb edirdi". Qarabağın yerli bəyləri də Gavur arxını "…arx və arxın suvardığı bütün torpaqların 99 il ancaq onların istifadəsində" qalması şərti ilə bərpa etmək istəyirdilər. Lakin onların da cəhdi heç bir nəticə vermədi. Nəhayət, 1866-cı ildə Əhməd bəy, Zərgər, Dilağarda, YağləvəndŞahsevən camaatının köməyi ilə cüzi bir məbləğlə və hökumətlə heç bir formal əlaqə yaratmadan həmin arxı qazdırmağa başladı və Arazdan çıxarılan suyu məşhur Gavur arxı ilə birləşdirmək kimi çətin bir məsələni həll etdi. Şair və tarixçi Mir Mehdi Xəzani yazırdı:

"

Min səkkiz yüz altmış altı sənədə,
Tarixi- məsihi olanda təhrir,
Vərəndədə zasidatel olmuşdu
Əhməd bəgi-alinəsli-Cavanşir.

…Həqiqətən hər karı bunun yaxşıdır,
Amma fərasəti həqqən yaxşıdır.
Kövdər arxı Arasbarın nəqşidir
Hər yerdə əhvalı olunur təqrir.

"

Əhməd bəyin sonrakı məktublaşmalarından aydın olur ki, hökumət Əhməd bəyin təcrübə və təşəbbüsünu nəzərə alaraq, göstərilən kanalı yenidən bərpa etmək üçün daha bir təşəbbüs göstərdi və bu məqsədlə 1879-cu ildə xüsusi bir komissiya Əhməd bəyin iştirakı ilə Mil düzünü yoxladı. Komissiya Əhməd bəyin və mühəndis Bexmanın fikri ilə razılaşaraq Gavur arxını bərpa etməyi qərara aldı. Bu məqsədlə 1881-ci ildə plan layihəsi hazırlandı. Lakin bu layihə kağız üzərində qaldı.

Suvarma məsələsi ətrafında gedən məktublaşmalar göstərir ki, Əhməd bəy su təssərüfatı sahəsində böyük təcrübəyə malik idi. Əhməd bəyin öz mülkündə qazdırdığı kəhrizlər də suvarma sahəsində çalışan bir çox tədqiqatçıların nəzər-diqqətini cəlb etmişdi.

1883-cü ildə Əhməd bəyin qonağı olmuş mühəndis Veys fon-Veyssenqof yazır ki, "Qarabağ mülkədarı Əhməd bəy Cavanşir uzun illər boyu apardığı müşahidələrin nəticələri və qazandığı təcrübə ilə məni tanış edərək, qazdırdığı kəhrizləri ətraflı surətdə tanış olmağa mənə imkan yaratdı". XIX əsrin 70-ci ilərində Əhməd bəy hakim sinif nümayəndələrindən kimin həqiqətən bəy silkinə mənsub olduğunu müəyyən etmək məqsədilə yaradılmış Şuşa bəy komissiyasının tərkibinə daxil olur. Bu komissiyanın fəaliyyəti haqqında ətraflı surətdə danışmadan, qeyd etmək lazımdır ki, bəy və ağaların əksəriyyəti vergi və mükəlləfiyyətlərdən azad olmaq üçün saxta sənədlər (xan fərmanları, təliqələr və s.) düzəldərək özlərinin bəy silkinə mənsub olduqlarını sübut etməyə çalışırdılar. Lakin Əhməd bəy bu saxtakarlığa qarşı müqavimət göstərirdi ki, bu da komissiya üzvlərinin narazılığına səbəb olurdu. Ona görə də Firudin bəy Köçərlinin göstərdiyi kimi, Əhməd bəyin düşmənləri onu həbs etdirib, bir neçə vaxt həbsxanada saxlatdırdılar.

Əhməd bəy ömrünün son günlərini Kəhrizli kəndində keçirərək tarix və ədəbiyyata and kitabları mütailə edir, müxtəlif əsərlər yazır və tərcümə ilə məşğul olurdu.

Əhməd bəy "Asari-Əhməd bəy Cavanşir" adlı şeirlər, "Türk zərb-məsəllər məcmuəsi" adlı folklor örnəkləri, "1747-ci ildən 1805-ci ilə qədər Qarabağ xanlığının siyasi vəziyyətinə dair" adlı tarix kitablarının müəllifidir.

Əhməd bəy 1903-cü il yanvarın 9-da vəfat etmiş və öz vəsiyyətinə görə Kəhrizli kəndində dəfn edilmişdir.

Əhməd bəy Mülkicahan xanımla ailə qurmuşdu. Aslan bəy, Məhəmməd bəy adlı oğulları, Həmidə bəyim adlı qızı vardı.