Div sultan Rumlu

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Div sultan Rumlu
1516 – 1527
ƏvvəlkiHəmzə bəy Hüseyn bəy lələ oğlu Ustaclı
SonrakıSuleyman bəy Rumlu
bayraq
Mərv bəylərbəyi
bayraq2
1513 – ?
ƏvvəlkiAbdal bəy Talış
Şəxsi məlumatlar
Doğum yeri İrəvan, Ağqoyunlu dövləti
Vəfat tarixi
Vəfat yeri Təbriz, Səfəvilər dövləti
Vəfat səbəbi qətl
Fəaliyyəti siyasətçi
Hərbi xidmət
Xidmət illəri 1516-1527
Rütbəsi general

Div sultan Rumlu (v. 1527, Təbriz) — qızılbaş sərkərdəsi, əmir əl-üməra. Əsl adı Əmir Əli bəy Rumludur. Səfəvi dövlətinin adlı-sanlı sərkərdələrindən olmuşdu. 1517–1526-cı illərdə Çuxur Səd (İrəvan) əyalətinin bəylərbəyi olmuşdu. 1524-cü ildən 1527-ci ilə qədər o zaman azyaşlı olan Şah Təhmasibin vəkili vəzifəsini yerinə yetirmişdi. Əmir əl- üməra Bəyazid sultan vəfat etdikdən sonra isə onun yerinə əmir əl-üməra təyin edildi. Çuxa sultanla birlikdə ustaclılara qarşı vuruşaraq onları məğlub etmiş, daha sonra 1527-ci ildə müttəfiqi Çuxa sultan tərəfindən öldürülmüşdür.

Rumlu tayfasına mənsub ən məşhur əmirlərdən biri Div sultan adı ilə tanınan Əli bəy Rumlu olmuşdur. O, 1501-ci ildə Şərurda baş verən döyüşdə və Təbrizin fəthində iştirak etmişdi. Onun adı mənbələrdə ilk dəfə bu hadisələr zamanı çəkilmişdir.[1][2] I Şah İsmayıl Təbrizdə taxta çıxdıqdan sonra Əli bəy Rumlunu ətraf ərazilərdən birinin hakimi təyin etdi. Bir başqa mənbənin verdiyi məlumata görə Div sultan I Şah İsmayıl dövründə Ərzincanın hakimi idi.[3]

Şah İsmayılın hakimiyyəti dövründə

[redaktə | mənbəni redaktə et]

Özbəklərlə döyüşlərdə iştirakı

[redaktə | mənbəni redaktə et]

Div sultan Rumlu I Şah İsmayılın 1508-ci ildə Luristan və Xuzistan əmirliklərinə təşkil etdiyi yürüşlərdə də iştirak etmişdi.[4]

Div sultan 1510-cu ildə Şeybək xan ilə Qızılbaşlar arasında baş verən Mərv döyüşündə iştirak edən sərkərdələrdən biri idi.

Şah İsmayıl 1510-cu il noyabr ayının 22-də Mərv ətrafına yetişdi və şəhəri mühasirəyə aldı. Səfəvi şahı qala mühasirəsi üçün malik olduğu təcrübəni işə saldı, qala bürclərini, qala divarlarının ayrı-ayrı Səfəvi əmirlərinə tapşırdı və onlara qala divarlarının fəth edilməsi yollarını tapmağı əmr etdi. Amma Mərv qalası kifayət qədər möhkəm bir qala idi və müşahidələrdən sonra Şah İsmayıl özü də belə bir qənaətə gəldi ki, adi mühasirə ilə bu qalanı almaq mümkün olmayacaqdır. Səfəvi qoşunlarında başda Div sultan Rumlu olmaqla Cayan sultan Ustaclı, Badencan sultan Rumlu, Zeynal sultan Şamlı, Mirzə Məhəmməd Talış və digər əmirlər Mərv qalasının mühasirəsi ağırlığını öz üzərinə götürmüşdülər.[5] Bu əmilər hər gün özbək qoşun dəstələrinin qala xaricinə olan hücumlarının qarşısını almaqla qarşıya qoyulan vəzifələrin icrasına da çalışırdılar. Səfəvilərin bütün cəhdlərinə baxmayaraq, onlar özbəklərin yürüşlərindən müəyyən itkilərə də məruz qalırdılar.

Gicduvan döyüşündə qalibiyyət əldə etdikdən sonra HeratMəşhədi tutan özbək xanları oradakı şiələrə qarşı qırğınlar törətdilər. Beləliklə, 1513-cü ilin baharının əvvəli üçün Xorasanın əksər ərazisi təkrarən özbəklərin əlinə keçdi. İsfahanda qışladığı vaxt bu xəbərləri alan Şah İsmayıl dərhal Sultaniyyəyə gələrək 40 minlik ordu ilə Xorasana yürüşə başladı.[6] Bu zaman Div sultan Rumlunu və Xəlil xan Zülqədəri çərxçi təyin edərək 10 minlik qoşunla əvvəlcədən göndərdi. 20 minlik qoşunla Məşhəddə olan Übeydulla xan Div sultan Rumlunun və Xəlil xan Zülqədərin qoşunları ilə qısa toqquşmadan sonra Herata qaçdı, oradan Məhəmməd Teymur sultanı da götürüb, Mavəraünnəhrə çəkildi. Div sultan və Xəlil sultan Məşhədə daxil olduqdan sonra əsir götürülmüş özbək döyüşçülərini, qətlə yetirilənlərin kəsilmiş başlarını və baş verənlər haqqında məlumatı Şah İsmayıla göndərdilər.[6]

Mənbələrin verdiyi məlumatlardan belə məlum olur ki, Şah İsmayıl, çərxçilərə və onların rəhbərlərinə də belə tapşırıq veribmiş ki, özbək xanlarını və ailələrini ələ keçirib şahın hüzuruna gətirsinlər. Amma özbək xanlarından heç biri ələ keçirilməmişdi. Bunun nəticəsi idi ki, Div sultan və Xəlil sultanın fəaliyyəti onu heç də qane etmədi. Ona görə də Şah İsmayıl Qarapər (Qarapir) sultan Qacarı yeni bir qoşun dəstəsi ilə Məhəmməd Teymur xanla Übeydulla xanı əsir edərək Səfəvi düşərgəsinə gətirməsi üçün Herata yolladı. Qarapər sultanın irəliyə göndərilmiş Səfəvi dəstəsinin rəhbəri təyin edilməsi Xəlil sultanla Div sultan tərəfindən təəccüblə qarşılandı. Onlar özlüyündə Məşhədin ələ keçirilməsinə görə Şah İsmayıl tərəfindən mükafatlandırılacaqlarını gözləyirdilər. Əvəzində isə onlar vəzifədən kənarlaşdırılmışdılar. Şah İsmayılın məzəmmətləri və cəzası ilə qarşılaşmamaq üçün Div sultan və Xəlil sultan qərara gəldilər ki, sərəncamlarında olan qoşun dəstəsi ilə Übeydulla xanın ardınca Herata yollansınlar, onu ələ keçirib Şah İsmayıla təhvil versinlər. Bununla, onlar şah yanındakı nüfuzlarını bərpa etməyə cəhd göstərdilər.[7]

Div sultan və Xəlil sultan Herata yetişəndə buranın hakimi Məlik Nizaməddini fənd işlədərək qoşun dəstəsi ilə qaladan kənarlaşdırdılar. Tərəflər arasında döyüş baş verdi və Div sultanla Xəlil sultanın dəstəsi qalib gəldi.[8] Onlar bu uğuru davam etdirmək üçün Məlik Nizaməddinin sağ qalan döyüşçülərini Qur və Qərcistana qədər təqib etdilər. Şah İsmayıl onların Herat ətrafında qalibiyyətlərini və uğurlarını eşidib sevindi. Səfəvi şahının əmri ilə Xəlil sultanla Div sultan böyük səxavətlə mükafatlandırıldılar, onlara şah tərəfindən at, qılınc, qiymətli əşyalar bağışlandı.

Aləmara-yi Şah İsmayıl əsərinin müəllifi yazır ki, Şah İsmayıl Div sultana Badğis çöllərində yaşayan tayfaları cəzalandırmağı tapşırmışdı. Div sultan gözlənilmədən bu tayfalar üzərinə hücuma keçdi. Onun rəhbərliyində 10 minlik ordu gecə vaxtı gizli şəkildə bu tayfaları mühasirəyə aldı. Beləliklə Div sultanın qoşunları Səfəvi hakimiyyətinə itaətsizlik edən Qərcistan və Badğis vilayətlərini fəth etdilər.[8] Şah İsmayıl yürüşün nəticələrinə görə, Div Sultana və onun dəstəsinə öz məmnunluğunu çatdırdı.[9]

Özbəklərin hücumlarının qarşısı alındıqdan sonra 1513-1514-cü illərdə Div sultan ayamalı Əli bəy Rumlu Bəlx və onun ətrafına hakim təyin edilmişdir.[10]Şah İsmayıl son səfərin gedişində Div Sultanın nümayiş etdirdiyi fədakarlıq və şücaətləri nəzərə alaraq Ceyhun çayından Əndicana qədər olan ərazilərin hakimliyini ona tapşırdı.[11][12]

Bəlx hakimi kimi

[redaktə | mənbəni redaktə et]

1515-ci ildə Übeydulla xan 30 minlik və Canibəy sultan 20 minlik ordu ilə Səfəvilərin vassalı olan Xan Mirzəyə məxsus Hisar-i Şadman qalasına həmlə etdilər. Onlar Hisar-i Şadmana köməyə tələsən Bəlx hakimi Div sultan Rumlunu dəf etdilər. Div sultanın dəstəsinə də xeyli itki yetirildi. Sonda o, min nəfərlik dəstəsi ilə mühasirəni yarmağa və döyüş meydanından uzaqlaşmağa müvəffəq oldu. Div Sultan döyüşçülərinin əksəriyyəti yaralı olan dəstəsi ilə Faryaba yollandı. Fayrab hakimi onun kürəkəni idi. Bir neçə ox yarası almış Div sultan Əlişəkər xan Baharlunun oğlu Məhəmmədi xanı Bəlx qalasına komandan təyin edib, özü kömək istəmək üçün Faryabdan Təbrizə, Şah İsmayılın hüzuruna yollandı. Div Sultan Faryabdan Təbrizə doğru hərəkətə başlayanda Məhəmməd Zaman Mirzə də Əmir Ərdovanla birlikdə 10 min nəfərlik qoşun dəstəsi ilə Heratı ələ keçirmək üçün yola düşmüşdü. Elə həmin günlərdə Div Sultan da Herat yaxınlıqlarında idi. O, Zeynal xanın qala daxilinə sığınaraq müdafiə olunmasını eşidəndə təəccüb etdi və ona belə bir xəbər göndərdi: "Məgər bu 10 min nəfərdən qorxdun ki, qala darvazalarını möhkəmlətmisən? Hər halda qala darvazalarını aç və 700-800 nəfərlik dəstə ilə bayıra gəl və inşallah ki, onları məğlub edəcəyik". Bu sözlərdən də göründüyü kimi, Div sultan da Zeynal xana kömək etmək istəyirdi ki, birlikdə Məhəmməd Zaman Mirzənin dəstəsini məğlubiyyətə uğratsınlar. Amma Zeynal xan bu təkliflə razılaşmadı və cavab göndərdi ki, Div sultan getdiyi yolla getsin və bizim onun köməyinə ehtiyacımız yoxdur. Belə olanda Div Sultan orada dayanmağı lazım bilməyib yoluna davam etdi və bir müddətdən sonra Şah İsmayılın hüzurunda oldu.[13] Təbrizdə şahla görüşən Div sultan ona bədənindən çıxarılmış oxları göstərdi. Şah da hər oxun müqabilində Div sultana bir xələt bağışladı.[14]

Özbəklərin Xorasan şəhər və kəndlərinə hücumları nəticəsində bölgədə güclü qıtlıq yaranmış, aclıq ən yüksək səviyyəyə çatmışdı. Digər tərəfdən Div sultanın irəli sürdüyü Məhəmməd Zaman mirzə, Ərdüvan şaha və özbəklərə qarşı vahid cəbhədə vuruşmaq təklifi Herat hakimi Zeynal xan Şamlı tərəfindən rədd edilmişdi. Buna görə də Div sultan 1515-ci ilin sonlarında Təbrizə şah sarayına gələrək baş verənlər- aclıq, qiyamlar, əyalətlərdə yiyəsizlik haqqında şahı məlumatlandırdı.[15] O həmçinin Zeynal xanın fəaliyyətlərindən də şaha şikayət etdi.[10] Nəticədə Şah İsmayıl azyaşlı oğlu Təhmasibin lələliyini Əmir xan Mosulluya tapşırıb, onu Xorasan bəylərbəyi təyin edərək Herata Zeynal xanın əvəzinə göndərdi.[16] Həsən bəy Rumlu bu hadisələri belə şərh edir:

Bu il Div sultan Rumlu Bəlxdən İsgəndər şanlı xaqanın dərgahına gəldi və özbəklərlə döyüş nəticəsində atlarının və adamlarının bədənlərindən çıxarılmış ox ucları ilə dolu olan bir sandıqçanı gətirib o həzrətə təqdim etdi. [Div sultan] bütün toqquşmalarda özbəklərə qalib gəlmişdi. O, Xorasan vilayətinin sahibsiz qaldığını [şaha] ərz etdi. Ona görə də İsgəndər şanlı xaqan Simnan sərhədindən ta Amudərya çayına qədər Xorasan səltənətini dinin pənahı və Allahın lütfünün məzhəri olan Əbülmüzəffər Şah Təhmasib həzrətlərinə lütf etdi və Əmir xan Mosullu Türkmanı o həzrətin lələsi [təyin] etdi.[14]

Gürcüstan səfərləri

[redaktə | mənbəni redaktə et]

XVI əsrin əvvəllərində Gürcüstan bir neçə knyazlığa (Kartli, Kaxeti, Mesxi və İmeretiya, yəni Başı-açıq) bölünmüş, Səfəvilərlə Osmanlıların rəqabət məkanına çevrilmişdi. Gürcülər Təbriz sarayına bac-xərac ödəsələr də, imkan yarandıqda tabesizlik nümayiş etdirirdilər. 1516-cı ildə Gürcüstanın qərbində İmeretiya əyaləti hakimi Mənuçöhr ilə Gürcüstanın şərqində Kaxeti hakimi Kvarkvare arasında baş verən döyüşdə məğlub olan Kvarkvare Şah İsmayıla sığınaraq ondan kömək istədi. Şah İsmayılın əmri ilə ona kömək üçün Div sultan Rumlu qoşun dəstəsi ilə birgə Gürcüstana yola düşdü. Şah İsmayıl özü bu yürüşdə iştirak etməmişdi. 1516-cı ildə Div sultan 15 minlik qoşun ilə Gürcüstana hücum etdi. Bu yürüş zamanı onu tanınmış Səfəvi əmirlərindən Həsən bəy Təkalu, Narın bəy Qacar, Qazan bəy Rumlu, Həsən bəy Cutə və başqaları müşayiət edirdilər.[17]Bu zaman Osmanlı qoşunu da Gürcüstan üzərinə istimaqət götürmüşdü. Mənuçöhr osmanlılara qarşı müqvimət göstərə bilməyəcəyini anlayıb Div sultanın yanına öz elçilərini göndərdi. Div sultan onun təklifini rədd edib,elçilərini qətlə yetirdi. Bundan xəbər tutan Mənuçöhr qaçmaq istəyərkən Səfəvi qoşunları tərəfindən təqib olunduğuna görə Tumək qalasına sığındı. Div sultanın əmri ilə qala uzun müddət mühasirə olundu. Mənuçöhr bu qalada da mühafizə oluna bilməyəcəyini anlayıb Osmanlı sərhəddinə yola düşdü. Qala sakinləri isə Div sultan Rumlunun hüzuruna hədiyyələrlə gələrək ondan bağışlanma dilədilər. Nəticədə Kvarkvare Gürcüstan hakimi təyin edildikdən sonra Div sultan Rumlu çoxlu qənimətlə geri qayıtdı.[16][18]

Rumlu bu hadisəni belə təsvir edir:

Mənuçöhr fərar edib Ruma getdi. Əmirlər Tümük qalası ətrafına gəldilər. O qala dərin bir dərənin ortasındakı dağın başında yerləşir. Qazilər qələbə bayraqlarını dalğalandırdılar, zəfər qılınclarını çəkdilər və dairə kimi düzülüb [qalanı] nöqtə kimi dövrəyə aldılar. On dörd gün bədkirdar gürcülərlə əzəmətli qazilər arasında döyüş oldu. Axırda islam qoşunu qalanın su anbarını deşdi və kafirlər acız qalıb Div sultan dərgahına üz tutdular. Mənuçöhrün vəkili olan Erezbar1830 da layiqli peşkəşlər və müvafiq töhfələrlə qaladan çıxdı. Div sultan Gürcüstanın hakimiyyətini Qurquraya verib geri döndü. Div sultan bu yürüş zamanı Çirkin Həsəni cəzalandırdı (yasaya çatdırdı).[19]

1517-ci ildə Mənuçöhr Sultan Səlimin əmri ilə Mirzə bəy rəhbərliyində qoşun dəstəsi ilə Gürcüstan üzərinə hücuma keçdi. Kvarkvare bu dəfə də Şah İsmayıldan kömək istədi. Bu dəfə də Şah İsmayıl ona kömək etdi və Div Sultanın rəhbərliyi altında olan qoşun dəstəsini Gürcüstana istiqamətləndirdi. Mənbələrdə olan məlumata görə, Div Sultanın qoşun dəstəsi ilə Osmanlı dəstəsi Qaraca Ərdəhan adlanan məntəqədə qarşı-qarşıya gəldilər. Osmanlı qoşunu Div sultan tərəfindən məğlubiyyətə uğradıldı. Div sultan ona tapşrılmış vəzifəni yerinə yetirərək Naxçıvana qayıtdı. Burada şaha yürüşün nəticələri barədə məlumat verdi.[20][21]

“Aləmara-yi Şah İsmayıl” əsərinin müəllifi Div sultanın 1518-ci ilin əvvəllərində 3-cü dəfə Gürcüstana səfər etməsi barədə məlumat verir. Onun təsvirinə əsasən, bu yürüş Şeyxşahın Şah İsmayılın hüzuruna gəlməsindən bir qədər öncəyə, həmin ilin qış aylarına (yəni 1518-ci ilin əvvəllərinə) təsadüf etmişdi. Mənbələrdə yazılır ki, gürcülər Kvarkvareyə qarşı ayaqlanmışdılar.[22] O da buradan qaçaraq yenidən Şah İsmayıla kömək üçün üz tutmuş və Şah da Div sultan Rumlunu 3-cü dəfə kömək üçün onun yanına göndərmişdi. Div sultan Gürcüstanın əhəmiyyətli mərkəzlərindən biri olan Qorini tutmuş, şəhər idarəsini Kvarkvareyə təslim edərək geri qayıtmışdı.[21][23]

Div sultanın Gürcüstana 4-cü səfəri “Əhsən ət-Təvarix” əsərində Div sultanın Gürcüstana qoşun çəkməsi başlığı altında öz əksini tapmışdır. Rumlu yazır:

Bu il Gürcüstan hakimi Ləvənd xan başını itaət kəməndindən və boynunu tabeçilik boyunduruğundan çıxardı və cəmi imansız kafirləri Şəki vilayətinə basqın etməyə göndərdi. O diyarda bəla tozu qalxdı. O diyarın hakimi Həsən bəy ərizə yazıb, ali taxtın ətəyinə göndərərək yardım istədi. İsgəndər şanlı xaqan Div sultan Rumlunu bir sıra böyük əmirlər və adlı-sanlı bahadırlarla ona köməyə göndərdi.[24]

Gürcülərin qüvvələrini yenə də darmadağın edən Div sultan, Levondu əsir tutub, Qarabağda qışlayan Səfəvi hökmdarının hüzuruna apardı. Şah İsmayılın ayağını öpən gürcü knyazı bağışlanmasını xahiş etdi və şah onun təqsirini əfv edərək, onu öz əvvəlki mülkünə hakim təyin etdi. Bundan sonra Mesxi çarı Qurqura (IV Kvarkvare) da şahın dərgahına gəlib, öz irsi mülkünə təsdiq edildi. Oqtay Əfəndiyev Levonda qarşı yönəlmiş bu yürüşünün 927 / 1521-ci ildə baş verdiyini və bunun nəticəsində Kaxeti, Mesxi, Kartli və Başıaçıq hakimlərinin Şah İsmayılın Naxçıvandakı qərargahına gəlib, tabe olduqlarını bildirir.[25]Əbdi bəy Şirazi də “Təkmilətül-Əxba”r əsərində bu yürüş barədə qısaca məlumat verir:

İlan ili (mart 1521-mart 1522)-927-ci ildə (12.XII.1520-30.XI.1521) Div sultan Rumlunu Gürcüstana göndərdilər. O, oranın Ləvənd, Qərğərə və Davud kimi hakimlərini qiymətli hədiyyələr və layiqli bəxşişlərlə dünyanın pənahı [Şah İsmayılın] dərgahına gətirdi.[26]

Div sultanın 1516-21-ci illər ərzində etdiyi yürüşlər nəticəsində Gürcüstanın böyük bir ərazisi Səfəvilər dövlətinə tabe edildi. Lakin gürcü knyazları fürsət tapdıqca itaətsizlik göstərirdilər. [27]

Osmanlı yürüşü zamanı

[redaktə | mənbəni redaktə et]

Sultan Səlim Misir yürüşünü uğurla başa vurduqdan sonra Avropa istiqamətində hərbi yürüş etmişdi. Amma Səfəvi dövləti üzərinə yeni bir hücum edilməsi planı onu rahat buraxmırdı. Sultan Səlim istəyirdi ki, Misir yürüşü zamanı Misir hakiminə xəyanət edərək Osmanlı dövləti ilə əməkdaşlığ etməyə razı olan və Osmanlı qoşunları ilə birlikdə İstanbula qayıdan ərəb sərkərdəsi Qəzalidən Şah İsmayılın qoşunlarına qarşı döyüşdə istifadə etsin. Beləliklə, Osmanlı qoşun dəstəsi hazır olandan sonra Azərbaycan istiqamətində hərəkətə başladı. Misirin Osmanlı qoşunları tərəfindən fəthi və Qəzalinin Osmanlı dövləti tərəfinə keçməsi xəbərini eşidəndən sonra Şah İsmayıl öz göstərişi ilə Div Sultanı sipəhsalar və Diyarbəkr bəylərbəyi vəzifəsinə təyin etdi. Div Sultan da bu vəzifəyə təyin olunandan sonra Diyarbəkrə yola düşdü. O, Sultan Süleymanın və Qəzalinin böyük bir qoşun dəstəsi ilə Diyarbəkr üzərinə hərəkət etməsi xəbərini alanda Şah İsmayıla məktub göndərdi və onu yaxınlaşmaqda olan təhlükədən xəbərdar etdi. Şah İsmayıl da ona cavab göndərdi və tapşırdı ki, Osmanlı qoşunları Diyarbəkrə yaxınlaşanda Div Sultan döyüşə girməsin və Şah İsmayılın qoşun dəstəsi ilə ora gəlib çıxmasını gözləsin.[28] Məktubu göndərəndən sonra Şah İsmayıl yanında hazır vəziyyətdə olan 18 min nəfərlik qoşun dəstəsi ilə Diyarbəkrə tərəf hərəkət etməyə başladı. Osmanlı qoşunları Qaraəhmədə yaxınlaşanda bu qalanın hakimi Əhməd Sultan öz nümayəndəsini Div Sultanın yanına göndərdi və Osmanlı qoşunları ilə döyüşə girmək üçün ondan icazə istədi. Div Sultan isə xəbər göndərdi, Osmanlı qoşunlarına qarşı döyüşə girməmək Şah İsmayılın göstərişidir. Div Sultan onu da əlavə etdi ki, bu göstəriş həm də mürşidi-kamilin göstərişidir və əgər ona əməl etmək istəmirsizinsə, bu artıq sizin öz seçiminizdir. Belə olanda Əhməd Sultan məcburiyyət qarşısında qalıb Qaraəhməd qalasını tərk etdi və Diyarbəkrə yollandı. Səfəvi qüvvələrinin bir-birinin ardınca qalaları təslim etməsi Qəzalinin təəccübünə səbəb oldu.[28] Adamları Qəzaliyə məlumat çatdırdılar ki, Səfəvi qoşunlarının döyüşə girməməsi Şah İsmayıldan gəlmiş göstərişlə bağlıdır. Qəzali bu məlumatı alandan sonra məsələnin nə yerdə olmasından xəbər tutsa da, hərəkətini davam etdirdi və Osmanlı qoşun dəstəsi Diyarbəkrin yaxınlığında düşərgə saldı. Div Sultan da Osmanlı qoşunlarının yaxınlaşması xəbərini alandan sonra qoşun dəstəsi ilə qalanı tərk etdi və Osmanlı qoşunlarının yaxınlığında düşərgə saldı. Div sultan özü piyada şəkildə Qəzalinin qarşısına yollandı. Onlar bir-birilərini tanıtdılar və qərara aldılar ki, 1 həftə qoşunlar hərəkət etməsin və döyüş başlamasın. 1 həftə sonra Şah İsmayılın yaxınlaşmasını xəbər alan Div sultan və Qəzali döyüş üçün hərəkətə keçdilər. Qəzali Div sultana təklif etdi ki, təkbətək döyüşə çıxsınlar. Bu zaman Şah İsmayılın qoşunu da döyüş meydanına yetişdi. Div Sultan heç Şah İsmayıl ilə görüşməmiş döyüş meydanına atılmalı oldu.[29] Amma Qəzali ilə döyüşdə uğur əldə etmək ona nəsib olmadı. Qəzali əlindəki nizəsi ilə Div Sultana ağır bir zərbə endirib atdan yerə saldı. Div Sultanın atdan yerə yıxıldığını görəndə Şah İsmayıl irəli hərəkət etdi və Qəzalinin qarşısına çıxdı. Onların kiçik bir dialoqu oldu amma mənbələrdə bu haqda ətraflı məlumat yoxdur. Şah İsmayıl fürsət tapıb nizəsini Qəzalinin kəmərinin zəncirinə keçirdi və güc gəlib onu atın yəhərindən yuxarı qaldıraraq yerə vurdu. Sonra da Div Sultana əmr etdi ki, Qəzalinin əllərini bağlasın. Div Sutan onun qollarını arxadan bağlamaq istədi. Şah İsmayıl razı olmadı və bildirdi ki, Qəzali Səfəvi sufilərindən biri olduğu üçün onun qollarını qarşıdan bağla. Şah İsmayıl sonra onu da tapşırdı ki, Qəzalini çadıra aparsınlar və ona hörmət göstərsinlər. [29]

Əmir əl-üməra və Təhmasib Mirzənin lələsi təyin edilməsi

[redaktə | mənbəni redaktə et]

1523-cü ildə əmir əl-üməra Çayan sultan Ustaclının ölümündən sonra onun yerini oğlu Bəyazid sultana verdilər. Bir neçə gündən sonra o da vəfat etdiyinə görə bu vəzifə Div sultan Rumluya tapşırıldı.[30][31]

1524-cü ildə xəstələndiyi üçün saray əmirlərindən Olumə sultana məktub yazaraq bildirdi ki, Durmuş xan Təhmasib şahı da götürüb Ərdəbilə yola düşsün. Şah ethiyat edirdi ki, onun ölümündən sonra “bu zəhmət və əziyyətlə əldə etdiklərinin hamısı zay olsun və Təhmasib Mirzə səltənət şahlığının öhdəsindən gələ bilməsin.”[32]

Bu səbəbdən o qərara aldı ki, qızılbaş əyaznlarından birini səltənət vəkili təyin etsin və bununla da din və dövlət əldən getməsin. Şah İsmayıla görə, qızılbaş əyanları arasında səltənət vəkili vəzifəsinə Div Sultandan yaxşı namizəd yox idi və bu fikrini o, saray əyanlarına və əmirlərinə də açıqladı.[33] O, görkəmli qızılbaş əmiri Div sultan Rumlunu yeddi il müddətinə Təhmasibin vəkili təyin edib, ona böyük əmirlərə və qızılbaş ordusuna mehribanlıqla davranmağı, onları özündən incik salmamağı və Təhmasib 18 yaşına çatdıqda dövlət işlərini tamamilə ona təhvil verməyi tapşırdı.[34]

Şah Təhmasibin hakimiyyəti dövründə

[redaktə | mənbəni redaktə et]

Şah Təhmasib yetkinlik yaşına çatana kimi şah lələsi dövləti idarə etməli və sonra bu hakimiyyəti cavan şaha təhvil verməli idi. Şah Təhmasibin hakimiyyətinin başlanğıcında bu təcrübədən istifadə olundu.

Şah Təhmasibin hakimiyyəti illərində səltənət idarəçiliyi piramidasında ən yüksək məqam səltənət vəkilinə məxsus idi. Şah İsmayıl dünyasını dəyişəndə bu vəzifəni Xoca Cəlaləddin Təbrizi tuturdu. Lakin ġah Təhmasibin hakimiyyəti illərində onun bu vəzifədə qalması çox da uzun çəkmədi və ġah Təhmasibin lələsi olan Div sultanla onun arasında baş verən qarşıdurmadan sonra Xoca Cəlaləddin Təbrizi tezliklə bu vəzifədən azad edildi və od vurularaq yandırıldı.[16] Onun qətlə yetirilməsinə nail olan Div sultan isə əmriül-üməra idi və onun səlahiyyətlərini ələ keçirməyə çalışmaqla vəkil vəzifəsi ilə əmirül-üməra vəzifəsini qovuşdurmaq niyyətində idi.[35]

O, rumlu tayfasına mənsub idi. Div sultanın bu vəzifədə olması onun mənsub olduğu tayfanın səltənət idarəçiliyində üstünlük qazanması demək idi. Təkəli və zülqədər tayfası bu durumu qəbul etdilər. Amma şamlı və ustaclı tayfası rumlu tayfasının üstün mövqeyə malik olması ilə razılaşmadı. Bu vəziyyət isə tayfalar arasında qarşıdurmaya gətirib çıxardı. Mənbələrdə qeyd olunur ki, Div sultan Rumlu əmir əl-üməralıqda Cayan sultan Ustaclının qardaşı Köpək sultan Ustaclı ilə şərik oldu. Lakin bu vəzifə ortaqlığı çox da uzun sürmədi. Div sultan birmənalı şəkildə Köpək sultanın səltənət idarəçiliyini onunla bölüşməsini istəmirdi. Ona görə də Div sultan bu dəfə təkəli tayfasının rəhbəri, nüfuzlu əmir olan Çuxa sultanla əlbir olub Köpək sultana qarşı mövqe tutdular.

Belə ki, Təbrizdə ustaclı əyanlarının çıxış edəcəyindən qorxan Div Sultan özbəklərin Xorasana basqınını dəf etmək bəhanəsi ilə paytaxtdan çıxdı və guya xarici düşmənə qarşı qoşun toplamaq üçün Təbəristanla sərhəddə yerləşən Lar yaylağına yola düşdü.[36] İsfahan hakimi Çuxa sultan Təkəli, Həmədan hakimi (tiyuldarı) Qaraca sultan Təkəli,Məşhəd hakimi Burun sultan Təkəli, Şiraz hakimi Əli sultan Zülqədər və başqaları onun çağırışı ilə öz qoşunları ilə bura gəldilər. Div sultan hədiyyələr və vədlər verməklə onları öz tərəfinə çəkdi və Köpək sultan Ustaclı əleyhinə ittifaq bağladı.[37]Mövqeyinə və sayına görə başqa qızılbaş tayfalarından üstün olan ustaclı tayfa əmirlərinin əksəriyyəti Div sultanı tanımaqdan imtina etdi. 1525-ci ildə onlar arasında görüş oldu və onlar birlikdə Şah Təhmasibin hüzuruna gəldilər. Ustaclı əmirləri dövlət işlərini idarə etməkdən uzaqlaşdırıldılar. Köpək sultan sağ – salamat Təbrizdən çıxıb gatməyi “xoşbəxtlik” hesab etdi və özünün keçmiş vilayəti (ölkəsi) olan Naxçıvanİrəvan tərəfə hərəkət etdi. Div Sultan Rumlu və Çuxa sultan Təkəli bütün hakimiyyəti ələ keçirdilər.[38] Fərmanlarda Div sultan “məlik əl – üməra” (“əmirlərin rəhbəri”), Çuxa sultan isə “rükn əs – səltənə” (“səltənətin dayağı”) adlandırılırdı. Köpək Sultan paytaxtdan çıxan kimi Div sultan Çuxa sultanla birlikdə tiyul (iqta) hüququnda ustaclı tayfasına məxsus olan torpaqların çox hissəsini öz aralarında bölüşdürdülər.[39]

Köpək Sultan ustaclı, rumlu və təkəli tayfaları ilə mübarizə aparmaq üçün hicri 932-ci il rəcəbin əvvəlində (1526-cı ilin əvvəli) Xalxaldan Sultaniyyəyə gəldi. Həsən bəy Rumlu “Əhsən ət-Təvarix” əsərində yazır:

“Bu il ustaclu əmirləri ölkələri əllərindən alındığı üçün müxaliflik etməyə başladılar. Köpək sultan rəcəb ayının (13.04.-12.05.1526) əvvəlində Xalxal yolundan Sultaniyyəyə gəldi. Məntəşa sultan, Qılıc xan, Qurd bəy və Bədir bəy ona qoşuldular və savaş meydanına üz qoydular. Div sultanla Çuxa sultan ustaclu əmirlərinin müxalifliyindən agah olduqda, miqdarını xəyal mühasiblərinin sayıb qurtarmaqda aciz qaldıqları qədər çoxsaylı bir qoşunla və dinin pənahı olan şah ilə birlikdə onlara qarşı hərəkət etdilər, gəlib Səksəncək mövqeyində dayandılar.”[40][41]

Div sultan və onun ətrafındakılar Köpək sultanın dəstəsinə qarşı döyüşə başlamazdan əvvəl barışıq əldə edilməsinə cəhd göstərdilər. Çox güman ki, Köpək sultan öz ətrafına çox böyük sayda qoşun dəstəsi toplaya bilmişdi və bu dəstəyə qarşı vuruşmaq Div sultanda müəyyən nigarançılıq yaradırdı.[42] Ona görə də mənbə məlumatlarına görə, Div sultanın rəhbərliyi altında olan şah qoşunları Sultaniyyə yaxınlığında yerləşən Səksəncək adlanan məntəqəyə yetişəndən sonra Köpək sultanla barışıq əldə edilməsinə cəhd göstərildi. Tərəflər 26 may 1526-cı ildə Sultaniyyə yaxınlığında Səksəncək adlı yerdə döyüşə başladılar. Döyüşdə ustaclılar məğlub edildi. Köpək sultan əvvəlcə Taruma oradan isə Rəştə yola düşdü. Beləliklə Div sultan vəkil kimi hakimiyyəti tamamilə ələ keçirdi.[20]

Şah Təhmasibin bacısı ilə evli olan Müzəffər Sultan Köpək sultana kömək üçün 8 min süvari yollamışdı. Buna səbəb Müzəffər Sultanın da Div sultan Rumlunun güclənməsindən qorxuya düşməsi idi. Bu zaman Şah Təhmasibin 12 yaşı var idi. Tərəflər yenidən qarşı qarşıya gəldilər və bu dəfə də ustaclılar məğlub edildi və Köpək sultan Rəştə qaçdı. O burada qüvvə toplayıb yenidən Ərdəbil üzərinə hücuma keçib şəhəri ələ keçirdi. Div sultan ona qarşı əks hücuma başladı. Tərəflər 1527-ci ilin İyun ayında Naxçıvanda Arpa çayda yenidən döyüşdülər. Köpək sultan döyüşdə öldürüldü.[43]

Köpək sultan kimi güclü bir rəqibinin aradan qaldırılmasında kömək göstərmiş Çuxa sultan göstərdiyi xidmətin əvəzi kimi vəkil vəzifəsini Div sultanla bölüşməyə nail oldu. Şah Təhmasib öz təzkirəsində bildirirdi ki, Köpək sultanın qətlindən sonra Div sultan məlikül-üməra, Çuxa sultan isə rüknüs-səltənə elan edildi. Məlumdur ki, Şah Təhmasib də özünü bu hadisələrdən sonra padşahlıq səlahiyyətlərinin bütünlüklə öz əlinə aldığını bildirirdi.[44]

Üçüncü rəqibdən yaxalarını qurtaran Div Sultan Rumlu və Çuxa Sultan Təkəli özləri bir – birilə vəkillik (vəkalət-i əmir əlümərai) vəzifəsi uğrunda toqquşmağa başladılar. Hicri 933 (1527-ci il iyul)-cü ilin əvvəlində Div sultan Çuxa sultanın təhriki ilə öldürüldü. Şərəfxan Bidlisinin məlumatlarına görə, Çuxa sultan gənc şahı inandıra bilmişdi ki, Div sultan tayfalararası ədavətin və toqquşmaların səbəbkarıdır və o, divan daxil olanda şah Div sultanı oxla vurmu, sonra isə şahın xidmətçiləri onu qətlə yetirmişdilər. Bununla da rumlu əyanlarının hakimiyyət dövrü sona çatdı.[45][43][46]

Ədhəm bəy Rumlu - Div sultan Rumlunun oğlu, Səfəvi elçisi kimi Dekana, Nizamülmülkün sarayına göndərilmişdi.

  1. Cavanşir, 2007. səh. 411
  2. Əfəndiyev, 2007. səh. 53
  3. Məhəmmədi, 1993. səh. 6
  4. Musalı, 2011. səh. 175
  5. Rumlu, 2017. səh. 410
  6. 1 2 Süleymanov, 2018. səh. 324
  7. Süleymanov, 2018. səh. 326
  8. 1 2 Musalı, 2011. səh. 220
  9. Süleymanov, 2018. səh. 328
  10. 1 2 Bayramlı, 2015. səh. 33
  11. Rumlu, 2017. səh. 420
  12. Şirazi, 1996. səh. 35
  13. Süleymanov, 2018. səh. 528
  14. 1 2 Rumlu, 2017. səh. 429
  15. Şirazi, 1996. səh. 36
  16. 1 2 3 Cavanşir, 2007. səh. 412
  17. Rumlu, 2017. səh. 434
  18. Süleymanov, 2018. səh. 545
  19. Rumlu, 2017. səh. 435
  20. 1 2 Cavanşir, 2007. səh. 413
  21. 1 2 Əfəndiyev, 2007. səh. 54
  22. Musalı, 2011. səh. 272
  23. Rumlu, 2017. səh. 438
  24. Rumlu, 2017. səh. 440
  25. Əfəndiyev, 2007. səh. 63
  26. Şirazi, 1996. səh. 38
  27. Musalı, 2011. səh. 273
  28. 1 2 Süleymanov, 2018. səh. 556
  29. 1 2 Süleymanov, 2018. səh. 557
  30. Rumlu, 2017. səh. 445
  31. Şirazi, 1996. səh. 39
  32. Süleymanov, 2018. səh. 796
  33. Şirazi, 1996. səh. 40
  34. Musalı, 2011. səh. 286
  35. Süleymanov, 2020. səh. 194
  36. Rumlu, 2017. səh. 449
  37. Əfəndiyev, 2007. səh. 72
  38. Münşi, 2009. səh. 104
  39. Əfəndiyev, 2007. səh. 73
  40. Rumlu, 2017. səh. 451
  41. Rumlu, 2017. səh. 453
  42. Münşi, 2009. səh. 105
  43. 1 2 Şirazi, 1996. səh. 42
  44. Süleymanov, 2020. səh. 195
  45. Əfəndiyev, 2007. səh. 75
  46. Cavanşir, 2007. səh. 417
  • Rumlu, Həsən bəy. Əhsənüt-təvarix (az.). Bakı: Uzanlar. 2017. ISBN 978-605-030-641-5.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]