Gülçöhrə Məmmədova

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Gülçöhrə Məmmədova
Şəxsi məlumatlar
Doğum adı Gülçöhrə Hüseyn qızı Məmmədova
Doğum tarixi 23 aprel, 1953
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti memar
Elmi fəaliyyəti
Elmi dərəcəsi memarlıq doktoru
Elmi adı professor
İş yeri Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru

Təltifləri
"Azərbaycan Respublikasının əməkdar memarı" fəxri adı — 2006 Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu — 2016
"Şöhrət" ordeni — 2013
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gülçöhrə Hüseyn qızı Məmmədova (24 aprel 1953, Vedi rayonu) — memarlıq doktoru, professor, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, Azərbaycan Respublikasının əməkdar memarı (2006).

Gülçöhrə Məmmədova 23 aprel 1953-cü ildə Qərbi Azərbaycanın Vedi rayonunda anadan olmuşdur. 1971-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsinə daxil olmuş və 1976-cı ildə yeni yaranmış Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun memarlıq fakültəsini bitirmişdir. 1975-ci ilin sentyabr ayında Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun komsomol komitəsinin katibi seçilmiş və 1979-cu ilə qədər həmin vəzifədə işləmişdir. 1979-cu ildə həmin institutun memarlıq konstitusiyaları və abidələrin bərpası kafedrasında assistent vəzifəsində işə başlamışdır. 1987-ci ildən həmin kafedranın baş müəllimi, 1991-ci ildə dosenti, 2000-ci ildə isə professoru vəzifəsinə seçilmişdir.

1999-cu ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru təyin edilmişdir.

Elmi fəaliyyəti əsasən Qafqaz Albaniyasının memarlığı və Azərbaycan ərazisində xristian dini memarlığının tədqiqi ilə bağlıdır. Bir çox abidələrin bərpa və elmi rekonstruksiya layihələrini işləmişdir.

1985-ci ildə "Qafqaz Albaniyasının erkən orta əsrlər xristian memarlığı" mövzusunda namizədlik dissertasiyasını, 1999-cu ildə "Qafqaz Albaniyasının dini memarlığı" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

Bir çox beynəlxalq elmi konfransların təşkil olunmasında iştirak edib və məruzələrlə çıxış etmiş, memarlıq abidələrinin bərpası ilə bağlı bir sıra beynəlxalq layihələrə rəhbərlik etmişdir.

2000–2005-ci il tarixində Azərbaycan Respublikası II çağırış Milli Məclisinin deputatı olmuşdur.

1985-ci ildən Azərbaycan Memarlar İttifaqının üzvüdür. Beynəlxalq Elmlər Akademiyası Şərqi Avropa Bölməsinin və Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvüdür. 21 aprel 2006-cı ildə ona "Azərbaycan Respublikası Əməkdar memarı" fəxri adı verilmiş, 11 aprel 2013-cü ildə "Şöhrət" ordeni, 14 iyun 2016-cı ildə isə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilmişdir.

Ailəlidir, iki övladı, bir nəvəsi vardır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]