36°16′ şm. e. 46°51′ ş. u.HGYO

Kerefto məbədi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kerefto məbədi
Herakl məbədi
غار کرفتو
Xəritə
36°16′ şm. e. 46°51′ ş. u.HGYO
Ölkə  İran
Yerləşir Qərbi Azərbaycan ostanı
Aidiyyatı Yunan politeizmi
Tikilmə tarixi e.ə. IV əsrin sonu – e.ə. III əsrin əvvəli
Kerefto məbədi (İran)
Kerefto məbədi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kerefto məbədi və ya Herakl məbədiGüney Azərbaycan ərazisində, Qərbi AzərbaycanKürdüstan əyalətlərinin sərhədində, Kerefto dağlarında həm özünün memarlığı, həm də otaqlardan birinə girişin üzərində həkk olunmuş yunan apotropeik yazısı ilə nəzəri cəlb edən erkən Atropaten dövrünə aid qaya məbəd kompleksi.[1] Yazının mətnində deyilir: "Ἡρακλῆ ἐνάδε κατοικεῖ·μηθὲν ἰσέλθοι κακόν"[2] - "Burada Herakl yaşayır, hər cür pislikdən uzaq olsun".[3]

Kereftodakı bu mağara tipli tikilinin funksional təyinatına dair ədəbiyyatda iki nöqteyi-nəzər irəli sürülmüşdür. Tədqiqatçıların bir qismi onun sitayiş təyinatlı tikinti olduğunu iddia edir.[4] Digər tədqiqatçılar isə əksinə, qayalıqlarda oyulmuş otaqlar kompleksinin mülki səciyyə daşıdığını söyləyirlər. Onlar belə hesab edirlər ki, bu kompleks yunan hərbi hissəsinin yerləşdiyi obyekt olmuşdur və Böyük Madanın şimal sərhədlərinin onu əhatə edən "barbar" xalqlardan müdafiəsi həmin hərbi hissənin vəzifəsi olmuşdur.[5]

Kereftonun yaşayış kompleksi olduğunu iddia edən alimlər qeyd edirlər ki, Heraklın adı olan apotropeik formul həmişə şəxsi evə girişin üzərində yerləşir və bir növ tanrının himayəsi altında olan yaşayış yeri ilə əlaqələndirilmiş xeyir-duadır.[5]

Bu nöqteyi-nəzərin tərəfdarları habelə Kerefto kompleksinin təcrid halında olduğunu, kompleksin böyük yollardan kənarda yerləşdiyini, yalnız otlaq yeri kimi istifadə oluna biləcək, kasıb bitki örtüyünə malik olan ərazidə qərarlaşdığını qeyd etmişlər.[5]

A. Fazili qeyd edir ki, birincisi, Kerefto yazıları kimi yazılar yalnız yaşayış binalarında tətbiq edilmirdi. Bu cür formullar məqbərələrdə, qəbirüstü daş lövhələrdə, ictimai binalarda, habelə dini mahiyyətli memarlıqda da məlumdur. İkincisi, kompleksin bu cür funksional təyinatlı halında sərhəd məntəqəsini "təcrid olunmuş yerdə, böyük yollardan kənarda" yerləşdirmiş rəhbərliyin məntiqi tamamilə anlaşılmazdır. Çünki düşmən müdaxilələrini yalnız böyük yolların mövcud olduğu yerlərdə gözləmək olardı.[6]

Herakl məbədi

[redaktə | mənbəni redaktə et]

Ətrafda yaşayan əhalinin bayramlar keçirmək və qurban vermək üçün toplaşa biləcəyi Kerefto kimi bir yerdə sitayiş obyektinin əsasının qoyulması fikrinin həqiqətə daha yaxın olduğunu güman edilir.[7] Müxtəlif tanrılara həsr edilmiş mağara tipli, sitayiş təyinatlı tikililər nəinki Şərqdə, habelə Yunanıstanda da geniş yayılmışdı. Özü də onların hamısı Pavsaninin təsvirinə [8] görə, şəhərlərdən və başqa yaşayış məntəqələrindən çox uzaq məsafədə (30-dan 150 stadiyə qədər; stadi = 184,97 metr) yerləşirdi və çox zaman "mağara" tikililəri adlanırdı.

Kompleksin binalarından birində su mənbəyinin olması həmin yerin müəyyən qədər "müqəddəs" olduğu haqqındakı fikrə də sövq edir. Artıq bu cəhətə diqqət yetirilmişdir. Həmin cəhət belə fərziyyə irəli sürməyə imkan vermişdir ki, burada "Şərq Heraklı"na sitayişdən başqa "səma suyu" ilahəsi hesab edilmiş Anahitə də sitayiş vardı. Maraqlıdır ki, Strabon [9] Knidli Evdoksa istinad edərək Hirkaniya olmuş mağaralar haqqında məlumat verir. Onun məlumatına görə, bu mağaradakı çaylar birbaşa dənizə axır və yerli sakinlər qurbanlar verilməsi üçün mağaralara gəlirlər.[5]

Qeyd etmək lazımdır ki, Herakla bənzər tanrılara sitayiş Şərqdə geniş yayılmışdı. İran Veretraqnası, Babil Nerqalı, erməni Vaxaqnı və b. bu qəbildəndir. Antik Ermənistanda (Taron vilayətindəki Artaşatda) hətta yüksək təpədəki mağarada yerləşmiş Herakl – Vaxaqn məbədi məlumdur.

Heraklın özünə sitayişə gəldikdə isə o, Makedoniyalı İskəndərin yürüşlərindən sonra bütün Şərqdə geniş yayılmışdı.[5]

Bu qəhrəman təsvirlərinə hellinizm və Parfiya dövrünün sikkələrində də təsadüf edilir. Onun surəti təsviri incəsənətdə və heykəltəraşlıqda geniş yayılmışdı.[5]

Bəzi müəlliflər Kereftodakı məbədi Tasitin xatırlatdığı [10] Sanbulos dağında yerləşən səcdəgahla eyniləşdirirlər. Bu fikir şübhə doğurur. Görünür, Sanbulos dağı Behistun (Bisütun) dağıdır. Bu dağda "dincələn Heraklın" təsviri, Qotarzın Meherdat üzərindəki qələbəsini təsvir edən relyef (Tasitdə məhz bu iki rəqibin mübarizəsindən danışılır), Herakl Kallinikə həsr olunmuş yazı vardır.

Kereftodakı yazının mətni, habelə qədim dünyanın müxtəlif bölgələrində bənzərləri olan memarlıq kompleksinin planı belə bir fikir yaradır ki, burada Herakla və yaxud Mada Atropatenada sinkretik (Herakl-Veretraqna) yunan – atropaten tanrısına sitayişin kifayət qədər erkən təzahürləri mövcud olmuşdur.[11]

Başlıca olaraq yazının paleoqrafiyası əsasında, habelə memarlıq üsullarına görə kompleksi e.ə. IV əsrin sonuna – III əsrin əvvəlinə aid etmək, yəni onun Mada-Atropatena dövlətinin mövcudluğunun başlanğıc dövrünə aid olduğunu göstərmək olar [12].

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Qayalıqda oyulmuş otaqlar bir-birilə birləşən iki səviyyədə yerləşir. Kompleksin hazırda qayalığın dibindən təqribən 9 metr hündürlükdə olan girişi ümumi uzunluğu 18,60 metr olan, suvanmış tağlı tavanlara malik bir neçə otaqlı, apsidalı otaqla başa çatan aşağı mərtəbəyə aparır.[4]

Aşağıdakı ansambl yuxarı mərtəbə ilə dəhliz vasitəsilə birləşir. Həmin dəhliz daha sonrakı, islam dövründə inşa edildiyi güman olunan 3 aralıq otaqdan keçir. Geniş dəhliz, divar oyuqlarında hər iki tərəfdən suflar əlavə edilmiş və arxasında bir-birinə düz yolu olan üç yanaşı otaq birinci mərtəbəni təşkil edir.[4]

Geniş dəhlizdən qapı ilə (1,80x1,10 metr) ayrılmış otaqlardan birinin üzərində yuxarıda adı çəkilmiş yazı vardır. Görünür, bu və ondan sonrakı otaq daxildən ağır siyirmə vasitəsilə bağlanırdı. Həmin otaqlarda qapılardan solda düzbucaqlı oyuqların olması bunu təsdiq edir. Yazının olduğu otaqda yuxarı fassiyasında dişciklər və dairələr şəklində olan friz yerləşmiş pəncərələr qalmışdır.[4]

  1. Гаибов В.А. О некоторых проблемах культа Геракла на эллинистическом Востоке (скальный комплекс Керефто в Иране). //Второй Всесоюзн. симпозиум по пробл. эллинистич. культуры на Востоке. Тез. докладов, Ереван, 1987.
  2. "Media, Atropatene — Karaftoo--Kerefto Cave (Divandareh/Saqez, nr.) — 4th-3rd bc? — CIG 3.4673 — Merk.-Staub. III 12/04/01 — SEG 7.36, 30.1662". 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-21.
  3. A. Fazili - Atropatena tarixi, Bakı, 1993, səh 257
  4. 1 2 3 4 "Sir Robert Ker Porter - Travels in Georgia, Persia, Armenia, ancient Babylonia, &c. &c during the years 1817, 1818, 1819 and 1820, London, 1822, II cild, səh 547 - 548". 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-21.
  5. 1 2 3 4 5 6 Bulletin of the School of Oriental and African Studies, University of London, Vol. 11,No. 2 (1944), pp. 243-265, V. Minorsky - Roman and Byzantine Campaigns in Atropatene
  6. A. Fazili - Atropatena tarixi, Bakı, 1993
  7. Алиев И. Очерк истории Атропатены. Баку, 1989
  8. Pavsani, X, XXXII, 5
  9. Strabon, XI, 7, 5
  10. Tatsit – Annallar, XII, 13
  11. "The Classical Review, W. W. Tarn - A Greek Inscription from Kurdistan (C.I.G. 4673)". 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-21.
  12. Azərbaycan tarixi (yeddi cilddə), Bakı, 2007, II cild