Lənkəran xan sarayı

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Lənkəran Xan sarayı
Lənkəran Xan sarayı
Xəritə
38°45′15″ şm. e. 48°51′22″ ş. u.
Ölkə  Azərbaycan
Şəhər Lənkəran
Yerləşir Ş.Axundov, 19
Aidiyyatı Talış xanlığı
Sifarişçi Mir Əhməd xan
Tikilmə tarixi 1913
Üslubu barokko
Vəziyyəti Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi yerləşir
Lənkəran xan sarayı (Azərbaycan)
Lənkəran xan sarayı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lənkəran xan sarayı — Lənkərandakı Xan evi 1913-cü ildə Talış xanı Mirmustafa xanın şəcərəsindən olan Mir Əhməd xanın sifarişi ilə həyat yoldaşı Tuğra xanımın şərəfinə ucaldılan bina.

Lənkəran xan sarayı 1913-cü ildə xan nəslindən olan Mir Əhməd xanın sifarişi ilə Avropadan dəvət olunan memarlar tərəfindən inşa edilmişdir. Burada işlədilən bütün tikinti materialları Bakıdan gəmi ilə gətirilmişdir. Bu möhtəşəm bina Lənkəranda ilk çoxmərtəbəli tikili olmuşdur. Binanın fasadı mifoloji fiqurlarla bəzədilmişdir. Binada hələ inqilabdan əvvəl ilk dəfə elektrik işıqlandırma və istilik sistemi var idi. Hazırda bu möhtəşəm binada Lənkəran şəhəri Tarix Diyarşünaslıq muzeyi yerləşir.

Bu tikili haqqında məlumatlara yalnız 1890-cı illərdə Lənkərana səyahət edən rus yazıçısı V. Sidorovun təsvirlərində rast gəlmək mümkündür.

O, sarayı bu sözlərlə təsvir edirdi:

" Bizim çox xoşumuza gələn bu tatar (azarbaycanlı - Ş.F.) Lənkəranında qədim Talış xanlarının kərpicdən tikilmiş və yarımxaraba halda olan nəhəng sarayı var. Saray aramgahları sükunətə qərq olmuşdur, binanm divarlarından irəliyə çıxan dam kirəmitlə örtülmüş və böyük pəncərə oyuqları ilə bir zamanlar bağ olan boş ərazidə ayaqüstə dayanıb... Binanın ortasında qəbul zalı yerləşir, zalın bir tərəfi başdan-başa rəngbərəng pəncərədən ibarətdir, tavan və kamizləri qırıq güzgü şüşəsi parçalarından yığılmışdı, onlar özəklər, gözəl xonçalar və şıltaq təsvirlər yaradırdı. Barelyeflərin ağ hörük şəkilli naxışları şüşə parçalarında əks olunaraq, böyük effekt yaradırdı. Bu böyük zal necə kədərli və baxımsız görünür... Güzgülü şüşə parçaları özəklərdən düşür və onlarm yerində qara dəliklər yaranır, bir zamanlar çox təmtəraqlı olan xan sarayı yavaş-yavaş dağılır və onun parıltısı yoxa çıxır.[1] "

O, həm planlaşdırma, həm də memarlıq baxımından İrəvanda Sardar,Nuxada Şəki xanlarının,Şuşada Qarabağ xanlarının sarayları ilə bir çox ümumi cəhətlərə malikdir. Bu, XVIII–XIX əsrlərin qovşağında Azərbaycanın saray memarlığı üçün səciyyəvidir.[2]

Lənkəran xanlarının sonuncusu olan Mir Əhməd xan Talışinskinin Tiflis şəhərində keçirilən gözəllik müsabiqəsində qalibi olaraq, "Qafqaz gözəli" seçilən həyat yoldaşı Tuğra xanımın şərəfinə 1913-cü ildə tikdirdiyi saray dünya arxitekturasının nadir incilərindən biridir.[3]

Adı naməlum olan fransalı memarın layihəsi əsasında inşa edilən bu tarixi abidənin tikintisində milli memarlıq elementlərindən bacarıqla istifadə olunub. Sarayın fasadları əlvan naxışlarla zəngindir. Binanın tikintisində qoyun yunu və yumurta sarısından istifadə edilib.

Bina tikilərkən bir çox inşaat materialları FransadanBakıdan Lənkərana gəmi vasitəsilə gətirilib. Üçmərtəbəli saray Lənkəranın ilk çoxmərtəbəli binası olub. Binanın şimal və qərb fasadlarına kərpic və yonulmuş ağ daş işlənib, Şərq və Cənub fasadları isə yalnız kərpicdən hörülüb.[3]

Evin giriş hissəsi şimal fasadında yerləşir və ağ daşdandır. Şimal-Qərb fasadının birinci mərtəbəsinin küncündən bir sütun qalxır. Sütunun üstündən ikinci mərtəbə üçün ekker (bucaq qurmaq üçün vasitə) tikilib. Ekker dörd dəmir günbəzlə örtülüb.

Xan evinin tikintisində həm Qərb, həm də Şərq memarlıq elementlərindən məharətlə istifadə edilib. Bu isə binaya xüsusi orijinallıq və gözəllik verir.

Binanın birinci mərtəbəsində Mir Əhməd xanın qəbul və qonaq otaqları, ikinci mərtəbəsində Tuğra xanımın otaqları, üçüncü mərtəbədə isə keşikçilərin gözləmə otağı və silah anbarı olub.[3]

Mirəhməd xanın evi Lənkəranda həm də ilk elektrik enerjisi olan tikilidir. 1908–1910-cu illərdə binanın inşası davam etdirilərkən burada daimi cərəyanla işləyən kiçik elektrik qurğusu olub. Bunun vasitəsilə hətta ətrafdakı yaşayış evləri də enerjidən istifadə edə bilirdi.[4]

Mir Əhməd xanın və Tuğra xanımın övladı olmayıb. 1916-cı ildə Mir Əhməd xan Fransaya səfərlərinin birində vəfat edir. Lakin Lənkəranda dəfn edilir.

Sonrakı tarixi

[redaktə | mənbəni redaktə et]

Sovet hakimiyyəti illərində ev dövlət tərəfindən müsadirə edilib və xanın həyat yoldaşı Tuğra xanım evdən çıxarılır və təqib edilir. Bakıya köçən Tuğra xanım çətin günlər yaşayıb. Hətta dolanışıq üçün xadimə kimi işləyib, bir daha Lənkərana qayıda bilmir.

SSRİ dövründə Xan sarayında şəhər soveti yerləşdirilir. Tuğra xanımın cehizi olan 7 daş Venesiya güzgülərindən 6-sı yoxa çıxır. Müstəqillik illərində onlardan üçü Xan evinə qaytarılır. Fransadan gətirilən çılçıraq hələ də durur.

Tarix diyarşünaslıq muzeyi isə 1978-ci ildə bura köçürülüb.[4]

Xan sarayı hazırda Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyət göstərir. Muzeydə Lənkəranın qədim tarixini, mədəniyyətini, milli-mənəvi dəyərlərini və bu gününü əks etdirən eksponatlar nümayiş etdirilir.

Muzeyin ekspozisiyası altı bölmədən ibarətdir: təbiət, qədim dövr, orta əsrlər tarixi, yeni dövr, ən yeni dövr, müasir dövr. Bütün bölmələrdə nümayiş olunan eksponatlar öz dövrlərini əks etdirir. Əsas fondda 6255 ədəd muzey sərvəti vardir.

Burada etnoqrafiya, arxeologiya, xalq tətbiqi sənəti və numizmatikanı əks etdirən nümunələr, Lənkəranın görkəmli şəxsiyyətlərinin şəxsi sənədləri və digər eksponatlar toplanıb. Muzeyin ən qədim eksponatı Neolit dövrünə aid əşyalardır. Burada qədim dövrlərdə soyuducu kimi istifadə olunan küplər, e.ə. II minilliyə aid qum-quma, əl dəyirmanı,ding, qədim çantalar, Talış mədəniyyətinə aid müxtəlif məişət əşyaları var.

Muzeydə, həmçinin ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sərgi də nümayiş olunur.[3]

Lənkərana gələn qonaqların və turistlərin ziyarət məkanına çevrilmiş Xan sarayı şəhərin mərkəzində, "Dostluq" parkı ilə üzbəüz ərazidə yerləşir.

2013–2015-ci illərdə "Xan sarayı" təmir edilib.

  1. Симанович. В. Нефть нефтяная промышленность России: Историкостатистический очерк. СПб. 1909. səh. 327.
  2. Саламзаде А.В. Архитектура Азербайджана XVI-XIX вв. Баку: АН АзССР,. 1964. səh. 78.
  3. 1 2 3 4 "Mir Əhməd xan Talışinskinin həyat yoldaşına hədiyyəsi - Xan sarayı". 2020-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-14.
  4. 1 2 "Lənkəranda Xan evi" (az.). Archived from the original on 2023-07-27. İstifadə tarixi: 2020-10-14.

Şamil FƏTULLAYEV XIX ƏSR -XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ AZƏRBAYCANDA ŞƏHƏRSALMA VƏ MEMARLIQ. Bakı: Şərq-Qərb,2013

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]