Müşk

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Moschus moschiferus (Müşk maralı)

Müşk — xoşqoxulu qırmızı-qonur maddədir. Onun qoxusunun 0,5–2 faizini muskon təşkil edir. Havada qoxusu birin milyarda nisbətində hiss edilir. Quru halda qoxu vermir. Yenidən nəmləndirdikdə ətri "bərpa olunur". Xalis müşk parçaya hopmamalıdır.[1]

Maralın ayrıca növü olan "müşk maralı"dan əldə olunan müşk xüsusilə qiymətlidir. Marallarda xüsusi vəz olur ki, o, ətir ifraz edir. Vəzdəki ətir güclü olduğundan hətta uzaq məsafədən də hiss olunur. Qədimdə maralı ovlayandan sonra kəsir, emal edib ətirli maddəni alır və onu ətir kimi istifadə edirdilər.

Heyvanlardan müşkün daha ziyansız üsullarla alınması mümkündür. Mütəxəssislərin bildirdiyinə görə, heyvanların müşk vəzisi il ərzində bir neçə dəyişmə mərhələsindən keçir. Müşk heyvanın vəzində əvvəlcə süd rəngli maye şəklində olur. Sonra tədricən bərkiyərək, lobya toxumu boyda dənələrə çevrilir. Əgər quruyubsa, dənəni gümüş mala ilə vəzin xarici axarının ağzından ehtiyatla qaşıyaraq götürmək olar. Malanı 2,5 santimetrdən dərinə daxil etmək olmaz.

Bundan başqa, müşkü maye halında olduğu yaz və payız fəsillərində də əldə etmək mümkündür. Müasir şprislər bunu daha ziyansız formada etməyə imkan verir. Heyvanları ovlamaq yolu ilə müşk almaq isə brakonyerlərin vərdiş etdiyi vəhşi bir üsuldur.

Müşkdən qədim Şərq təbiblərinin müxtəlif xəstəlikləri sağaltmaq (daxili qanaxma, qanazlığı, əsəb pozuntusu, ürəkkeçmə) məqsədilə istifadə etmişlər. Bu maddədən qıcolma zamanı və ürək əzələsi tonusuna tez təsir göstərən dərman kimi də istifadə ediblər. Məsələn, müşkü az miqdarda içdikdə insanın ürəyində olan ciddi döyüntülər azalırdı. Məşhur həkim və filosof İbn Sina öz dövrünün əksər dərmanlarının hazırlanmasında müşkdən istifadə edildiyini yazır. Bir sözlə, qiymətli ətir və dərman kimi istifadə edilən bu maddə qızıla bərabər tutulurdu.

Müasir təbabətdə və ətriyyat sənayesində müşkdən istifadə edilir. Mütəxəssislərin dediyinə görə, ən bahalı fransız ətirlərinin tərkibində bu maddənin kiçik dozaları var. Müşkün bahalığı təkcə onun xoş ətrinə və tibbi keyfiyyətinə görə deyil. Deyilənlərə görə, bir kiloqram müşk əldə etmək üçün 200 erkək karqa (ən yaxşı müşk verən Hindistan maralı) ovlanır. 3,5 kiloqram müşkdən isə cəmi 30 qram muskon əldə etmək mümkündür.

Müşk maralı olmayan yerlərdə, bu maddəni almaq üçün qunduzlardan istifadə edirlər. Müşk maralı ilə müqayisədə qunduzdan alınan bu maddə o qədər də güclü deyil. Amma orta əsr müsəlman Şərqində ondan istifadə edirdilər və buna cünd deyirdilər. Bu maddə orta əsr apteklərində, əttar dükanlarında satılırdı. Bu gün Avropada hazırlanan bir sıra ətirlərin, hətta "Kristian Dior" kimi bahalı ətirlərin tərkibinə cünd qatırlar. Bu maddə tərkibinə görə kamforaya bənzəyir. Cündün hazırlanma texnologiyası da maraqlıdır. Onu tətbiq edəndə qurudur, sonra hisə verirdilər.

Azərbaycanda müşk

[redaktə | mənbəni redaktə et]

Azərbaycana gəlincə, Azərbaycanda müşk o qədər də geniş yayılmayıb. Çünki sovet hakimiyyəti qurulandan sonra xalq təbabətinə qarşı təzyiqlər artdığından Şərqdə istifadə olunan təbabətə aid maddələr yığışdırılaraq müasir dərman preparatları ilə əvəz edildi. Hətta təzyiqlər nəticəsində Şərq kosmetikası da öz yerini Qərb kosmetikasına verməli oldu. Amma ərəb ölkələrində, İranda, Pakistanda, Hindistanda, Çində bu gün də müşk tapmaq mümkündür.

Mütəxəssisin bildirdiyinə görə, heyvanların yaşından və növündən asılı olaraq onların müşkləri ətrinə, keyfiyyətinə görə fərqlənirlər. Müşkün iki cür təsir qüvvəsinə malikdir. Bunlardan biri, əsasən, kosmetika vasitəsidir. Amma müşkdən tibbdə də istifadə edirlər. Bu maddəni keçmişdə Azərbaycana və digər Şərq ölkələrinə Çindən, daha doğrusu, Çinin şimalında uyğurların yaşadığı Xotan və Uyğurustan vilayətlərindən gətirirdilər. Təsadüfi deyil ki, Şərq poeziyası nümunələrində "Xotan müşkü" ifadəsinə rast gəlmək olur.

  1. "Müşk və ənbər: dərman, yoxsa kosmetik vasitə?". 2010-12-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-10-20.