Malakanlar

Vikipediya, azad ensiklopediya
(Molokanlar səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Molokanlar
Azərbaycada yaşayan molokan Sergey Mixayıloviç Prokudin-Gorski ailəsi ilə birgə
Dili

Rus dili

Dini

Xristianlıq (Molokanlıq)

Qohum xalqlar

Ruslar


Malakanlar[1] (rus. Молокане [Molokane], gürc. მალაკნები [Malaknebi], erm. Մոլոկաններ [Molokanner], ukr. Молокани [Molokanı], türk. Malakanlar) — xristianlığın pravoslav qolunun sektalarından biri.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

XVIII əsrin ikinci yarısında Rusiyada yaranmışdır. Onlar kilsəni və keşişləri inkar edir, ibadət mərasimi adi evlərdə keçirirlər. Malakan icmasına qocalar və ya seçilmiş şəxslər başçılıq edir.

1820-ci ildən başlayaraq, malakanlar Cənubi Qafqaza, Krıma, 1870-ci illərdə isə Sibirə, ZakaspiQars vilayətlərinə köçürülmüşlər. Azərbaycanda malakanlar əsasən kəndlərdə ayrıca icmalar şəklində məskunlaşmışlar. Onlar öz adət-ənənələrini, dillərini və dini baxışlarını qoruyub saxlamaqla yanaşı, həmin ərazidə yaşayan yerli azərbaycanlılarla qarşlıqlı ünsiyyət də qurmuşlar.[2]

Malakanların dini hərəkatının əsasını XVIII əsrin 80-ci illərində Tambov quberniyasının kəndlisi Semyon Uklein qoymuşdur. Öncə pravoslav olan Uklein duxobor təriqətinə daxil olur, sonra onlardan ayrılaraq özünün xüsusi dərnəyini yaradır. O, yeni təlimi açıq şəkildə təbliğ etmək üçün öz ardıcıllarından 70 "apostol" (həvari) seçərək, onlarla birgə "Zəbur"dan surələri ucadan oxuyaraq Tambova daxil olur, lakin polis onları həbs edir. Yalançı "apostollar" pravoslav dininə qayıdaraq azad olunurlar, Ukleinin özü isə, tənbeh olunması üçün ruhanilərin ixtiyarına verilir. О da özünü pravoslavlığa qayıtmış kimi göstərərək azad olunur. Ancaq bundan sonra da, Uklein öz təlimini, əvvəlkinə nisbətən ehtiyatla, təbliğ etməkdə davam edir. O, Tambov, Voronej, Saratov, Yekaterinoslav, Həştərxan quberniyalarına, Don Ordusu torpaqlarına və Qafqaza səyahət edir. İmperator I Aleksandr taxta çıxdıqdan sonra, təriqətçilərə qarşı müəyyən dözümlülük göstərdiyindən, yeni təlim təbliğatçılarının nailiyyətləri daha da artır.

İmperator I Nikolayın hakimiyyətinin əvvəlindən etibarən, duxoborluların aqibəti, malakanların da başına gəldi: hökumət yaşamaq üçün onların Qafqaza yerləşdirilməsi haqqında qərar çıxardı.

Malakanlar başqa protestant qruplarının təsirinə uymurlar və daha mötədildirlər, yeni təriqətlərin ardıcılları ilə müqayisədə öz təlimlərinin təbliğatına az meyillidirlər.

Malakan adlanmaları haqqında

[redaktə | mənbəni redaktə et]

Malakanlar hərəkatının davamçıları orucluq vaxtı süd (rus dilində "молоко" [moloko]) içdiklərinə görə belə adlanırlar. Malakanlar özləri isə bu adı, " mənəvi südlə qidalanmaları " ilə izah edirlər.

Dini baxışları

[redaktə | mənbəni redaktə et]

Malakanlar özlərinin dini təliminin yeganə mənbəyi kimi Bibliyanı tanıyırlar. Həm də Bibliya kəlamlarını sərbəst şəkildə izah edir, bəzən onların mənasını tanınmaz dərəcədə təhrif edirlər.

Malakanlar, hal-hazırda, yalnız özlərinin əsl dindarlar olduğunu bildirir, heç bir dini hekayəti, kilsə qərarını qəbul etmir, yalnız Bibliyanın göstərişlərinə əməl edirlər. Onlar kilsədə xüsusi səlahiyyətlərə malik şəxslərin iyerarxiyasını rədd edirlər. Malakanların kilsələri yoxdur, onların ehkamçılıq təlimi "Dini qaydalar" adlı kitablarda təsvir olunur.

Yaşlı Malakanlar

Onların təliminə görə, ölülər ruhən deyil, cismən diriləcəklər. Ukleinin bütün dini təlimini də məhz bu fikir təşkil edir. Duxoborlar kimi, malakanlar Allaha ancaq ruhi etiqadı qəbul edir, dini ayinlər haqqında pravoslav təlimini rədd edirlər. Orucluğa gəldikdə isə, malakanların fikrincə, oruc müəyyən vaxt müddətində deyil, insanın özünü günahkar olduğunu və nəfsinin ağlına üstün gəldiyini hiss etdikdə tutulmalıdır. Həm də orucluqda yemək və içməkdən tamamilə imtina olunmalıdır.

Malakanlar qidalanmada donuz əti və pulsuz balıqdan başqa, bütün digər ərzaqlardan istifadə edə bilərlər. Malakanların ibadəti Bibliyanın, əsasən də Zəburun məşhur hissələrinin qiraətindən və nəğmə kimi oxunmasından ibarətdir. Bu halda, aşağıdakı qaydaya riayət olunur: malakanların keşiş adlandırdıqları adam adətən ön cərgədə əyləşib Bibliyadan kəlamlar oxuyur, dinləyicilər isə, onu uzada-uzada təkrarlayaraq, nəğmə şəklində ifa edirlər.

Müasir vəziyyətləri

[redaktə | mənbəni redaktə et]

Zaman keçdikcə malakanlar üç qrupa bölünmüşlər: ümumi, daimi və qərarsızlar. Malakan qaydaları xeyli dəyişikliyə məruz qalmışdır.

Malakanlıq müasir şəraitdə öz ardıcıllarını getdikcə daha çox itirirlər. Bunu malakanların özləri də dərk edirlər.

Malakanlar Azərbaycanda

[redaktə | mənbəni redaktə et]

Hal-hazırda, Azərbaycanda malakanlar, əsasən Bakı, Sumqayıt, Şamaxı, İsmayıllı, Gədəbəy və Qubada yaşayırlar.

İlk malakan icmaları Azərbaycanda XVIII əsrin ortalarında meydana gəlmişdir. Onları bura Rusiyadan, kafirliyə və pravoslav kilsəsinin əleyhinə çıxdıqlarına görə sürgün etmişdilər.

Hal-hazırda Azərbaycanda malakanların qeydiyyata alınmış 11 dini icması fəaliyyət göstərir. Onlardan ən böyükləri Bakıda (150 nəfərə yaxın) və Sumqayıtda (100 nəfərə yaxın) yerləşir. Üzvlərinin sayı 10 nəfərdən çox olmayan qalan icmalar Şamaxı, Qaradağ, Xızı, İsmayıllı rayonlarında fəaliyyət göstərir. Həmin rayonlarda qeydiyyatdan keçməmiş bir neçə icma da vardır.

Bütün icmalarda, əsasən yaşlı adamlardan ibarət olan üzvlərin qeydiyyatı aparılır. Gənclər və uşaqlar adətən icmaya gəlmirlər. İcmanın üzvləri yalnız rus millətinə mənsubdurlar. Onlar missionerliklə məşğul olmurlar, icmanın üzvlərinin sayı isə ildən-ilə azalır. Qanunvericilik pozuntusu müşahidə edilmir.

Onların dini mərkəzləri yoxdur və hər bir icma müstəqil şəkildə fəaliyyət göstərir. Bununla bərabər, Bakı icması ilə Stavropol diyarının malakan icmaları arasında sıx əlaqə saxlanılır. Pul gəlirləri çox azdır və öz üzvlərinə maddi yardım göstərməyə, ibadət evlərinin saxlanılmasına sərf olunur.

Azərbaycanda məşhur olan İsmayıllı rayonunun İvanovka kəndində vaxtilə Rusiyadan bu diyara köçüb gəlmiş malakanlar nəslinin davamçıları yaşayır.[3]

Son illərdə üzvlərinin sayının az olması səbəbindən bir çox icmaların bağlanması meyli müşahidə edilir.

Azərbaycanda təxmini hesablamalara görə malakan icmalarının bütün üzvlərinin ümumi sayı 500 nəfərə qədərdir.[mənbə göstərin]

Malakanların 1918 il mart hadisələrində iştirakı

[redaktə | mənbəni redaktə et]

Malakanların ermənilərlə Şamaxı hadisələrində fəal iştirakları Azərbaycan Demokratik Respublikasının istintaq komisiyası tərəfindən sübut olunmuş faktdır:

  • Ağa Səlim Hacı Əliyevin, 42 yaş, sözlərinə görə:

"Birdən 18 mart, səhər tezdən, şamaxılılar top və tüfəng atəşinə oyandılar. Belə ki ermənilər Mədrəsə, malakanlar isə Cabanı kəndi tərəfindən Şamaxını dövrəyə almış və şəhərə qarşı hücuma keçmişdilər. Şamaxı müsəlmanları tez silaha sarılsalar da, toplara qarşı dayana bilmədilər və geri çəkilməli oldular… Axşam saat 6 təslim olmaq barədə qərara gəldilər. Ermənilər və malakanlar şəhərin müsəlman hissəsinə soxuldular və, evləri yandırmağa, əhalini isə, içində kişi, qadın və uşaq olmaqla küçələrdə tüfənglərlə öldürməyə başladılar, talançılıq başladı.

Lakin sənədlərdə təsdiq olunan külü göyə sovrulmuş kəndlər, minlərlə öldürülmüş kişi, qadın və uşaqlar, talanmış və məhv edilmiş mülkiyət, aparılmış sürülər, zəhərlənmiş tarlalar və sairə, və ən əsası, yüzlərlə şahidin ifadələri, malakanların da aidiyyətı olduğu faciyəvi hadisələrin geniş mənzərəsini verir.

Malakanların müstəqil olaraq, yəni ermənilərsiz, hücum etdiyi 4 kənddən xüsusi ilə Əngərahanı qeyd etmək lazımdır. Belə ki, bu kəndə hücum Şamaxıya ilk hücumla eyni vaxtı başlamışdı. 18(31) martda, Şamaxının 3–4 verstliyində olan Əngərahan kəndi, sübh tezdən, eyni vaxtı malakanların Şamaxı uyezdindəki dörd kəndi Cuxur-Yurt, Rus-Cebanisi, Maryevka(Nağaraxana) və Astraxanka(Qız-Meydan) tərəfdən atəşə məruz qaldılar. Kəndin ətrafında səngərlərdə gizlənən malakanların tərəfindən əvvəldən yaxşı hazırlanmış qəfil və xain hücum, əngərahanlılar üçün tamamilə gözlənilməz olmuşdu, çünki bu ərəfədə malakan və ermənilərin nümayəndələri müsəlmanlara and vermişdilər onlarla dinclik içində yaşayacaqlar və mehriban qonşuluq münasibətlərini pozmayacaqlar.

Silahlı müsəlmanlar arasında, əvvəl Şamaxıda toplanmış bundan sonra sakitləşib silahını yerə qoyan çoxlu əngərahanlı vardı, və hətta başqa kəndləri də sakitləşdirib, postların və qarovulun qoyulması ehtiyacını duymadılar. Beləliklə, Şamaxı şəhəri kimi sübh tezdən hər tərəfdən atəş səsləri ilə oyadılan Əngəharan kəndində dəhşətli təşviş başlandı.

  • Əngəharan kəndinin sakinlərindən biri, 30 yaşlı Güllü-Bəyim Güllü qızının, saxlanılan malakanların arasında onun yaxınlarını qətl edən malakanın hərəkətləri barədə ifadələrindən:

1918 ilin mart ayında, malakanların bandaları bizim kəndə hücum edəndə mən və çox sayda başqa kişi, qadın və uşaq Baxşəli Yusif oğlunun evində gizlənmişdilər və içəridən qapını bağlamışdılar. Evə tüfənglə silahlanmış malakan yaxınlaşdı və qapını açmağımızı tələb etdi. Biz imtina etdik. Onda malakan başladı pəncərədən otağın içinə atəş açmağa və otaqda olan aşağıdakı şəxsləri öldürdü:1) Dost Məmməd Gülü oğlu,2) Onun arvadı Gül Sənəm Əziz qızı, 3) Səttarə Gülü qızı, 4) onun qızı Gül qız, 5) Əli Qulu Sarı oğlu, 6) Əli Həsən Qədir oğlu, 7) Ata Kişi Həmid oğlu, 8) Xırda Xanadan qızı, 9) Molla Ağa Baba və 10) Məşədi Ələskər. Biz bərkdən qışdırırdıq. Mənim oğlum, həyətdə gizlənən Əli Mənsur Mövsüm oğlu köməyimə tələsdi. Həmin malakan onu nişan alıb güllə ilə vurdu.

Malakanların ermənilərin tərəfində iştirakını sübut edən yüzlərlə belə ifadələr var:

Kəndliləri bürümüş təşvişdən yararlanaraq, malakanlar eyni vaxtı, "kəndə aparan yeddi yolla" hər tərəfdən kəndə soxuldular və gözləri tutan hər kəsi, qadına, qocaya və uşağa rəhm etmədən öldürməyə başladılar. Küçələr təşviş içində olan adamlarla dolurdu ki onları dərhal hər tərəfdən öldürürdülər. Küçələrdə kişi, qadın və uşaq meyitləri ilə dolu idi. Molla Ağa Baba Hacı Molla Qəhrəman oğlu malakanlara qarşı əlində Quran çıxdı və onlardan tanrı adına dinc əhali üçün aman istədi. Malakanlar dərhal onu sinəsindən elə ölümcül yaraladılar ki, bir azdan sonra o öldü.[4]

Bütün zərəçəkmiş müsəlmanların ifadələrindən aydındır ki, ermənilər, Şamaxını və Şamaxı uyezdinin kəndlərini darmadağın etməklə minlərlə kişi, qadın və uşağı, bir çoxunu işgəncə ilə öldürməklə, məscidləri və müqəddəs yerləri dağıtmaqla, müsəlmanlara qarşı qisas və düşmənçilik niyyətlərindən çıxış edirdilər və öz milli ideyalarını təqib edirdilər, lakin ziddiyətli ifadələrə görə, müsəlmanlara qarşı malakanların çıxış səbəbləri naməlumdur. Zərəçəkmişlərin bəziləri, malakanların bolşevik ideyalarını təqib etdiyini, başqaları malakanlara bunun sərf etməsini, bir başqaları isə onların bunu ermənilərin təsiri altında etməsini deyirdilər. Malakanlardan biri isə bunu güclünün tərəfində olmaları ilə izah edirdilər.[5]

  1. https://www.azleks.az/online-dictionary/malakan/?s=4 Arxivləşdirilib 2022-03-27 at the Wayback Machine Pravoslav mərasimlərini və kilsə iyearxiyasını qəbul etməyən, xristian məzhəbinin nümayəndəsi, həmin məzhəbdən olan.
  2. "Azərbaycan ənənəvi musiqi atlası". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-08.
  3. "ismayıllı rayonu". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-08.
  4. "Чрезвычайная следственная комиссия Азербайджанской Демократической Республики (28)". 2022-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-06.
  5. "Чрезвычайная следственная комиссия Азербайджанской Демократической Республики (88)". 2022-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-06.
  • Qəmərşah Cavadov. Azərbaycanın azsaylı xalqları və milli azlıqları (Tarix və müasirlik). Bakı "Elm" nəşriyyatı – 2000, s.350–388.
  • С.И.Брук. Население мира. Этнодемографический справочник. Москва. "Наука", 1986, с. 152–154.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]