Qasım bəy Camalbəyov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qasım bəy Camalbəyov
Şəxsi məlumatlar
Doğum tarixi 1881
Doğum yeri
Vəfat tarixi 9 yanvar 1938(1938-01-09)
Vəfat yeri
Təhsili
Fəaliyyəti Konsul

Qasım bəy Camalbəyov (tam adı:Qasım bəy Abbasqulu bəy oğlu Camalbəyov; 1881, Naxçıvan9 yanvar 1938, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Naxçıvanın İranda konsulu.

Qasım bəy Camalbəyov 1881-ci ildə Naxçıvan şəhərində doğulmuşdur. Atası onu, 7 yaşında olarkən, təhsil almaq üçün mədrəsəyə vermiş, daha sonra təhsilini 1896-cı ildə Naxçıvanda türk (ana dili), rus və fars dillərində təlim verən Məktəbi-tərbiyə adında nümunəvi açılan məktəbdə davam etdirmişdir. Burada türk və fars dilləri üzrə onun müəllimi məşhur şair, əslən Ordubadlı Məhəmməd Tağı Sidqi olmuşdur.

Qasım bəy Camalbəyov 1898-ci ildə təhsilini şəhər dördillik məktəbində davam etdirir. O, 1901-ci ildə, məktəbi uğurla bitirdikdən bir il sonra, İrəvan Müəllimlər Seminariyasında xalq müəllimi rütbəsi alması üçün sınaqlardan uğurla çıxmış, beləliklə, 1901-ci ilin sentyabrından 1912-ci ilin dekabrına qədər o, İrəvan quberniyasının müxtəlif kəndlərində müəllim işləmişdir.[1]

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1903–1904-cü ildən Qasım bəy Camalbəyov gizli siyasi fəaliyyətə başlayır. Bir qədər sonra Bakıda başlayan və sonra digər şəhərlərə, o cümlədən Naxçıvana keçən erməni qətliamı (ermənilərin bütün Azərbaycan ərazisində həyata keçirdiyi türk soyqırımı) Qasım bəy Camalbəyovu Naxçıvana qayıtmağa məcbur edir.

Bu zaman Naxçıvanda (bir qədər sonra isə Culfada) R. S. D. F. P.-ın özəyi yaradılır. Şimal-qərbi Persiyada (İran) Heydər Xan Əmoğlunun (1925-ci ildə Rəştdə fars kazakları ilə döyüşdə həlak olur) rəhbərliyi altında olan azadlıq hərəkatına böyük kömək göstərən bu təşkilatda o, təftiş komissiyasına rəhbərlik etmişdir.

1912-ci ildən Qasım bəy Camalbəyov müəllimlikdən uzaqlaşmış, elə həmin ildən, fars dilini bildiyinə görə Persiyanın bir bankının Culfa Agentliyində tərcüməçi işləməyə başlamışdır.

Bir ildən sonra isə onu müvəqqəti olaraq həmin bankın Koçan (Persiya) şəhərindəki agentliyinə keçirirlər. Lakin bir neçə aydan sonra Bankın Petroqrad idarəsindən gələn göstərişə əsasən heç bir izahat vermədən onu işdən azad edirlər. Təhlükəni hiss edən Qasım bəy Camalbəyov Bakıya yollanmış, lakin sərhədi keçərkən onu həbs etmiş və Krasnovodska gətirmişlər. Qasım bəy Camalbəyov bir gənc jandarmın (partiya üzvü) köməyilə Bakıya qaçmağa nail olmuş və Cəfər Axundov adında bir şəxsin yardımı ilə Bibiheybətdəki "Rapid" mexanika zavodunda yerləşmişdir. Beləliklə, o Bakıda bir neçə ay qeyri-leqal yaşaya bilmiş, nəhayət polis onun izinə düşmüşdür. Eyni zamanda ona məlum olur ki, Qafqazın ali administratsiyaı tərəfindən onun Qafqazdan Rusiyaya qeyri-müəyyən müddətdə sürgün edilməsi haqda hökm verilib. Buna görədə onun Naxçıvanda və Bakıda yaşayan qohumlarına rahatlıq vermir, onların evlərində axtarışlar aparırdı. Hər an həbs edilmə təhlükəsi var idi. Bu səbəbdən o, Qafqazı tərk etmək qərarına gəlir, lakin buna imkan tapmır – onu "İslamiyə" mehmanxanası (mehmanxananın mühasibi Abdulla (əlil) persiya təşkilatından idi və Qasım bəyi mehmanxananın anbarında dəfələrlə gizlətmişdi) yaxınlığında həbs edirlər. Bu həbsdən də qaçmağa nail olan Qasım bəy dənizlə Həştərxana gəlir. Burada o, silahdaşı İbrahim Əbilovu axtarıb tapır və onun yanında müvəqqəti sığınacaq əldə edir.

1920-ci illərdə Qasım bəy Camalbəyov Təbrizdə, onun qardaşı İsmayıl Camalbəyov isə Makuda Naxçıvanın ilk konsulları olmuşlar.

  1. Fərrux Rüstəmov. İrəvan Müəllimlər Seminariyası və onun məzunları (PDF). Bakı: Elm və təhsil. 2022. səh. 167. ISBN 978-9952-5455-010.