Səfikürd (Goranboy)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Səfikürd
40°32′42″ şm. e. 46°46′24″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 263 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Səfikürd xəritədə
Səfikürd
Səfikürd

SəfikürdAzərbaycan Respublikasının Goranboy rayonunun Səfikürd kənd inzibati ərazi dairəsində kənd.[1]

Qarabağın qədim-qayım şenliklərindən biri də Səfikürd kəndidır. Öncə oba olmuş, XVIII yüzilin ortalarınadək kənd biçimində güzəran keçirmişdi. XVIII yüzilin sonlarından XX yüzilin 20-ci illərinədək köç-düşlə məşğul olmuşdu. Kolxozlaşma dönəmindən bəri əyləşib yenidən kənd formasına düşmüşdür. Səfikürd kəndi ərazisinin tarixi qədimdir. Kəndin yaxınlığında əski yaşayış yeri və kurqanlar (eradan əvvəl II minilliyin ikinci yarısı-1 minilliyin önü) var. Yaşayış yeri və kurqanlar kənddən 15 km şərqdə yerləşir. Arxeoloji qazıntılar zamanı 2 ha yaxın ərazini əhatə edən yaşayış yerindən saxsı qablar-cam, bərni, küpə, parç və sairə tapılmışdır. Kurqanlar 10 ha yaxın sahəni əhatə edir.[2]

Səfikürd ərazisinin tarixinin ululuğunu sübut edən əski-əntiq yerlərdən biri də Molla Ismayıl təpəsidir. Erkən orta əsrlərə aid edilən yaşayış məskəni kəndin şərqində, Qarasu dərəsinin qərbində yerləşir. Sahəsi 1 ha-dan çox, hündürlüyü 2, 5 metrdir. Kəşfiyyat axtarışları zamanı, əsasən saxsı qab (iri təsərrüfat küpləri, küpə, bərni, bardaq və s.), həmçinin bəzək əşyaları, əmək alətləri tapılıb. Səfikürd kəndinin tarixi yerlərindən biri də Xudu baba türbəsidir. XVII–XVIII yüzildə Səfikürddə yaşamış Xudu pəhlivanın adı ilə "Xudu baba türbəsi" adlandırılmışdır.

Kənd ərazisində "Osmanlı qəbiristanlığı", "Rus qobusu" adlı tarixi yerlər var.

Səfikürd kəndinin tarixinin öyrənilməsi bir qədər ziddiyətlidir. Tarixçi və şair Əhməd bəy Cavanşir öz ünlü "Qarabağ xanlığının 1747–1805-ci illərdə siyasi vəziyyətinə dair" adlı əsərində qeyd edir ki, Səfikürd obası kənardan gəlmədir.[3] Tarixçi yanlışlığa yol verərək zənn edir ki, Səfikürd obası xanlıq dönəmində Pənahəli xan tərəfindən Qarabağa köçrülüb. Əslində, Səfikürd obası öncə kənd biçimində Qarabağ bəylərbəyliyinin ərazisində yurd tuturdu. Bunu nəzərdən keçirdiyimiz tutalqalar da sübut edir.

1727-ci ilə bağlı Osmanlı qaynağında Gəncə-Qarabağ əyalətinin Kürəkbasan nahiyəsində Kürd Safi adlı kənd qərar tutur.[4] XVIII yüzilin önlərində kəndin kədxudası Əli ağa İsmayıl ağa oğlu idi.

Xanlıq dönəmində Səfikürd obası İyirmidörd mahalının tərkibində xas bir şenlik idi. Divan torpağı sayılıb, dövlətə (xəzinəyə) vergi ödəyirdi.

Rusların hakimiyyətinin ilk ilində, 1823-cü ildə Səfikürd obası 52 tüstüdən ibarət idi. Bala bəy obanın başçısı, Məhəmməd isə kovxası idi.

Qarabağın statistik təsvirini hazırlayan mülkü müşavir Mogilyevski və polkovnik Yermolov səhvən Səfikürd obasını Otuziki mahalının ərazisində göstərmişdir. Ümumiyyətlə, onların tərtib etdikləri dəftərdə belə yanlışlıqlara tez-tez rast gəlmək olur.

Səfikürd obasından iki nəfər göstərdikləri xidmətlərə görə Mеhdiqulu xan Sarıcalı-Cavanşirdən məaf ünvanı almışdı. Bu iki nəfərdən biri Rza Ağakişi oğlu, ikincisi Alımədəd Mirzə oğlu idi. Kovxa Məhəmmədin övladları da məaf dərəcəsindəydilər. Onlar sonradan bəylik aldılar. Məaflar xəzinəyə ödənən vergilərdən azad idilər. Onlar bu ünvanı qanları, canları bahasına qazanırdılar.

Mehdiqulu xan Sarıcalı-Cavanşir 1827-ci ildə İrandan qayıdandan sonra dövlət idarələrinə Qarabağda yaşam sürən xəzinə və bəy mülklərinin siyahısını vermişdi. Səfikürd obası haqqında bildirir ki, xəzinə torpağı olub vergi ödəyən 52 tüstüsü, ödəməyən 7 bəy tüstüsü, ödəməyən 7 rəncbər tüstüsü var.

XIX yüzildə Qarabağda oğruluq qoçaqlıq, qəhrəmanlıq sayılırdı. Qarətlə sonuclanan xanlıq savaşları bitmiş, silahlar yerə qoyulmuşdu. Dəliqanlılar özlərini yeni atıb-tutmaq, vurub-çapmaq meydanı olan qaraoğurluqda sınayırdılar. Bu dönəmdə Səfikürd cavanları da qaraoğurluğa qurşanmışdılar. Ünlü şair Qasım bəy Zakir yazırdı:

Xətm oldu bizə, düzdi-vilayət kefə baxsın,
İymirli, Dirağırdı, Safikürdi, Şıxavənd.

"Düzdi-vilayət" — vilayət oğrusu deməkdir. Qasım bəy Zakir başqa bir qoşqusunda deyirdi:

Səfikürdi, Hacı Samlı, Kolanı,
Tutarlar, soyarlar dalda qalanı,
Viran olsun görüm Doyranbasanı,
Evdə yatan yoxdu, qarışıb papaq.

Sonralar bu adət aradan çıxdı. Səfikürdlülər əkin-biçinlə, dana-davarla məşğul olmağa başladılar. XIX əsrdə Səfikürd obasında xeyli varlı-hallı ağalar yaşayırdılar. 1842-ci ilə bağlı qaynaqda obanın rəiyyət və torpaq yiyəsi ağalarından Aslan bəy Bala bəy oğlu, Talıb bəy Məmmədhüseyn bəy oğlu və Həsən bəy Hüseyn bəy oğlu göstərilir.

Həmin ildə obada dövlətə vergi ödəyən 88 tüstü qərar tuturdu. Bu tüstüyə bağlı adamların əksəriyyəti dövlət kəndlisi, bir neçə ailə bəy rəiyyət-rəncbəri idi.

1848-ci ildə Səfikürd obasında dövlətə vergi ödəyən kəndli ailəsi 91 tüstü, ödəməyən bəy ailəsi 10 tüstü, ödəməyən ruhani ailəsi 1 tüstü qərar tuturdu.

1863-cü ildə Səfikürd obasında dövlətə vergi ödəyən kəndli ailəsi 103 tüstü, ödəməyən bəy ailəsi 13 tüstü, ruhani 1 tüstü yaşam sürürdü.

1886-cı ildə obada 248 tüstü yerli, 29 tüstü gəlmə ailə yaşayırdı.

XX yüzilin önlərində çar rusiyasına, mülkədarlara qarşı kəndli çıxışları başlayır. Səfikürd əhalisi həmin hərakatda fəal iştirak edir. 1912-ci ildə kəndli hərakatının önünü almaq üçün Səfikürddə kazak dəstəsi yerləşdirilir.

Kəndli hərəkatının başçılarından olmuş Qatır Məmməd kənd varlılarından Kərbəlayı Əbdülkərimi cəzalandırıb əlindəki torpaqları fəqirlərə paylamışdı.

XX yüzilin 30-cu illərində, sovet dönəmində Səfikürd kəndində kolxoz yarandı. Kəndin ərazisi iki yerə aşağı və yuxarı başa bölünərək iki kolxoz ətrafında cəmləndi. Aşağı başdakı "Meşin Bünyadzadə", yuxarı başdakı isə "Voroşilov" adlandı. Sonralar bu kolxozlar "Jdanov" kolxozu adıyla birləşdirildi.

Səfikürd kəndi Kiçik Qafqazın ətəyindədir. Yerli məlumata görə yaşayış məntəqəsi Səfi adlı bir adamın yurd yerində salındığı üçün belə adlandırılmışdır. Kənd 1917-ci ildə Gəncə qəzasına daxil olmuş və Səfinyurd variantında qeydə alınmışdır. R-nun ərazisində eyniadlı dağ da vardır. Görünür dağın və kəndin adı dağdaki yaylaq yurdlarına görə verilmişdir. Oykonim "Şəfinin yurdu" və ya "cərgə ilə düzülmüş yurdlar" mənasındadır.[5]

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 4312 nəfər əhali yaşayır.[6]

Tanınmışları

[redaktə | mənbəni redaktə et]
  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. Məmmədov A, Məhərrəmov A. Goranboy orta əsrlərdə. Bakı: 1992.
  3. Qarabağnamələr. 1-ci kitab. Bakı: Yazıçı, 1989, səh.160.
  4. Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri. Bakı: Şuşa, 2000, səh. 126–127.
  5. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  6. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]