↑Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 22 may 2011 tarixində redaktə olunub.
↑Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, iyun 2011 tarixində redaktə olunub.
Semih Şənturk 1999-cu ilin iyun ayında Türkiyə milli futbol komandasının (15 yaşlılar) heyətində ilk oyununu Rumıniya milli futbol komandasına (15 yaşlılar) qarşı keçirmişdir. Həmin ilin avqust ayında keçirilən "Gənclər arasında Balkan Çempionatı"nda 4 oyunda 8 qol vurmuşdur. Turniri izləyən Fənərbaxçanın gənclərdən ibarət komandasının baş məşqçisi Saraloğlu Yuqoslaviya milli futbol komandasının (15 yaşlılar) qapısına vurduğu 5 qolu gördükdən sonra onu 1999-cu ilin sentyabr ayında komandasının heyətinə dəvət etmişdir. Həmin il Futbol üzrə Türkiyə çempionatının ikinci dövrəsində Mustafa Dənizli tərəfindən Fənərbaxçanın əsas heyətinə cəlb olunmuşdur. Fənərbaxçada ilk rəsmi oyununu Siirtspora qarşı keçirmişdir. Bu oyunun son 15 dəqiqəsində meydana çıxmışdır. Futbol üzrə Türkiyə çempionatının 2001/2002 mövsümündə İzmirspora icarəyə verilmişdir.[1]17 dekabr2005-ci ildə Fənərbaxçanın heyətində Dənizlispora 4 cavabsız qol vurmaqla bu klubun tarixində bir oyunda 4 və daha artıq qol vuran 13-cü futbolçu olmuşdur. 13 dekabr2006-cı ildə UEFA Kuboku çərçivəsində keçirilən və 2-2 ilə nəticələnən Fənərbaxça-Ayntraxt Frankfurt oyununun 75-ci dəqiqəsində meydana çıxmış, 79-cu dəqiqədə ilk sarı vərəqəsini almış, 82-ci dəqiqədə isə Fənərbaxçanın sonrakı mərhələyə keçməsini təmin edən qolu vurmuşdur. Həmin oyunun 91-ci dəqiqəsində ikinci sarı vərəqəsini alsa da hakim ona qırmızı vərəqə göstərməyi və meydandan uzaqlaşdırmağı unutduğuna görə təxminən 20 saniyə oyunu davam etdirmişdir. Amma sonra özü ikinci sarı vərəqə aldığını hakimə bildirmiş və bununla da oyunun nəticəsinin ləğvinə səbəb ola biləcək anlaşılmazlığı aradan qaldırmışdır. Futbol üzrə Türkiyə çempionatının 2007/2008 mövsümündə 17 qola imza ataraq mövsümün qol kralı olmuşdur. 6 avqust2008-ci ildə Uefa Çempionlar Liqasının seçmə mərhələsində Fənərbaxçanın heyətində Macarıstanın MTK Budapeşt klubuna qarşı keçirdiyi cavab oyununda 4 qol vuraraq o zamana qədər Fətki Həpərin daşıdığı "Avropa Kuboku yarışlarında bir oyunda ən çox qol vuran türk futbolçu" adını almış və UEFA Çempionlar Liqasında bir oyunda 4 qol vuran ilk türk futbolçu olmuşdur[2].
Türkiyə milli futbol komandasının heyətində ilk oyununu Futbol üzrə Avropa çempionatı 2008-in seçmə mərhələsi çərçivəsində 17 noyabr2007-ci ildə Norveçə qarşı keçirmişdir. İlk qolunu Finlandiya milli futbol komandasına vurmuşdur. İkinci qolunu Futbol üzrə Avropa çempionatı 2008-də İsveçrə milli futbol komandasına qarşı keçirilən qrup oyununda bu komandanın qapısından keçirmişdir. 20 iyun2008-ci ildə Futbol üzrə Avropa çempionatı 2008-in Türkiyə-Xorvatiya arasında keçirilən 1/4 final görüşündə 112-ci dəqiqədə qapıçı Rüştü Rəcbərin birbaşa rəqib komandanın qapıçı meydançasına göndərdiyi topu qapıdan keçirməklə oyunun hesabını bərabərləşdirmiş (1-1) və oyundan sonrakı penalti zərbələrinin vurulmasını təmin etmişdir. Bu qol həm də Futbol üzrə Avropa çempionatları tarixində oyunun ən sonlarında vurulmuş qol kimi qeydə alınmışdır. Penalti zərbələrindən sonra Türkiyə milli futbol komandası 3-1 hesabı ilə qalib gəlmişdir. Semih Şəntürk də bu penalti zərbələrindən birini uğurla yerinə yetirmişdir. Bundan sonra turnirdə Almaniya milli futbol komandasına qarşı keçirilən oyunda komandasının 2-ci qolunu vursa da bu qol Türkiyə yığmasını məğlubiyyətdən xilas edə bilməmişdir. Bununla belə Semih Şəntürk Futbol üzrə Avropa çempionatı 2008-də komandasının ən çox qol vuran futbolçusu olmuşdur.