Stalinqrad döyüşü

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Stalinqrad döyüşü
İkinci dünya müharibəsində Şərq cəbhəsi
Sovet əsgərləri Stalinqrad şəhərində, 1943-cü ilin fevralı
Sovet əsgərləri Stalinqrad şəhərində, 1943-cü ilin fevralı
Tarix 17 iyul 19422 fevral 1943
Yeri Stalinqrad (indiki Volqoqrad), Rusiya SFSR, Sovet İttifaqı
Nəticəsi

Sovet qələbəsi

  • Alman 6-cı Ordusu məhv edildi
  • Alman qoşunları Qafqazdan çıxarıldı
Münaqişə tərəfləri

Nasist Almaniyası
Rumıniya Rumıniya Krallığı
İtaliya Krallığı
Macarıstan Krallığı (1920-46)
Müstəqil Xorvatiya dövləti

SSRİ SSRİ

Komandan(lar)

Fridrix Paulus Təslim olmaq
Erix fon Manşteyn
Volfram fon Rixthofen
Rumıniya Petre Dumitresku
İtalo Qariboldi
Qustav Yani
Viktor Paviçiç 

SSRİ Georgi Jukov
SSRİ Nikolay Voronov
SSRİ Aleksandr Vasilevski
SSRİ Andrey Yeryomenko
SSRİ Nikita Xruşşov
SSRİ Konstantin Rokossovski
SSRİ Nikolay Vatutin
SSRİ Vasili Çuykov

Tərəflərin qüvvəsi

Əməliyyatın başlanğıcında:

  • 270,000 nəfər
  • 3000 artilleriya qurğusu
  • 500 tank
  • 600 təyyarə

Sovet əks-hücumu zamanı:

  • 1,040,000 nəfər
  • 10,250 artilleriya qurğusu
  • 500 tank
  • 732 təyyarə[1]

Əməliyyatın başlanğıcında:

  • 187,000 nəfər
  • 2200 artilleriya qurğusu
  • 400 tank
  • 300 təyyarə

Sovet əks-hücumu zamanı:

  • 1,143,000 nəfər
  • 13,451 artilleriya qurğusu
  • 894 tank
  • 1115 təyyarə[2]
İtkilər

728,000 nəfər
900 təyyarə
1500 tank

1,129,615 nəfər[3]
478,741 ölü və itkin
650,878 yaralı və xəstə
2769 təyyarə
4341 tank

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Stalinqrad döyüşü (17 iyul 19422 fevral, 1943) — Böyük Vətən müharibəsində sovet qoşunlarının Stalinqrad (indiki Volqoqrad) ətrafında alman qoşunlarını darmadağın etmək üçün müdafiə və hücum əməliyyatları.

Müharibə tarixində baş vermiş ən genişmiqyaslı (təqribən 2 milyon şəxsi heyət[4]) və ən qanlı (1.7 milyon nəfər ölü, yaralı və itkin) döyüşlərdən biri hesab olunur.[5] Almanlar tərəfindən Stalinqrad istiqamətində hücum əməliyyatı 1942-ci ilin avqust ayında başlamışdır. Bu əməliyyat zamanı Vermaxt qoşunlarına məxsus 6-cı Ordu və 4-cü tank ordusunun birləşmələrindən aktiv şəkildə istifadə olunmuşdur. Hücum intensiv şəkildə Lüftvaffe tərəfindən şəhərin bombardman edilməsi ilə dəstəklənmişdir. Hər iki tərəf öz qoşunlarını şəhər mərkəzinə yeritdikdən sonra isə şəhər döyüşləri başlamışdır. Artıq 1942-ci il noyabr ayının ortalarında Sovet Ordusu çoxsaylı itkilərə məruz qalmasına baxmayaraq, almanları Volqa çayının qərb sahilinə qədər geri çəkilməyə məcbur etmişdi.

19 noyabr 1942-ci ildə Qırmızı Ordu tərəfindən Uran əməliyyatı başladılmışdır. Bu əməliyyat hazırlanarkən almanların 6-cı Ordusunun cinahlarını müdafiə etmək vəzifəsi daşıyan, həmçinin nisbətən zəif olan rumınmacar qoşunları hədəf götürülmüşdü. Hücum nəticəsində həmin cinahlarda yerləşən qüvvələr məğlub edilmişdir ki, bu da alman 6-cı Ordusunun öz müttəfiqləri ilə birbaşa əlaqəsinin kəsilməsinə və Stalinqrad ərazisində mühasirəyə düşməsi ilə nəticələnmişdir. Bu zaman Adolf Hitler mühasirədə qalan qoşunlara Stalinqradda qalmaq və heç bir hücum hərəkəti etməmək haqqında göstəriş vermişdir. Mühasirədə qalan alman qoşunlarına havadan dəstək verilməsinə və mühasirə həlqəsinin xaricdən yarılması məqsədilə edilmiş hücumlara baxmayaraq, bu cəhdlər heç bir nəticə verməmişdir. Ağır döyüşlər bundan sonra da iki ay müddətində davam etmişdir. 1943-cü ilin fevral ayının əvvəlindən etibarən Stalinqradda qalan qoşunların silah-sursatının və ərzaq ehtiyatının tükənməsi nəticəsində 6-cı Ordunun sağ qalmış hissələri təslim olmaq məcburiyyətində qaldı.[6]

1942-ci ilin payızına qədər Sovet İttifaqına qarşı həyata keçirilən Barbarossa əməliyyatının uğursuzluqla nəticələnməsinə baxmayaraq, Vermaxt qoşunları Baltik respublikaları, Ukrayna və Belarus da daxil olmaqla geniş ərazini ələ keçirmişdi. Müharibənin başqa bir istiqamətində isə alman qoşunları Ervin Rommelin rəhbərliyi altında mühüm əhəmiyyəti olan Tobruk limanını ələ keçirməyi bacarmışdı. Nasist Almaniyası ilə Sovet qoşunlarının arasında gərgin döyüşlərin davam etdiyi Şərq cəbhəsində isə cəbhə xətti şimalda Leninqrad şəhərindən cənubda Rostova qədər uzanırdı. Bu istiqamətdə hər iki tərəf müəyyən əraziyə nəzarəti ələ keçirsə də, bu cür hadisələr heç bir tərəf üçün böyük təhlükə yaratmırdı. Hitler inanırdı ki, alman qoşunları 1942-ci ilin qışından sonra Qırmızı Orduya tam şəkildə qalib gələ biləcək. Mərkəz Ordu Qrupunun keçən qış Moskvanın qərbində böyük itkilərə məruz qalmasına baxmayaraq, quru qoşunlarının 65%-i bu döyüşlərdə iştirak etməmişdi və yenidən silahlanmışdı. Stalin isə almanların yayda yenidən Moskva istiqamətində hücuma keçəcəyini gözləyirdi.

İlkin əməliyyatların çox uğurla nəticələnməsindən sonra, almanlar 1942-ci ilin yayında Sovet İttifaqının cənub hissəsi istiqamətində irəliləməyə qərar verdi. Bu zaman almanların əsas məqsədi Stalinqradın sənaye potensialını məhv etmək və Volqa çayı sahilində yerləşmək idi. Bu çay QafqazXəzər dənizi ərazisindən Rusiyanın mərkəzinə aparan əsas marşrut hesab olunurdu. Buranı ələ keçirmək çay nəqliyyatının darmadağın olması ilə nəticələnə bilərdi. Almanlar 23 iyulda Rostov şəhərini işğal etdikdən sonra neft kəmərlərinin qarşısını kəsmişdi. Stalinqradın işğal olunması isə Fars dəhlizi ilə hərəkətin bir xeyli çətinləşməsinə səbəb ola bilərdi.

23 iyul 1942-ci ildə Hitler şəxsən 1942-ci ilin yay əməliyyatlarının məqsədini dəyişməyi qərara aldı. Nəticədə, alman qoşunlarının qarşısına əsas məqsəd olaraq Stalinqrad şəhərini ələ keçirmək tapşırığı qoyuldu. Hitler hücum əməliyyatına başlamazdan əvvəl Stalinqradı ələ keçirdikdən sonra şəhərin bütün kişi vətəndaşlarının öldürüləcəyini, həmçinin bütün qadın və uşaqların isə deportasiya olunacağını açıqlamışdı. Bunun əsas səbəbi şəhər əhalisinin "tamamilə kommunist" və "xüsusilə təhlükəli" olması idi. Şəhərin işğal olunması həm şimal, həm də qərb cinahlarda yerləşən alman qoşunlarının strateji neft ehtiyatlarına malik olan Bakı şəhərinə təhlükəsiz şəkildə yaxınlaşmasına səbəb olacaqdı. Hücum zamanı alman qoşunlarının Stalinqradda uğursuzluğa düçar olmasının əsas səbəbi onların həddən artıq rahat olması və düşməni yetərincə dəyərləndirməməsi oldu.

Müdafiə döyüşləri

[redaktə | mənbəni redaktə et]

Stalinqrad döyüşü 17 iyul 1942-ci ildə başlamışdır. Döyüşlərin başlanğıcında sovet ordusunun alman hücumlarının qarşısını almaqda çətinlik çəkməsi səbəbindən, bir neçə həftə ərzində alman ordusu 400 km irəliləməyə nail oldu ki, bu da sovet əsgərləri arasında nizam-intizamın pozulmasına və çaxnaşmaya səbəb oldu. İyulun sonlarına kimi, alman ordusu sovetləri Don çayı boyunca sıxışdırdı. Qeyd etmək lazımdır ki, bu zaman almanlar vermaxtın müxtəlif cinahlarını möhkəmləndirmək üçün öz müttəfiqləri olan İtaliya, Macarıstan və Rumıniya kimi ölkələrin ordularının köməyindən də istifadə edirdilər[7].

1942-ci ilin iyulun 25-də feldmarşal Fridrix Paulyusun komandanlıq etdiyi 6-cı alman ordusu Kalaç şəhərinin qərbində sovet ordusunun ciddi müqaviməti ilə üzləşdi və bununla da avqustun 11-nə qədər davam edən Kalaç döyüşləri başlandı. Kalaç döyüşləri başlanandan sonra, sovet lideri İ.Stalin SSRİ xalq müdafiə naziri kimi 1942-ci ilin iyulun 28-də “Bir addım da geri çəkilməmək” haqqında 227 №-li  əmr imzaladı. Həmin əmrdə sərəncam olmadan döyüş meydanından geri çəkilmək qadağan edilir, qorxaqlıq və qətiyyətsizlik göstərənlərin sərt cəzalandırılması nəzərdə tutulurdu[7].

Sovetlərin tələsik hücumları alman ordusunu geri oturda bilməsə də, onların hərbi sursat təchizatını zəiflədərək müvəqqəti də olsa, dayandıra bildi. Almaniyanın quru qoşunlarının Baş qərargahı (Oberkommando des Heeres) rəisi olan general Frans Qalder öz gündəliyində qeyd edir ki, bu zaman “silah-sursat və yanacaq çatışmazlığı problemi 6-cı ordunun zərbə qüvvəsini iflic etmişdi”. Lakin, Kalaç döyüşləri zamanı, havada üstünlüyə malik olan Lüftvaffe təyyarələri sovet ordusunun işini çətinləşdirirdi. Belə ki, alman təyyarələri Qırmızı ordunun həm canlı qüvvəsinə, həm də tanklarına, texnikasına, artilleriya qurğuları və istehkamlarına aviazərbələr endirir, nəqliyyat qovşaqlarını, dəmiryollarını bombalayır və bununla da,  6-cı orduya havadan dəstək verirdilər[7].

Lüftwaffe Stalinqradın yaşayış məntəqələrini bombalayır, oktyabr 1942

1942-ci ilin avqustun 23-nə qədər Stalinqradın 400 min nəfər sakinindən təxminən 100 min nəfəri artıq evakuasiya edilmişdi[8]. Həmin gün, aviasiya generalı Volfram fon Rixthofenin komandanlığı altında Almaniya HHQ-nin (Lüftvaffe) 4-cü hava donanması tərəfindən Stalinqrad şəhərinin ən uzun və ən dağıdıcı bombardmanı başlandı və 48 saat ərzində şəhər üzərinə təqribən 1000 ton bomba yağdırıldı[7].

Stalinqrad döyüşü həm Adolf Hitler, həm də İosif Stalin üçün nüfuz məsələsi idi və bu baxımdan da onun strateji əhəmiyyəti böyük idi. Məhz buna görə idi ki, sovet komandanlığı Qırmızı ordunun Moskva, aşağı Volqa və digər bölgələrdəki strateji ehtiyat qüvvələrini Stalinqrada gətirir, SSRİ-nin bütün ərazilərindəki aviasiya qüvvələri Stalinqrad ərazisinə cəlb olunurdu[7].

Sovet ordusunun hücumu

[redaktə | mənbəni redaktə et]
1942-ci il noyabrın 19-dan dekabrın 24-dək olan döyüşlər.

19 noyabr 1942-ci ildə Uran əməliyyatı çərçivəsində Qırmızı Ordunun hücumu başladı. Noyabrın 23-də Kalaç bölgəsində 6-cı vermaxt ordusunun ətrafındakı mühasirə halqası bağlandı. Uran planı tam həyata keçirilmədi, çünki 6-cı ordunu əvvəldən iki hissəyə bölmək mümkün deyildi (Volqa və Donun kəsişməsində 24-cü Ordunun zərbəsi ilə). Bu şərtlər altında hərəkətdə olanları ləğv etmək cəhdləri də qüvvələrdə əhəmiyyətli üstünlüklərə - təsirlənən almanların üstün taktiki hazırlığına baxmayaraq uğursuz oldu. Bununla belə, 6-cı Ordu təcrid olunmuşdu və Volfram fon Rixthofenin komandanlığı altında 4-cü Hava Donanması tərəfindən hava tədarükü cəhdlərinə baxmayaraq, onun yanacaq, sursat və ərzaq ehtiyatları sürətlə azalırdı.

Noyabrın 23-də Cənub-qərb və Stalinqrad cəbhələrinin tank və mexanikləşdirilmiş birləşmələri birlikdə hərəkətə keçərək Volqa və Don çayları arasında alman ordusunun əsas qruplaşmasını mühasirəyə aldılar. Stalinqradda mühasirəyə düşən alman əsgər və zabitlərinin sayı ilə bağlı tarixçilər müxtəlif rəqəmlər qeyd edirlər. Sovet tarixçilərinin məlumatına görə, bu rəqəm 330 min nəfər, alman tarixçilərinə görə 250-280 min nəfərdir. Belə bir gərgin vaxtda,  noyabrın 23-dən 24-nə keçən gecə vermaxt komandanlığı belə qərara gəldi ki, Stalinqraddakı alman qoşunları təcili şəkildə geri çəkilsinlər. Əvvəlcə Hitler bu qərarla razılaşsa da, noyabrın 24-ü səhəri feldmarşal Paulyusa radioteleqram göndərərək Stalinqradda qalmaq əmri verdi. Qərarı reyxsmarşal German Görinqin təsiri altında verən Hitler hesab edirdi ki, Lüftvaffenin havada üstünlüyü mühasirəyə düşən alman ordusunun üstünlüyünü təmin edərək onu mühasirədən çıxara biləcək[7].

Alman komandanlığı mühasirədə çıxmağa – deblokadaya hazırlaşmaq məqsədilə feldmarşal Erix fon Manşteynin komandanlığı altında 20 alman diviziyası və 2 rumın diviziyasından ibarət “Don” adlanan yeni ordu qrupu təşkil etdilər. Manşteyn Hitleri inandırdı ki, onun ordusu güclü zərbələr endirərək sovetlərin mühasirə halqasını yaracaq və Paulyusun ordusu ilə birləşərək alman ordusunun Volqa və Don çayları arasındakı əvvəlki (Qırmızı ordunun noyabr əks-hücumuna qədərki) vəziyyətini bərpa edəcək. Bu məqsədlə, biri Kotelnikov rayonunda, digəri Tormosina rayonunda olmaqla iki zərbə qruplaşması yaradılmışdı. Beləliklə, 1942-ci ilin dekabrın 12-də Manşteynin ordu qrupu mühasirədəki alman ordusunu xilas etmək məqsədilə “Vintersqevitter” (“qış tufanı”) adlanan strateji hücum əməliyyatına başlayaraq Kotelnikov rayonundan hücuma keçdi[7].

Qırmızı ordunun “Kiçik Saturn” əməliyyatına başladığı zaman alman-faşist ordusu Stalinqradda son dərəcə çətin vəziyyətlə üzləşdilər. Onlar sovet aviasiyası tərəfindən sistemik olaraq bombardman edilir, sovet artilleriyası tərəfindən atəşə tutulurdu. Həmçinin, alman ordusu arasında aclığın yayılması da ölüm hallarını qarşısıalınmaz edirdi. Alman komandanlığı nəqliyyat aviasiyası ilə ordunun təchizatına və heç olmasa bəzi qoşun hissələrini təxliyə etməyə cəhd göstərsə də, sovet təyyarəçiləri bundan xəbər tutaraq qarşısını alırdı. Dekabrın 23-də feldmarşal Manşteyn Stalinqradda mühasirədə qalan alman ordusunu xilas etmək cəhdindən imtina edərək öz qüvvələri ilə yeni sovet hücumlarının qarşısını almaq üçün müdafiə mövqeyinə keçməli oldu[7].

Sovet əsgərləri Stalinqraddakı bir evə hücum edir, 1943-cü ilin fevralı.

Yanvarın 10-da mühasirədəki alman-faşist ordusunu parçalayaraq məhv etmək məqsədilə Don cəbhəsi hücuma keçdi və bununla da, Stalinqrad döyüşündəki son hərbi əməliyyat olan “Koltso” əməliyyatı (10 yanvar – 2 fevral 1943) başlandı. Yanvarın 22-də əlavə haqırlıqlardan sonra Don cəbhəsi yenidən hücuma keçdi və 26-sı Mamayev kurqanı ətrafında alman qruplaşması iki hissəyə parçalandı. Şəhərdə döyüşlər bir neçə gün davam etdi. Yanvarın 31-də cənub qruplaşması feldmarşal Fridrix Paulyus başda olmaqla əsir düşdü. Ümumilikdə, “Koltso” əməliyyatı zamanı 2500 zabit və 24 general olmaqla 91 min nəfər alman əsgəri əsir düşdü. 1943-cü ilin 2 fevralında mühasirədəki şimal qruplaşması da təslim oldu və bununla da, Stalinqrad döyüşü başa çatdı[7].

Qırmızı Ordunun Stalinqrad döyüşündəki qələbəsi İkinci Dünya Müharibəsi illərində böyük hərbi-siyasi hadisə oldu. Elit vehrmaxt qrupunun mühasirəsi, məğlubiyyəti və ələ keçirilməsi ilə başa çatan döyüş Böyük Vətən Müharibəsinin gedişində köklü dəyişikliyə nail olmağa böyük töhfə verdi və bütün İkinci Dünya Müharibəsinin sonrakı gedişatına ciddi təsir göstərdi[9].

Döyüş nəticəsində Qızıl Ordu strateji təşəbbüsü möhkəm şəkildə ələ keçirdi və indi düşmənə öz iradəsini diktə etdi. Bu, alman qoşunlarının Qafqazda, Rjev və Demyansk bölgələrindəki hərəkətlərinin xarakterini dəyişdi. Sovet qoşunlarının zərbələri Wehrmacht-ı Qırmızı Ordunun hücumunu dayandırmalı olan Şərq Divarını hazırlamaq əmrini verməyə məcbur etdi.

Stalinqrad döyüşü zamanı 3-cü və 4-cü Rumıniya orduları (16 diviziya), 8-ci İtaliya ordusu və İtaliya Alp Korpusu (10 diviziya), 2-ci Macarıstan ordusu (10 diviziya), Xorvatiya alayı məğlub oldu. Məhv edilməyən 4-cü tank ordusunun tərkibində olan 6-cı və 7-ci Rumıniya ordu korpusları tamamilə ruhdan düşdü.

Gələcəkdə nasist Almaniyası Rumıniya, Macarıstan və Slovakiyadan yeni çağırışçılara arxalana bilməzdi. Müttəfiqlərin qalan bölmələrindən yalnız arxa xidmət, partizanlarla döyüşmək və cəbhənin bəzi ikinci dərəcəli sektorlarında istifadə etməli oldu.

Alman generalı Kurt fon Tippelskirx “İkinci Dünya Müharibəsi tarixi” kitabında Stalinqraddakı məğlubiyyəti belə qiymətləndirir: “Hücumun nəticəsi sarsıdıcı idi: bir alman və üç müttəfiq ordusu məhv edildi, digər üç alman ordusu ağır itki verdi. Ən azı əlli Alman və Müttəfiq bölmələri artıq mövcud deyildi. Qalan itkilər daha iyirmi beş bölmə təşkil etdi. Böyük miqdarda texnika itirildi - tanklar, özüyeriyən silahlar, yüngül və ağır artilleriya və ağır piyada silahları. Avadanlıq itkiləri, əlbəttə ki, düşmənin itkilərindən xeyli çox idi. Şəxsi heyətdəki itkilər çox ağır hesab edilməlidir, xüsusən də düşmən ciddi itki versə də, hələ də xeyli böyük insan ehtiyatına malik idi. Almaniyanın müttəfiqlərinin gözündə nüfuzu çox sarsıldı. Eyni zamanda Şimali Afrikada düzəlməz bir məğlubiyyətə uğradığından, ümumi qələbə ümidi də puç oldu. Rusların əhval-ruhiyyəsi isə yüksəldi”[10].

  1. Алексей Исаев. Часть третья. Срезанный цветок, обречённый насмерть. // Сталинград. За Волгой для нас земли нет Arxivləşdirilib 2017-10-09 at the Wayback Machine. — М.: Яуза, Эксмо, 2008. — 448 с. — ISBN 978-5-699-26236-6
  2. Сталинградская битва Arxivləşdirilib 2011-05-24 at the Wayback Machine — статья проекта «Хронос».
  3. Гриф секретности снят: Потери Вооружённых Сил СССР в войнах, боевых действиях и военных конфликтах: Стат. исслед. / Г. Ф. Кривошеев, В. М. Андроников, П. Д. Буриков. — М.: Воениздат, 1993. — Стр. 178—182, 369—370. — ISBN 5-203-01400-0
  4. Luhn, Alec (8 June 2014). "Stalingrad name may return to city in wave of second world war patriotism". The Guardian. Arxivləşdirilib 2022-03-23 at the Wayback Machine
  5. Luhn, Alec. "Stalingrad name may return to city in wave of second world war patriotism". theguardian.com. The Guardian. The Guardian. 8 iyun 2014. 2022-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 fevral 2018.
  6. Shirer, 1990
  7. 1 2 3 4 5 6 7 8 9 Balamirzə Məmmədli. Stalinqrad döyüşü: tarixin ən qanlı savaşı və II dünya müharibəsində əsaslı dönüşün başlanğıcı Arxivləşdirilib 2022-02-28 at the Wayback Machine. Tarix və onun problemləri, №4, 2021, s.199-207.
  8. Исаев А. В. Сталинград. За Волгой для нас земли нет. — М.: Эксмо, Яуза, 2008. — 448 с. — (Война и мы). — 10 000 экз. — ISBN 978-5-699-26236-6.
  9. "«Сталинградская битва: значение, последствия, память». — Материалы Международной научно-практической конференции, посвящённой празднованию 75-летия разгрома советскими войсками немецко-фашистских войск в Сталинградской битве (Волгоград, 2017 год)" (PDF). 2021-08-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-02-28.
  10. Курт фон Типпельскирх. История Второй мировой войны. М.: АСТ, 2001. С. 365—366.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]