39°36′17″ şm. e. 46°57′53″ ş. u.HGYO

Tağlar mağarası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Tağlar mağarası
Ümumi məlumatlar
Kəşf tarixi 1960
Dövrü Daş dövrü, Tunc dövrü, Mis dövrü, Orta əsrlər
Yerləşməsi
39°36′17″ şm. e. 46°57′53″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon
Kənd Böyük Tağlar
Tağlar mağarası xəritədə
Tağlar mağarası
Tağlar mağarası
Çaxmaqdaşı və dəvəgözündən əmək alətləri

Azərbaycanın Xocavənd rayonunun Böyük Tağlar kəndinin ərazisində, Quruçayın sol sahilində yerləşən bu mağara Mustye mədəniyyətinə aid ən möhtəşəm mağara-düşərgədir. Qədim insanlar burada 64-24 min il bundan əvvəl yaşamışdırlar.[1] Tağlar Mustye düşərgəsi özünün maddi-mədəniyyət qalıqlarına, stratiqrafiyasına və yaşayışın uzunmüddətli olmasına görə keçmiş SSRİYaxın Şərq abidələri içərisində mühüm yer tutur. Mağara Quruçayın sol sahilindədir. 1963-cü ildən Tağlar Mustye düşərgəsində arxeoloji qazıntı işləri aparılır. Qazıntı nəticəsində 7000-dən çox daş alət, 2000-dən çox heyvan sümüyü tapılmışdır. Tağlar düşərgəsi çöküntülərində 6 mədəni təbəqə aşkar edilib. 1-ci təbəqədən Orta əsrlər dövrü, Tunc dövrüEneolit dövrünə aid gil qab qırıqları tapılıb. 2-6-cı təbəqələrdən isə Mustye mədəniyyəti dövrünə aid maddi mədəniyyət nümunələri aşkarlanıb. Daş əmək alətləri içərisində əsas yeri levallua, Mustye itiucluları və qaşov tipli alətlər tutur. Bütün Qafqaz və Yaxın Şərq abidələri içərisində Tağlar yeganə abidədir ki, burada yaşayış daimi olub. Tağlar Mustye düşərgəsinin daş məmulatının texniki və tipoloji tədqiqi zamanı Paleolit dövrü üçün yeni əmək alətləri qeydə alınıb ki, onları da Tağlar tipli alətlər adlandırıblar. Həmin alətlər zərif hazırlanıb və bir neçə işlək ağıza malikdir. Tağlar mağarası çöküntülərində çoxlu ocaq qalıqları da tapılıb. Mağarada kompleks tədqiqat işləri aparılıb, arxeoloqlarla yanaşı paleontoloqlar, paleogeoloqlar, paleocoğrafiyaçılar, paleobotaniklər də çalışıblar. Tədqiqatlar nəticəsində Tağlarda Mustye mədəniyyəti dövründə 90 milyon il bundan əvvəldən 35 milyon il əvvələ qədər yaşayış olduğu aydınlaşıb.

Çoxtəbəqəli Tağlar paleolit düşərgəsində ilk dəfə olaraq 1963-cü ilin iyun-iyul aylarında Məmmədəli Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası arxeoloji qazıntı işləri aparmışdır. Tağlar düşərgəsində ilkin arxeoloji qazıntılar zamanı düşərgənin çöküntülərində 3 mədəni təbəqə qeydə alınmışdır.

1964-1967-ci illərdə M.M.Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası Tağlar düşərgəsində arxeoloji qazıntı işləri aparmış, minlərlə daş məmulatı və ovlanmış heyvan sümükləri aşkar edilmişdir.

1965-ci ildə Bakıda keçirilən SSRİ arxeoloq və etnoqraflarının ümumittifaq elmi konfransının iştirakçıları - P.İ.Boriskovski, V.P.Lübin, İ.İ.Korobkov, N.D.Praslav və başqaları Tağlar düşərgəsinə gedərək onun stratiqrafiyası ilə tanış olmuşlar.

1971-ci ildə M.M.Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası Tağlar mağarasında arxeoloji qazıntı işləri aparmışdır. Arxeoloji tədqiqat işlərində SSRİ EA Arxeologiya İnstitutu Leninqrad bölməsinin baş elmi işçisi Q.P.Qriqoryev də iştirak etmişdir.

1973-cü ildə Tağlar paleolit düşərgəsində M.M.Hüseynov, Ə.Q.Cəfərov və M.M.Mənsurov arxeoloji qazıntı işləri aparmışlar.

1976-cı ilin iyun-iyul aylarında Azərbaycan EA Tarix İnstitutunun Paleolit arxeoloji ekspedisiyası ilə birlikdə SSRİ EA Arxeologiya İnstitutu Leninqrad bölməsinin Qafqaz ekspedisiyası Tağlar düşərgəsinin stratiqrafiyasını dəqiqləşdirmək məqsədilə Tağlar mağara düşərgəsində elmi tədqiqat işləri aparmış və düşərgənin çöküntülərində 6 mədəni təbəqə qeydə almışlar.

1977-ci ildən başlayaraq Tağlar mağara düşərgəsində arxeoloji qazıntı işlərini Ə.Q.Cəfərovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyasının Tağlar dəstəsi aparmağa başlamışdır. Ə.Q.Cəfərovun rəhbərliyi altında Tağlar mağarasında 1977-1982 və 1984-1986-cı illərdə arxeoloji qazıntılar aparılmışdır[2].

Tağlar paleolit düşərgəsinin stratiqrafiyası

[redaktə | mənbəni redaktə et]

Tağlar düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı düşərgənin D-M sahəsində 6 mədəni təbəqə qeydə alınmışdır. Aşağıda həmin sahədə müəyyən olunmuş arxeoloji təbəqələrin təsviri verilir.

Birinci təbəqə

[redaktə | mənbəni redaktə et]

Qara çürüntülü torpaq təbəqəsindən ibarətdir. Tədqiq olunan sahədə təbəqənin qalınlığı 6-10 sm-ə bərabər olmuşdur. 1963-1965-ci illərdə aparılan arxeoloji qazıntılar zamanı düşərgənin qeyd olunan təbəqəsindən Eneolit, Tunc və Orta əsrlərə aid maddi mədəniyyət qalıqları aşkar olunmuşdur.

İkinci təbəqə

[redaktə | mənbəni redaktə et]

Sarı gillicə torpaq təbəqəsindən ibarətdir. Birinci təbəqədən fərqli olaraq ikinci təbəqənin tərkibində mağaranın tavanından düşmüş qaya qırıqları, suyun və əhəngin qarışığından əmələ gəlmiş stalaktit və stalaqmit hissələri qeydə alınmışdır. Sonuncular təbəqənin içərisində əmələ gəlmişdir. Bu da mağaranın tavanından düşən su damcıları vasitəsilə əmələ gəlmişdir ki, geoloji ədəbiyyatda bunlar stalaktit və stalaqmitlər adlandırılır. Maraqlıdır ki, əvvəlki tədqiqat illərindən fərqli olaraq 1973-cü ildə Tağlar düşərgəsinin D-M sahəsində aparılan arxeoloji qazıntılar zamanı II təbəqənin tərkibində qaya daşlarının sayının olduqca az olması müşahidə olunmuşdur. Qazıntı aparılan sahədə ikinci təbəqənin qalınlığı 28-44 sm-ə bərabər olmuşdur.

Üçüncü təbəqə

[redaktə | mənbəni redaktə et]

Açıq-sarı rəngli gillicə torpaq təbəqəsindən ibarətdir. İkinci təbəqədə olduğu kimi burada da qaya qırıqları olduqca azdır. İkinci təbəqənin tərkibində tək-tək stalaktit və stalaqmit hissələri qeydə alınmışdır. Təsvir olunan sahədə təbəqənin qalınlığı 38-52 sm-ə çatır.

Dördüncü təbəqə

[redaktə | mənbəni redaktə et]

Sarı gillicə torpaq təbəqəsindən ibarətdir. Təbəqənin içərisində kiçik qaya daşlarının qırıqları qeydə alınmışdır. Maraqlıdır ki, dördüncü təbəqənin içərisində bir neçə ocaq layı qeydə alınmışdır. Əvvəlki tədqiqat illərində də dördüncü təbəqədən ocaq layları qeydə alınmışdır. Lakin bu ilki tədqiqatlar zamanı təsvir olunan sahədə dördüncü təbəqə nisbətən nazik olmuşdur. Yeni tədqiqat sahəsində təbəqənin qalınlığı 65-80 sm-ə bərabər olmuşdur. Lakin 1973-cü ildə düşərgənin IV təbəqəsində aparılan qazıntılar zamanı maddi mədəniyyət qalıqlarının zənginliyinə və təbəqənin rənginə görə iki hissəyə 4a və 4b təbəqələrinə ayrılmışdır. 1973-cü il tədqiqatlar zamanı D-M sahəsində dördüncü təbəqənin qalınlığı 0,8 – 1,2 m olmuşdur.

Beşinci təbəqə

[redaktə | mənbəni redaktə et]

Nisbətən açıq-sarı gillicə torpaq təbəqəsindən ibarətdir. Tədqiqatlar zamanı təbəqədən çoxlu maddi mədəniyyət qalıqları, ocaq layları qeydə alınmışdır. Ocaq layları əsasən təbəqənin yuxarı hissəsində qeydə alınmışdır. Maraqlıdır ki, beşinci təbəqənin içərisindən üç kiçik lay qeydə alınmışdır. Həmin layların ümumi qalınlığı 3-5 sm, 5-7 sm və 7-12 sm-ə bərabər olmuşdur. Bu layların içərisindən arxeoloji tapıntı qeydə alınmamışdır. Təsvir olunan sahədə beşinci təbəqənin ümumi qalınlığı 45-85 sm-ə bərabər olmuşdur.

Altıncı təbəqə

[redaktə | mənbəni redaktə et]

Tünd gillicə torpaq təbəqəsindən ibarətdir. Arxeoloji qazıntılar zamanı təbəqədən tək-tək qaya qırıqları qeydə alınmışdır. Altıncı təbəqədə bir neçə ocaq layları da qeydə alınmışdır. Tədqiq olunan sahədə altıncı təbəqənin qalınlığı 54-59 sm olmuşdur. Tağlar Mustye düşərgəsində aparılan arxeoloji tədqiqatlar nəticəsində düşərgənin stratiqrafiyasının olduqca zəngin olduğu müəyyən edilmişdir. Düşərgənin bütün təbəqələrindən zəngin maddi mədəniyyət nümunələri aşkar olunmuşdur. Tağlar mustye düşərgəsinin D-F kəsiyində çöküntünün qalınlığı 9 m-dən bir qədər artıq olmuşdur. Tağlar Mustye düşərgəsi nəinki bütün Qafqazda, eyni zamanda Yaxın Şərq ərazisində özünün stratiqrafiyası və maddi mədəniyyət nümunələrinin zənginliyinə görə ən möhtəşəm bir tarixi abidədir[2].

Tağlar mağarasının Mustye mədəniyyəti

[redaktə | mənbəni redaktə et]

Hazırda Yaxın Şərq və Qafqaz ərazisində Mustye mədəniyyətinə aid ən möhtəşəm və zəngin maddi mədəniyyət nümunələrinə malik olan arxeoloji abidə Tağlar abidəsi hesab olunur. Tağlar paleolit düşərgəsi Qarabağın ən mənzərəli və səfalı guşələrindən birində olub, Tuğ və Tağlar kəndləri arasında Quruçayın sol sahilində yerləşir. Çoxtəbəqəli mağara düşərgəsi 1960-cı ildə Məmmədəli Hüseynov tərəfindən qeydə alınmışdır. Düşərgədə arxeoloji qazıntı işlərini M.Hüseynov və Ə.Cəfərov aparmışlar.

Mağaranın bir neçə metrliyindən axan Quruçay Tağlar düşərgəsində yaşayan qədim insanların həyatında mühüm rol oynamış, ona görə də neandretal tipli insanlar bu ərazidə olan Tağlar mağarasını özlərinə daimi yaşayış məskəni seçmişlər.

Tağlar paleolit düşərgəsi özünün maddi mədəniyyət qalıqlarına, stratiqrafiyasına və yaşayışın uzunmüddətli olmasına görə ölkəmizin və Yaxın Şərqin mustye düşərgələri içərisində mühüm yer tutur.

1963-cü ildən başlayaraq 1986-cı ilədək müəyyən fasilələrlə Tağlar paleolit düşərgəsində arxeoloji qazıntı işləri nəticəsində 8 mindən artıq daş məmulatı və 500 mindən çox qədim insanların ovladıqları heyvanların sümükləri tapılmışdır.

Tağlar düşərgəsinin daş məmulatı içərisində əmək alətləri, istehsal tullantıları və nüvələr əsas yer tutur. Daş məmulatının elmi təhlili göstərir ki, Tağlar mağarasının qədim sakinləri əmək alətlərini əsasən düşərgədə hazırlamışlar. Çünki istehsal tullantıları düşərgənin daş məmulatı içərisində çoxluq təşkil edir. Maraqlıdır ki, Tağlar düşərgəsinin əmək alətləri içərisində əsas yeri levallua, mustye itiucluları və qaşov tipli alətlər tutur. Qafqaz və Yaxın Şərq paleolit düşərgələri içərisində Tağlar mustye düşərgəsi yeganə abidədir ki, buradan tapılan əmək alətləri olduqca zəngin tarixə malik olmaqla bərabər, yeni-yeni əmək alətlərinin meydana gəlmə xüsusiyyətlərini öyrənməyə geniş imkanlar yaradır.

Tağlar düşərgəsindən tapılmış daş məmulatının texniki-tipoloji tədqiqi zamanı Paleolit dövrü üçün yeni tipli əmək alətləri qeydə alınmış və onlara Tağlar tipli əmək alətləri adı verilmişdir. Həmin əmək alətləri olduqca zərif hazırlanmış və bir neçə işlək ağıza malikdir. Həmin alətlərin 7 ədədi çaxmaq, 5 ədədi isə dəvəgözü daşından hazırlanmışlar. Maraqlıdır ki, Azıx paleolit düşərgəsinin III təbəqəsinin daş məmulatı içərisindən də bir neçə Tağlar tipli əmək alətləri qeydə alınmışdır.

Tağlar düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı ən maraqlı tapıntılardan biri də düşərgədə çoxlu ocaq laylarının qeydə alınmasıdır. Bu göstərir ki, Tağlar düşərgəsində Mustye mədəniyyəti dövründə sakin olan neandertal tipli insanların həyatında ocaq mühüm rol oynamışdır. Maraqlıdır ki, düşərgədən tapılmış sümük məmulatının əksəriyyəti ocaqda yandırılmışdır. Bu düşərgə sakinlərinin ovladıqları heyvanların ətlərini ocaqda bişirdiklərini göstərir.

Tağlar düşərgəsinin daş məmulatının texniki və tipoloji tədqiqi zamanı düşərgənin özünəməxsus xüsusiyyətləri müəyyən olunmuşdur.

Çoxtəbəqəli Tağlar paleolit düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı 8 mindən artıq daş məmulatı tapılmışdır. Maraqlıdır ki, düşərgədən aşkar olunmuş daş məmulatının 90%-dən çoxu çaxmaq və slanes daşlarından hazırlanmışdır. Bu, düşərgənin yaxınlığında qeyd olunan daşların əsas mənbələrin olduğunu göstərir.

Tağlar düşərgəsinin daş məmulatı içərisində 95 ədəd nukleus (nüvə) qeydə alınmışdır. Tipoloji cəhətdən nukleuslar içərisində əsasən diskşəkillilər çoxluq təşkil edir (45 ədəd).

Daş məmulatının texniki xüsusiyyətlərinin tədqiqi burada levallua texnikasının mühüm yer tutduğunu göstərir. Maraqlıdır ki, Tağlar düşərgəsinin daş məmulatı içərisində müəyyən olunmuş 5763 ədəd hazırlıq materialı daşların 1585 ədədi levallua texnikası əsasında hazırlanmışdır. Tağlar düşərgəsinin daş məmulatının təbəqələr üzrə tədqiqi zamanı müəyyən olunmuşdur ki, təbəqələrin levallua indeksi 44,6 ilə 46,2 arasındadır. Bu da düşərgədə hazırlanmış daş alətlərin əsasən levallua texnikası əsasında hazırlanmasını söyləməyə imkan verir.

Tağlar paleolit düşərgəsində aparılan arxeoloji tədqiqatlar zamanı aşkar olunmuş daş məmulatını aşağıdakı qruplara ayırmaq olar:

  1. nukleuslar;
  2. levallua itiucluları;
  3. levallua qəlpələri;
  4. dişəklənmiş levallua itiucluları;
  5. mustye itiucluları;
  6. limas tipli alətlər;
  7. sadə bir işlək ağızlı qaşovlar;
  8. iki işlək ağızlı qaşovlar;
  9. konvergent qaşovlar;
  10. künclü qaşovlar;
  11. enli qaşovlar;
  12. əks dişəkli qaşovlar;
  13. Tağlar tipli qaşovlar;
  14. qaşovcuqlar;
  15. kəsicilər;
  16. bizlər;
  17. gəzli alətlər;
  18. dişli alətlər.

Qeyd olunan alətlərdən başqa Tağlar düşərgəsinin daş məmulatı içərisində dişəksiz lövhələr, qəlpələr və çoxlu istehsal tullantıları aşkar olunmuşdur.

Tağlar düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı 95 ədəd nüvə tapılmışdır. Onların əksəriyyəti çaxmaq və slanes daşlarından hazırlanmışdır. Düşərgədən aşkar olunmuş nüvələr mağara sakinlərinin əmək alətləri hazırlaması texnikası haqqında elmi məlumatlar əldə etməyə imkan verir. Tipoloji cəhətcə nüvələri bir neçə qrupa ayırmaq olar: diskşəkilli, bir neçə səthli, iki səthli və prizma şəkilli. Maraqlıdır ki, nüvələr içərisində əsas yeri diskşəkillilər tutur. Onların sayı 45 ədəddir.

Levallua itiucluları

[redaktə | mənbəni redaktə et]

Tağlar paleolit düşərgəsində aparılan arxeoloji qazıntı işləri zamanı 242 ədəd levallua itiucluları tapılmışdır. Onların əksəriyyəti slanes və çaxmaqdaşılarından hazırlanmışdır. Levallua itiuclularının əksəriyyətinin zərbə səthləri ikitillidir. Tağlar düşərgəsinin levallua itiucluları əsasən birinci və ikinci qoparma üsulu ilə hazırlanmışdır.

Dişəklənmiş levallua itiucluları (206 ədəd)

[redaktə | mənbəni redaktə et]

Əmək alətləri içərisində ən maraqlı və diqqəti cəlb edən alətlərdən biridir. Təsvir olunan alətlər əsasən çaxmaq və slanes daşlarından hazırlanmışdır. Alətlərin işlək ağızları və ucluqları incə dişəklənmişdir. Dəstək hissələrinin bəziləri kiçik qopuqlarla nazildilmişdir.

Mustye itiucluları (166 ədəd)

[redaktə | mənbəni redaktə et]

Alətlərin texniki hazırlanma üsulları əsasən levallua itiuclularının hazırlanma üsulu əsasında olmuşdur. Lakin levallua itiuclularına nisbətən, mustye itiucluları nisbətən qısa, qalın, enli lövhə və qəlpələr üzərində hazırlanmışdır.

Tağlar düşərgəsində aşkar olunmuş mustye itiucluları üzərində ikinci dəfə işlənmə əməliyyatı əsasən yanvari, hündür, yarım hündür və bəzən də dik dişəklə aparılmışdır. Bir neçə mustye itiuclusu subparalel dişəklə işlənmişdir. Mustye itiuclularının əksəriyyəti birinci və ikinci qoparma üsulu ilə hazırlanmışdır. Eyni zamanda bir neçə mustye itiuclusunun dəstək hissəsi nazik qopuqlarla işlənmiş və bu da alətin iş prosesində əlverişli istifadə etməyə imkan yaratmışdır. Tipoloji cəhətcə Tağlar düşərgəsindən aşkar olunmuş mustye itiuclularını bir neçə qrupa bölmək olar.

Tağlar düşərgəsinin V və VI təbəqələrindən tapılmış mustye itiucluları II-IV təbəqələrdən aşkar olunanlara nisbətən qalın və enlidir.

Limaslar (10 ədəd)

[redaktə | mənbəni redaktə et]

Düşərgədən tapılmış 10 ədəd limasdan 8 ədədi dəvəgözü daşından hazırlanmışdır. Görünür düşərgənin qədim sakinləri limas tipli alətlər hazırlayarkən üstünlüyü dəvəgözü daşına vermişlər. 2 ədəd limas isə çaxmaqdaşı üzərində hazırlanmışdır. Limaslar əsasən qalın və qısa lövhələr üzərində hazırlanmışdır.

Sadə bir işlək ağızlı qaşovlar (247 ədəd)

[redaktə | mənbəni redaktə et]

Tağlar düşərgəsinin əmək alətləri içərisində II yeri qaşov tipli alətlər tutur. Qaşov tipli alətlərin əksəriyyəti levallua lövhələri üzərində hazırlanmışdır.

Tipoloji cəhətcə sadə bir işlək ağızlı qaşovları üç qrupa ayırmaq olar:

  1. düz ağızlı;
  2. batıq ağızlı;
  3. qabarıq ağızlı qaşovlar.

İki işlək ağızlı qaşovlar (52 ədəd)

[redaktə | mənbəni redaktə et]

Alətlərin əksəriyyəti çaxmaqdaşından hazırlanmışdır. Təsvir olunan iki işlək ağızlı qaşovları aşağıdakı qruplara ayırmaq olar:

  • düz ağızlı (59 ədəd);
  • qabarıq ağızlı (38 ədəd);
  • batıq ağızlı (10 ədəd);
  • qabarıq-batıq işlək (16 ədəd) və
  • iki qabarıq ağızlı qaşovlar (29 ədəd).

Konvergent qaşovlar (22 ədəd)

[redaktə | mənbəni redaktə et]

Qaşov tipli alətlər içərisində xüsusi yer tutur və hazırlanma texnikasına və tipologiyasına əsasən ayrıca tip kimi müəyyən olunur. İtiuclulardan fərqli olaraq, konvergent qaşovların işlək ağızlarının nisbətən küt, ucluq hissələrinin isə nisbətən qabarıq olması ilə fərqlənir.

Künclü qaşovlar (58 ədəd)

[redaktə | mənbəni redaktə et]

Bu tip alətlərin xüsusiyyətləri iki işlək ağızların küncdə birləşməsindən ibarətdir. Təsvir olunan alətlərin əksəriyyəti çaxmaqdaşından hazırlanmışdır. Tağlar düşərgəsinin bütün təbəqələrindən künclü qaşovlar qeydə alınmışdır

Tağlar tipli əmək alətləri (16 ədəd)

[redaktə | mənbəni redaktə et]

Tağlar orta Paleolit düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı qeydə alınmış daş məmulatı içərisində yeni daş alətlər müəyyən olunmuş və həmin alətlərə Tağlar tipli əmək alətləri adı verilmişdir. Ona görə də yeni müəyyən olunmuş alətlər texniki və tipoloji cəhətcə xüsusi tədqiq olunmuşdur. Maraqlıdır ki, təsvir olunan alətlərin əksəriyyəti dəvəgözü daşından hazırlanmışdır. Tağlar tipli əmək alətlərinin bir neçə işlək ağızları vardır. İkinci bir cəhət də diqqəti cəlb edir. Bu da onun dəstək hissəsindən nazildici dişəklər qoparılmışdır. Maraqlıdır ki, Azıx paleolit düşərgəsinin üçüncü təbəqəsindən də bir neçə ədəd Tağlar tipli əmək alətləri qeydə alınmışdır.

Təsvir olunan əmək alətlərindən başqa düşərgənin daş məmulatı içərisində qaşovcuqlar (17 ədəd), bizlər (3 ədəd), kəsicilər (3 ədəd), tipik və atipik bıçaqlar (22 ədəd), gəzli alətlər (6 ədəd), dişli alətlər (14 ədəd) və qeyri-müəyyən alətlər (8 ədəd) qeydə alınmışdır.

Yaxın Şərq və Qafqaz ərazisində Tağlar paleolit düşərgəsi yeganə abidədir ki, burada əmək alətlərinin uzunmüddətli inkişafını və yeni-yeni əmək alətlərinin meydana gəlməsi xüsusiyyətlərini öyrənmək və tədqiq etmək olur. Aydındır ki, əmək alətləri öz-özlüyündə inkişaf edə bilməzdi. Bu inkişaf insanların özünün təkamülünün təzahürü olmuşdur. Məhz ona görə də əmək alətlərinin inkişaf tarixi insan cəmiyyətinin, insanın özünün inkişaf tarixi deməkdir.

Tağlar paleolit düşərgəsində kompleks şəkildə elmi tədqiqat işləri aparılmışdır. Burada arxeoloqlarla yanaşı, paleontoloqlar, paleogeoloqlar, paleocoğraflar, paleobotaniklər və başqa elm sahəsinin mütəxəssisləri tədqiqat işləri aparmışlar. Bu tədqiqatlar nəticəsində düşərgə ətrafının və ətraf ərazilərin erkən Xvalın əsrindəki təbii iqlim şəraiti müəyyən olunmuşdur. Həmin dövrdə Kiçik Qafqazın cənub-şərq hissəsində bütün müasir landşaft qurşaqları mövcud olmuşdur. Lakin onların sərhədləri indikindən alçaqda, dəniz səviyyəsindən 800–1000 m yüksəklikdə yerləşmişdir. Bu da qeyd olunan dövrdə iqlimin çox soyuq olması ilə əlaqədardır. Ərazinin iqlimi istiləşmə və soyuqlaşma istiqamətində inkişaf etmişdir. İqlimin bu inkişafı fonunda üç nisbi istiləşmə fazası:

  • birinci 64-63 min il;
  • ikincisi 58 min il;
  • üçüncüsü isə 50 min il müəyyən olunur.

Bu, Qərbi Avropanın Vyurm buzlaşma dövründə qeydə alınmış broyurun, odderade və mojershofd isti fazaları ilə müqayisə olunur. Düşərgənin kompleks tədqiqi ilə M.Hüseynov, D.Hacıyev, Ə.Cəfərov, Ə.Məmmədov, N.Şirinov, A.Veliçko, S.Əliyev, M.Süleymanov və başqa alimlər məşğul olmuşlar.

Aparılan kompleks elmi tədqiqat işləri nəticəsində Tağlar orta Paleolit düşərgəsində qədim insanların 120 min il bundan əvvəl başlayaraq 35 min ilə qədər yaşadıqları müəyyən olunmuşdur. Eyni zamanda Yaxın Şərq ərazisində Tağlar düşərgəsinin əsas arxeoloji mədəniyyət mərkəzi olması və Tağlarda hazırlanmış əmək alətlərinin hələ Mustye mədəniyyəti dövründə Yaxın Şərq ölkələri ərazisində yayılması müəyyən olunmuşdur.[2].

  1. Anastasia, Markova. "The rodent fauna from Middle Paleolithic cave site Taglar (Transcaucasus, Azerbaidjan): paleoecology, palaeoenvironments". Academia.edu. № 2. 2012: 115–120. 2019-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-01.
  2. 1 2 3 İlyas Babayev, Əsədulla Cəfərov, Hidayət Cəfərov, Tarix Dostiyev, Vəli Əliyev, Arif Məmmədov, Əsədulla Cəfərov, Maisə Rəhimova. Azərbaycan arxeologiyası I cild (az.). Bakı: “Şərq-Qərb”. 2008. 301s. 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-09.

Azərbaycan Tarixi (7 cilddə)Bakı: Elm, 1998, 1-ci cild