Azərbaycan və Gürcüstan hökumətləri Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin fəaliyyəti üçün birgə şirkət təsis edirlər.
Əsas xəbərlər
Oxucunun seçimi
- 1 Rus qanununu vasitəsilə fiziki şəxsləri də cərimələmək mümkün olacaq
- 2 Parlament rus qanununu üçüncü oxunuşda 84 səslə qəbul edib | Qanunu dəstəkləyənlərin siyahısı
- 3 Qanun dəyişdirilməsə, məsul şəxslərə və onların ailələrinə qarşı məhdudiyyətlər tətbiq olunacaq - O’Brayen
- 4 Təslim olmayın, bizdən şifahi dəstəkdən daha çoxunu gözləyə bilərsiniz - Rot aksiyada bildirib
- 5 38 universitetin rektoru tələbə və professorların protestinə qarışmadıqlarını bəyan edirlər
- 6 Prezident “xarici agentlər” haqqında rus qanununa veto qoyub
“Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri Rövşən Rüstəmov bildirib ki, artıq bu istiqamətdə işlərə başlanılıb, hüquqi sənədlər hazırlanıb, yaxın vaxtlarda müştərək şirkətin yaradılması gözlənilir. Tərəflər şirkətdə 50-50 faiz paya sahib olacaqlar.
“Birgə şirkətin əsas funksiyaları layihə ilə bağlı işlərin yerinə yetirilməsi, yük tariflərinin müəyyən edilməsi, yüklərin daşınması və ümumilikdə əməliyyat məsələlərinin həllindən ibarətdir”, - deyə Rüstəmov əlavə edib.
Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin rəhbərinin sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tam modernləşdirilməsi və yükdaşıma qabiliyyətinin 5 milyon tona çatdırılması üzrə ötən il başlanmış işlər, demək olar ki, 95% tamamlanıb. Martın 2-də Azərbaycan, Gürcüstan və Türkiyənin dəmir yolu şirkətlərinin rəhbərləri görülən işlərlə tanış olublar.
“Layihə 5 mərhələdən ibarət idi, onlardan üçü artıq başa çatıb. Bununla bağlı Gürcüstan tərəfi müvafiq təsdiqedici sənədləri təqdim edib. Axalkalaki stansiyasında da işlər tamamlanır. Qalan işlərin iki aya başa çatdırılması planlaşdırılır”, - deyə Rövşən Rüstəmov Azərbaycan mətbuatına bildirib.
Rövşən Rüstəmovun sözlərinə görə, Orta Dəhlizin ən mühüm hissələrindən biri olan Bakı-Tbilisi-Qars dəmir yolu yüklərin Çindən Avropaya və əks istiqamətdə daşınması üçün geniş imkanlar yaradır: “Bu yolun Azərbaycana gətirəcəyi ən böyük faydalardan biri də budur ki, ölkəmiz tranzit yüklərin həcmini artıracaq” , - deyə o qeyd edib.
Azərbaycan, Gürcüstan və Türkiyə arasında 2007-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi ilə bağlı beynəlxalq müqavilə imzalanıb, layihənin icrasına 2008-ci ildə başlanılıb, 2017-ci ilin oktyabrın 30-da Bakıda dəmir yolunun açılış mərasimi keçirilib. Bakı-Tbilisi-Qars dəmir yolunun uzunluğu 826 km-dir ki, bunun da 254 km-i Gürcüstan ərazisindən keçir. Dəmir yolu xəttinin Gürcüstan hissəsinə 22 körpü, 13 stansiya, 24 yerüstü keçid və 4 qardan mühafizə qalereyası daxildir.
Azərbaycan tərəfinin məlumatına görə, 2017-2022-ci illərdə bu dəmir yolu xətti ilə daşınan yüklərin həcmi 1 milyon 347 min 585 ton təşkil edib.