20:35
İran
xüsusi xidmət orqanının nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşmə
ifşa edilmişdir
İran xüsusi xidmət orqanları tərəfindən
Azərbaycan Respublikası vətəndaşlarının gizli şəkildə ölkə hüdudlarından kənarda
hərbi təlimlərə cəlb olunması, onların maliyyələşdirilməsi və fəaliyyətlərinin
istiqamətləndirilməsi, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi
maraqlarına zidd olaraq istifadə edilməsi məqsədilə şantaj və digər zorakı
üsullarla təsir dairəsində saxlanılması halları ilə bağlı Dövlət Təhlükəsizliyi
Xidməti tərəfindən kompleks araşdırma tədbirləri həyata keçirilir.
Əməliyyat-istintaq tədbirləri ilə
müəyyən edilmişdir ki, İran xüsusi xidmət orqanının nəzarəti altında, radikal-ekstremist dini ideyaların aşılanması yolu ilə Azərbaycan
Respublikası vətəndaşlarından ibarət gizli yaradılmış qanunsuz
silahlı birləşməyə rəhbərlik analoji cinayət əməllərinə
görə 2018-ci ildən barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri
seçilərək beynəlxalq axtarışa verilmiş, hazırda İranda gizlənən İbrahimbəyli
Tohid Alim oğlu, Əsədov Rövşən Elçin oğlu, Məmmədov
Orxan Kəmran oğlu, Hacıyev Elşad Elçin oğlu (Əkrəm Hacızadə) və digərlərinə həvalə
edilmişdir.
Ötən müddət ərzində qanunsuz silahlı birləşmə tərəfindən əsasən əvvəllər
müxtəlif cinayətlərə görə məhkumluğu olan, habelə özlərini “Müsəlman Birliyi Hərəkatı”
adlandırdıqları təşkilatın üzvü hesab edən şəxslərin sırasından seçilmiş Azərbaycan
Respublikası vətəndaşları üçüncü ölkələrin ərazisindən keçirilməklə İranın
Tehran şəhərinə, orada mobil telefon və pasportları götürülməklə, əlaqələrinin
gizliliyinə və konspirasiya tələblərinə dair təlimatlandırılmaqla, dini ləqəblər
verilərək, təqdim olunmuş saxta sənədlərlə hərbi yük
təyyarələrində Suriyanın Dəməşq şəhərinə aparılmışlar. Onlar Suriya ərazisində
müxtəlif odlu silahlardan istifadə qaydaları və döyüş taktikasının öyrədildiyi
hərbi təlimlərə cəlb edilmiş, təlimlərdə iştirak etmiş hər bir şəxsə təqdim
olunan qəbzlərə imza etdirməklə müxtəlif məbləğlərdə pul vəsaitləri
verilmişdir.
Həyata
keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı qanunsuz silahlı birləşmələrin hərbi
təlimlərində iştirakı müəyyən edilən 19 nəfər Azərbaycan Respublikası vətəndaşı
istintaqa cəlb olunmuş, qanunsuz silahlı birləşmə və onun tərəfindən təşkil
edilmiş hərbi təlimlər barədə çoxsaylı dəlillər, qanunsuz yollarla Azərbaycana
keçirilmiş müasir inkişaf, dünyəvi dövlət ideyalarına qarşı radikal,
dini-ekstremist münasibəti təbliğ edən, yayılması Azərbaycanda qadağan edilmiş
müxtəlif kitablar, videomateriallar aşkar edilərək götürülmüşdür.
Cinayət işi üzrə əvvəllər məhkum edilmiş Hüseynov İskəndər Hani oğlu,
Haqverdiyev Tural Səfər oğlu, Şükürov Eltun Əli oğlu və digərləri Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (qanunvericiliklə nəzərdə
tutulmayan silahlı birləşmələrdə iştirak etmə) maddələri ilə cinayət məsuliyyətinə
cəlb edilərək saxlanılmışlar.
Eyni zamanda hazırda İranda məskunlaşmış Rufulla Axundzadə və digərləri
tərəfindən qruplaşma üzvlərinə müxtəlif tapşırıqların verilməsi barədə
materiallar da aşkar edilmişdir.
Qruplaşma
üzvlərini hərbi təlimlərə cəlb edənlərdən biri olan Əsədov Orxan Fərman oğlu
üçüncü ölkə ərazisində terror aktına cəhd edərkən həbs olunmuşdur.
Araşdırmalar
zamanı həmçinin qeyd olunan hərbi təlimlərə cəlb edilmiş Məmmədov Fəqan Sədrəddin
oğlunun daha sonra İranın Azərbaycandakı səfirliyinə məxsus avtomaşınla Azərbaycana
çatdırılan, üzərində dini məzmunlu şüarlar yazılmış köynəklərin respublikanın bəzi
rayonlarında keçirilməsi planlaşdırılan aksiyaların iştirakçılarına
paylanmasını təşkil etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Məlum olmuşdur ki, qeyd olunan xüsusi xidmət orqanlarının nümayəndələri
Ermənistan silahlı birləşmələrinin işğalçı əməllərinə bəraət qazandırmaları ilə
əlaqədar aralarında fikir ayrılığı yaranan Azərbaycan Respublikası vətəndaşlarını
sonra da təsir dairəsində saxlamaq üçün onları cəlb edildikləri hərbi təlimlərə
dair videokadrlarla və digər üsullarla şantaj etmişlər.
Hazırda kompleks əməliyyat-istintaq tədbirləri davam edir.
Dövlət Təhlükəsizliyi
Xidməti hər hansı qanunsuz silahlı birləşmələrdə iştiraka cəlb edilən
Azərbaycan Respublikası vətəndaşlarına qarşı ən kəskin tədbirlərin görüləcəyini,
onların ciddi cinayət məsuliyyəti ilə üzləşəcəklərini vurğulayır, xarici xüsusi
xidmət orqanlarının hər hansı formada təsir dairəsinə düşmələri barədə ölkənin
təhlükəsizlik orqanına vaxtında məlumat vermələrinin zəruriliyinə dair onları xəbərdar
edir.