Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook

Ronaldonun vura bildiyi və bilmədiyi REKORDLAR

Xəbərlər
23 İyun 2024 12:51
962
Ronaldonun vura bildiyi və bilmədiyi REKORDLAR

Dünya futbolunun “Rekordlar kralı” olan Kriştiano Ronaldo AVRO-2024-ün Türkiyəyə qarşı oyununda da yeni tarix yazıb. Ancaq onun həmin oyunda yeniləyə biləcəyi ancaq bunu edə bilmədiyi, növbəti oyunlara saxladığı rekordlar da var.

İdman.biz portuqaliyalı superulduzun son matçda vura bildiyi və bilmədiyi rekordları nəzərdən keçirib.

Türkiyə ilə oyunda onun elə ilk dəqiqədə meydana çıxması bir neçə rekorda səbəb olub. Ronaldo Portuqaliya yığmasının Avropa çempionatlarında ardıcıl 19-cu oyununda start heyətində meydana çıxıb. Bununla da o, italiyalı müdafiəçi Leonardo Bonuççinin öz ölkəsinin millisinin qitə çempionatlarının final mərhələlərində ardıcıl 18 oyununda forma geyinərək vurduğu rekordu geridə qoyub.

Qitə çempionatlarında 27-ci dəfə meydana çıxan Ronaldo 18-ci dəfə də komandasının kapitan sarğısını daşıyaraq, hər iki halda rekordu yeniləyib.

Matçın 56-cı dəqiqəsində özünün qol sahəsində bir sıra rekordlarını yeniləmək imkanına malik olsa da, Ronaldo xəsislik etməyərək boş qapı qarşısında olan Bruno Fernandeşə ötürmə verməklə başqa bir rekorda şərik çıxıb. Avropa çempionatlarında 8-ci assistini edən Kriştiano bu göstəricidə çex forvard Karel Poborskinin rekordunu təkrarlayıb. Ronaldo həm də ən yaşlı assistent kimi yarışın tarixinə düşüb.

Oyunun yekununda Kriştiano özünə məxsus daha iki rekordunu yeniləyib. Avropa çempionatlarında 2333 dəqiqə meydanda olan futbolçu, 14-cü oyununu qələbə ilə başa vurub. Bu qələbə həm də Ronaldonun dünya və Avropa çempionatlarında 23-cü qələbəsidir ki, bu sahədə almaniyalılar - Bastian Şvaynştayger və Miroslav Klozenin rekorduna (25) çatmaq üçün Portuqaliya daha iki oyunda qalib gəlməlidir.

Bruno Fernandeşə qol ötürməsi verməklə Kriştiano həm yığma komandada 131-ci, Avropa çempionatlarında isə 15-ci qolunu vurub özünə məxsus rekordu yeniləmək şansını qaçıraraq, bunu növbəti oyunlara saxlayıb.

Vüqar Məmmədov
İdman.biz