Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook
adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

  Məmmədin sevgi ömrü - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
498 | 2022-08-19 09:51

Bu bir ruh söhbətidi

 

Həyatımdakı maraqlı və həm də səmimiyyəti ilə qalan, yaşayan adamlardan biri də şair, rəssam Məmməd Dəmirçioğludur. Onun barəsində keçmişin adamı kimi danışmaq çox çətindir. Çünki Məmməddə heç kimdə görmədiyim, duymadığım tamam fərqli bir istiqanlıq vardı. İstər telefon söhbətlərimizdə, istər üzbəüz təmaslarımızda mənə elə gəlirdi ki, onu hələ dünyaya gəlməmişdən tanımışam. Bu şirinliyin oxşarını mən rəhmətlik Akif Səməddə də duymuşdum. Elə görünür bu incə  nüans da indi cənnətdə bir yerdə olan hər iki şairi bir-birinə bağlayırmış...

Mən Məmməd Dəmirçioğlunun yaradıcılığına kifayət qədər bələdəm. Demək olar ki, onun özünün avtoqrafla bağışladığı kitablarını tez-tez gözdən keçirir, xüsusilə onun «Mənzərə»lər silsiləsini hər söhbətdə xatırlayıram. Bir xeyli müddət Məmməd «Ədalət» qəzeti üçün «İnsan mənzərələri» yazdı. Günlərin birində də öz mənzərəsini həm kağıza, həm də yaddaşa köçürüb ayrıldı, sevdiklərindən, sevənlərindən. Bu, təbii bir haldır mənim üçün. Ona görə ki, o duyğularla, o sevgi ilə, bu qarmaqarışıq - iti sahibini tanımayan dünyada çox qalmaq hər adamın gücündə deyil. Məmməd Dəmirçioğlu da məhz bu qarışıqlıqdan, bu çirkab qoxulu mənzərələrdən bezdi, iyrəndi  və yır-yığış edib getdi tanrı dərgahına. Gedəndə bizə söz əmanət qoydu, sənət əmanət qoyub getdi. İndi onun «Səhra gülləri»ni oxuyuram...Bu kitabın orta səhifələrindən birində yer alan şeirdir. Məmməd Dəmirçioğlu yazır ki:

 

Bu gecə dilimdəsən,

Sözüm ilə yatacam.

Ürəyimə qor salıb,

Közüm ilə yatacam.

Mən onun səmimiyyətinə heç bir şübhə etmədən məhz bu cür yatdığını qəbul edirəm. Çünki o həm rəssam, həm şair kimi heç kimin könlünə toxunmağı ağlına belə gətirməyib. Bütün ağrı-acını, bütün qayğı  yükünü, özü də heç kimdən soruşmadan, izin almadan çəkib, daşıyıb. Və elə ona görə də o gecəni də sözlə yatıb, səhəri də ürəyinin ağrısı ilə açırdı. Mən də ruh dostumun həmin o ovqatının işığında həyatın mənə yaşatdığını, mənə etdiyi yaxşılıq və pislikləri unudaraq sadəcə sevginin ətəyindən tutdum. Və Allahımdan dua edərək bu dünyanın mənə aid hissəsində, mənə verilən ömür payımda bir dilək dilədim:

 

Ruhum yatır sinəndə

Əlini günlük elə...

Ruhunu da ona qoş –

Yanını güllük elə...

 

Hər halda bir Allah bəndəsi olaraq dilə gətirdiyim istək, könlümdə qanadlandırdığım arzu heç kimə toxunmayıb, heç kimin haqınna müdaxilə edilməyib və bu istək hər kəs üçün qəbul olunandı. Təki içində sevgi olsun. Amma sevginin ağrısından qorxan, sevginin əzabından çəkinən, həsrətini az qala yeddi başlı əjdaha kimi görən yalançı aşiqlərə sevgi yaxşı heç nə vəd etmir. Bunu öncədən bilmək lazımdı. Məhz həyatın bu üzünü həm rəssam, həm şair kimi bilən və görən Məmməd Dəmirçioğlu da tərəddüd etmədən, necə deyərlər, çox açıq və içdən gələn istəklə pıçıldayır:

 

Dərdlərimə ağrıma,

Alışmışam ağrıma.

Basacağam bağrıma,

Dizim ilə yatacam.


Bundan gözəl və bundan tutarlı nə demək, necə demək mümkündü, necə yatdığını, necə yatacağını. Mən sadəcə və sadəcə Məmmədin bu etirafını öz ürəyimin səsi kimi qəbul edirəm. Ona qulaq asa-asa həyatın çiynimdəki yüklərini unudub , sevgimin vüsala gedən yolunun çətinliklərindən ötüb keçməyə özümü müsəlləh əsgər hesab edirəm. Tam qətiyyətlə, əminliklə sırada olduğumu, anındaca  səsinə, hayına qaçmağı hazır dayandığımı həm yazıram, həm də bütün səsimlə car çəkirəm:

 

Nə yuxumdan çıxıb get,

Nə də fikrimi tərk et!

Harayıma hər an yet –

Ömrümü tünlük elə...

 

Sizi bilmirəm, amma mən nə yazdığımın fərqində olduğumdan ,  birmənalı olaraq, yaşantılarımın mənzərəsini sözlə yaratmaq istəyirəm və bu istək də Məmmədin mənə tanış, mənə doğma «mənzərə»lərindən qaynaqlanır. Çünki o mənzərələr yaşanmış və təsdiqini tapmış gerçəkliklər idi. Gerçəkliyin içərisində isə nəyi necə axtarmağından asılı olmayaraq fakt yerindədir. Reallıq göz önündədi, hansı eynəklə, hansı bucaq altında baxmağından asılı olmayaraq o gerçəklik: - Mən burdayam! - deyir.

Odur ki, Məmmədin bu bulaq suyu kimi dupduru, həm də bal şirinliyində olan pıçıltısı o gerçəkliyi mənim gözümün önündə canlandırır. İndi siz də həmin gerçəkliyi gözünüzün önünə gətirsəniz, onda bilərsiz ki, sevgi adamı hansı mənzərənin təmsilçisinə çevirə bilir. Yəni adamı hansı hallara salır. Bax, onu bir də bilmək və yaşamaq və görmək üçün Məmməd Dəmirçioğlunun indi təqdim etdiyim şeirinin sonuncu bəndinə diqqət yetirin:

 

Ay ahımla alışıb,

Qaranlığa qarışıb.

Bu gecə də barışıb,

Özüm ilə yatacam.

 

Gördünüzmü, necə konkret, necə gerçək, necə səmimi bəyanatdı. Həm Allah qarşısında, həm sevgi qarşısında, həm ürək, həm də ruh qarşısında. Bunu yalnız ömrü SEVGİ olanlar edə bilər. Məmmədin ömrü – rəssam ömrü, şair ömrü, aşiq ömrü və bütövlükdə İNSAN ömrü sevgidən ibarət idi. Həm həyata, həm də hər kəsə. Mən də onun bu ömrünün şahidi kimi ruhuna qoşulub gəldiyim yolda çəkinmədən elə Məmməd sayağı bir ərklə Allahdan diləyimi diləyəndə, istəyimi dilə gətirəndə yalnız SEVGİni düşündüm, SƏNİ düşündüm və Məmmədin şeirinə qoşulub gələn şeirimi belə tamamladım:

 

Qəlb boşdusa – ev kimi...

Demərəm dön, sev, kimi!

Ona dəli sevgimi –

Allah, min illik elə!

 

Bəli, bir ruh dostumla, bir işıqlı, bir unudulmaz DƏYƏRLİ insanla, daha doğrusu, bizə onun əmanət etdiyi sözü ilə dərdləşdim, pıçıldaşdım və bu yazını ortalığa çıxartdım. Düşünürəm ki, Məmmədin ruhu izinsiz etdiyim bu işə görə məni bağışlayar. Ruhu şad olsun Məmməd Dəmirçioğlunun!

TƏQVİM / ARXİV