Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook

Accessibility links

Eyyub Hüseynov: Azərbaycanda plagiat məhsullar çoxluq təşkil edir


Eyyub Hüseynov
Eyyub Hüseynov

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Amerikanın Səsinə müsahibəsində Azərbaycanda plagiat məhsullar və plagiatçılıqla mübarizədən danışıb.

Eyyub Hüseynov: Azərbaycanda plagiat məhsullar çoxluq təşkil edir
please wait

No media source currently available

0:00 0:03:44 0:00
Direct link

Amerikanın Səsi: Bu günlərdə dövlət qurumları əhalini plagiat dərsiklər almamağa çağırıb. Müşahidəçilər Azərbaycanda plagiat məhsulların çoxluq təşkil etdiyini bildirir. Siz necə düşünürsünüz, Azərbaycanda plagiatlığa yol açan əsas amillər nədir?

Eyyub Hüseynov: Azərbaycanda məhsullar, xidmətlər yox, plagiat dissertasiyalar, doktorluq dissertasiyaları var. Ölkədə plagiatlıq çox yayılmış bir məsələdir. Bunun əsas cəhətlərindən biri, xüsusən mal və məhsullar sahəsidir. Belə ki, hökumət biznes qurumları, yəni vergi ödəyənlər üçün son dərəcə rahat bir şərait yaradıb. Biznes qurumları bundan sui-istifadə edir. Kim necə istəyir, o cür məhsul istehsal edir, disklər buraxır. İstədiyini edir ki, pul qazanıb vergi versin. Hökumətin də plagiatlığa qarşı mübarizəsi həddindən artıq zəifdir. Xüsusən istehlakçıların hüquqlarının qorunmasına məsul olan İqtisadiyyat Nazirliyinin Antiinhisar və Bazar Nəzarəti Dövlət Xidməti bu sahədə demək olar ki, heç bir fəaliyyət göstərmir. Yaxşı ki, Əqli Mülkiyyət Agentliyi var. Bəzi məsələlərə onlar müdaxilə edir. Lakin problemlər çoxdur. Yəni qanunların icrasının zəifliyi, hökumətin biznes qurumları üçün yaratdığı rahat şəraitdən biznes qurumların sui-istifadə etməsi əsas məsələdir.

Amerikanın Səsi: Plagiatlıqla mübarizənin hüquqi, ictimai qınaq və maarifləndirmə metodları ilə bağlı nə deyə bilərsiniz? Bu sahədə durum necədir?

Eyyub Hüseynov: Bu sahədə də durum zəifdir. Xüsusən mədəniyyət sahəsində fəaliyyət göstərən insanlar daim gileylənirlər. Təklif etmişəm ki, onların müəyyən qurumları yaranmalıdır. Ayrı-ayrı sahələr üzrə onların ictimai təşkilatları, assosiasiyaları yaranmalıdır. Əgər assosiasiyalar yaranarsa biz qarşılıqlı surətdə bu sahədə plagiatlığın qarşısını ala bilərik. Əlbəttə burada medianın müstəsna rolunu qeyd edə bilərik.

Amerikanın Səsi: Azərbaycanda bu sahədə milli elektron kontent formalaşdırılıbmı və milli antiplagiat sistemi yaradılıbmı?

Eyyub Hüseynov: Məndə olan məlumata görə, bu sahədə hər hansı mərkəzləşdirilmiş elektron sistem yaradılmayıb. Lakin Əqli Mülkiyyət Agentliyi müəyyən işlər aparır.

Amerikanın Səsi: Bir sıra ekspertlər plagiat məhsulların xarici ölkələrdən idxal edildiyini bildirir. Azərbaycanda gömrük standartları necədir, belə məhsulları müəyyən etməyə imkan verirmi?

Eyyub Hüseynov: Çox təəssüflər olsun ki, gömrük orqanları əsasnamələrində nə varsa yalnız ona baxır. Görsələr ki, dövlətin digər qanunu pozulub, bu halda heç bir reaksiya vermirlər. Azad İstehlakçılar Birliyi olaraq bu sahədə müraciətlərimiz olub, lakin nəticəsi olmayıb. Sanki, dövlət orqanlarının hər biri yalnız özü üçün işləyir. Dövlətin qanunları pozulanda, o cümlədən plagiat sahəsində heç bir yerə xəbər vermirlər. Bu səbəbdən də cürbəcür plagiat məhsullar bazara daxil olur.

Amerikanın Səsi: Plagiat məhsullar Azərbaycanda bazarın təxminən neçə faizini təşkil edər?

Eyyub Hüseynov: Komtrabat məhsulları da plagiat məhsul hesab etsək, məsələn, parfümeriya sahəsində 30 faiz, kompüter texnologiyaları sahəsində 40 faiz və bu siyahını uzatmaq olar.

Qeyd: Söylənilənlər Eyyub Hüseynovun fikirləridir. Öz növbəsində, dövlət qurumlarından plagiat məhsullar və ona qarşı mübarizə ilə bağlı məlumat almaq cəhdimiz baş tutmayıb. Bununla yanaşı, Əqli Mülkiyyət Agentliyi bir qayda olaraq ölkədə bu sahədə qanunvericilik bazasının olduğunu, əqli mülkiyyətlə bağlı çoxasylı beynəlxalq sənədlərə qoşulduğunu bildirir. İqtisadiyyat Nazirliyinin Antiinhisar və Bazar Nəzarəti Dövlət Xidməti isə yerli mediada plagiat məhsullarla bağlı monitorinqlər aparıldığını və bir sıra hallarda belə məhsulların bazardan yığışdırıldığını bildirib.

XS
SM
MD
LG