Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook

Accessibility links

Təhlükəsizliklə bağlı narahatlıqlar Çini Talibana yaxınlaşdırır


Çinin xarici işlər naziri Van Yi və Əfqanıstan Talibanının xarici işlər naziri vəzifəsini icra edən Əmir Xan Müttəqi
Çinin xarici işlər naziri Van Yi və Əfqanıstan Talibanının xarici işlər naziri vəzifəsini icra edən Əmir Xan Müttəqi

Bir il əvvəl Taliban ölkənin paytaxtını ələ keçirdikdən sonra Əfqanıstanın ciddi şəkildə təcrid olunması Çinə ölkədə əsas oyunçu olmaq imkanı verib.

Pekin beynəlxalq ictimaiyyətə qoşularaq, Kabilin yeni hökumətini Əfqanıstandakı bütün etnik qrupların təmsil olunduğu inklüziv hökumətin formalaşdırılmasına, iş və təhsil də daxil olmaqla, qadın hüquqlarına hörmət edilməsi kimi islahatlar həyata keçirməyə çağırıb.

Lakin Çin eləcə də ölkəsinin təhlükəsizliyi ilə bağlı narahatlıqlarına diqqət yetirmək müqabilində Taliban rejiminə iqtisadi və inkişaf dəstəyi vəd edib. Buraya Əfqanıstandakı hər hansı uyğur yaraqlı qrupların Çinin maraqlarını, xüsusən də regionda Kəmər və Yol Təşəbbüsü layihələrini hədəf almasının qarşısını almaq da daxildir.

Əşrəf Qaninin başçılıq etdiyi hökumətin süqutundan əvvəl Pekinin Kabillə sıx əməkdaşlıq əlaqələri var idi. Əfqanıstan təhlükəsizlik qüvvələri Çinin tələbi ilə uyğur yaraqlı qruplarını izləməyə və hədəfə almağa yardım edirdi. Lakin keçən ilin avqustunda Taliban hakimiyyəti ələ keçirdikdən sonra Pekin yeni hökumətlə əlaqə saxlamağa başlayıb. Belə ki, Çin terrorun Əfqanıstandan ölkəsinə keçməsini və ya regiondakı maraqlarını hədəf almasını istəmir.

Hələ heç bir ölkə Talibanı Əfqanıstanın qanuni hökuməti kimi tanımadığı müddətdə, əvvəlki hökumətin möhkəmlənməsinə dəstək olan milyonlarla dollarlıq yardım yoxa çıxıb, dövlətin milyardlarla aktivi dondurulub, iqtisadi sanksiyalar ölkə iqtisadiyyatının demək olar ki, çökməsinə səbəb olub.

Belə bir vəziyyətdə Taliban administrasiyası Çinin investisiya və maliyyə dəstəyini fəal şəkildə əldə etməyə çalışır.

Aprel ayında Çin Taliban hərəkatına Pekində Əfqanıstan səfirliyini yenidən açmağa icazə verib. Son aylarda isə Çinin Kabildəki səfirliyi və Çin dövlət şirkətlərinin rəsmiləri investisiya və yenidənqurma layihələrini müzakirə etmək üçün ölkənin federal və vilayət hökumətləri ilə görüşüb. Çin Əfqanıstanda baş verən son zəlzələdən zərər çəkmiş ailələrə 8 milyon dollar dəyərində yardım edib.

Bu yaxınlarda isə Çinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Yue Syayon iyulun 26-da Daşkənddə Əfqanıstan üzrə beynəlxalq konfransda bəyan edib ki, Pekin Əfqanıstan ərazisindən Özbəkistanı Pakistandakı dəniz limanları ilə birləşdirəcək transmilli dəmir yolunun tikintisinə maliyyə dəstəyi verəcək.

Ekspertlər hesab edirlər ki, Çin də Əfqanıstanın digər qonşuları kimi Taliban rejiminə rəsmi diplomatik tanıma təklif etmədən, ehtiyatla müdaxilə edir.

“Çin şirkətləri Əfqanıstanda biznes imkanlarını araşdırmağa davam edir. Lakin ölkəyə ilkin sərmayələr etmək üçün lazımi siyasi sabitlik və təhlükəsizlik yoxdur” - deyə, Nyu Yorkdakı siyasi risklər üzrə məsləhət şirkəti “Vizier Consulting”in prezidenti Arif Rafiq bildirib.

Amerikanın Əfqanıstandakı rolundan çox Pekin ölkəsinin qərbində, Sincan vilayətindəki iğtişaşlarda günahlandırdığı və “Şərqi Türküstan” adlandırdığı uyğur silahlı qruplaşması “Türküstan İslam Partiyası” (TİP) kimi militant qruplaşmalar tərəfindən planlaşdırılan hücumların ehtimalından narahatdır. “Türküstan İslam Partiyası” Sincanı və uyğur xalqını Çin hökumətinin nəzarətindən azad etməyə çalışır və Çinin maraqlarına zərbələr endirir.

Taliban 1996-cı ildən 2001-ci ilə qədər hakimiyyəti dövründə uyğur qruplaşmalarının Əfqanıstanda fəaliyyət göstərməsinə icazə verib. “Türküstan İslam Partiyası” keçən il ABŞ-ın geri çəkilməsindən sonra Talibana Əfqanıstanın əksər hissəsini ələ keçirməyə yardım edən Əl-Qaidənin başçılıq etdiyi transmilli cihadçı qruplar alyansının bir hissəsidir.

XS
SM
MD
LG