Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook

Accessibility links

Məsih Əlinejad: “Mən jurnalistəm, mənim silahım mənim səsimdir”


Məsih Əlinejad: “Mən jurnalistəm, mənim silahım mənim səsimdir”
please wait

No media source currently available

0:00 0:11:02 0:00

Məsih Əlinejad: Mən jurnalistəm, mənim silahım mənim səsimdir

ABŞ mediasının verdiyi məlumata görə, iyulun 28-də iranli amerikali jurnalist, Amerikanın Səsinin Fars xidmətinin tele-şou aparıcısı Məsih Əlinejadın Nyu York şəhərinin Bruklin ərazisindəki evinin qarşısında avtomat silahla saxlanılılan şəxsin azərbaycanlı Xalid Mehdiyev olduğu müəyyən edilib. Tanınmış jurnalist və qadın hüquqları müdafiəçisi olan Məsih Əlinejad İran rejiminin kəskin tənqidçilərindən biridir. Onun sosial mediada tənqidi çıxışları ilə əlaqədar keçən il iranlı qrup tərəfindən oğurlanmasının planlaşdırıldığı iddia edilir. Rəsmi ittihama əsasən plan İran kəşfiyyatının rəsmiləri tərəfindən təşkil edilib. Məsih Əlinejad Amerikanın Səsinə müsahibədə İran rejimi tərəfindən təqiblərə məruz qalması və jurnalist və qadın hüquqları müdafiəçisi kimi fəaliyyətindən danışıb.

Amerikanın Səsi: Cinayət işi üzrə şikayətə əsasən, sizin evinizin qarşısında həbs edilən şəxsin Azərbaycandan olan cüdoçu Xalid Mehdiyevin olduğu müəyyən edilib. Siz onun haqqında nə bilirsiniz? Sizcə, o, İran agentləri tərəfindən necə cəlb edilib?

Məsih Əlinejad: Mənim başlanğıcdan Federal Təhqiqat Bürosundan aldığım məlumata görə, bu adam silahla dolu avtomobili ilə evimin qarşısında olub. Federal Təhqiqat Bürosundan mənə dedilər ki, o, səni öldürmək üçün orada olub. Daha sonra Ceyk Sallivan (ABŞ-ın milli təhlükəsizlik müşaviri-red.) mənə zəng etdi. O, zəng edib dedi ki, bu, prezident Baydenin adından edilən zəngdir. O, İslam Respublikasını qınadı, bu da onu göstərir ki, Ağ Ev mənim aldığım təhdidlərin İran rejimi tərəfindən olduğunu bilir və buna görə də İslam Respublikasını pisləyiblər.

Bu, ilk dəfə deyil ki, baş verir. Keçən il Federal Təhqiqat Bürosu adam oğurluğu planının qarşısını alıb və beş nəfərə qarşı ittiham irəli sürülüb. Bir nəfəri Amerikada həbs ediblər və məni Nyu Yorkdakı evimdən qaçırmağı planlaşdıran dörd nəfərə qarşı ittiham irəli sürüblər. Mənim yalnız bir düşmənim var. Bu, keçən həftə hicablarını çıxaran onlarla iranlı qadın hüquq müdafiəçisini həbs edən İslam Respublikasıdır. Onları televiziyaya çıxarıb özlərini qınamağa, məni qınamağa məcbur ediblər. Bu da əslində eyni rejim tərəfindən qadınlara edilən zülmün davamı olduğunu göstərir.

Amerikanın Səsi: Sizin reaksiyanız necə oldu? Müəyyən edilmiş şəxsin Azərbaycandan olan keçmiş idmançının olması sizdə təəccüb yaratdımı? Azərbaycanda çoxları bunu təəccüblə qarşılayıb.

Məsih Əlinejad: Mən olduqca çox təəccübləndim, çünki mənim üçün insanlar idmanla məşğul olanda onlar xalqın qəhrəmanı olur, milyonlarla başqa insan onları özlərinin qəhrəmanı hesab edirlər. Amma mən onun idmançı olduğunu öyrənəndə bu mənə İran rejiminin diktaturanı normallaşdırmaq üçün Qərbdəki idmançılardan necə istifadə etdiyi vaxtları xatırlatdı. Məhz bunların çoxuna görə Amerika hökuməti terrorçuları dəstəklədikləri üçün onlara viza verməkdən imtina edir. Xüsusilə də İslam Respublikasından olan, “Amerikaya ölüm” deyən, amma Amerikaya gəlməyə çalışan idmançılardan birinə. Lakin Amerika rəsmiləri onlara viza verməkdən imtina etdilər. Bu, əslində İran rejiminin idmandan, idmançılardan “İslam Respublikasına yox” deyən, “gender aparteid rejiminə yox” deyən fəalları öldürmək, terrora məruz qoymaq və hədələmək üçün istifadə etdiyini göstərir.

Amerikanın Səsi: Bəzi müşahidəçilər İran rejiminin xarici ölkələrdə, xüsusilə də qonşu Azərbaycanda nüfuzunu gücləndirmək üçün dini ideologiyanın təbliğ edilməsi ilə məşğul olduğunu düşünür. Sizin bu barədə fikriniz nədir?

Məsih Əlinejad: Düzünü desəm, mən bunu Azərbaycandan olan fəallardan öyrəndim və onların şərhlərini, mesajlarını oxuyanda heyrətə gəldim. Onların çoxu, Azərbaycandan çox adam hətta mənə fotolarını göndərirlər. Mən onlara həqiqətən çox minnətdaram. Onlar təkcə mənə deyil, Federal Təhqiqat Bürosuna da çoxlu məlumat göndərirlər. Hətta sosial şəbəkələrdə paylaşırlar və İslam Respublikasının bu ölkədə güclü nüfuza malik olduğunu deyirlər.

Çox təəccüblü olan odur ki, İran saytlarından biri olan IranWire araşdırma aparıb və müəyyən edib ki, İran Cüdo Federasiyasının rəhbəri də dörd ay əvvəl Azərbaycanda olub və İranı tərk edərək Azərbaycana gedən iranlı idmançılardan birini faktiki olaraq İrana qayıtmağa və İran milli televiziyasında yalan etiraflar etməyə məcbur edib. Bu, İran Cüdo Federasiyasının rəhbəri, əslində İsrail idmançıları ilə oynamağı qadağan etmək üçün belə idmançılardan istifadə etdiyinə görə Almaniyada məhkəmədə olan eyni adamdır. Demək istədiyirəm ki, mən əvvəlcə şok oldum, çünki bu, çox qorxulu idi. Təsəvvür edin ki, həmin şəxsin maşınında heç silah olmasaydı da o məni asanlıqla öldürə bilərdi. Ona görə də indi Azərbaycandan, İrandan çox sayda insanların bundan narahat olduğunu, lakin Avropa ölkələri və ABŞ kimi dünyanın qalan hissəsinin güclü addımlar atmaq üçün birləşmədiyini görmək mənim üçün çox kədərlidir. Onlar sui-qəsd törətməyə çalışan eyni rejimlə nüvə razılaşması əldə etməyə çalışırlar. Özü də təkcə mənə qarşı yox. Tramp administrasiyasının yüksək səviyyəli keçmiş siyasətçisi haqqında eşitmisiniz. Mən əminəm ki, onlar ABŞ və Avropada daha çox vətəndaşın və daha çox siyasətçinin arxasınca gedirlər. Avropalılar və ABŞ hökuməti bu terror aktına son qoymaq üçün birləşə bilməsə, bu terrorçular bizi bitirəcək.

Amerikanın Səsi: Bu hadisə sizin həyatınıza, sizin fəaliyyətinizə necə təsir göstərib?

Məsih Əlinejad: Açığını desəm, bu mənim həyatımı alt-üst edib. Mənim vəziyyətimi bilirsiniz; kamera arxasında oturmağa yer belə tapa bilmirəm, çünki daim yerimi dəyişməli oluram, ögey övladlarım, evim və ailəmdən uzağam. Məsələ təkcə məndə deyil. Təsəvvür edin ki, o adam Bruklində atəş açsaydı, kim bilir nə qədər qonşum həlak ola bilərdi? Təsəvvür edin ki, ögey övladlarım yanımda ola bilərdi. Həmin şəxsin avtomobilinə yüklədiyi silahdan Həmas, Hizbullah, Ukraynada Putinin əsgərləri tərəfindən istifadə olunur. Müharibə zamanı bu silahdan çox istifadə olunur. Amma mənim heç bir silahım yoxdur. Mən adi fəal və jurnalistəm. Mənim silahım sadəcə mənim səsimdir. Mənim silahım sosial media şəbəkələrimdir. İnstaqram, Twitter və Facebook-da doqquz milyondan çox izləyicim var və mənim yeganə cinayətim İran cəmiyyətində cəsur insanların səsini eşitdirməkdir. Mənim bircə həyatım var. Mən açıq deyirəm, öz həyatımdan qorxmuram, amma burada qorxulu olan odur ki, bütün dünya İslam Respublikasının daxildə və xaricdə dissidentləri və qeyri-iranlıları öldürməsinə, oğurlamasına, edam etməsinə, terrora məruz qoymasına, sui-qəsd törətməsinə tamaşa edir. Hazırda sizinlə danışdığım zaman ABŞ, Britaniya, İsveç, Fransa və Almaniya vətəndaşları İran həbsxanasındadırlar və onlardan sövdələşmə əldə etmək üçün vasitə kimi istifadə olunur. Mən Rusiya, Venesuela, Çindən olan diktatorların hər yerdə demokratik ölkələrdən daha çox birləşdiyini görürəm. Bu, mənim ürəyimi ağrıdır. Yoxsa mənim həyatım o biri insanların həyatından fərqlənmir. İranda etiraz aksiyalarında 1500 nəfər həlak olub. Elə analar var ki, mən sizinlə danışdığım zaman indi onlar həbsxanadadırlar. Mənim həyatım “gender aparteidinə yox” dediyi üçün həbsdə olan iranlı qadınların həyatından heç fərqlənmir. Mən təslim olmayacağam. Diktaturadan qurtulacağımız günə qədər ayrı-seçkiliyə, zülmə qarşı mübarizəmi davam etdirəcəyəm.

Amerikanın Səsi: Siz qeyd etdiyiniz ki, jurnalist və qadın hüquqları müdafiəçisisiniz. İranlı qadınlar sizə nə söyləyir? Onların tələbləri və narahatlıqları nədir?

Məsih Əlinejad: Bu, çox yaxşı sualdır. Siz jurnalistsiniz və barmaqlıqlar arxasında olmağın və ya azad olub, amma öz fikrinizi ifadə etmək hüququnuzun olmamasının necə bir hiss olduğunu başa düşürsünüz. İranda jurnalistlərin vəziyyəti belədir. İran jurnalistlər üçün böyük həbsxanaya çevrilib.

Başqa bir məsələ də var. Texnologiya şirkətləri iranlı diktatorlara sosial mediada söz azadlığından istifadə etməyə imkan verir, amma eyni zamanda İran xalqının Twitter, Instagram və Facebook-dan istifadə etməsi qadağan edilib. Baxın, İranda vəziyyət belədir. Əgər iranlılar İnstaqram-dan və sosial mediadan istifadə edirlərsə, onlar cinayətkar sayılırlar. Fəhlə, müəllim, tibb bacısı avtobus sürücüsü kimi sadə insanlar, təkcə orta təbəqə deyil, İslam Respublikasına dəstək verən fəhlə sinfi indi yoxsulluqdan əziyyət çəkir. Onların aylardır maaşları verilmir. Əgər onlar etiraz etsələr, silah və güllə ilə üz-üzə gəlirlər. İranda real vəziyyət budur.

Amma İran xalqını həqiqətən də qorxudan, onu məyus edən və qəzəbləndirən bəzi fəalların, bəzi media qurumlarının və İrandan kənarda bəzi iranlı üzrxahların beynəlxalq mediadan İran rejiminin normal bir rejim olduğunu nümayiş etdirməkdən ötrü istifadə etməsidir. Hazırda bir çox iranlı üçün İran rejimi İŞİD, Taliban kimidir. Yeddi yaşından qızlar saçlarını göstərsələr, məktəbə gedə bilməzlər. Mən və siz, ikimizə də baxın, əgər biz olduğumuz kimi ictimaiyyət içinə çıxsaq, şallaq cəzası alarıq. Belə olduğumuza görə həbsxanaya düşüb, əxlaq polisi tərəfindən döyülərük. Normal həyat yaşamaq üçün həbsxanaya düşürsən. Aman Allahım, mən inana bilmirəm ki, Qərbdə bir çox insanlar bu azadlıqları adi hal kimi qəbul edirlər. Lakin biz görürük ki, Qərb feministləri mənim gözəl ölkəmə gedirlər və onlar buna məhəl qoymurlar. Hicab geyinirlər. Rejimə baş əyirlər, Talibana baş əyirlər, [hicab]geyinirlər və deyirlər ki, “bu sizin mədəniyyətinizdir”. Bu mənim ürəyimi parçalayır.

Bir gün İran xalqı dini diktaturadan, çarşablı əfqan qadını isə Talibandan xilas olacaq. Lakin tarix bizi dəstəkləmək əvəzinə diktatorları və zalımları dəstəkləyən azad demokratik ölkələri mühakimə edəcək. Onlar bizə zülm edənləri legitimləşdirirlər. Bu mənim nəzərimdir. Mən düşünmürəm ki, bütün Qərb ölkələrindən və texnologiya şirkətlərindən mənim səsimi eşitmələrini istəmək çox böyük bir xahişdir. Mən normal həyat yaşamağa layiqəm. Bilirsiniz, mənim və ailəmin həyatı risk altındadır. Mənim burada sizə dediyim hər bir sözə görə İranda ailəmin başına nə gələcəyini bilmirəm. Mənim burada başıma nə gələcəyini bilmirəm. Mən sadəcə Amerika Birləşmiş Ştatlarında öz hüququmdan istifadə edirəm. Mən səsimi ucaltmaq, səssizlərə səs vermək üçün İranı tərk etmişəm. Mən ABŞ-da normal həyat sürməyə layiqəm.

  • Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG