Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook

Accessibility links

Peykdən çəkilən görüntülərdə Krımdakı Rusiya aviabazasının dağıntıları nümayiş etdirilib


Cümə axşamı yayımlanan peyk şəkillərində bir neçə gün əvvəl Krımda hücuma məruz qalan Rusiya aviabazasını görmək olub.

Müstəqil “Planet Labs” peyk şirkəti tərəfindən yayımlanan fotolarda Rusiyanın Saki aviabazasındakı binaları dəqiq vuran təxminən üç eyni ölçüdəki kraterlər nümayiş etdirilib. Krımın cənub-qərb sahilindəki yanğından zərər çəkən bazada azı səkkiz döyüş təyyarəsinin yanmış qalıqları açıq-aydın görünüb.

Rusiya təyyarələrin zədələndiyini təkzib edib və çərşənbə axşamı bazada baş verən partlayışların təsadüf olduğunu bildirib.

Ukrayna nə hücuma görə məsuliyyəti üzərinə götürüb, nə də onun necə həyata keçirildiyini açıqlayıb.

“Rəsmi olaraq, biz heç nəyi təsdiq və ya təkzib etmirik. Eyni vaxtda bir neçə partlayış episentrinin olduğu nəzərə alınarsa, baş verən hadisə ilə bağlı çox sayda ssenari mövcuddur” - deyə, Ukrayna prezidentinin müşaviri Mixaylo Podolyak Reuters xəbər agentliyinə açıqlamasında bildirib.

Qərb hərbi ekspertlərinin bildirdiyinə görə, zərərin miqyası və zərbələrin dəqiqliyi potensial əhəmiyyətli təsirləri olan yeni və güclü hərbi qabiliyyətin olduğuna işarədir.

2014-cü ildə Krımı ilhaq edən Rusiya yarımadadan Qara dəniz donanması üçün baza və Kyivin yaxın həftələrdə əks-hücum planlaşdırdığı Ukraynanın cənubunda işğalçı qüvvələr üçün əsas təchizat marşrutu kimi istifadə edir.

ABŞ-ın Avropadakı quru qoşunlarının keçmiş komandanı Mark Hertlinq tvitter səhifəsində Rusiya bazasındakı dağıntının görüntülərinə istinad edərək, “Mən kəşfiyyat analitiki deyiləm, amma bu, o qədər də yaxşı görünmür” deyə, yazıb.

Hücumun dəqiq necə həyata keçirildiyi sirr olaraq qalır. Bəzi ukraynalı rəsmilərin fikrincə bu, təxribat ola bilər. Lakin təxminən eyni zərbə kraterləri və eyni vaxtda baş verən partlayışlar onun Rusiyanın müdafiəsindən yayınmağa qadir olan yeni uzaqmənzilli silahların yaylım atəşi ilə vurulduğunu göstərir.

XS
SM
MD
LG