Ukrayna müharibəsi: peyk görüntüləri Krımda aviabazanın ciddi zərər gördüyünü göstərir

Ukrayna, Rusiya, müharibə

Şəklin mənbəyi, Reuters

Yayılan peyk görüntüləri həftənin əvvəlində Rusiyanın Krımda yerləşən aviabazasında baş verən partlayışlar nəticəsində hərbi hava obyektinə böyük zərər dəydiyini və bir neçə döyüş təyyarəsinin zədələndiyini göstərir.

Rusiyanın nəzarətində olan Krımın qərb hissəsində yerləşən Saki aviabazası çərşənbə axşamı bir nəfərin ölümü ilə nəticələnən silsilə partlayışlardan sarsılıb.

Ukrayna məsuliyyəti öz üzərinə götürməyib, lakin yeni fakt hücumun məqsədli olma ehtimalı yaradır.

ABŞ-da yerləşən “Planet Labs”-ın yaydığı şəkillər yanmış ərazinin böyük sahəni əhatə etdiyini göstərir.

Bazanın uçuş-enmə zolağı zərər görməsə də, ən azı 8 döyüş təyyarəsinin zədələndiyi və ya yararsız hala düşdüyü görünür.

Zərər görən təyyarələrin çoxu anqarlardan uzaq, bazanın açıq sahəsində olub.

Partlayışlardan əvvəl və sonrakı peyk görüntülər

Ukrayna səmasında yüzlərlə peyk sistemini monitorinq edən “Planet Labs”in yaydığı partlayışdan əvvəl və sonrakı peyk görüntülər bazanın zərər gördüyünü təsdiqləyən ilk müstəqil mənbədir. Hazırda partlayışların təsir gücünü göstərən detallar çox azdır.

Ukrayna, Rusiya, müharibə

Şəklin mənbəyi, PLANET LABS PBC

Şəklin alt yazısı, Saki aviabazası partlayışdan əvvəl, 9 avqust
Ukrayna, Rusiya, müharibə

Şəklin mənbəyi, PLANET LABS PBC

Şəklin alt yazısı, Saki aviabazası partlayışdan sonra, 10 avqust

Bazaya nəyin və necə zərər verdiyi hələlik məlum deyil.

Rusiya iddia edir ki, aviabazanın zərər görməsinə təhlükəsizlik qaydaılarına riayət edilməməsi nəticəsində sursat anbarında baş verən partlayış səbəb olub.

Ukrayna məsuliyyəti öz üzərinə götürməyib və ölkənin müdafiə naziri hadisəni rus əsgərlərinin diqqətsizliyi ilə əlaqələndirib.

“Hesab edirəm, bazada olan rusiyalı hərbçi sadə qaydaya məhəl qoymayıb: təhlükəli yerlərdə siqaret çəkmək olmaz,” Oleksiy Reznikov bildirib.

Rusiya hər hansı təyyarənin zədələndiyini inkar etsə də, Ukraynanın hava qüvvələri Rusiyaya məxsus onlarla döyüş təyyarəsinin yararsız hala düşdüyünü bəyan edib. Yeni görüntülər də Rusiyanın iddialarının doğru olmadığını göstərir.

Yerli sakinlər Reuters agentliyinə verdiyi açıqlamalarında çərşənbə axşamı günorta saatlarında 12-dən çox partlayış səsi eşitdiklərini bildiriblər.

Böyük Britaniyanın müdafiə naziri Ben Wallace ərazidə iki partlayış nöqtəsinin olduğuna diqqət çəkərək hadisənin təsadüfən baş vermədiyini və hücum olduğu fikrini irəli sürüb. O, Ukraynanın Krıma hücum etmə hüququnun da olduğunu deyib.

“Zərurət yarandığı halda, işğalçını geri oturtmaq və öz ərazisinə nəzarəti təkrar ələ keçirmək məqsədi ilə gücdən istifadə etmək Ukraynanın haqqıdır”, - Ben Wallace BBC-yə bildirib.

Ukraynadan Krıma qarşı hər hansı hücum müharibənin daha da alovlanmasına gətirib çıxara bilər. Ötən ay Rusiyanın keçmiş prezidenti Dmitri Medvedev xəbərdarlıq edərək, Ukraynanın Krımı hədəf aldığı halda “qiyamət gününün yaxın olacağını” qeyd edib.

Krım beynəlxalq səviyyədə Ukraynanın ərazisi kimi tanınır, lakin Qara dənizdə yerləşən bu yarımada 2014-cü ildə Rusiyaya ilhaq edilib. Bir çox ukraynalı bunu Rusiya ilə başlayan müharibənin səbəbi kimi görürlər.

Çərşənbə axşamı baş verən partlayışdan sonra, Ukrayna Prezidenti Volodimir Zelensky Krım barədə danışaraq müharibə bitməzdən əvvəl Ukraynanın yarımadaya nəzarəti yenidən öz əlinə alacağına inandığını bildirib.

Krımda yaşayan rusdilli çoxluğun Rusiyaya birləşmə barədə referendumda səsverməsindən sonra Kreml 2014-cü ilin martında Krımı öz ərazisinə ilhaq edib. Beynəlxalq ictimaiyyət referendumu qanunsuz adlandırıb.

Səsvermə yarımadanın ətrafındakı bir neçə strateji ərazilərin rus qoşunları tərəfindən nəzarətə götürülməsindən sonra tələsik təşkil edilib.

Bölgənin Rusiyaya ilhaqı Ukraynada baş qaldıran və aylarla davam edən avropayönlü etirazlar nəticəsində Rusiyanın dəstəklədiyi prezidentin vəzifədən getməsindən sonra baş verib.

Bu il fevralın 24-də - Krımın ilhjaqından səkkiz il sonra – rus qoşunlarının Ukraynanın daxilinə doğru irəliləməsi məqsədi ilə Krımdan tramplin kimi istifadə edən Moskva Ukraynaya qarşı genişmiqyaslı işğala başladı.