Tokayevin Putinə qarşı cəsarətinin səbəbi nədir?

Pyotr Kozlov

BBC

Kasım Comərt tokayev Qazaxıstan siyasət  Qasım-Jomart Tokayev

Şəklin mənbəyi, Getty Images

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Rusiya televiziyasının "Rus Davosu”ndan canlı yayımında Vladimir Putinin üzünə baxa-baxa dedi ki, Rusiya tərəfindən tanınan “DXR” və “LXR”-in  müstəqilliklərini dəstəkləmir və bu "respublikaları" kvazi-dövlət hesab edir.

Bəzi şərhçilər dərhal Tokayevin cəsarətinə heyran oldular, digərləri isə belə “ədəbsizliyə” Moskvanın mümkün reaksiyasını təsəvvür edib dəhşətə gəldilər.

BBC Rusca Xidməti bu cəsarətin səbəbini və mümkün nəticələrini araşdırıb.

Rusiya Xidmətinin ekspertləri – həm Rusiya-Mərkəzi Asiya əlaqələri və beynəlxalq münasibətlər üzrə mütəxəssislər, həm də vaxtilə Qazaxıstanda yüksək vəzifələrdə təmsil olunmuş şəxslər hesab edirlər ki, Vladimir Putin Tokayevin bəyanatına emosional reaksiya verməyəcəyi təqdirdə Rusiya tərəfdən kəskin cavab olmayacaq. 

Hərçənd, onun Ukraynaya hücum etməsi ehtimalına mütəxəssislərin böyük əksəriyyətinin inanmadığını xatırladan ekspertlər bu məsələdə qəti mövqe bildirməyə tələsmirlər.

 

Putin Tokayevdən incidimi?

Andrey Kortunov, Rusiya Beynəlxalq Əlaqələr Şurasının rəhbəri:

 "Mənə elə gəlir ki, bu gözlənilən idi. Yəni, Kreml Qazaxıstanın mövqeyini qabaqcadan təxmin etməliydi və ümid edirəm ki, böyük sürpriz olmadı. Amma, əlbəttə ki, güclü bəyanatıydı və yəqin ki, həm KTMT, həm də Avrasiya İqtisadi İttifaqı çərçivəsində münasibətlərə təsir edəcək”.

 

Temur Umarov, Mərkəzi Asiya üzrə mütəxəssis, Moskva Karnegi Mərkəzinin keçmiş əməkdaşı: 

"Tokayevin dedikləri təəccüblü deyil. Amma həmin sözləri harada və necə deməsi məni təəccübləndirdi. Qazaxıstan uzun müddətdir ki, eyni mövqedən çıxış edir - nə Tayvanı, nə Abxaziyanı, nə Cənubi Osetiyanı, nə də Krımı tanıyıb. Nazarbayevin dövründə də beləydi. Üstəlik, Qazaxıstan Rusiyanın bu mövqedə olan yeganə müttəfiqi deyil.  

İki variant ola bilər. Moskvanın qərarları rasional məntiqə əsaslanırsa, Rusiya cavab üçün sanksiyalara əl atmayacaq. Çünki Qazaxıstan ona lazımdır, bu ölkəyə təzyiq etmək yersizdir.

İndi Qazaxıstan yaxşı mənada elə bir qapıya çevrilməlidir ki, Rusiya mümkün qədər sanksiyalardan yayına bilsin.

Bu, həm Qazaxıstanın xeyrinə olmalı və beynəlxalq ictimaiyyətin gözünə batmamlı, həm də az-çox leqal, boz sxemlərlə reallaşmalı və Rusiyaya da sərf etməlidir.

Qazaxıstana təzyiq etmək öz ayağına güllə vurmaq kimi bir şeydir. Ancaq Putin emosional qərarlar verirsə və Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (SPBİF) səhnəsində onun xətrinə dəyiblərsə,  hansısa sanksiyaların tətbiq olunmasına təəccüblənmərəm”.

 

Rahim Oşakbayev, Qazaxıstan Tətbiqi Tədqiqatlar Mərkəzinin rəhbəri: 

"İndiki qədər rezonanslı olmasa da, Qazaxıstan əvvəllər də DXR və LXR-lə bağlı rəsmi mövqe açıqlayıb.

Yəqin ki, bu dəfə rezonansı həmin mövqenin səsləndirildiyi yer, zaman və kontekst yaratdı.

Ancaq mahiyyət etibarilə heç nə dəyişməyib. Maraqlıdır ki, sual  çox ümumi xarakter daşıyırdı və kifayət qədər ümumi cavab vermək imkanı vardı, amma Tokayev konkret danışmağı seçdi. Bunun nəylə əlaqəli olduğunu deyə bilmərəm, amma belə olduğu çox aydın görünür.

Qazaxıstan Prezidentinin dediklərini təhlil ediriksə, onda onun sonrakı bəyanatlarını da nəzərə almalıyıq.

Məsələn, Qətər forumunda o bildirib ki, Putinlə yaxın münasibətləri var və Rusiya Qazaxıstanın etibarlı müttəfiqidir.

Məncə, Qazaxıstanın mövcud əlaqələri, statusu, diplomatik mövqeyi, hamıya aydındır, müəyyən həddə neytrallığa və iştirakçılığa üstünlük verilir, üstəlik, sülh çağırışları da var”.

 

Aleksandr Qabuyev, Beynəlxalq Sülh üçün Karnegi Fondunun baş elmi işçisi: 

"Ümumiyyətlə, SPBİF-də belə kəskin məqamlardan yayınmaq olardı. Axı, sualı Marqarita Simonyan vermişdi və bunu bilərəkdən etmişdi.

Əgər həmin sual səsləndirilməsəydi, mövzu ümumiyyətlə gündəmə gəlməzdi. Tokayevə sual verdilər, o da kifayət qədər birmənalı cavab verdi.

Hər halda, Qazaxıstan Prezidenti demədi ki, "bilirsinizmi, müharibə cinayətdir, biz onu dəstəkləmirik, Ukraynanı orada olmayan nasistlərdən azad etmək üçün rusların və ukraynalıların öldürülməsinə necə haqq qazandırmaq olar?”

 

Arkadi Dubnov, politoloq, Mərkəzi Asiya üzrə ekspert: 

"Tokayev kimin moderator olacağını qabaqcadan bilirdi və Simonyanın bu tipli suallar verə biləcəyini təxmin etməmiş olmazdı.

Nəzərə alın ki, o, DXR haqqında  sualın yalnız bir hissəsini cavablandırdı, hərbi əməliyyata münasibətlə bağlı hissəsini cavabsız qoydu, çox səliqəli və diplomatik davrandı.

Çünki düşündüyü və hiss etdiyi hər şeyi söyləsəydi, bu, həqiqətən də qalmaqal olardı. DXR haqqında söylədikləri  isə özünün və nazirlərinin daha əvvəl bir neçə dəfə bəyan etdiklərinin təkrarıydı.

 

İndi ona görə səs-küy yarandı ki, həmin sözləri Rusiya dövlət televiziyasıyla canlı yayımlanan beynəlxalq toplantıda, Putinin yanında dedi.

Buna mane olmaq mümkün deyildi. Ümumiyyətlə, belə davranış Rusiyanın daxili təbliğatı üçün çox ciddi sarsıntıydı.

Rusiyanın ən yaxın müttəfiqi düzünü deməyə cəsarət etdi. Halbuki özünü asaraq intihar etmiş  birinin evində kəndirdən danışmaq olmaz.

Putinin Tokayevdən belə bir cavab gözləyib-gözləmədiyini deyə bilmərəm. Düşünürəm ki, Tokayevin suala necə cavab verəcəyini, buna cəsarəti çatıb-çatmayacağını  maraqla gözləyib.

Tokayevin cəsarəti çatdı. Ən azı bu hissədə. İndi bu vəziyyətlə barışıb yaşamaq lazımdır. Rusiyanın reaksiyası Putinin reallıq haqqında təsəvvürlərindən asılı olacaq. Mən ən müxtəlif variantları mümkün hesab edirəm”.

 

Alnur Musayev, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin keçmiş rəhbəri, SSRİ DTK-sının keçmiş əməkdaşı: 

"Tokayevi yaxından tanıyan biri olaraq, onun videodakı mimikasından görürəm ki, həmin cavabı əvvəldən hazırlayıb. İkincisi, Putinə baxaraq danışır. Baxışlarındakı suala diqqət edin, sanki "Düz deyirəmmi?" deyə soruşur. Mən o baxışı belə anladım.

Sualın  əvvəldən razılaşdırılıb-razılaşdırılmadığını deyə bilmərəm. Ancaq Tokayevi tanıdığım üçün davranışındakı bəzi məqamların ön hazırlıq əlaməti olduğunu düşünürəm. Əminəm ki, Tokayev o sözləri demək üçün əvvəldən hazırlaşıb.

Bu çıxışın hansısa demarşdan xəbər verdiyini demək olmaz. Qazaxıstan rəhbərliyi iki stulda oturur, bu, bütün üçüncü dünya ölkələri üçün, hətta bütün sivil ölkələr üçün də xarakterik haldır.

Tokayev həmin stullardan qalxmayıb. Amma səbəb həm də budur ki, Ukraynadakı müharibənin təşəbbüskarı olan Putinin zəiflədiyini MDB-də çoxları hiss edir.

Mən demirəm ki, o, artıq topal ördəkdir, amma iqtisadiyyatda, hərbdə, siyasətdə və diplomatiyada mübarizəni uduzur. Bu əlamət məhz Tokayevin SPBİF-dəki çıxışında özünü göstərdi”.

Qazaxıstan niyə Kremlə Belarus qədər loyal deyil?

2022-ci ilin yanvarında Qazaxıstanda gözlənilmədən kütləvi etirazlar və iğtişaşlar başladı. Vəziyyət gərginləşdi, sabitliyi bərpa etmək üçün Tokayevin xahişilə ölkəyə KTMT sülhməramlıları yeridildi.

Əməliyyata başlamağı formal olaraq Ermənistanın Baş naziri Nikol Paşinyan təklif etdi. Amma təşkilatda aparıcı rol Rusiyaya məxsusdur və kontingentin əsasını məhz Rusiya ordusu təşkil edirdi. 

Missiya cəmi 10 gün davam etsə də, əksər ekspertlər hesab edirdilər ki, Rusiya Tokayevə kömək edəndən sonra Kremlin Qazaxıstana təsiri xeyli artacaq. Amma Qazaxıstan prezidenti öz xarici siyasətində çoxşaxəli yanaşma sərgiləməkdə davam edir.

 

Aleksandr Qabuyev:

 "Rusiya, əlbəttə ki, Tokayevə kömək etdi. Ancaq Putin həm də öz maraqlarına görə belə davrandı. Çünki Tokayev devrilsəydi, Nazarbayevin qardaşı oğullarının koalisiyası yaranardı və islamçı əhval-ruhiyyə, üstəgəl digər məqamlar nəzərə alınarsa, Rusiyanın orada görmək istədiyi bu deyildi.

 Ona görə də, bəli, Rusiya Tokayevi dəstəkləməklə həm də öz maraqlarını təmin edən  əməliyyat həyata keçirdi.

Bu baxımdan demək olmaz ki, Tokayev Putinə borcludur və onu ödəməlidir.

Biz hələ yanvarda güman edirdik ki, Qazaxıstan çoxşaxəli siyasətindən imtina edəcək və Rusiyanın nəzarətinə keçəcək. 

Belarusla müqayisədə Qazaxıstan daha yaxşı vəziyyətdədir, çünki Rusiyayla əlaqəli olmayan müstəqil gəlir mənbələri var.

Bəli, təbii ki, CPC-nin (Xəzər Boru Kəməri Konsorsiumu - BBC) “Tengiz-Novorossiysk” neft kəməri Rusiyadan keçir. Ancaq Çinə gedən boru xətti Rusiyadan asılı deyil. 

Qazaxıstanın müstəqilliyində maraqlı olan güclü regional oyunçular var və onların ən öndə gedəni Çindir.

Qazaxıstana qarşı sərt qərarlar Rusiya-Çin münasibətlərinə böyük zərbə vuracaq. Belarusdan fərqli olaraq, Qazaxıstana sanksiyalar tətbiq edilməyib. Başqa sözlə, manevr imkanları daha çoxdur”.

 

Arkadi Dubnov:

"Minnətdarlıq məntiqi – bu, klassik bir postsovet mentalitetidir.

Yəni, biz hamımız böyük qardaşımıza borcluyuq. Ancaq Tokayev bu vassal asılılıqdan, necə deyərlər, kölə mentallığından kənara çıxmaq üçün çox ciddi bir addım atdı.

O dedi ki, Qazaxıstan heç kimə - KTMT-yə və şəxsən Putinə borclu deyil, üzv ölkələrin ərazisində sabitliyi qorumaq KTMT-nin vəzifəsidir. Ümumən  haqlıdır.

Hesab edirəm ki, Tokayev həm özünün, həm də Qazaxıstanın ləyaqətini müdafiə edən dövlət xadimi olduğunu sübut etdi.

Üstəlik, onu da nəzərə almaq lazımdır ki, Tokayevin sözləri daxili auditoriyaya hesablanmışdı. Çünki dəstək üçün KTMT-yə müraciət etməsi hələ də onun daxili reytinqinə və reputasiyasına ciddi zərər vurur.

Dünyanı xilas etmək üçün  böyük qardaşdan asılı olmadığını nümayiş etdirməliydi və o bunu etdi”. 

Aleksandr Barinov - əvvəllər Moskvada, Kiyevdə və müxalif “Qazaxıstanın Demokratik Seçimi” hərəkatının mətbuat orqanında çalışmış jurnalist

"2020-ci ildə Qazaxıstanda hasil edilən 85,7 milyon ton neftin 30,6 faizi Qazaxıstanın (birgə müəssisədəki paylar da daxil olmaqla), 28,7 faizi Amerika, 18,7 faiziAvropa və 16 faizi isə Çin şirkətlərinin payına düşüb.

Qazaxıstanda “Chevron”, “ExxonMobil”, “Royal Dutch Shell”, “British” Gas, “Repsol YPF”, CNPC və CITIC kimi neft şirkətləri fəaliyyət göstərir.

Ölkədəki üç neft emalı zavodundan birini Çin şirkətləri alıb, digər ikisinə isə yüksək dərəcədə nəzarət edirlər.

Buna görə də Nazarbayev ABŞ, Avropa, Rusiya və Çin arasında manevr edərək eyni vaxtda nəinki iki, hətta dörd stulda otura bilirdi. Sonradan Tokayev də eyni cür davrandı. 

İnsan haqlarının kütləvi şəkildə pozulmasına və total korrupsiyaya görə Qazaxıstanı ən yüksək tribunalardan davamlı olaraq tənqid edirlər.

Ancaq ölkənin hakim elitalarından heç biri məsuliyyətə cəlb olunmayıb və Qazaxıstana qarşı heç vaxt sanksiya tətbiq edilməyib.

Aydındır ki, belə bir vəziyyətdə Putinin avantüralarına qoşulmaq və bütün dünyayla müharibəyə başlamaq Tokayevə lazım deyil.

Onlar üçün hər şey qaydasındadır - hakimiyyəti qoruyub saxlayırlar, pul qazanırlar, ABŞ, Avropa və Çinlə dostdurlar, çox güman, əsas kapitallarını orada saxlayırlar, dünyanı sakitcə dolaşıb ən yaxşı evlərdə və ərazilərdə yaşayırlar.

Bu gün Putinin tərəfini tutmaq və ya dolayı yolla da olsa, Ukrayna müharibəsinə qoşulmaq avtomatik olaraq bütün dünyayla çəkişmək, sanksiyalara məruz qalmaq və hər şeyi itirmək deməkdir”.

 

Temur Umarov:

"Hazırda Rusiyayla Qazaxıstan arasındakı münasibətlər təsəvvür oluna biləcək həddə qədər yaxşıdır. Belə davam etsə, yaxşı olacaq; etməsə və Rusiya emosional qərarlar versə, öz ayağına güllə vurmuş olacaq.

Rusiya öz mövqeyini diqtə etsə, Qazaxıstan mütləq ikinci dərəcəli sanksiyalarla üzləşəcək.

Donetsk və Luhanskla bağlı Moskvanın mövqeyini dəstəkləsə və ya Rusiyanın hərbi təcavüzünə birmənalı münasibət bildirməsə, sanksiyalar yüz faiz qaçılmaz olacaq.

Bu isə bizi qəfil fırtınaya doğru aparar.

Yanvar hadisələrindən, etirazlardan və iqtisadi problemlərdən yenicə özünə gəlmiş ölkə onu dünyadan təcrid edəcək sanksiyalarla üzləşərsə, nə edə bilər? Çox təhlükəli vəziyyət yaranar və mənə elə gəlir ki, Qazaxıstan buna getməyə hazır deyil”.

Sanksiyalardan yan keçmək üçün arxa qapı?

Arkadi Dubnov:

"Qazaxıstan öz qiymətini bilir və dünyanın indiki vəziyyətini görə-görə, çətin ki, qaranlıq işlərə cəlb olunmasına imkan versin.

Bu ölkədən vasitəçi kimi istifadə etməyə yönəlmiş ciddi bir cəhd aşkarlananda Birləşmiş Ştatların buna necə reaksiya verəcəyini görəcəyik.

Göz yumsa, demək ki, Qazaxıstana hansısa şəkildə təsir etmək, ondan öz məqsədləri üçün istifadə etmək ABŞ-a sanksiyaların müqəddəsliyindən daha vacibdir. Mən bu variantı mümkün hesab edirəm”.

 Alnur Musayev:  

"Qazaxıstanın Baş naziri artıq Rusiyayla birbaşa iqtisadi əməkdaşlığın dərinləşdirilməsindən, bütün bu nəqliyyat mübadilələrinin gücləndirilməsindən, malların və ərzağın daşınmasından danışmağa başlayıb.

Məncə, Qazaxıstan sanksiyalardan yan keçmək prosesində altdan-altdan  iştirak edəcək və hətta artıq iştirak edir də.

İkinci dərəcəli sanksiyalardan qorxmasına baxmayaraq bu işdə Rusiyaya kömək edir və kömək etməyə davam edəcək. Putin əlini burdan da çəkməyəcək”.

 

Aleksandr Qabuyev:

 "Qazaxıstan müxtəlif sanksiyaların obyektinə çevrilməkdən çox qorxur.

Ona görə də həm Tokayev, həm də onun məmurları açıq-aydın bəyan ediblər ki, sanksiyalardan yan keçmək üçün ölkənin yurisdiksiyasından istifadə etməyə icazə verməyəcəklər.

Bunun həqiqətən də belə olacağını demək çətindir, çünki Rusiya öz  statistikasını gizlədib.

Qazaxıstan statistikası sərhəddə baş verənləri nə dərəcədə doğru əks etdirir? Məlum deyil.  

Sanksiya tətbiq edilmiş hansısa məhsulları idxal etməyin Rusiya üçün, yəqin ki, ən məntiqli üsulu  onları Türkiyə, Qazaxıstan və Çin vasitəsilə almaqdır.

Doğrusu, bu istiqamətdə nələr baş verdiyini biz çox da aydın təsəvvür edə bilmirik.

Yəni, hamısını eyni vaxtda balanslaşdırmaq lazım gələn bir neçə prioritet məsələ var: müstəqilliyi qorumaq və mümkün qədər Rusiyadan uzaqlaşmaq; Rusiyanın indi nə qədər emosional və təxminedilməz olduğunu nəzərə alaraq onu qəzəbləndirməmək və nəhayət, Qərbi qəzəbləndirməmək.

Bax, belə bir trilemma var və hələ ki kifayət qədər uğurla öhdəsindən gəlirlər.

 

Aleksandr Barinov:

"Düşünürəm ki, Qərbi çaşdırmaq üçün Rusiya və Qazaxıstan arasında hər hansı "razılaşma" yoxdur.

Bu ölkələrin mövqeləri və davranış motivləri bir-birindən çox fərqlidir.

Tokayevin və hakim klanların timsalında Qazaxıstan bundan sonra da sakit yaşamağa, hakimiyyəti qoruyub saxlamağa, var-dövlətini artırmağa və həyatdan zövq almağa maraqlıdır.

Onların ağlı çatır ki, Putinin dünyanı fəth etmək, SSRİ-ni və ya Rusiya İmperiyasını bərpa etmək kimi sərsəm planlarından kənarda qalsınlar.

Ancaq sanksiyalardan yan keçmək prosesində Qazaxıstan, şübhəsiz ki, fəal iştirak edəcək.

Sadəcə sərfəli olduğu üçün. Krımın ilhaqından az sonra sanksiya qoyulmuş mallar Qazaxıstan vasitəsilə idxal olunmağa başlamışdı - bəlkə də Belarusla müqayisədə daha az miqdarda, çünki bu, daha uzun və daha bahalı marşrutdur.

İndiki sanksiyalar daha sərt olduğu üçün texnoloji avadanlıqların Çindən və Cənub-Şərqi Asiyadan gizli şəkildə Rusiyaya göndərilməsi üçün Qazaxıstan tranzit platformaya çevrilə bilər.

Bir vaxtlar Lukaşenkonun da etdiyi kimi, Qazaxıstan rəhbərliyi qaçaqmalçılığa qarşı mübarizə aparırmış kimi davranacaq, amma ciddi uğur qazanmayacaq.

Hətta bunun obyektiv səbəbləri də olacaq.

Rusiya-Qazaxıstan sərhədinin uzunluğu 7,5 min kilometrdən çoxdur.

Bu, dünyada iki ölkə arasındakı ən uzun kəsintisiz quru sərhədidir və ən başlıcası - demək olar ki, mühafizə olunmur”.

 

Versiyalar və mümkün nəticələr

Kremldəki mənbə: 

"Nəticələri? Olmayacaq. Bizim üçün Qazaxıstan imkanlar coğrafiyasıdır.

Nə qədər ki, belə olaraq qalacaq, onlar publik neytrallıqlarını qoruyacaqlar".

 

Aleksandr Qabuev: 

"Hazırda Rusiyanın belə resursları yoxdur - Şimali Qazaxıstana, kobud desək,  desant diviziyası atmaq və orda daha bir müharibəyə başlamaq üçün hərbi personalı yoxdur.

Ukraynadakı əməliyyat, yumşaq desək, tam olaraq plana uyğun getmir. Bu həm də Çini qəzəbləndirmək, Qazaxıstanda ikinci cəbhə açmaq və sairə deməkdir.

 Əslində, təsir vasitələri o qədər də çox deyil.

Hazırda Qazaxıstan Rusiyanın maraqlarıyla üst-üstə düşməyən milli maraqlarını müdafiə etdiyi üçün buna sakit reaksiya vermək nisbətən asandır”.

 

Alnur Musayev:

"Hazırda bütün bu aqressiya effektini Ukrayna öz üzərinə çəkib.

Təbii ki, Rusiyanın yeni cəbhələr açmağa kifayət qədər gücü və vasiti yoxdur.

Ancaq Qazaxıstanın şimal ərazilərini ələ keçirməklə və digər məsələlərlə bağlı hədələr illərdir təkrarlanır və təbii ki, bundan sonra da olacaq.

Fikrimcə, şimal ərazilərini zəbt etmək Rusiya üçün, prinsipcə, problem deyil. Millətçilik hissləri olsa belə, bizim əhalimiz - Qazaxıstan xalqı, prinsipcə, çox inertdir.

Mən öz təcrübəmdən dəqiq bilirəm ki, Qazaxıstanın güc strukturları - Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, MTK - hamısı kollektiv şəkildə Rusiyanın nəzarəti altındadırlar.

Təəssüf ki, buna qarşı heç nə etmək mümkün deyil.

Məsələn, müdafiə naziri uzun müddət Rusiyada təhsil alıb, rusiyapərəstdir.

Hətta Tokayevin mövqeyindən asılı olmayaraq da Qazaxıstan güc strukturlarının kadrları daha çox Rusiyanın tərəfini tutmağa, Rusiya siyasətini dəstəkləməyə çox meyllidirlər.

İkinci ciddi faktor budur ki, MDB ölkələrindəki təhlükəsizlik orqanlarının dövlətlərarası strukturları var: Daxili İşlər Nazirləri Şurası, Müdafiə Nazirləri Şurası.

Mən özüm də bu qurumlarda çalışmışam, hər ikisi keçmiş Sovet İttifaqı ərazisində Rusiyanın təhlükəsizlik siyasətinin təbliğiylə məşğuldur. Vəziyyət təxminən belədir”.