"5 gündür saçımı yumağa imkanım yoxdur" - Azərbaycanda müəllimlər iş yükündən şikayətlənir

  • Aygül Mehman
  • BBC News Azərbaycanca, Bakı
müəllimlər Azərbaycan müəllimin səhvi müəllimin videosu yayıldı Gülsüm Biləndərli Vaqif abbasov tarix ibtidai sinif müəllimi

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Azərbaycanda bəzi müəllimlər iş yükünün artmasından şikayətçidirlər.

Azərbaycanda müəllimlərin iş-həyat balansı təmin edilmir, buna səbəb isə iş yükünün çoxluğudur, BBC Azərbaycancaya danışan müəllimlər deyir.

"5 gündür saçımı yumağa imkanım yoxdur. Çalışdığım məktəb də uzaqda yerləşir. Mən bir az da yola vaxt sərf edəndə evə axşam saat 8-də çatıram".

Bunları deyən orta məktəb müəlliməsi Gülsüm Biləndərli bir çox digər müəllimlər kimi, evə qayıtdıqdan sonra Whatsappdan valideynlərə ev tapşırıqlarını göndərir və ya ev tapşırıqlarını yoxlayır və beləcə onun günü başa çatır.

"Siz deyin, müəllimi bu qədər yükləmək olarmı? Təsəvvür edin, biz bədii ədəbiyyat oxumuruq, buna vaxtımız yoxdur," - 30 ildir ki, ibtidai sinif müəllimi işləyən Gülsüm Biləndərli şəxsi inkişafa, maraqlarına vaxt ayıra bilməməsindən şikayətlənir.

Ələt qəsəbəsində yaşayan və tarix müəllimi işləyən Vaqif Abbasov da vaxtdan şikayətçidir: "Əvvəllər may ayında, yay gəlsəydi yorğunluğumuzu alardıq, deyirdiksə, artıq indi sentyabr ayından bunu düşünürük".

"Artıq heç nə motivasiya etmir. Yalnız şagirdlər edir. O da 45 dəqiqə müddətində. Ondan sonra vəziyyət eynidir. Alternativ olsa mən (işimi) dəyişərdim. Maaş baxımından, əsasən mənəvi baxımdan o ağırlıq, dövlət tərəfindən saymamazlıq, hər şeydə cavabdeh, günahkar müəllimi görmək adamı yorur", 18 ildir müəllimlik edən Vaqif Abbasov deyir.

Siniflərdə şagird sayı

Müəllimlərin hər ikisinin narazılığı həm də şagird sayının çoxluğundandır.

"Bunlar kurrikulumu gətirdilər tətbiq etdilər Azərbaycanda. Ancaq kurrikulum nəyi tələb edir? Bax, onu tətbiq etmədilər. Kurrikulum tələb edir ki, sinifdə 15 şagird olsun. Elə olsa müəllim bütün sadaladığımız problemlərin öhdəsindən gələr. Həmin 15 şagirdin də laborantı olur. Lazım olan kağızları, testləri çap edir, lazım olan digər prosesləri idarə edir", - Gülsüm Biləndərli deyir.

"Siniflərdə uşaq çoxdur, 35-36 nəfər olur. Oturub jurnal yazsan uşaqlar qışqırırlar, başları qarışır bir-birinə və dərs pozulur. Sözsüz ki, buna görə də çox hallarda tənəffüs vaxtı və ya dərsdən sonra oturub yazırsan, əgər dərs vaxtı yazı yazsan dərsə vaxt qalmayacaq", - Vaqif Abbasov da bənzər narahatlığını bölüşür.

İbtidai sinif müəllimlərinin işini çətinləşdirən məsələlərdən birinin də uşaqların yaş məsələsi olduğunu vurğulayan Gülsüm xanım "proqram ağırdır, bu proqramı o yaşda uşaqlara mənimsədə bilmirik" deyir.

"Biz bir 45 dəqiqədə dərsi keçməliyik - materialı uşaqlara çatdırmalıyıq, jurnalda qeydləri aparmalıyıq, dövlətin verdiyi jurnalda tarixləri yazmalı, dərsə davamiyyəti yoxlayıb, qeyd etməliyik. Bizə formativ jurnal yükləyiblər onu doldurmalıyıq. Lazımsızdır. O jurnalda uşaqların səviyyəsini yazmağımızı istəyirlər. Onu da yazırıq. Məndə indi sinifdə 24 uşaq var. Bu ən yaxşı hallardan biridir. İndi siniflərdə 40-42 uşaq oturur. Özünüz düşünün. Müəllim nəyi çatdıra bilər?" - Gülsüm Biləndərli sual edir.

Gülsüm Biləndərli bütün bu problemlərin mövcudluğunu "təhsil sisteminin düzgün qurulmaması" ilə izah edir.

Azərbaycan Təhsil Nazirliyi deyir ki, qiymətləndirmənin təşkili "dərs prosesinin tərkib hissəsidir".

"Adətən müəllimlər əvvəllər istifadə etdikləri qiymətləndirmə vasitələrindən ibarət blank hazırlayıb lazımi vaxtlarda həmin test və tapşırıqlardan istifadə edirlər. Müəllimlər tədris prosesində illik olaraq perspektiv plan, gündəlik olaraqsa cari plan hazırlayır, sinif jurnalında və məktəbli kitabçasında qeydlər, bölmələrin və yarımilin sonunda isə qiymətləndirmələr aparır", - nazirlik BBC-yə deyib.

Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir. Qərara əsasən, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri üzrə siniflərdə şagird sayı 20 nəfərdən az olmamalıdır. Lakin, bu rəqəm təmayül siniflərdə 15-20 arasında dəyişir. Siniflərdə şagird sayı az olduqda isə onların sayı 18 nəfəri keçməmək şərtilə iki sinif birləşdirilə bilər.

"Bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə sinif otağının ölçüsü imkan vermədikdə, həmin sinif üzrə ikinci paralel sinif təşkil edilir" - qərarda bildirilir.

Maaşlar

Müəllim Azərbaycan müəllimi müəllimlərin problemləri

Şəklin mənbəyi, Getty Images

Vaqif müəllim də, Gülsüm müəllimə də maaşlarının azlığından narazıdır.

"...indi müəllimin maaşı aşağılayıcı maaşdır. Mənim valideynlərim Sovet vaxtında məzuniyyətə çıxırdılar. İstirahətə gedib qayıdırdıq, pulumuz qalırdı. Biz indi məzuniyyət pulumuzla heç yerə gedə bilmərik", Gülsüm Biləndərli deyir.

Azərbaycan məktəblərində müəllimlərin əmək haqqı onların stajına uyğun hesablanır.

Vaqif Abbasov deyir ki, staj kateqoriyalarının arasında bu fərq ümumilikdə 50 manatdan çox deyil.

Vaqif Abbasovun 18 ildən çox təcrübəsi olduğu üçün yeni müəllimlərə nisbətən onun məvacibi daha "çoxdur" - yəni, o, hər bir 45 dəqiqəlik dərs üçün təxminən 27 manat əməkhaqqı alır.

Müəllimlər bildirirlər ki, əlavə gördükləri işlərə görə heç bir ödəniş hesablanmır.

İnkişaf etmiş Qərb ölkələrində müəllimlərin və digər hər sahə üzrə işçilərin hüquqları üçün mübarizə aparan həmkarlar ittifaqları var və onlara qoşulmaq könüllüdür. Məsələn, İngiltərədə on minlərlə üzvləri olan belə təşkilatlar müəllimlərin maaşlarının müəyyənləşməsi ilə bağlı hökumətlə danışıqlarda iştirak edir.

Vagif Abbasov deyir ki, maaşının 2 faizi həmkarlar ittifaqına üzvlük haqqı üçüb tutulur, amma "ortada heç nə yoxdur".

"Həmkarlar ittifaqı pozulan hüquqlarımızı qorumur" - hər iki müəllim müsahibə zamanı vurğulayır.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyir ki, indiyədək müəllimlərdən əmək hüquqlarının pozulması ilə bağlı onlara "heç bir şikayət daxil olmayıb".

O deyir ki, belə bir şikayət olarsa qurum "dərhal" ona münasibət bildirər: "Konkret olaraq bir şikayət görməmişəm deyəm ki, bir şikayət olub, ona cavab verilib və ya verilməyib".

O deyir ki, əməkçilərin hüquqlarının qorunması ilə bağlı qurumun üzərinə düşən vəzifələr çox yüksək səviyyədə görülür.

BBC-yə danışan müəllimlərsə deyir ki, əvvəllər həmkarlar ittifaqının göndərişi ilə sanatoriyalara, kurortlara gediblər, müalicələr alıblar, indi isə bunların heç birindən faydalana bilmirlər.

"Müəllim həftədə ən çox 36 saat işləməlidir"

Azərbaycanda müəllimlərin iş saatları onların dərs yükünə bərabərdir. Yəni, müəllimin nə qədər dərs saatı varsa, o qədər də iş yükü var.

Təhsil müəssisələrinin pedaqoji heyətinin dərs yükü normalarının müəyyən edilməsi haqqında Nazirlər Kabinetinin qərarına əsasən, ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, eləcə də peşə məktəb və liseylərində müəllimlərin bir stavka dərs yükü 18 saat olaraq müəyyənləşdirilib.

Lakin müəllimlərin diaqnostik qiymətləndirməsindən yaxşı qiymət alan şəxslər azı 18 saat və məktəbdə müəllimlərin, eləcə də siniflərin sayından asılı olaraq daha artıq dərs saatları götürə bilərlər.

Hüquqşünas Araz İsmayılov deyir ki, Əmək Məcəlləsində gündəlik normal iş vaxtı 8, həftəlik normal iş vaxtı isə 40 saatdan artıq ola bilməz, lakin müəllimlərin iş saatı məsələsi "istisnadır".

"Müəllimlər yüksək həssaslıq, həyəcan, zehni, əsəb gərginliyi olan iş gördükləri üçün onların iş vaxtı həftə ərzində 36 saatdan çox olmamaq şərti ilə qısaldılmış iş vaxtı sayılır. Yəni, müəllimlərə həftə ərzində 36 saatdan çox olmamaq şərti ilə qısaldılmış iş vaxtı müəyyənləşdirilir. Nəzərə alsaq ki, ölkədə 6 günlük məktəblər də var. Buna görə də 6 günlük iş həftəsində gündəlik iş saatı 6 saatdan, 5 günlük iş həftəsində isə gündəlik iş saatı 7 saatdan artıq ola bilməz," - hüquqşünas izah edir.

"Bunlar həftəlik iş saatları baxmından ümumi məhdudiyyətlərdir" - cənab İsmayılov vurğulayır.

10 ildir ki, "vəziyyət belədir"

Bizə danışan müəllimlər deyirlər ki, onların iş yükü yeni kurrikulumdan sonra - təxminən 10 ildir ki, artıb.

Vaqif Abbasov deyir ki, iş yükünün artması "bürokratiya, hesabatlar, statistika məsələsi və digər heç bir məntiqə uyğun olmayan məsələlər hesabına" baş verib.

"Sentyabrda tədrisə gec başlandığı üçün qış tətilini ləğv etdilər. Ancaq qış tətili lazımdır ki, şagird də, müəllim də istirahət etsin, bir qədər özünə gəlsin. Onsuz da müəllimlər istirahət etmirlər. Ancaq heç olmasa səs-küydən özlərinə gələrdilər. Şagirdlərin özləri də dincəlməlidir, gün ərzində bir şagird maksimum üç qiymətləndirmədə iştirak edə bilər. Lakin faktiki olaraq bu 4 olur, hətta 5 qiymətləndirmə olur.

Ancaq burada müəllimi də günahlandırmaq olmaz ki, nə üçün bu qədər çox qiymətləndirmə aparılır, çünki cədvəl elə qurulub ki, üst-üstə düşür. Desək ki, mən bir şagirdə gələn həftə qiymətləndirmə edim, bu gün 3-dən çox olmasın qiymətləndirməsi, bu, mümkün olmayacaq. Çünki qiymətləri artıq yazmalısan ki, hesabatları nazirliyə göndərilsin. Belə məsələlər - yəni, səriştəsizlik, əsas vurğunun keyfiyyətə yox, kəmiyyətə hesablanması da iş yükünü artıran səbəblərdəndir", - müəllim deyir.

"Adicə istirahət etmək hüququmuz var bizim. Heç kim, cavabdeh olanlar belə bu barədə heç nə danışmır. Müəllimləri məcburi təlimlərə cəlb edirlər. Bu təlimlərin hamısı yox, ancaq əksəriyyəti faydasızdır. Soruşan yoxdur ki, bəs, bu müəllimin özü hansı təlimləri keçmək istəyirmi? Bizim ezamiyyət məsələmizi götürək. Yay aylarında heç olmasa dövlət tərəfindən kömək olsa, müəllim öz sahəsində seçdiyi yerlərə gedər. İndi isə hər şey "quş qoymaq xətrinə" edilir" - Vaqif Abbasov əlavə edir.

Təhsil Nazirliyi bildirir ki, müəllimlər üçün dövlət hesabına ixtisasartırma təlimləri onların "ümumi ehtiyaclarına və dövrün tələbinə uyğun olaraq" hazırlanır.

Müəllimin öz istədiyi təlimlərə gəlincə isə onlar əlavə təhsil müəssisələrinin təklif etdiyi proqramlarda, nazirliyin dediyinə görə, "ödənişli əsaslarla" - yəni öz büdcələrinin hesabına iştirak edə bilərlər.