Şuşa-Xankəndi yolunda azərbaycanlıların aksiyası: Qərb Azərbaycanı "yolu açmağa çağırır"

Etiraz aksiyası

Şəklin mənbəyi, @OS26

Şuşa yaxınlığında Xankəndiyə gedən yolun üzərində azərbaycanlıların etiraz aksiyası üçüncü gündür ki, fasiləsiz davam edir.

Aksiya nəticəsində yerli erməni icmasının Stepanakert adlandırdığı Xankəndiyə gediş-gəliş bağlanıb, yerli erməni mənbələri xəbər verir. Xankəndi-Yerevan arasında yolun bağlanmasının humanitar böhrana səbəb ola biləcəyini deyiblər və Azərbaycanı erməni əhalinin yolunu bağlamaqda ittiham ediblər. ABŞ, Fransa, Avropa İtifaqı Azərbaycandan Xankəndiyə gedən yolu açmağını istəyiblər.

Azərbaycan Prezidentinin köməkçisi bildirib ki, Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb.

"Ermənistan tərəfinin guya Laçın yolunun bağlanması, bölgədə humanitar fəlakət yaşanması, etnik təmizlənmə həyata keçirilməsi barədə iddialarını qətiyyətlə rədd edirik", - Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri "talan edilmiş təbii sərvətlərin qanunsuz daşınmasının qarşısını almağa çalışır" və mülki təyinatlı digər nəqliyyat vasitələrinin hərəkəti məsələlərinə "qarışmırlar".

Rusiya yolun onlar tərəfindən bağlanması ittihamını rədd edərək bunu Azərbaycanın etdiyini deyib.

Azərbaycana çağırışlar

Fransa XİN-i Laçın dəhlizi boyunca nəqliyyatın hərəkətini bərpa etməyə çağırıb. Avropa İttifaqı (Aİ) Laçın dəhlizi ətrafında baş verənlərin narahatlıqla izlədiyini bildirir. Bu barədə Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik üzrə Ali Nümayəndəliyinin açıqlamasında deyilir.

"Aİ Azərbaycan hakimiyyətini 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq dəhliz boyunca hərəkət azadlığını və təhlükəsizliyini təmin etməyə çağırır".

Qurumun açıqlamasına əsasən, bu cür hallar maraqlı tərəflərlə dialoq və məsləhətləşmələr yolu ilə həll edilə bilər və həll edilməlidir.

ABŞ Dövlət Departamentinin sözçüsü bildirib ki, Laçın dəhlizinin bağlanması ciddi humanitar nəticələrə malikdir və sülh prosesini ləngidir. "Biz Azərbaycan hökumətini dəhliz boyu sərbəst hərəkəti bərpa etməyə çağırırıq. İrəliyə doğru yol danışıqlardan keçir", - Ned Price Twitter hesabında yazıb.

APA

Şəklin mənbəyi, APA

Rusiya sülhməramlı kontingentinin komandanlığı çərşənbə axşamı günü yaydıqları xəbər bülletenində avtomobil yolunun "dekabrın 12-də Azərbaycan tərəfindən kəsildiyini" bildirib.

"Rusiya sülhməramlı kontingentinin komandanlığı Stepanakert-Qoris yolu ilə mülki avtomobillərin maneəsiz hərəkətini bərpa etmək üçün Azərbaycan nümayəndələri ilə danışıqlar aparır", Rusiya Müdafiə Nazirliyinin saytında yazılıb.

Xankəndinə "qaz kəsilib"

Separatçı "Dağlıq Qarabağ Respublikasının informasiya qərargahı" Azərbaycan tərəfindən "Artsaxa qazın ötürülməsinin" dayandırıldığını bildirib.

Hərçənd ki, "Azəriqaz" "sözügedən məsələ ilə heç bir əlaqəsi" olmadığını bildirib.

"Belə ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə qaz təchizatı Ermənistan tərəfindən həyata keçirilir və sözügedən ərazilər ölkəmizin qaz təchizatı sisteminə inteqrasiya olunmayıb".

Şuşa yolu

Şəklin mənbəyi, Azertag

Separatçı "Dağlıq Qarabağ Respublikasının informasiya qərargahı" onu da bildirib ki, Mets Şen [Böyük Qaladərəsi-red.], Yeğtsahoğ [Sarıbaba-red.] və Lisaqor [Turşsu] kəndləri "faktiki blokadaya düşüb", bu yaşayış məntəqələrinə "ərzaq, xüsusən çörək və un, eləcə də başqa zəruri malların çatdırılması mümkün deyil".

Qərargah yolun həmçinin "təcili xidmətlər nəqliyyatı üçün bağlı" olduğunu bildirib.

Laçın dəhlizinin bağlanması ilə bağlı Ermənistan Xarici İşlər Nazirliyi xüsusi bəyanatla çıxış edib, BMT Təhlükəsizlik Şurası, Minsk Qrupu həmsədr ölkələri və üzvləri, beynəlxalq ictimaiyyətin diqqətini regionda "miqyaslı humanitar faciə təhlükəsi yaranmasına" çəkib.

"Laçın dəhlizinin bağlanmasına təbliğat hazırlığı bir neçə ay bundan əvvəl başlanıb və aydındır ki, bu təxribat Dağlıq Qarabağı Ermənistan Respublikasından və xarici aləmdən kəsmək məqsədilə Azərbaycan dövlət orqanları tərəfindən təşkil edilib", - Ermənistan XİN-in bəyanatda deyilir.

Ermənistan XİN-i Azərbaycanı 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatın 6-cı maddəsinə əməl etməməkdə ittiham edib.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistan hökumətinin "Azərbaycan əraziləri daxilində baş verən hadisələrə verdiyi şərhlərini Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının hələ də davam etdiyinin göstəricisi olması" kimi xarakterizə edib.

O bildirib ki, belə bəyanatlar Ermənistan Baş nazirinin Praqa və Soçidə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi üzrə bir daha qəbul etdiyi öhdəliklərə zidddir.

Aksiya necə başlayıb?

Dekabrın 12-də bəzi qeyri-hökumət təşkilatı üzvləri Şuşa-Xankəndi yolunda, Rusiya sülhməramlıların postu ilə üzbəüz çadır quraraq etiraz aksiyasına başlayıblar. Onlar Qarabağda yerləşən bəzi faydalı qazıntı yataqlarının istismarının qarşısının alınmasını tələb edirlər.

Azərbaycanlı mütəxəssislərin dekabrın 10-da Rusiya sülhməramlılarının məsuliyyət zonasında "faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarının monitorinqi"ni aparması əvvəldən razılaşdırılsa da, şənbə günü onların bu təşəbbüsünə "maneə törədilib" və buna görə Azərbaycan Rusiyaya nota verib, Azərbaycan Xarici İşlər Nazirliyi bildirib.

Bundan əvvəl azərbaycanlı mütəxəssislər Rusiya sülhməramlılarının məsuliyyət zonasında kontingentin rəhbərliyi ilə görüşərək monitorinq üçün "yol marşrutunu" müəyyənləşdirmişdi, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirmişdi.

Separatçı "Dağlıq Qarabağ Respublikasının informasiya qərargahı" bazar ertəsi yaydığı məlumatda azərbaycanlıların aksiyasını "aqressiv və destruktiv davranış" kimi qiymətləndirərək bunu "qəbuledilməz" sayıb və yerli rəhbərliyin Rusiya sülhməramlı kontingentinin komandanı ilə əlaqə saxladığını və "vəziyyəti həll etmək üçün bütün mümkün tədbirlərin görüldüyünü" açıqlayıb.

rus sülhməramlılar

Şəklin mənbəyi, APA

Şuşa-Xankəndi yolunda nə baş verir?

AzTV-nin aksiyadan yaydığı video görüntülərdə aksiyaçılar azərbaycan və rus dilində çıxış edərək Rusiya sülhməramlılarının məsuliyyət bölgəsində olan yataqların istismarına son verilməsini tələb ediblər. Onlar ara-sıra "Ekoloji terrora son!" şüarını səsləndiriblər.

Aksiya iştirakçılarının qarşısını kəsən Rusiya sülhməramlıları bir qədər əvvəl modul tipli kazarmalar quraşdırıblar, APA xəbər verir.

Separatçı "Dağlıq Qarabağ Respublikasının İnformasiya Mərkəzi"nin məlumatına görə, Qarabağı Ermənistanla və ümumiyyətlə, xarici aləmlə birləşdirən yeganə Stepanakert (Xankəndi)-Qoris-Yerevan yolu bağlıdır.

Qarabağdan Ermənistana yollananlar Şuşa ilə Laçın arasında Lisaqor (Turşsu) kəndi yaxınlığında gecələyəsi olublar, məlumatda deyilir.

Ermənistandan Qarabağa gedənlər isə Qorisdə gecələyiblər, xəbərdə deyilir.

Şuşa

Şəklin mənbəyi, AzTV

Aksiya harda keçiriılir?

Avqustun 30-dan Qarabağı Ermənistana birləşdirən Laçın dəhlizinin marşrutu dəyişib. Yol hazırda Laçın şəhərindən yan keçir. Qarabağdan Ermənistana yollanan nəqliyyat Laçın ərazisinə daxil olmur. Yolun yeni hissəsi Xankəndi-Laçın yolunun 36-cı kilometrliyindən başlayır, Laçından şərq istiqamətində dönür və Laçın ərazisini dolanıb Zabux kəndi yaxınlığında əvvəlki marşruta birləşir. Yola Rusiya sülhməramlıları nəzarət edir.

Azərbaycanlıların aksiyası keçirilən Turşsu kəndi Şuşa ilə Laçın yaxınlığındakı yolayrıcısı arasında yerləşir və Qarabağdan Ermənistana və Ermənistandan Qarabağa hərəkət edən nəqliyyat vasitələri buradan başqa heç bir yerdən keçə bilməzlər.

Azərbaycan tərəfi nə deyir?

Çərşənbə axşamı Azərbaycan Xarici İşlər Nazirliyində diplomatik korpusla görüşən Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib ki, Şuşada etirazçıların tələbləri qanunidir və "qeyri-qanuni heç nə istəmirlər", Azərtac yazıb.

İnformasiya Agentliyinin məlumatına görə, Hikmət Hacıyev bildirib ki, onlar Rusiya sülhməramlılarına məktublar yollayıblar: "Onların komandanı ilə əlaqə saxlayırıq", - o deyib.

APA yazır ki, Hikmət Hacıyev "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqları qeyri-qanuni istismarın intensivləşdiyini vurğulayıb.

O bildirib ki, Rusiya sülhməramlılarının rəhbərliyi ilə Xocalıda baş tutmuş ilk görüşdə müvafiq qurumların "Qızılbulaq"da monitorinqinin aparılması razılaşdırılmışdı: "Bu qeyri-qanuni fəaliyyət dayandırılmalı, ətraf mühitə dəymiş zərər qiymətləndirilməli və müvafiq proqram hazırlanmalıdır", - xəbərdə bildirilir.

Erməni tərəfi nə deyir?

Dekabrın 13-də separatçı "DQR prezidenti" Arayik Harutyunyanın sədrliyi ilə separatçı "DQ Təhlükəsizlik Şurası"nın iclası keçirilib və "Azərbaycanın Artsaxı xarici dünya ilə birləşdirən dəhlizin blokadası nəticəsində yaranmış hərbi-siyasi vəziyyət" müzakirə olunub. Dəhlizin "arasıkəsilmədən işləməsinin 9 (10) noyabr üçtərəfli Bəyanat əsasında" təmin olunduğu və "müddəalarının növbəti dəfə Azərbaycan tərəfindən pozulduğu" vurğulandığı bildirilir.

Ermənistan insan haqları müdafiəçisi (ombudsman) Kristine Qriqoryan Laçın dəhlizində vəziyyət barəsində "müvafiq beynəlxalq təşkilatlara məlumat verib, Azərbaycan tərəfindən yeridilən soyqırımı siyasəti və insan haqlarının arasıkəsilmədən pozulmasına son qoymağı tələb etməyə çağırıb", Ombudsman aparatının yaydığı xəbərdə bildirilib.

Ermənilər keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisini Artsax adlandırırlar. Azərbaycan "Dağlıq Qarabağ" adlı inzibati ərazi vahidinin ləğv edilərək ordakı ərazilərin Qarabağ iqtisadi rayona birləşdiyini bəyan edib.

Şuşa yaxınlığında etiraz aksiyası

Şəklin mənbəyi, İctimai TV

Aksiya gecə boyu davam edib

İctimai TV-nin etiraz aksiyasından gecə boyu verdiyi canlı yayımında aksiyaçıların tonqal ətrafında toplaşdığı, mahnı oxuduğu, rəqs etdiyi görünür.

Azərtac xəbər verir ki, Qarabağın şəhər və kəndlərində müxtəlif bərpa-quruculuq layihələrində çalışan Türkiyə vətəndaşları da aksiyaya qoşulub: "Aksiyanın keçirildiyi ərazidə Azərbaycan və Türkiyə bayraqları qaldırılıb".

Azərbaycan Prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, 12 dekabrda Rusiya Prezidenti Vladimir Putin Prezident İlham Əliyevə zəng edib. Prezidentlər "2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr, həmçinin bu il 31 oktyabr tarixli razılaşmalarının reallaşdırılmasının bəzi praktiki aspektləri, o cümlədən Cənubi Qafqazda iqtisadi və logistik əlaqələrin bərpası planları müzakirə edib", - Azərtac yazıb.

Şuşa

Şəklin mənbəyi, AzTV

Bazar ertəsi nə baş verib?

200-ə yaxın şəxs Şuşadan Xankəndinə gedən yolun üzərində yerləşən Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan postun qarşısına toplaşaraq azərbaycanlı mütəxəssislər qrupunun Qarabağdakı qızıl, mis-molibden yataqlarının istismarı ilə bağlı yoxlama aparmasına yaradılan maneəyə etiraz edir, Azərbaycan mediası xəbər verir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bazar ertəsi verdiyi açıqlamasında deyilir ki, bu etirazların "əsas tələbi yataqların istismarının dayandırılması, dəymiş zərərin qiymətləndirilməsinə şərait yaradılmasıdır".

Aksiyadan canlı yayım verən AzTV bildirib ki, rus sülhməramlılar əraziyə gedib müşahidə aparmaq istəyənlərin qarşısını alaraq, "prosesi əngəlləyir".

AzTV-nin verdiyi video görüntülərdə Azərbaycan vətəndaşlarının rus sülhməramlıları ilə üz-üzə dayandığı, onların postu yaxınlığında çadır qurduğu, o cümlədən Rusiya sülhməramlıları tərəfdə olan ərazidə hərbi texnikanın yerləşdirildiyi görünür.

Məsim Məmmədov və Andrey Volkov

Şəklin mənbəyi, APA

Buna qədər nə olub?

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə mediaya açıqlamasında bildirib ki, dekabrın 10-da Rusiya sülhməramlı kontingentinin (RSK) müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntıların "qanunsuz istismar olunduğu" Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına Azərbaycan nümayəndələrinin səfər etmək cəhdinə "maneə törədilib".

RSK-nın "heç bir tədbir görməməsi fonunda, yerli sakinlərin əvvəlcədən planlaşdırılmış aksiyası səfərə mane olub", - Hacızadə vurğulayıb.

Bu vəziyyətlə əlaqədar, Azərbaycan XİN-i "Rusiya tərəfinə müvafiq nota təqdim edib", - XİN rəsmisi bildirib.

Ayxan Hacızadə xatırladıb ki, Bakı RSK-nın müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarının qarşısının alınması və ekologiyaya mənfi təsirin nəticələrinin aradan qaldırılması məqsədilə RSK komandanlığına "dəfələrlə müraciət edib".

"Bir çox hallarda, Azərbaycan tərəfinin bu müraciətlərinə cavab verilməyib", deyən XİN rəsmisi qeyd edib ki, həmçinin RSK tərəfindən Azərbaycanın təbii sərvətlərinin "qanunsuz istismarının qarşısının alınması üçün heç bir tədbir görülməyib".

Onun sözlərinə görə, Azərbaycan nümayəndələrinin qeyd edilən yataqlara maneəsiz girişinin təmin edilməsinə "bir daha çağırış edilib".

Belə səfərə "maneçilik törədilməsinin və ya hər hansı bir şərt irəli sürülməsinin qəbuledilməz" olduğu vurğulanıb, RSK-nın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə "ciddi riayət etməsinin zəruriliyi diqqətə çatdırılıb", - Azərbaycan XİN rəsmisi qeyd edib.

Ermənistan mediasının məlumatına görə, Azərbaycan nümayəndələrinin qeyd olunan yataqlara yolunu "mədən əməkdaşları və yaxınlıqdakı yaşayış məntəqələrinin sakinləri bağlayıblar".

"Aparılmış danışıqlar nəticəsində mədənlərə planlaşdırılmış baxışın dayandırılması və əlavə müzakirələrdən sonra məsələni həll etmək qərara alınıb", - erməni mediası bildirib.

Hərbçi, media və rəsmilər

Şəklin mənbəyi, AZTV

Qarabağda rus sülahməramlılarının məsuliyyət bölgəsində "ilkin monitorinq" razılaşdırılmışdı

Azərbaycan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdə faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarı ilə bağlı ilkin monitorinqlərə başlayır, İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir neçə gün əvvəl yaydığı birgə məlumatında deyilirdi.

Dekabrın 3-də azərbaycanlı mütəxəssislər Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə faydalı qazıntıların "qanunsuz istismarı"na dair nəzarət məsələlərini müzakirə ediblər.

Dekabrın 7-də bu məsələ Xocalıda rus hərbçilərilə ikinci dəfə müzakirə olunub.

"Monitorinq zamanı faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış və müxtəlif istiqamətlər üzrə monitorinq, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi nəzərdə tutulub", - İqtisadiyyat Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə məlumatında deyilirdi.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) bildirmişdi ki, monitorinq dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsidir.

"Dekabrın 10-dan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlayır".

Hərbçilər

Şəklin mənbəyi, Azertag

Rusiyanın mövqeyi nədir?

Dekabrın 7-də Xocalıda keçən görüşdən əvvəl Rusiya sülhməramlı qüvvələrinin başçısı jurnalistlərin iştirak etmək xahişini rədd edib.

"Mən də hər şeyi oxuyuram, görürəm, diskreditasiya gedir", - general Andrey Volkov deyib. Buna cavab olaraq jurnalistlərdən biri "belə çıxır ki, sülhməramlı kontingent öz səlahiyyətlərini aşır" deyə reaksiya verir, sosial mediada yayılan görüntülərdə eşidilir.

Bundan əvvəl general Volkov Ermənistanla Azərbaycanı birləşdirən yolda nəzarət formalarını şərh edib. "Azərbaycan tərəfi ilə ilk postumuzda bir növ mini-gömrük postunun yaradılması, xüsusi texnikanın tədarükü ilə bağlı qərar qəbul edilib...", - rusiyalı generalın dedikləri İctimai TV kanalında yayılan videoda əks olunur.

Andrey Volkovun müsahibəsi "Dağlıq Qarabağ parlament" üzvlərinin tənqidinə tuş gəlib. Generalla görüş vaxtı onlar "buna imkan verməyəcəklərini" deyiblər.

Azərbaycanla Rusiya sülhməramlı qüvvələrinin komandanlığı arasında ilk müzakirələr dekabrın 3-də keçirilib.

Həmin gün Azərbaycandan olan mütəxəssis qrupu "Xankəndi ilə Şuşa şəhəri arasında yerləşən Rusiya sülhməramlı qüvvələrinin nəzarət-buraxılış məntəqəsinə" yaxınlaşmışdı.

Ermənistan mediası bundan sonra separatçı "Dağlıq Qarabağ Respublikasının informasiya qərargahının" məlumatına istinadən Şuşa-Daşaltı hissəsində "Stepanakert-Qoris yolunun" bir müddət bağlı qaldığını bildirib. Ermənilər Xankəndini Stepanakert adlandırırlar.

"Bildirilir ki, Azərbaycan tərəfi ilə üç saatdan çox davam edən danışıqlar müsbət nəticə verib. Artsaxı [Ermənilər keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olan ərazini belə adlandırırlar - red.] Ermənistanla birləşdirən yeganə magistral yolu hər iki istiqamətdə bütün növ nəqliyyat vasitələri üçün açıqdır", - separatçı "Dağlıq Qarabağ Respublikasının informasiya qərargahı" bildirib.

Bundan əvvəl Azərbaycan ərazidə "qeyri-leqal" iqtisadi fəaliyyətlərlə bağlı "əmlakın inventarizasiyası və ekoloji araşdırma işlərinin aparılması" üçün yol xəritəsi hazırlamağa başlayıb, ETSN bildirib.

Son vaxtlar Bakı ilə Yerevan bir-birini sərhəddə atəşkəsi pozmaqda ittiham edir. O cümlədən, Azərbaycan son günlərdə Qarabağdakı Rusiya sülhməramlılarının məsuliyyət zonasında yerləşən erməni hərbçilərinin Azərbaycan hərbi mövqelərinə atəş açması ilə bağlı məlumatlar yayır.