Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook
adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

GÖRƏN, MƏNİ «QƏBƏLƏ»YƏ BAŞ MƏŞQÇİ GÖTÜRƏRLƏR?! - Aqil ABBAS yazır

AQİL ABBAS
589 | 2024-04-09 13:10

Özü də klubun   prezidenti kəndçimdi, dostumdu, bəzən məni oyunlarını  izləmək üçün Qəbələyə də  dəvət edir, hərdən də  zəngləşirik,  hal-əhval tuturuq. 

Futbol ictimaiyyəti də  məni yaxşı tanıyır, bilirlər ki, futbolu Foqtsdan, De Byazidən, Mutudan, indi də Bojoviçdən  yaxşı  bilirəm. Uzun illər də  «Qarabağ» komandasının  yanında olmuşam. Futbolun sirlərini də onda öyrənmişəm. Azərbaycanın  məşhur  məşqçiləri Qurban Qurbanovla, Rəşad Sadıqovla, Tərlan Əhmədovla da dostam. 

Gedib Gürcüstandan Kaxaber Tsaxadadzeni (rəhmətliyin oğlunun familiyasını, bağışlayın e, soyadını düzgün yazmaq üçün gərək iki dəfə “Qol.az”a girəsən) yalvarıb gətirməkdənsə, elə məni çağırın də, qardaş. Mövsümün sonunda Kaxaber  gedib Gürcüstan  çayxanalarında nə qədər itdöyən futbolçu var  bir “Kamaz”a yükləyib  gətirəcək «Qəbələ»yə. Necə ki vaxtilə  bunu «Bakı» komandasında elədi, onda limit yox idi, meydançaya  on legioner buraxırdı. Və bir dəfə də təsadüfən çempion oldu. Yaxşı məşqçi  olsa Gürcüstan onu  buraxmazdı.

Həm də Kaxaberdən  bir üstünlüyüm var. Mənə tərcüməçi lazım olmayacaq. Bundan başqa da mən ixtisasca dil-ədəbiyyat müəllimiyəm. Üç-dörd ayın içində “Qəbələ”dəki legionerlərə dərs keçib Azərbaycan dilini elə öyrədəcəm ki, dilimizdə bülbül kimi cəh-cəh vuracaqlar. Və onlara da tərcüməçi lazım olmayacaq. Görün klub nə qədər pula qənaət edəcək. 

Və həm də mən söz verirəm ki, Kaxaber kimi etməyəcəm, yəni gedib Ağdamdan, Qarabağdan heç bir mikroavtobus da oyunçu  yığıb gətirməyəcəm, qəbələlilərin özlərini  yetişdirəcəm, gül kimi akademiyası var. Gül kimi  infrastrukturu, stadionları var.

Kaxaber gələndən deyəsən  yeddi oyunun altısını  uduzub, birini də heç-heçə edib. Uduzmaq  uduzmaqdı, elə mənimlə  uduzarlar. Heç olmasa uduzandan sonra  ürəyim  yandığından futbolçuları  başıma yığıb bir ağlayaram da.  
Amma onu da deyim ki, uduzmaram. 

Dostum Fariz Nəcəfov, bax gör neynəyirsən! 

TƏQVİM / ARXİV