Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook

Accessibility links

Riçard Kazlariç: Stoltenberqin səfəri NATO-nun Cənubi Qafqaza marağının göstəricisidir


Riçard Kazlariç: Stoltenberqin səfəri NATO-nun Cənubi Qafqaza marağının göstəricisidir
please wait

No media source currently available

0:00 0:09:20 0:00

NATO-nun baş katibi Yens Stoltenberq bu həftənin əvvəli Azərbaycan, Gürcüstan və Ermənistana səfəri zamanı bildirib ki, Cənubi Qafqazda sülh və sabitlik daha geniş mənada təhlükəsizlik üçün mühümdür. Stoltenberq Bakıda prezident İlham Əliyevlə görüşü zamanı Azərbaycanın alyansla əməkdaşlığına yüksək qiymət verdiyini qeyd edib və Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsinin vacibliyini vurğulayıb. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kazlariç Amerikanın Səsinə müsahibədə NATO baş katibinin regiona səfəri və Azərbaycan və Ermənistan arasında sülh prosesi haqda danışıb.

Amerikanın Səsi: NATO-nun baş katibi Yens Stoltenberq alyansın Cənubi Qafqaz ölkələrinə dəstəyini bir daha təsdiqləmək üçün Azərbaycan, Ermənistan və Gürcüstana səfər edib. Səfər zamanı o bildirib ki, Qafqazda sülh və sabitlik daha geniş mənada təhlükəsizlik üçün mühümdür, NATO üçün vacibdir. Sizin fikrinizcə, səfərin məqsədi nə idi? Bu səfər nə dərəcədə əhəmiyyətli idi? NATO-nun regiondakı məqsədləri barədə nə deyə bilərsiniz?

Riçard Kazlariç: NATO baş katibinin səfəri həmişə önəmlidir. Mən onun və ya [digər] baş katibin Cənubi Qafqaza sonuncu dəfə nə vaxt gəldiyini xatırlamağa çalışıram. Bilirsiniz ki, onun təmsil etdiyi təşkilat, indi Finlandiya və İsveçin daxil olduğu bu kollektiv təhlükəsizlik sazişi Ukraynanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunmasında çox fəal iştirak edir.

Bu, önəmli bir səfərdir. Fikrimcə, o, Norveçin energetika naziri olarkən Azərbaycana gedib. Mən orada olduğum vaxtı xatırlamağa çalışıram. Amma dediyim kimi, o, yaxın zamanlarda orada olmayıb.

Yəni bu, NATO-nun Cənubi Qafqaza marağının göstəricisidir. Səfərin təşkili və vaxtı baxımından bundan kənarda nə qədər məqsəd olduğunu bilmirəm. Düşünürəm ki, o, Avropa İttifaqı, ABŞ kimi, Avropanın ayrı-ayrı dövlətləri kimi Cənubi Qafqazda sabitlik və sülhə görə çox narahatdır, Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatların yenidən başlanmasından narahatdır və bu da heç kəsin marağında deyil.

Bununla belə, münaqişənin sülh yolu ilə həllinə alyansın dəstək verməsindən başqa münaqişə ilə bağlı NATO-nun konkret roluna dair hər hansı plandan xəbərim yoxdur.

Amerikanın Səsi: NATO-nun baş katibi səfəri zamanı Ermənistan və Azərbaycanın uzun illər davam edən münaqişədən sonra davamlı sülhə nail olmaq imkanı olduğunu bildirib. Prezident Əliyev Ermənistanla sülh danışıqlarının fəal mərhələdə olduğunu və iki ölkənin sülhə həmişəkindən daha yaxın olduğunu bildirib. Siz iki ölkə arasında sülh perspektivləri haqqında nə düşünürsünüz?

Riçard Kazlariç: Bilirsiniz, mən prezident Əliyevin söylədiklərini onun nəzərdə tutduğundan artıq təhlil etməyə çalışmıram. Amma düşünürəm ki, son döyüşlərdən sonra müzakirələrin davam etməsi hər iki tərəfin sərhəd məsələlərinin həllinin ikitərəfli prosesdə çox vacib növbəti addım olduğunu qəbul etdiyini göstərir.

Mən tezliklə sülh sazişinin olacağını deyə biləcəyimə əmin deyiləm. Ümid edirəm ki, mən səhv edirəm. Mən sadəcə olaraq bunun tezliklə baş verəcəyini söyləmək üçün kifayət qədər işin görüldüyünü düşünmürəm. Mən prezident Əliyevin əvvəllər dediklərinə baxıram: Əgər Ermənistan Azərbaycanın bütün şərtlərini, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı məsələləri qəbul etməyə hazırdırsa, o zaman tezliklə sülh sazişi bağlana bilər. Mən bu gün danışıqların bu nöqtədə olduğundan əmin deyiləm.

Amerikanın Səsi: Dövlət Departamentinin mətbuat katibinin müavininin bildirdiyinə görə, ABŞ Azərbaycanla Ermənistan arasında sərhədin demarkasiyası məsələsinə ciddi diqqət yetirir. Ermənistanın baş naziri Paşinyan bu həftə Azərbaycanla sərhədin demarkasiyasına başlanıldığını bildirib. Bu, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin əldə olunması qarşısında əsas maneələrdən biridir. Sizin fikrinizcə, hər iki ölkə bu problemi həll etməyə nə dərəcədə yaxındır?

Riçard Kazlariç: Deyə bildiyim qədər və yenə də bunu söyləmək üçün danışıqlar prosesi ilə bağlı mənim məlumatım yoxdur, bu, mənim regiondakı təcrübəmə əsaslanan hisslərdən başqa bir şey deyil, ancaq bu məsələnin bu gün həllini tapacaq bir səviyyəyə çatdığını düşünmürəm. Fikrimcə, həqiqətən də mühüm olan sərhəd məsələləri ilə bağlı çoxlu fikir ayrılıqları var.

Həqiqətən ciddi problem olan dəhliz məsələsi var və fikrimcə, onun necə həll olunduğu iki ölkə arasında əslində hələ də böyük fikir ayrılıqlarının olduğunu göstərir.

Mən bildiyimə görə, bəzi məsələlər var ki, əslində onları necə adlandıracağımı bilmirəm, eksklav və ya anklavlar, bunlar Sovet dövründə və ya Birinci Qarabağ müharibəsinin nəticəsi olan qeyri-adi vəziyyətlərdir və bunları həll etmək daha asan ola bilər. Amma mənim fikrimcə, əsl sınaq dəhliz olacaq.

Şəxsən mən inanıram ki, dünyada başqa bir ölkənin suveren ərazisi olan ərazi ilə bölünmüş bir ölkənin olduğuna və onların hər iki tərəf üçün məqbul olan daşıma şərtlərini işləyə bildiyi belə nümunələr var. Mən bu dinamikanı tamamilə dəyişdirən Ukrayna müharibəsindən əvvəl Kalininqrad haqqında düşünürəm. Rusiyanın Kalininqrada və geri qayıtmaq üçün digər ölkələrin sərhədlərindən mal və adam göndərə bilməsi üçün razılaşma əldə edilmişdi.

Xorvatiya və Bosniya və Herseqovinanın misalında mən Neumu və Xorvatiyanın insanları və turistləri Xorvatiyanın bir hissəsindən digər hissəsinə Bosniya ərazisi olan Neumdan keçirə bilmək imkanını xatırlaya bilərəm.

Bu vəziyyətdən ərazi üzərində suverenlikdən imtina etmək ideyasının tələb olunmadığı çıxış yolları var ki, Zəngəzur dəhlizi ilə bağlı bəzi fikirləri nəzərə alsaq, mən buna ehtiyac ola biləcəyini düşünürəm.

Amerikanın Səsi: Mənim bir sualım da var. Bir çox müşahidəçilər Rusiyada prezident seçkilərinin nəticələrinin Moskvanın xarici siyasəti, xüsusən də “yaxın xaric” adlanan regionla bağlı siyasətinə ciddi təsir göstərəcəyini gözlədiklərini bildirirlər. Sizin seçkilərin Rusiyanın Cənubi Qafqazla bağlı siyasətinə təsiri ilə barədə fikirləriniz nədən ibarətdir?

Riçard Kazlariç: Bunu söyləmək çətindir. Hesab edirəm ki, Ukraynada baş verənlərdən kənarda münaqişə riski haqda düşünsəniz Putinin seçilməsindən sonra onların “yaxın xaricdə” özlərinin hüququ olduğuna inandıqları şeyi asanlıqla əldən verməyəcəklərini nümayiş etdirmək üçün Moldova və Dnestryanı Rusiyanın ən çox diqqət verdiyi və maraq obyekti kimi görünür.

Bunun Cənubi Qafqazda bəlkə də ilk növbədə Gürcüstana təsiri ola bilər. Ola bilsin ki, Ermənistanla Azərbaycana. Düşünürəm ki, bu, həqiqətən də o deməkdir ki, mən bir neçə il əvvəl bağlanmış razılaşmaya görə indi Azərbaycanda olan Rusiya sülhməramlılarının ölkəni tərk edəcəklərinə inanmıram. Düşünürəm ki, Rusiya orada hərbi mövcudluğunu saxlamaq üçün əlindən gələni edəcək. Eyni şeyi Ermənistan üçün də düşünürəm. Amma mən yenə də təkrar edirəm ki, mən bunu hansısa daxili məlumatlara deyil, daha çox öz intuisiyama əsaslanaraq deyirəm.

Beləliklə, mən hesab edirəm ki, Rusiyanın maraqları onunla həmsərhəd olan ölkələrdə, yəqin ki, dediyim kimi, Moldova və Dnestryanıdan başlayaraq, Cənubi Qafqaz da daxil olmaqla, getdikcə daha iddialı olacaq.

  • Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Forum

XS
SM
MD
LG