Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook

Accessibility links

Təbrizdə bayram münasibətilə yerləşdirilən türk motivli yumurta heykəlləri mübahisələrə səbəb olub


Rəssam Fatma Dadaşzadə və bayram yumurtası heykəlləri
Rəssam Fatma Dadaşzadə və bayram yumurtası heykəlləri

Təbrizdə Novruz bayramı münasibətilə bələdiyyə tərəfindən yerləşdirilən türk motivli yumurta heykəlləri mübahisələrə səbəb olub.

İran daxilində fəaliyyət göstərən bəzi xəbər saytları, eləcə də bir qrup sosial media istifadəçiləri heykəlləri hazırlayan təbrizli rəssam Fatma Dadaşzadəni lincləmək kampaniyasına başlayıblar. Farsdilli xəbər saytları heykəllərin yerləşdirilməsini pan-türkizm və bölücülük təbliğatı kimi dəyərləndirirlər.

Araz News xəbər saytı və Güney Azərbaycan Televiziyası (Günaz TV) kimi mənbələr etirazların ardınca üzərində türk motivlər olan heykəllərin bələdiyyə tərəfindən götürüldüyünü bildiriblər.

Baydaq News və Günaz TV-nin xəbərinə görə, “gənc türk sənətçilər Fatma Dadaşzadə və Məsumə Əlizadə Şamlı tərəfindən dizayn, rəsm və rənglənmə işləri aparılan yumurta heykəlləri Şahgölü ətrafında quraşdırılmışdı.”

Sosial media və internet səhifələrində yayılan görüntülərə əsasən, yumurta heykəllərinin üzərində Göytürk əlifbasının simvolları, eləcə də Oğuz türk boylarının damğaları və simvolları əks olunub. Bəzi heykəllər üzərində Göytürk əlifbası ilə ‘Türk’ kəlməsi yazılıb. Bəzi heykəllərin üzərində həmçinin Azərbaycan xalq geyimlərində rəqs edən qadın və kişilər təsvir olunub.

İran daxilində fəaliyyət göstərən Parsine, Zirnevisnews.ir, Faraz.irPgnews.ir kimi xəbər saytları heykəllərin yerləşdirilməsini “pan-türkizm və bölücülük təbliğatı”, “Novruz simvollarının saxtalaşdırılması və təhqir edilməsi” olaraq dəyərləndirib və Təbriz bələdiyyəsinin buna alət olduğunu irəli sürüb.

Tehranda fəaliyyət göstərən ‘Parsine’ adlı internet portalı yazıb ki, “görünən odur ki, Təbriz Bələdiyyəsi Novruz münasibəti ilə şəhərin və parkların bəzədilməsi işini Fatma Dadaşzadə adlı bir bölücüyə həvalə edib. O da Moğolistanın Orxun daşlarındakı işarələr və simvolları Təbriz şəhərindəki bəzi bayram yumurtaları üzərində rəsm edib.”

X şəbəkəsi başda olmaqla sosial mediada bəzi farsdilli istifadəçilər sənətçi Fatma Dadaşzadəyə qarşı linç kampaniyası başladıblar. Ona qarşı paylaşılan bəzi yazılarda seksist (cinsiyyətçi) ifadələr də yer alıb.

İranda fəaliyyət göstərən digər xəbər portalı ‘Faraz.ir’ yumurta heykəlləri ilə əlaqədar yaydığı reportajda “İran kimliyini saxtalaşdırmaq” yönündə hərəkat başladıldığını iddia edib.

“Bu növ fəaliyyətlər pan-türkist və bölücü şəbəkələrin ölkənin sosial və mədəni strukturuna səssizcə nüfuz etdiyini göstərir,” Faraz.ir saytı irəli sürüb.

Türk motivli bayram yumurtası heykəlləri (Şəkillər sosial şəbəkələrdə paylaşılan videoların ekran görüntüləridir.)
Türk motivli bayram yumurtası heykəlləri (Şəkillər sosial şəbəkələrdə paylaşılan videoların ekran görüntüləridir.)

İran Azərbaycanında bir çox sosial media istifadəçisi isə sənətçi Fatma Dadaşzadə və türk motivli yumurta heykəlləri layihəsinə dəstək bildirirlər.

Təbriz sakini siyasi fəal Yunus Təbrizli Fatma Dadaşzadənin heykəllərin birinin yanında çəkdiyi şəklini paylaşaraq yazıb ki, “yumurta, səndə nələr varmış ay yumurta! İranşəhri düşüncəsinin o içi boş iqtidarını bir yumurta tüstüyə çevirdi. [Bundan sonra] avtomobillər, çantalar və köynəklərdə türk damğalarından istifadə edəcəyik. Görə bilməyənlər yana yana qalsın.”

Təbriz Azad Universitetinin müəllimi Kave Türkanpuri isə Oğuz boylarının damğalarından şəkillər ilə birlikdə “adımız damğa deyə yazılmış dağlara daşlara!” yazısını paylaşıb.

Forum

XS
SM
MD
LG