Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook

Accessibility links

Azı 9 azərbaycanlı siyasi məhbus Tehranın Evin həbsxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılır


Tehranın Evin həbsxanası
Tehranın Evin həbsxanası

Son həftələrdə girov müqabilində həbs edilən bir sıra fəalların müvəqqəti azadlığa buraxılmasına baxmayaraq, 9 azərbaycanlı milli fəal hələ də Evin həbsxanasında qeyri-müəyyən müddətə saxlanılır.

Bölgədəki hüquq müdafiəçilərinin sosial mediada yaydıqları məlumata görə, Ayaz Seyfxah, Tahir Nəqəvi, Əbdüləziz Əzimi Qədim, Mürtəza Pərvin, Bağır Hacızadə, Kamal Nuri, Səid Camalzadə, Kərəm Mərdanə və Araz Əman təxminən 1 ay 20 gün əvvəl həbs olunublar və hazırda qeyri müəyyən müddətə saxlanılırlar.

Onların Tehranda Evin həbsxanasının 4 saylı bölməsində saxlanıldığı bildirilir. Evin həbsxanasının bu bölməsinin siyasi və vicdan məhbuslarının saxlandığı yer olduğu da bildirilir.

Milli fəallar bundan əvvəl Kəşfiyyat Nazirliyinin təcridxanası kimi tanınan Evin həbsxanasının 209 saylı bölməsində dindirilib, sonra həbsxananın ümumi bölməsinə köçürülüblər.

Bu güneyli fəallardan bəzilərinin 209 saylı bölməsində təcridxanada dindirilmə mərhələsinin başa çatmasına və həbsxananın ümumi bölməsinə köçürülməsinə baxmayaraq, onların zəmanətlə müvəqqəti azadlığa buraxılmaları ilə bağlı vəziyyətləri hələ müəyyən edilməyib.

Bəzi sosial media kanallarında dərc olunan xəbərlərə görə, bu fəallar arasında adı qeyd edilməyib kimliyi müəyyən edilməyən digər məhbusların da olduğu ehtimal edilir.

Fevralın 5, 6 və 7-də İran Azərbaycanı, eləcə də Gilan, Əlburz və Tehran vilayətlərində həbs edilən təxminən 15 türk fəalın kimliyi müəyyən edilib. Onlardan 6 nəfərinin indiyə qədər sərbəst buraxıldığı bildirilir.

Evin həbsxanasının 209-cu təcridxanasında dindirilən fəalların təzyiqlərə və işgəncələrə məruz qaldığı bildirilir.

Saxlanılan fəalların mobil telefonlarının müsadirə edilməsi, təhlükəsizlik qüvvələrinin məhbusların ailələrinə hədə-qorxu gəlməsi və təzyiq göstərməsi hüquq müdafiəçilərinin həbsdə olan fəallarla əlaqə saxlamasına mane törədir.

Həbs edilmiş fəallardan indiyə qədər Vədud Əsədi, Salar Tahir Əfşar, Səid Minayi, Abdullah Vahidi, Aydın Məhəmmədi və Səid Dustanın müvəqqəti olaraq girov müqabilində azadlığa buraxıldığı barədə xəbərlər yayılıb.

Forum

XS
SM
MD
LG