Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook

Accessibility links

Bayden 1.2 trilyon dollarlıq büdcə layihəsini imzalayıb


Senatın çoxluq lideri Çak Şumer. 20 mart, 2024.
Senatın çoxluq lideri Çak Şumer. 20 mart, 2024.

Prezident Co Bayden şənbə günü Konqresin təsdiq etdiyi 1.2 trilyon dollarlıq büdcə layihəsini imzalayıb. Bununla da hökumətin qismən qapanmaq təhlükəsi aradan qalxıb.

“Bu razılıq kompromisi təmsil edir. Bu isə o deməkdir ki, heç bir tərəf istədiyi hər şeyi əldə etmədi,” Bayden açıqlamasında bildirib. “Ancaq bu, Nümayəndələr Palatası Respublikaçılarının təklif etdiyi ifrat kəsirləri rədd edir və uşaq bağçalarına çıxışı artırır, xərçəng araşdırmasına sərmayə qoyur, psixi sağlamlıq və narkotik maddə istifadəçilərinə qayğını malliyələşdirir, Amerikanın xaricdə liderliyini irəliyə aparır, və sərhədin təhlükəsizliyini təmin etmək üçün resurslar verir...Bu, Amerika xalqı üçün müsbət xəbərdir.”

Qanunvericilərin büdcə ilə bağlı razılığa gəlmələri altı ay çəkib. Proses daha çox siyasi mandat və Demokratların rəhbərlik etdiyi Senatın və ya Ağ Evin razı olduğundan daha kəskin kəsirlər tələb edən mühafizəkarlar tərəfindən yavaşladılmışdı. Bu çıxılmaz vəziyyət səbəbilə agentliklərin maliyyələşdirilməsini təmin etmək üçün bir neçə dəfə qısamüddətli büdcə layihələri qəbul edilib.

Ağ Ev bildirib ki, Bayden qanun layihəsini Delaver ştatının Vilminqton şəhərində həftəsonunu keçirdiyi evində imzalayıb. Senat qanun layihəsini gecə yarısı bəzi idarələr üçün maliyyə bitəndən qısa bir müddət sonra 74-24 səs fərqi ilə təsdiq edib.

Ancaq Ağ Ev son möhlətdən qısa müddət sonra bildiriş göndərək, İdarəçilik və Büdcə Ofisinin qapanma hazırlıqlarını dayandırdığını və Konqresin büdcə layihəsini təsdiqləyəcəyinə, Demokrat prezidentin də onun şənbə günü imzalayacağına dair yüksək dərəcədə etimadının olduğunu bildirib.

Veteranlarla əlaqədar işlər, Kənd Təsərrüfatı və Daxili İşlər nazirliklərini və digər idarələri maliyyələşdirən bir illik büdcə layihəsinin ilk paketi iki həftə əvvəl bu qurumlar üçün maliyyə bitmədən bir neçə saat əvvəl Konqresdə təsdiqlənib. İkinci paket Müdafiə, Daxili Təhlükəsizlik və Dövlət Departamentlərini, eləcə də ümumi hökumətin digər aspektlərini əhatə edirdi.

İki paketi birləşdirdikə, büdcə ili üçün xərclər 1.66 trilyon dollar təşkil edəcək.

Bayden və onun administrasiyasının Rusiyaın işğalının qarşısını almağa yardım etmək üçün lazım olduğunu iddia etdiyi Ukraynaya yardım məsələsində isə büdcə layihəsindəki müdafiə xərcləri çərçivəsində ona 300 milyon dollar ayırılıb. Bu, Konqresdə ilişib qalan Ukrayna və İsrail üçün böyük yardım paketindən ayrıdır.

Bayden bəyanatında Konqresi yenidən əlavə yardımı təsdiqləməyə çağırıb.

Ötən ay Respublikaçı senatorların aylardır Demokratlarla qeyri-qanuni sərhəd keçidlərinin rekord sayını azaltmaq məqsədi daşıyan qanun layihəsi ilə bağlı danışıqları pozmasından sonra iki partiyanın dəstəklədiyi sərhədlə bağlı qanun layihəsi iflasa uğrayıb.

Forum

XS
SM
MD
LG