Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook

Accessibility links

HƏMAS lideri İranda İsrailin "siyasi təcridindən" danışıb


Çərşənbə axşamı İrana səfər edən HƏMAS lideri İsmayıl Haniyə BMT Təhlükəsizlik Şurasının Qəzza müharibəsində atəşkəs çağırışından bir gün sonra İsrailin "görünməmiş siyasi təcrid" yaşadığını bildirib.

"Bu qətnamə gec gəldi və doldurulması lazım olan bəzi boşluqlar ola bilər, lakin qətnamənin özü göstərir ki, İsrail işğalı görünməmiş siyasi təcrid yaşayır" - deyə, Haniyə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla görüşdən sonra Tehranda keçirilən mətbuat konfransında bildirib.

O əlavə edib ki, İsrail "hətta Təhlükəsizlik Şurasında da siyasi örtüyü və müdafiəsini itirir" və "ABŞ istədiyini beynəlxalq ictimaiyyətə təlqin edə bilmir".

Haniyə "Sionist varlıq" beş aydan çoxdur davam edən müharibədən sonra "hər hansı hərbi və ya strateji məqsədlərinə nail ola bilməyib" deyib.

Xamneyinin internet saytında yayılan bəyanatda Haniyə və Fələstin nümayəndə heyətinin İranın ali dini lideri Ayətullah Əli Xameneyi ilə də görüşdüyü bildirilib.

Bəyanatda deyilib ki, İran lideri “Fələstin qüvvələrinin Qərbin tam dəstəyi ilə həyata keçirdiyi sionist rejimin [İsrail] cinayətləri və vəhşiliklərinə qarşı unikal müqavimətini” yüksək qiymətləndirib.

Xameneyi görüş zamanı "İran İslam Respublikası Fələstin müharibəsini və Qəzzanın məzlum xalqına dəstək verməkdən çəkinməyəcək" deyib.

Bu, İranın dəstəklədiyi qrupun oktyabrın 7-də İsrailə əksəriyyəti mülki şəxslər olmaqla, 1200-ə yaxın insanın ölümü ilə nəticələnən hücumundan sonra HƏMAS liderinin Tehrana ikinci səfərdir.

Noyabrın əvvəlində İrana səfəri zamanı Haniyə Xamneyi və digər rəsmi şəxslərlə görüşüb.

İran oktyabrın 7-də baş verən hücumu "uğur" kimi qiymətləndirsə də, birbaşa iştirakı olduğunu rədd edib.

Bundan sonra İraq, Livan, Suriya və Yəməndə İranın dəstəklədiyi qruplar İsrail və Qərb hədəflərinə ardıcıl hücumlar həyata keçirib.

HƏMAS-ın idarə etdiyi Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin HƏMAS-a qarşı cavab kampaniyası Qəzzada əksəriyyəti qadın və uşaq olmaqla, 32 mindən çox insanın ölümünə səbəb olub.

Haniyənin İrana səfəri BMT Təhlükəsizlik Şurasının bazar ertəsi qəbul etdiyi müsəlmanların müqəddəs Ramazan ayı davam etdiyi müddət "dərhal atəşkəsə" çağıran və "qalıcı" atəşkəsə səbəb olan qətnamədən sonraya təsadüf edir.

Qətnamə həmçinin HƏMAS və digər Fələstin silahlı qruplaşmalarının oktyabrın 7-dəki hücumu zamanı girov götürdükləri insanları azad etməyi tələb edib.

Militantlar 250-yə yaxın insanı girov götürüb. İsrail hesab edir ki, 33-ü ölü olmaqla, onlardan 130-u hələ də Qəzzada saxlanılır.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bazar ertəsi qəbul edilən qətnaməni "müsbət, lakin qeyri-kafi addım" kimi qiymətləndirib.

O, "qətnamənin yerinə yetirilməsi üçün effektiv tədbirlərin görülməsinə və hücumların tam və həmişəlik dayandırılmasına" çağırıb.

Forum

XS
SM
MD
LG