Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook

Accessibility links

HƏMAS lideri İran rəsmiləri ilə görüşmək üçün Tehrana səfər edəcək


Yerli mediaynın bildirdiyinə görə, ABŞ və Avropa İttifaqı tərəfindən terrorçu qrup kimi tanınan HƏMAS-ın siyasi bürosunun rəhbəri martın 26-da Tehrana səfər edərək, İran rəsmiləri ilə yüksək səviyyəli görüşlər keçirəcək.

Rəsmi İRNA xəbər agentliyi Qətərdə qərargahlanan İsmayıl Haniyənin bir sıra digər rəsmi şəxslərlə yanaşı, xarici işlər naziri Hüseyn Əmir-Abdollahian ilə də görüşməyi planlaşdırdığını bildirib.

Səfər BMT Təhlükəsizlik Şurasının İsrail və HƏMAS arasında dərhal atəşkəs tələb edən qətnaməni qəbul etməsindən bir gün sonraya təsadüf edir. İran mediası adı açıqlanmayan siyasi ekspertlərə istinadən bildirib ki, Haniyənin qətnamədən sonra baş tutacaq səfəri “əhəmiyyətli”dir.

Birləşmiş Ştatların martın 25-də keçirilən səsvermədə bitərəf qalması İsrail tərəfindən məyusluqla qarşılanıb və bu həftə yüksək səviyyəli nümayəndə heyətinin Vaşinqtona səfərinin qəfil ləğv edilməsinə səbəb olub.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanani qətnamənin qəbulunu alqışlasa da, bunun “kifayət olmadığını” deyib. O, qətnamənin icrası üçün “effektiv tədbirlər görülməsinə” çağırıb və İsrailin HƏMAS-ın idarə etdiyi Qəzza zolağına qarşı hücumlarını “tamamilə və daimi olaraq dayandırmağa” çağırıb.

İsrail HƏMAS militantlarının oktyabrın 7-də İsrail şəhərlərinə hücumu nəticəsində 250-yə yaxın insanı girov götürməsi və 1100-dən çox insanı öldürməsindən sonra hücuma başlayıb.

Haniyənin səfəri onun müharibə başlayandan bəri Tehrana ikinci səfəri olacaq. O, noyabrın əvvəlində sonuncu səfəri zamanı İranın ali dini lideri Ayətullah Əli Xameneyi ilə görüşüb. Səfər haqda yalnız Haniyə İran rəsmiləri ilə görüşdükdən sonra məlumat verilib.

İran HƏMAS-ın sadiq tərəfdarıdır və 7 oktyabr hücumunu yüksək qiymətləndirsə də, onun planlaşdırılmasında və icrasında iştirak etmədiyində israr edir.

HƏMAS İranın bölgədəki müttəfiqləri və proksi qüvvələrindən ibarət “müqavimət oxunun” üzvüdür. Şəbəkənin bəzi üzvləri, xüsusilə də İraq və Suriyadakı şiə qüvvələr müharibə başlayandan bəri İsrailə qarşı hücumlar həyata keçirib və regiondakı ABŞ qüvvələrini hədəf alıb.

İran həmin qrupların müstəqil fəaliyyət göstərdiyini iddia edir və “proksi” etiketini rədd edir.

Forum

XS
SM
MD
LG