Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook

Accessibility links

İsrail ordusu Qəzza şəhər xəstəxanası yaxınlığında döyüşlərin getdiyini bildirir


İsrail ordusu cümə axşamı Qəzza zolağındakı Şifa xəstəxanası ərazisində, eləcə də Qəzza zolağının cənubundakı Xan Yunisdə döyüşlərin getdiyini bildirib.

HƏMAS-ın idarə etdiyi Qəzza zolağının Səhiyyə Nazirliyi cümə axşamı bildirib ki, keçən gün bölgədə 62 fələstinli öldürülüb.

Nazirlik HƏMAS-ın İsrailə oktyabr ayında 1200 nəfərin ölümü ilə nəticələnən hücumundan sonra İsrailin əks-hücumları zamanı azı 32 552 fələstinlinin öldüyünü bildirib.

İsrail çərşənbə axşamı Qəzzanın cənubundakı Rəfah şəhərində HƏMAS militantlarına qurudan hücuma keçmək planını müzakirə etmək üçün nümayəndə heyətini Vaşinqtona göndərməyə razılıq verib.

Bazar ertəsi İsrail ABŞ-ın BMT Təhlükəsizlik Şurasının İsrail-HƏMAS müharibəsində dərhal atəşkəs tələb edən qətnaməsinə veto qoymaqdan imtina etməsinə etiraz olaraq səfəri təxirə salmışdı.

Təxminən altı aydır davam edən müharibədə İsrailin ən sadiq müttəfiqi olan Birləşmiş Ştatlar daha əvvəl oxşar qətnamələrə veto qoyduqdan sonra bu həftə keçirilən BMT səsverməsində bitərəf qaldı. Bu, İsrailin baş naziri Benyamin Netanyahunun hiddətinə səbəb oldu və bu, yəhudi dövlətinin müharibə aparması ilə bağlı Vaşinqtonla parçalanmaya işarədir.

Lakin Netanyahu nümayəndə heyətinin səfərini təxirə salsa da, müdafiə naziri Yoav Qallant bu həftə ABŞ-ın müdafiə naziri Lloyd Aistin və dövlət katibi Antoni Blinkenlə danışıqlar aparmaq üçün Vaşinqtonda olub.

Netanyahunun dediyinə görə, Aralıq dənizi boyunca dar bir anklav olan Qəzzada HƏMAS-ın hər hansı nəzarətini aradan qaldırmaq üçün Rəfaha hücum vacibdir. Lakin ABŞ İsrailə əsasən də bir milyondan çox fələstinli mülki vətəndaşın orada müvəqqəti çadırlarda və tikililərdə sığındığı üçün Rəfahın işğalına qarşı olduğunu bildirib.

İsrail HƏMAS-ın Rəfahda yerləşən dörd batalyonuna hər hansı hücumdan əvvəl fələstinliləri təhlükəsiz yerə köçürəcəyini desə də, lakin onları haraya göndərəcəyini bildirməyib.

ABŞ-ın bitərəf qalmasının "çox, çox pis" olduğunu iddia edən Netanyahu Respublikaçı senator Rik Skota deyib ki, onun İsrail nümayəndə heyətinin səfərini ləğv etməsinin səbəbi "ilk növbədə HƏMAS-a bir mesajdır: Buna [Birləşmiş Millətlər Təşkilatı] təzyiq [atəşkəs üçün] göstərməyin. Bu, işə yaramayacaq".

Netanyahu deyib ki, Təhlükəsizlik Şurasının səsverməsi "HƏMAS-ı sərt mövqe tutmağa və beynəlxalq təzyiqlərin İsrailin müharibə məqsədlərinə çatmasına mane olacağına inanmağa" təşviq edib. İsrail HƏMAS döyüşçüləri məhv edilənə və saxladığı 100-ə yaxın girov azad edənə qədər döyüşləri davam etdirəcəyinə söz verib.

Bu arada isə Livandakı Hizbullah militantları İsrailin Livanın cənubunda 7 nəfərin ölümünə səbəb olan hava hücumlarına cavab olaraq, çərşənbə günü İsrailin şimalına raket zərbələri endirib.

İsrailin fövqəladə hallar xidmətləri raket zərbəsi nəticəsində sərhəddəki Kiryat Şmona qəsəbəsində bir nəfərin öldüyünü bildirib.

İsrail ordusunun bildirdiyinə görə, Livana endirdiyi zərbələri hərbi binanı hədəf alıb və nəticədə İsrailə qarşı terror planlarını təbliğ edən Əl-Cəma Əl-İslamiyyə silahlı qruplaşmasının üzvü öldürülüb.

Forum

XS
SM
MD
LG