Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook

Accessibility links

İsrail Hərbi Hava Qüvvələri Livanın cənubuna zərbələr endirib


Livandakı Hizbullah militantları İsrailin Livanın cənubunda yeddi nəfərin ölümünə səbəb olan hava hücumlarına cavab olaraq çərşənbə günü İsrailin şimalına raket zərbələri endirib.

İsrailin fövqəladə hallar xidmətləri sərhəddəki Kiryat Şmona qəsəbəsində raket zərbəsi nəticəsində bir nəfərin öldüyünü bildirib.

İsrail ordusu bildirib ki, Livandakı zərbələri zamanı hərbi binanı hədəf alıb və nəticədə İsrailə qarşı terror planlarını təbliğ edən əl-Cəma əl-İslamiyyə silahlı qruplaşmasının üzvü öldürülüb.

Frans-Press Agentliyi əl-Cəmaə əl-İslamiyyə rəsmisinə istinadən bildirib ki, Hebbariyə kəndində 7 nəfər həlak olub. Livan təhlükəsizlik mənbələri də Reuters-ə eyni məlumatı verib.

Transsərhəd zorakılıq İsrailin Qəzza zolağında Hizbullahın müttəfiqi olan HƏMAS terror qruplaşmasının məhvinə yönəlmiş kampaniyasını həyata keçirərkən baş verən son mübadilədir.

İsrail ordusu həmçinin çərşənbə günü Qəzzanın şimalındakı Şifa xəstəxanası ərazisində quru əməliyyatları, eyni zamanda Qəzza zolağının cənubundakı Xan Yunis bölgəsində hava hücumları və quru döyüşləri həyata keçirdiyini bildirib.

Qəzzada girovların azad edilməsi və fələstinli mülki vətəndaşlara humanitar yardımın artırılması da daxil olmaqla, döyüşlərin müvəqqəti dayandırılması səyləri hətta BMT Təhlükəsizlik Şurasının dərhal atəşkəs tələb edən qətnaməsindən sonra da reallığa yaxın olduğu görünmür.

Birləşmiş Ştatlar, Misir və Qətər müzakirəçilərinin iştirak etdiyi dolayı danışıqlar həftələrlə davam edib və rəsmilər proses zamanı müəyyən irəliləyişlərə işarə etsə də, İsrail və HƏMAS tərəfləri bu həftə razılaşmaya doğru heç bir addım atmayıb.

Yüksək rütbəli İsrail rəsmisi çərşənbə axşamı Reuters agentliyinə bildirib ki, İsrail hələ də HƏMAS tərəfindən saxlanılan 100-dən çox girovu azad etmək üçün danışıqların "dalana dirənməsindən" sonra Qətərdəki müzakirəçiərini geri çağırıb.

İsrail oktyabrın 7-də girov götürülən 30-dan çox israillinin öldüyünə inanır. Bunun ardınca Benyamin Netanyahu HƏMAS-ın təkliflərini "xülyaçı tələblər" adlandırıb.

HƏMAS rəsmiləri bazar ertəsi danışıqlarda iştirak edən nümayəndələrə bildiriblər ki, HƏMAS İsrailin Qəzzadan tam çıxarılması və Qəzzada saxlanılan girovların İsrail tərəfindən saxlanılan məhbuslarla dəyişdirilməsini nəzərdə tutan təklifini dəyişdirməyəcək.

Təl-Əvivdə girovların 300-ə yaxın ailə üzvü və onların tərəfdarları çərşənbə axşamı İsrail müdafiə qərargahı qarşısında toplaşaraq girovların azad edilməsi ilə bağlı razılığın əldə olunmasını tələb ediblər. Aksiya iştirakçılarından bəziləri özlərini qəfəslərdə bağlayaraq əllərində yaxınlarının fotoşəkilləri olan plakatlar tutublar.

Forum

XS
SM
MD
LG