Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook

Accessibility links

Rusiyadakı Mərkəzi asiyalılar İslam Dövləti-Xorasan-ın terror hücumundan sonra zorakılıqlara məruz qalır


Rusiya mediası və analitiklər keçən həftə Moskvanın konsert zalındakı terror hücumundan sonra Mərkəzi Asiyadan olan miqrantlara qarşı nifrət zəminində cinayətlərin və zorakılıqların artdığını bildirib.

Azı 143 nəfərin ölümü və 200-ə yaxın insanın yaralanması ilə nəticələnən hücuma görə məsuliyyəti İslam Dövləti terror qruplaşmasının İslam Dövləti-Xorasan və ya Mərkəzi asiyalıların da üzvü olduğu IS-K kimi tanınan Əfqanıstan qolu öz üzərinə götürüb.

"Amur vilayətinin Blaqoveşensk şəhərində taciklərə məxsus bazar yandırılıb. Naməlum şəxslər Kaluqada üç tacik miqrantı döyüb" - deyə, Vaşinqtondakı Mərkəzi Asiya Məsələləri üzrə Oksus Cəmiyyətinin prezidenti Edvard Lemon bildirib.

"Taciklər səbəbsiz yerə qovulduqlarını bilir. Sosial medianın Yandex kimi proqramlarında müştərilərin tacik taksi sürücülərinin maşınlarınaq imtina etdiyini göstərən skrin-şotlar yayılıb.

Hüquq-mühafizə orqanları qeyri-qanuni mühacirləri tapmaq və həbs etrmək üçün ölkə daxilində reydlərə başlayıb. Sosial mediada tacikləri deportasiya etməyə çağıran, onların hamısının "terrorçu" olduğunu iddia edən və ölüm hökmünün yenidən tətbiqinə çağıran virus video-çarxlar yayımlanır" - deyə, Lemon əlavə edib.

Rusiya mediası və fəallarının yazdığına görə, reaksiyaların qurbanları təkcə taciklər deyil. Xəbər verildiyi kimi Yekaterinburq şəhərinin təhlükəsizlik rəsmiləri Mərkəzi Asiyadan olan işçilərinin siyahısını verməkdən imtina edən müəssisələri cərimələyəcəkləri ilə hədələyib.

Qırğızıstan öz vətəndaşlarına Rusiyaya səyahət etməmək barədə xəbərdarlıq edib. Özbəkistanın Xarici Əmək Miqrasiya Agentliyi isə təhlükəsizlik tədbirlərini əks etdirən səyahət tövsiyəsi yayıb.

Hücumda Ukraynanı açıq şəkildə günahlandıran Rusiya prezidenti Vladimir Putin pərdə arxasında tacikistanlı həmkarı Emomali Rahmonla terrorla mübarizə tədbirlərinin gücləndirilməsi yollarını müzakirə edib. Lemon deyir ki, mümkün nəticələrdən biri bəzi Tacikistan vətəndaşlarının Rusiyaya ekstradisiyası ola bilər.

Lemon Amerikanın Səsinə "Mənim Tacikistandan olan mənbələrim deyir ki, hökumət artıq hücumları qadağan edilmiş "Tacikistan İslam İntibah Partiyası" ilə əlaqələndirməyə və beləliklə, onun faktiki və iddia edilən tərəfdarlarını sıxışdırmağa ümid edir" deyib.

Digər analitiklər iqtisadiyyatda oynadıqları mühüm rola baxmayaraq, Rusiyada onsuz da çətin həyatla üzləşən Mərkəzi Asiya miqrantlarını ictimaiyyətin narazılığı üçün əlverişli hədəf kimi görür.

Analitik və Gazeta.ru-nun köşə yazarı Semyon Novoprudski "Görünür, sonda hər şey yalnız əməkçi miqrantların təqibləri ilə nəticələnəcək" deyib.

O, Amerikanın Səsinə deyib ki, "əsasən tikinti olmaqla, Rusiya iqtisadiyyatının bəzi sektorlarında işçi qüvvəsinin çatışmazlığına baxmayaraq, bu, baş verir".

Tacikistanın Xucand şəhərindən Amerikanın Səsi ilə danışan jurnalist Fərhod Əbdüvəlizadə "şübhəlilərin heç birinin günahının sübuta yetirilmədiyini" deyib. Onun sözlərinə görə, bir çox həmyerlisi əsl günahkarların Rusiya hakimiyyətinin televiziyada nümayiş etdirdiyi döyülən adamlar olduğuna şübhə ilə yanaşır.

"İctimaiyyət hadisələrin necə cərəyan etdiyini diqqətlə izləyir, çünki Tacikistanın demək olar ki, hər evində Rusiyada işləyəni və ya oxuyanı var" - deyə, o bildirib.

Forum

XS
SM
MD
LG