Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook

Accessibility links

ABŞ Fələstinin BMT-yə üzvlük müraciətinə veto qoyub


Cümə axşamı ABŞ Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Fələstin Muxtariyyətinin BMT-yə tam üzvlüyünə səsvermədə veto hüququndan istifadə edib. ABŞ bunu müstəqil Fələstin dövlətinin BMT ilə deyil, İsrail və Fələstin Muxtariyyəti arasında birbaşa danışıqlar yolu ilə yaradılmalı olduğu ilə izah edib.

Birləşmiş Ştatlar BMT Baş Assambleyasına "Fələstin dövlətini Birləşmiş Millətlər Təşkilatına qəbul etməyi" tövsiyə edən qətnamə layihəsinə veto qoyub. Britaniya və İsveçrə bitərəf qalıb, BMT Təhlükəsizlik Şurasının qalan 12 üzvü isə lehinə səs verib.

Fələstin Muxtariyyətinə hazırda BMT-nin üzvü olmayan müşahidəçi statusu verilib. Dövlətçiliyin faktiki tanınması 2012-ci ildə BMT Baş Assambleyası tərəfindən həyata keçirilib. Lakin BMT-yə tam üzvlük üçün müraciət Təhlükəsizlik Şurası tərəfindən, sonra isə Baş Assambleyanın ən azı üçdə ikisi tərəfindən təsdiqlənməlidir.

Fələstinin BMT-yə tam üzvlük üçün müraciəti Qəzzada İsraillə HƏMAS arasında altı aydır davam edən müharibə, eləcə də İsrailin işğal olunmuş İordan çayının qərb sahilində yaşayış məntəqələrini genişləndirməsi fonunda baş verir.

BMT-nin baş katibi Antonio Quterreş cümə axşamı Təhlükəsizlik Şurasının iclasında "Son eskalasiya İsraillə tam müstəqil, yaşaya bilinəcək və suveren Fələstin dövləti arasında davamlı sülhə nail olmaq üçün səylərin dəstəkləsini daha da vacib edir" deyib.

İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan deyib ki, fələstinlilər BMT-yə tam üzvlük meyarlarına uyğun gəlmir. O, bunu Fələstinin daimi əhaliyə, müəyyən əraziyə, hökumətə və digər dövlətlərlə əlaqələr qurmaq imkanına malik olmaması ilə izah edib.

"Şura[dövlət kimi] kimi tanımaq və [BMT-nin] tamhüquqlu üzvü statusu vermək istəyir? Qəzzadakı HƏMAS-a? Nablusdakı "Fələstin İslami Cihad"a? Kimə?" - deyə, Təhlükəsizlik Şurasının iclasında çıxış edən Erdan soruşub.

Onun sözlərinə görə, fələstinlilərə BMT-nin tam üzvlüyünün verilməsi "hər iki tərəf üçün heç bir müsbət nəticə verməyəcək, yalnız gələcək illər ərzində dağıntılara səbəb olacaq və gələcək dialoq şansına zərər verəcək".

BMT Təhlükəsizlik Şurası uzun müddətdir ki, iki dövlətin təhlükəsiz və tanınmış sərhədlər daxilində yan-yana yaşamasını dəstəkləyir. Fələstinlilər 1967-ci ildə İsrail tərəfindən ələ keçirilən bütün ərazilərdə - İordan çayının qərb sahilində, şərqi Qüdsdə və Qəzza zolağında öz dövlətlərini qurmaq istəyir.

Fələstin Muxtariyyətinin başçısı Mahmud Abbasın xüsusi nümayəndəsi Ziad Əbu Əmr bir müddət əvvəl ABŞ rəsmisinə belə bir sual verib: "Bu, fələstinlilərlə israillilər arasında sülh perspektivlərinə necə zərər verə bilər? Bu tanınma və bu üzvlük beynəlxalq sülh və təhlükəsizliyə necə zərər verə bilər?"

"Belə bir qətnamənin qəbul edilməsinin qarşısını almaq istəyənlər fələstinlilər və israillilər arasında sülh perspektivlərinə və bütövlükdə Yaxın Şərqdə sülhün əldə olunması perspektivlərinə qarşıdır" - deyə, o, Təhlükəsizlik Şurasında bildirib.

Əbu Əmr Fələstinin BMT-yə tam üzvlüyünün iki dövlətli həllin həyata keçirilməsi və gözlənilən məsələlərin həlli üçün ciddi siyasi danışıqlara alternativ olmadığını deyib. “Lakin bu qətnamə Fələstin xalqına müstəqil dövlətdə layiqli həyat yaşamaq ümidi verəcək” - deyə, əlavə edib.

Forum

XS
SM
MD
LG