Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook
adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

18+ yox, 55+ - Eminquey “Apatiya” filmi haqqında yazır

EMİNQUEY AKİF
1649 | 2024-02-12 14:56

Filmin ilk dəqiqələrində elə bildim evimizdəyəm, sonra gördüm ki, yox, bizim evimiz bu evdən azı 8 dəfə böyükdür. Film 15 kvadratmetrlik otaqda çəkilib. Məni evimizdə hiss etdirən şey film boyu dayanmayan Xoşqədəm və Elgizin səsləri oldu. İndiki dövrdə bu nə gözəl tapıntıdır? Hətta mənə elə gəldi ki, Hikmət filmi sırf bu iki obraza görə çəkib. Evdə bütün günü başqalarının problemi, ailə söhbətləri ilə məşğul olan Xoşqədəm və Elgizə baxan bu ailə özü xirtdəyəcən problem içindədir. Ailə darmadağındır, səfildir. 

Ərin, yəni Əhmədin taxdığı lupaya bənzəyən eynəkdən gözləri həddindən artıq ya iri görünür, ya da ümumən görünmür. Amma Əhməd bu eynəklə belə hər şeyə gözünü qıyaraq baxır. O hər şeyə baxır, hətta görür, amma onlarla birgə qalan qaynı Mənsura söyüş söyməkdən, arvadı ilə dalaşmaqdan başqa heçnə etmir. O siqaret çəkir,  Xoşqədəmə baxır, uzanır, Xoşqədəmə baxır, yatır, Xoşqədəmə baxır. Kürəyilə, sinəsilə, gündəyməzi ilə. Elə hey ucuzvari siqaret olan “Bakı”nı sinəsinə çəkməklə məşğuldur. Elə bu evdəki qaranlıq da Bakını udmağa hazırdır. 

Evin aman-zaman oğlu Akif isə divarda rəsm çəkir. Ev, günəş, yelləncək, ailə. Yalnız onun divarda çəkdiyi rəsmdə hər şey işıqlıdır, ailə xoşbəxtdir, maşınları var, həyətləri var. Amma bu evdə işıqdan zərrə də əlamət yoxdur. Hətta atası narkoman qardaşına “apar bunu yanına, bir iş-düz qoş elə” deyəndə də Akifin rəssamlıq qabiliyyəti heç kimin vecinə olmur, ailə acından günorta durduğu üçün Akif pul qazanmalıdır. Rəssamlıq kimə pul gətirir ki?!

Filmin səs-küy yaradan, tənqidlə qarşılanan detalı Əhmədlə Elnarənin gecəyarı tualetdə boşalmalarıdır. Bunu zaldakı qurcalanmalardan da hiss etmişdim. Əvvəlcə Əhməd güzgünün arxasında gizlətdiyi “Playboy” jurnalını güzgünün önünə qoyub ona baxaraq orqazm olur. Elnarə qapının o üzündə ərinin orada hansı işi tutduğundan xəbərdar olur. Ərinin dalınca tualetə girən Elnarə də öz-özünə orqazm olmağa başlayır. Bu iki səhnə də açıq-aydın filmdə verilir. Rejissor 15 kvadratmetrlik otaqda qayın, ər, arvad, uşaq – hamının yan-yana yatdığı, ər-arvad münasibətlərinin həm mənəvi, həm də fiziki olaraq anormal getdiyini, normal yataq həyatının olmadığını bu kadrlarla bütün çılpaqlığı ilə göstərir. Yataq həyatı olmayan ər və arvad bunu özbaşına, özü-özünə ödəməlidirlər. 

Çılpaq səhnələrə hazır olmayan, “Təhminə” filmində Zaurla Təhminənin sevişdiyi səhnəyə hələ də barmaqları arasından baxan cəmiyyət üçün rejissor ilkin mərhələdən başlayıb. Görüb ki, kişi ilə qadının sevişməsi, yataq görüntüləri cəmiyyətimiz tərəfindən normal qarşılanmır, onları ayırıb, ayrı-ayrılıqda orqazm etdirib. Filmdə 18+ xəbərdarlığı var, yəni bu film uşaqlar üçün deyil. İş orasındadır ki, bu filmə baxan 18+ insanların əksəriyyəti də bu açıq səhnələri qəbul etmir. Əgər film partlayış effekti versə, Elnarə obrazını canlandıran Şəhla Əliqızını bu cəsarəti üçün daş-qalaq edən çox olacaq. Məncə filmin afişasına 18+ yox, azı 55+ qoyulmalıdır. 

Film boyu evdə yemək yeyən evin yeganə işləyəni, pul qazananı Mənsurdur. Nə Elnarə, nə Əhməd, nə də Akif yemək yemirlər. Əhməd siqaret çəkir, Akif rəsm çəkir, Elnarə isə yemək üçün ət çəkir. Rejissorun tualet epizodları Elnarə ilə Əhmədin orqazm səhnəsi ilə bitmir. O, bu dəfə də Mənsurun tualet epizodunu çəkir. Mənsur unitazda oturur, siqaret çəkə-çəkə... Hamı nə iş görürsə, onun acığını çıxır tualetdə. Hə, rejissor vəziyyəti yüngülləşdirmək üçün Akifin hamamda çimmək kadrlarını da unutmayıb. Rejissorun bu çılpaq epizodları həm bu filmin “Apatiya” mövzusuna xidmət edir, həm də bu filmin “ac cəmiyyətimiz”in marağına səbəb olmasına. Kimə desən ki, filan filmdə belə səhnələr var, axtarıb baxmaq istəyəcək. Sonra da başlayacaq qınamağa. 

Filmdə Azər Aydəmirin oynadığı, “rusyət”dən gəlmiş qohum Aqlay obrazıvə xüsusən də bir frazası mənə, eləcə də zaldakı insanlara ləzzət elədi:

“Bu Xoşu çox mərd qadındır. Vallah, Azərbaycan dövlətçiliyi, suverenliyi üçün çox böyük işlər görür”. 

Bayaq qeyd etdiyim “ancaq Mənsur yeyir” ifadəsi Əhmədin Mənsuru ad günü süfrəsində öldürməyi ilə qüvvəsindən düşür. İlk dəfə filmdə üç nəfərlik yemək süfrəsi görürük. Mənsurun Akifə “kişi g... tursik ala bilmirsə” ifadəsi (əslində bu deyimdə “tursik” deyil, “şalvar”olmalı idi) kimi öyüdləri, bir növ, Əhmədi oğlunun qarşısında alçaltması Əhmədin ləyaqətinə toxunur, onu külqabı ilə vurub öldürür. 

İşsiz-gücüz bütün günü evdə otur, qaynının, qardaşının əlinə bax, arvadla, uşaqla bağların qopuq olsun, bütün günü Xoşqədəmə, Elgizə bax, “çest”inə dəyməsin, amma həqiqət üzünə şillə kimi çəkiləndə vur adamı öldür. Bu da insanlarımızın ən ciddi problemlərindən biridir. 

Mənsuru öldürüb, hissələrə bölüb zibilqabılara tullayan, cibindən yüzlükləri götürən Əhmədin laqeydliyi Elnarənin qardaşı üçün təlaş keçirdiyi məqamlarda da davam edir. Və nəhayət film Elnarənin Akifi götürüb evdən getməyi ilə bitir. 

Filmdə rejissorun yarımçıq saxladığı epizod Mənsurun “itməsi” ilə bağlı evə çağırılan müstəntiq epizodudur. Müstəntiq gəlir, bir-iki standart sual verir. Açığı, gözlədim ki, Akifi çağırıb “ananla qardaşının arası necə idi?” sualından sonra müstəntiq söhbəti daha dərinə aparsın, olmadı. Akif atasının üzünə baxa-baxa susdu, müstəntiq isə “araşdırma aparılacaq” deyib getdi. Halbuki Akifin gördüyü cinayətin şokunda olması əllərinin əsməyindən, qorxu dolu baxışlarından, səssizliyindən bilinirdi. Yəqin bu cinayəti də “Xoşqədəm” açmalı idi, bilmirəm. 

Daha bir yarımçıq detal Akifin divara çəkdiyi rəsmdir. “Apatiya” özünü ən çox da Akiflə valideynləri arasındakı münasibətdə özünü biruzə verir. Onlar uşağın məktəbə getməməsinə normal yanaşırlar, rəsm çəkmək qabiliyyəti onları ümumiyyətlə maraqlandırmır, yoxsa narkoman əmisinə “nə iş olur olsun” təfəkkürü ilə müraciət etməzdilər. Akifin neçə gün əllərinin əsməsi, divara rəsm çəkməməsi də onların diqqətini çəkmədi. Düşünən olmadı ki, görəsən Akif niyə daha rəsm çəkmir? Bəlkə də rejissor Akifə gördüyü cinayəti divara çəkdirə bilərdi, amma inanmıram ki, övladlarına biganə qalan bu valideynlər o detalı görəcəkdilər. Amma hər halda filmin afişasına qədər çıxan bu önəmli rəsm detalı yarımçıq qalmayacaqdı.

Hər şeyə simvolik yanaşmağım soxaya qalsın, filmdə bir epizoda ilişib qaldım. Hansı ki Əhməd qaynını öldürəndən sonra onu baltayla şaqqalamışdı. Və sonra qan izlərini təmizləməyə başlamışdı. Bax, həmin epizodda o, xalçanı qaldırır. bax o xalçanın altındakı toza ilişib qaldım. Bu toza kasıb evlərində daha çox rast gəlmək olur. Hətta elə ailələr var ki, evin bütün tozunu tez-bazar xalçanın altına süpürür. Bax bu epizodda bəlkə də ilk dəfə o xalçanın altı təmizlənir. Əhməd evi başdan-ayağa silib təmizləyir. Bu detal bəlkə də rejissorun iradəsindən kənar filmə xidmət etmiş oldu. Bütün çirkabını xalçanın altında ört-basdır etmək və cəmiyyətin çirkabını göz önünə tökən, bütün günü yayımlanan sosial verilişlər. 

“Apatiya”nın rejissoru Hikmət Rəhimov bundan əvvəl “Çılpaq” filmini çəkmişdi, ondan öncə isə rejissoru Emil Quliyev olan “Pərdə” trilogiyasında oynamışdı. Bu filmlərin hər biri ayrı-ayrılıqda mövzu etibarilə məişəti özündə ehtiva edir. Nədənsə, yeni dövr filmlərdə məişət mövzuları – kasıblıq, bakirəlik, işsizlik kimi mövzular işlənilir. Bunun ən əsas səbəblərindən biri tamaşaçının istəyidir. Azərbaycan oxucusu öz dərdindən danışan qəzet, sayt oxumaq istəyir, Azərbaycan izləyicisi öz dərdini göstərən TV istəyir (ki, sosial verilişlər bu qədər baxımlıdır), Azərbaycan tamaşaçısı özünü göstərən film istəyir. Bu səbəbdən yeni dövr rejissorlar kütləyə xitab edir. Hadisələri də, obrazları da bu mövzulardan kənara çıxmır. Son dövr filmlərdə bu mövzulara xitab, açıq, söyüşlü dialoqlar məncə Emil Quliyevdən sonra daha da dəbə mindi. 

Film haqqında “bu filmlə dünyaya çıxmaq olar?” kimi ironik suallar verən olacaq, deyim ki, 2016-cı ildə istehsal olunan İran filmi “Satıcı”. İranlı rejissor Əsgər Fərhadinin ikinci filmi olaraq ən yaxşı xarici film nominasiyası üzrə “Oskar” mükafatını qazanmışdı. Film Emad və Rana adlı cütlüyün Tehranda yeni evə köçməsindən sonra, evin əvvəlki kirayənişinləri ilə baş verən insidentdən sonra, sakit xarakterli Emadın kökündən dəyişib sərt birinə çevrilməsindən bəhs edir. Film İran cəmiyyətində ictimai dəyişikliklərin anatomiyasını əks etdirir, cəmiyyətin ailələrə təsirini araşdırır. Orada da bizim məişət hadisəsi hesab etdiyimiz zorlama faktoru var və mövzu məişətdir. Yəni məsələ məncə təkcə mövzu deyil, həm ölkənin film sektoru ilə dünya film sektorunun əlaqələri önəmli faktdır, həm də ölkənin dünyadakı nüfuzu.  

TƏQVİM / ARXİV