Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook
adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Əlifba bayramında boynuna “Ə” hərfi taxıb “Ə” hərfinə şeir deyənlər! - Eminquey yazır

EMİNQUEY AKİF
1072 | 2024-01-15 13:42

Azərbaycanlıların dil ilə bağlı böyük bir travması var. Həm ünsiyyət dili, həm də yazı dili. Hələ ki mən yazı dilindən danışacam.

Bu problemin köklərindən biri yazmağı bilməməkdir. Azərbaycanlıların çoxusu məktəbə azı doqquzuncu sinifə qədər gedib. Baxın ha, bu cümlədə “gedib” əvəzinə “oxuyub” da yaza bilərdim. Çox təəssüf ki yaza bilmədim. Sosial şəbəkələrdə, idarələrdə, gündəlik yazışmalarda, orda-burda rastıma çıxan onlarla, yüzlərlə azərbaycanlı ömürlərində bircə dəfə həmrəy olub qarşımı kəsdi. Dedilər, ay bu millətin “hür”mətli gənc yazarı, əl saxla, üstümüzə şər atma, biz məktəbə doqquzuncu sinfə qədər gedib-gəlmişik, oxumamışıq. 

Yaxşı yadımızdadır ki, məktəbə kağızı yumrulayıb qələmin başına qoyub bir-birimizə üfürmək üçün, qızların saçını dartıb qaçmaq üçün, kitablardakı şəxsiyyətlərin şəkillərinə bığ-saqqal, buynuz çəkmək üçün getmişik. Hələ Məmməd vardı, Nəsrəddin Tusiyə elə hörüklər çəkmişdi, adam lap elçi düşmək istəyirdi. Hələ bir dəfə tənəffüsdə gizlənqaç oynamışdıq, uşaqlarla aramızda sözləşmişdik ki, Yusiflə məzələnək. Deyək ki, gizləndiyi yerdən çıxana söyüş var. Yusif də gedib girmişdi şkafa, görmüşdü ki, müəllim bu yoxdur deyə qayıb yazır, coğrafiya dərsinin ortasında çıxmışdı şkafdan. Xülasə, aman vermədilər.

Zalımın uşaqları, heç olmasa əlifba bayramına kimi oxuyardınız da...

Barı düzgün yazmağı öyrənəydiniz.

Bir-bir xırdalamayacam ki kim nəyi səhv yazır. Əgər xırdalamağa başlasam, vallah-billah bu xəmir çox su aparar.

İkinci məsələ isə dilə hörmətsizlikdir, etinasızlıqdır, biveclikdir.

Elə adamlar tanıyıram ki, istəsə, mesajı elə yazar, lap belə dürdanə. Amma ərinir. Bəli, ərinir. Tələm-tələsik yazır, yazdığını oxumadan yollayır. Bala, bəlkə “tikmək” sözündə hərf səhvi eləmisən? Bəlkə “götür” sözündən hərflərdən hansınısa yemisən?

Azərbaycanlılar cümləni yazmırlar, orqazm olurlar, bədənlərindən xaric edirlər. Tələm-tələsik. Elə də yaşayırlar ha. Tələm-tələsik. Necə gəldi yaşamaq özünə qoyulmayan hörmətdən, necə gəldi yazmaq isə dilə qoyulmayan hörmətdən irəli gəlir. Dilinə hörmət qoymayan isə elə həm də özünə hörmət qoymur.

Adam var ki sosial şəbəkədə şəhidə, qaziyə, Vətənə hörmət qoyulmasını istəyir, amma erməni budaq cümləsi ilə. O şəhidlər, qazilər, o Vətən dediyin elə bu dildən başlayır axı?! Bu dil axı 70 il rusun əsarətində qalıb?! Axı bu dil Arazın o tayında hələ də azadlıq əldə etməyib?! Sənin bu boyda azadlığın olduğu halda niyə o qanı bahasına qazanılan dilin anasını ağlar qoyursan?

Telefonda azərbacan dili var. Milyonumuzun canı var! Barı öz əlifbamızda yaz. Ay əlifba bayramında məktəbə özü boyda ayı aparanların qırılmasın! Ay əlifba bayramında boynuna “Ə” hərfi taxıb “Ə” hərfinə şeir deyənlərin ölməsin!

 

TƏQVİM / ARXİV