Ermənistan Rusiyadan nə qədər asılıdır?

Nikol Paşinyan  və Vladimir Putin

Şəklin mənbəyi, Getty Images

  • Müəllif, Alexey Manvelyan
  • Vəzifə, BBC Azərbaycanca, Yerevan

Ermənistan “Rusiyanın onu silahla təmin etməməsi” və bura “sərmayə qoymaması”na görə yeni təhlükəsizlik tərəfdaşları və iqtisadiyyatın diversifikasiyası axtarışındadır, ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

"Ermənistan 2021-ci ilin mayında (Azərbaycanla sərhəddə toqquşma nəzərdə tutulur-red.) hücuma məruz qalıb və Rusiya Ermənistanın ödədiyi 250 milyon dollarlıq silahı çatdırmayıb. Bu, [Ermənistanın] təhlükəsizlik strategiyasına yenidən baxılmasına səbəb olan əsas məqam idi", - o, ölkənin İctimai TV-nə müsahibəsində deyib.

“Ehtiyac duyduğu müdafiə vasitələrsiz qalan Ermənistan yeni strateji tərəfdaşlar, o cümlədən Hindistan, Fransa və bir sıra Aİ ölkələri üzrə fəal axtarışa başlayıb”, - o əlavə edib.

Ria Novosti xəbər agentliyinin məlumatına görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov martın 2-də Yerevanın Moskva ilə əlaqələrini pisləşdirmək üçün “şüurlu qərar” qəbul etdiyini deyib və bildirib ki, Moskva Yerevanla münasibətlərə yenidən baxa bilər.

Ermənistanın strateji tərəfdaşı Rusiya ilə münasibətləri ikinci Qarabağ müharibəsindən sonra pisləşib, ölkə rəhbərliyi isə, görünür, geosiyasi oriyentasiyasını Qərb istiqamətində dəyişmək niyyətindədir.

Dağlıq Qarabağda hərbi əməliyyatlar başa çatdıqdan sonra Ermənistan təhlükəsizlik vəziyyəti ilə bağlı ciddi problemlə üzləşib. Yerevan hesab edir ki, “əsas tərəfdaşı” olan Rusiya üzərinə götürdüyü sülhməramlı funksiyaları yerinə yetirmir - daha ona “bel bağlamaq olmaz” və Qərbdə yardım axtarır.

Bu arada Fitch reytinq agentliyi bu həftə elan edib ki, Ermənistan iqtisadiyyatı yaxın gələcəkdə də Rusiyadan ağır şəkildə asılı qalacaq.

Keçən ilin sonunda Wall Street Journal nəşrinə müsahibəsində Baş nazir Nikol Paşinyan Rusiya qoşunlarının Ermənistanda olmasında “heç bir prioritet” görmədiyini bildirmişdi.

Lakin Rusiya qoşunlarını çıxarmaq asan məsələ deyil, çünki Ermənistanın əksər sənaye sahələri, infrastrukturu və hətta sərhəd nəzarəti Rusiyanın əlindədir. Bəs onlar hansılardır?

Sərhədlər

Ermənistandan Rusiyaya ABŞ və Avropa istehsalı avtomobillərin keçirilməsi

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Ermənistanın Gümrü şəhərində Avropa və ABŞ-dan gətirilən işlənmiş avtomobillərin Rusiyaya ixracını həyata keçirən broker ofisinin qarşısı. 20 iyul 2023-cü il

Rusiya Federasiyası Sərhəd İdarəsinin sərhədçiləri Ermənistan Respublikasının Türkiyə Respublikası və İran İslam Respublikası ilə dövlət sərhədini qoruyur.

Bu, Ermənistan və Rusiya arasında 1992-ci ildə imzalanmış müqaviləyə əsasən həyata keçirilir.

Bundan başqa, Ermənistanda RF FTX Sərhəd İdarəsi Ermənistan MTX Sərhəd Qoşunları ilə birlikdə “Zvartnots” hava limanı və İranla sərhəddə avtomobil yolu üzərindəki “Aqarak” buraxılış məntəqəsində sərhədin mühafizəsini icra edirlər.

Rusiya bazaları

Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazası
Şəklin alt yazısı, Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazası

Rusiya ilə Ermənistan arasında hərbi və hərbi-texniki əməkdaşlıq "Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsi" əsasında inkişaf edir. Bu sənədə əsasən, Moskva və Yerevan tərəflərdən birinə hərbi təhlükə yaranarsa, bir-birinə yardım göstərməyi və hərbi-texniki əməkdaşlığı inkişaf etdirməyi öhdələrinə götürürlər.

Bundan başqa, hərbi əməkdaşlıq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində həyata keçirilir.

Ermənistanla Rusiya arasında 1995-ci ildə bağlanmış dövlətlərarası müqaviləyə əsasən, 102-ci Rusiya hərbi bazası Ermənistanın Gümri şəhərində yerləşdirilib. Bazanın təxminən 5 min nəfərdən ibarət şəxsi heyəti MDB-nin Birgə Hava Hücumundan Müdafiə Sistemi çərçivəsində döyüş növbətçiliyindədir.

2010-cu ildə bazanın Ermənistan ərazisində yerləşdirilməsi müddəti 2044-cü ilə qədər uzadılıb.

İkinci Qarabağ müharibəsindən sonra Yerevanın "Azərbaycan qoşunlarının Ermənistan ərazisinə daxil olub mövqe tutması" ilə bağlı şikayətinə üzvü olduğu KTMT-nin soyuq münasibəti Ermənistanda narazılıq yaradıb və bu təşkilatdan çıxmaq barədə fikirlər səslənib.

Ukrayna ilə müharibəyə qatılmış Rusiya Ermənistana silah tədarükü öhdəliyini də yerinə yetirə bilməyib.

Qaz

Ermənistandakı Qazpromun ofisi

Şəklin mənbəyi, Gazprom Armenia

Ermənistanda ölkə iqtisadiyyatının aparıcı sahələrində 100 faiz və ya qismən Rusiya kapitalının iştirakı ilə 40-dan çox iri müəssisə fəaliyyət göstərir.

Ermənistanın enerji sektorunda fəaliyyət göstərən rus şirkətləri arasında ən əhəmiyyətli rol respublikada təbii qazın nəqli və paylanması sistemlərinin hamısına sahib olan Gazprom Armenia (Hrazdan İES-in 5-ci enerji bloku da daxil olmaqla) şirkətidir.

Respublikanın daxili bazarında təbii qazın inhisarçı satıcısı 1997-ci ilin dekabrında yaradılmış Rusiya-Ermənistan QSC “Qazprom Armenia”dır (səhmlərin 100 faizi Rusiya “Qazprom” şirkətinə məxsusdur).

“Qazprom Armenia” Ermənistan daxili bazarı üçün qaz tədarükünü, həmçinin yanacağın daşınması, saxlanması, bölüşdürülməsi və satışını təşkil edir, respublika ərazisində qaz nəqli sisteminin və yeraltı qaz anbarlarının yenidən qurulması və genişləndirilməsi ilə məşğul olur.

Ermənistan və Rusiya hökumətləri arasında müqaviləyə əsasən, Ermənistana ildə 2,5 milyard kub metr qaz nəql edilir.

Hazırda Rusiya qazının 1000 kub metri üçün Ermənistan 165 dollar ödəyir.

2006-cı ildən fəaliyyət göstərən İran-Ermənistan qaz kəməri də Rusiyanın “Qazprom” şirkətinə məxsusdur.

İrandan Ermənistana ildə 365 milyon kub metr nəql edilən qazın haqqını – 1 kub metr müqabilində 3 kilovat-saat elektrik – barter əsasında ödəyir.

Elektrik enerjisi

Ermənistan elektrik şəbəkəsi

Şəklin mənbəyi, Kommersant.ru

2002-ci ildə Ermənistan təxminən 98 milyon dollar borcunu ödəmək üçün 5 müəssisəsini Rusiyaya verib.

Borcu müqabilində Rusiya sovet dövründə hərbi-sənaye kompleksinə daxil olan elektron sənayesi məhsulları istehsalında ixtisaslaşan “Mars” qapalı səhmdar cəmiyyəti, Yerevan Materialşünaslıq, Riyaziyyat və Avtomatlaşdırılmış İdarəetmə Sistemləri Elmi Tədqiqat İnstitutlarına, eləcə də Hrazdan istilik elektrik stansiyasına sahib olub (ölkədə istehsal olunan elektrik enerjinin 10 faizini istehsal edir).

Elektroenergetika sahəsinə aid enerji hasil edən və onun paylaşması və maliyyə məsələləri ilə məşğul olan bütün müəssisələr Rusiyaya məxsusdur. Müstəsna linsenziyaya Rusiyanın “Ermənistanın elektrik şəbəkələri” (EEŞ) şirkəti malikdir.

EEŞ 2002-ci ildə yaradılıb, 2006-cı ildən 100 % səhmlərinin sahibi Rusiyanın “İNTER RAO EЭС” korporasiyasına məxsusdur.

Elektrik enerjisinin əsas istehsalçısı dövlətə məxsus Ermənistan Atom Elektrik Stansiyasıdır. Elektrik enerji istehsalının təxminən 40 faizi AES-in payına düşür. 2003-cü ildə AES-in idarəçiliyi Rusiya “İNTER RAO ЕЭС” şirkətinə həvalə edilib.

Ermənistanda daha iki hidroelektrik stansiya kaskadı işləyir. ABŞ Contour Global Hydro Cascade şirkətinə məxsus Vorotan kaskadı (16%) və Rusiya “RusHidro” qrupuna məxsus Sevan-Hrazdan kaskadı (10%).

Elektrik enerjinin daha 4 faizini kiçik su elektrik stansiyaları istehsal edir.

2017-ci ildə erməni mənşəli rusiyalı iş adamı Samvel Karapetyana məxsus “Taşir” qrupu “Ermənistan elektrik şəbəkələri“ şirkətinin bütün səhmlərini və Hrazdan İstilik Elektrik Stansiyasını alıb.

Pul köçürülməsindən asılılıq

VTB bankın Ermənistan ofisi

Şəklin mənbəyi, VTB Bank Ermənistan

Moskva və Yerevan arasında münasibətlər sərinləşdikcə, Rusiyadan Ermənistan və onun vətəndaşları üçün iqtisadi problemlər yaradıla biləcəyinə dair ilk eyhamlar səslənməyə başlayıb.

Keçən ilin oktyabrında Rusiya Dövlət Duması Rusiyada sahibkarlıq və əmək fəaliyyəti üçün gərək olan Ermənistan sürücülük vəsiqələrinin tanınmasını nəzərdə tutan qanun layihəsinin müzakirəsini təxirə salıb.

Bunu, Dumanın rəsmi saytına görə, Dumanın sədri Vyaçeslav Volodin açıq-açkar onunla izah edir ki, Ermənistan hökuməti “rus dilinə rəsmi status vermək üçün heç bir addım atmayıb”.

Rusiyada bir çox ermənistanlı miqrant ictimai xidmət sahəsində, o cümlədən taksi sürücüsü kimi işləyir, və sürücülük vəsiqələrinin tanınmaması bunu qeyri-mümkün edir.

Ermənistan iqtisadiyyatı əhəmiyyətli dərəcədə Rusiyadan vətəninə pul göndərən əmək emiqrantlarından da asılıdır.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən əvvəl Ermənistandan Rusiyaya mövsüm işlərinə ildə təxminən 80 min adam gedirdi. Onların əksəriyyəti tikinti işlərinə cəlb olunur. Rusiya Federal Miqrasiya Xidməti bu rəqəmi 300 minə yaxın göstərir.

Ermənistan Mərkəzi Bankının məlumatına görə, 2021-ci ildə Rusiyadan Ermənistana təxminən 865 milyon dollar pul köçürülüb. Bu, ölkə ÜDM-nin 5 faizi təşkil edir. 2022-ci ildə bu rəqəm təxminən 4 dəfə artıb və 3,6 milyard dollara çatıb. Bu, Ukrayna müharibəsi ilə bağlı Rusiyada qismən səfərbərlik elan olunandan sonra təxminən 100 min rusiyalıların Ermənistana mühacirət etməsi ilə bağlıdır.

Ermənistanda yaşayan ermənilərin sayı, bəzi rəqəmlərə görə, 2 milyondan çoxdur. Bəzi mənbələr isə bu rəqəmin 3 milyon olduğunu iddia edir.

Rusiyalı iş miqrantlarının axını

Rusiyalı iş miqrantları Ermənistana gəlir

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Rusiya Ukrayna müharibəsindən sonra Yerevan aeroportunda ölkəyə gələn rusiyalı miqrantlar

Son statistik məlumatlara əsasən, Ermənistanda 12,6 faiz illik iqtisadi artımın dörddə biri rusiyalı miqrantlarin sayəsində təmin edilib. Onlar Rusiyanın Ukraynada hərbi əməliyyatları ilə bağlı qismən səfərbərlik elan edildikdən sonra Ermənistana gəliblər.

Çoxları Ermənistandan tranzit ölkə kimi istifadə edir, lakin təxminən 100 mininin ölkədə qaldığı bildirilir.

“Biz İnformasiya Texnologiyaları sahəsində 25 faizlik insan kapitalı artımının şahidiyik. İstedadlı, yaxşı təhsilli insanlar Ermənistana köçür və bunun uzunmüddətli effekti ola bilər”, - Ermənistan Mərkəzi Bankının rəhbəri Martin Qalstyan Beynəlxalq Valyuta Fondunun illik konfransında bildirib.

Ermənistan ÜDM strukturunda vasitəsiz xarici investisiyalar 5 faiz təşkil edir. 2022-ci ildə ölkəyə rekord məbləğdə - 1 milyard dollar cəlb edilib və bunun böyük hissəsi - Rusiyadandır. Bir çox miqrantlar Ermənistanda öz biznesini yaradır.

Əhalinin artması sayəsində, xüsusilə xidmət sektorunda gəlirlər artıb və ÜDM-nin 50 faizini təşkil edir.

Miqrantların axını Ermənistanda fəaliyyət göstərən 18 kommersiya banklarının mənfəətliliyinə müsbət təsir edib.

Ötən illə müqayisədə 2022-ci ildə qeyri-rezidentlər üçün valyuta mübadiləsi və başqa xidmətlər hesabına bankların gəliri 3 qat artıb.

Fitch kredit agentliyi bildirir ki, Rusiya-Ermənistan ticarəti Rusiyanın Ukraynada müharibəsi başlayandan bəri əhəmiyyətli dərəcədə artıb.

Rusiyaya malların ixracı 2021-ci ildən bəri 300 faiz artıb, ölkə ixracının 51 faizi Rusiyaya edilib, idxalın isə 30 faizi keçən ilik ilk doqquz ayında Rusiyadan olub.

Rusiyadan gələn miqrantlar Yerevan küçələrində
Şəklin alt yazısı, Yerevanın Respublika meydanı

Ermənistana miqrantların axını plan üzrə nəzərdə tutulan 1,6 faiz əvəzinə, demək olar ki, 13 faizə çatıb. Çünki miqrantların əksəriyyəti yaxşı təhsil almış və əsasən yüksək gəlirli insanlardır.

Bu amil xüsusilə ictimai xidmət sektorunun – kafe, - restoran, bərbərxana -inkişafını təşviq edir.

Lakin bu tələbatın nə dərəcədə davamlı olacağını öncədən söyləmək çətindir. Miqrantların çoxalması səbəbindən ölkədə mənzillərin qiymətləri və kirayə haqı 2-3 dəfə artib, və onların bir hissəsi başqa, daha ucuz yaşayış şəraiti olan ölkələrə üz tutar.

Ermənistan hökuməti öz növbəsində ixtisaslı mütəxəssislər üçün daha əlverişli şərait yaradır.

Gəlirlərinin 90 faizindən çoxu İT sahəsinin payına düşən və ya əməkdaşlarının 90 faizindən çoxu İT mütəxəssisi olan şirkətlərə xüsusi sertifikat verilir.

Bu sertifikat vergi norması və əlavə dəyər vergisindən tamamilə azad edir, dividentdən 5 faiz vergi və 10 faizlik gəlir vergisi təyin edilir, bir halda ki, adi gəlir vergisi Ermənistanda 21 faiz təşkil edir.

Sertifikat ştatında 30 nəfərdən az işçisi olan şirkətlərə şamildir.

Ermənistan iqtisadiyyat naziri Vahan Kerobyanın RBC-ya verdiyi müsahibəsindən bəlli olur ki, Ermənistan hökumətinin yaranmış geosiyasi vəziyyətdən maksimum fayda qazanmaq niyyətindədir.

Tək 2022-ci il sentyabrın əvvəlində Ermənistana Rusiyadan 50 İT mütəxəssisi gəlib.

Dəmir yolları

Yerevan Gümrü qatarı

Şəklin mənbəyi, Ermənistan Dəmir Yolları

Şəklin alt yazısı, Yerevan Gümrü qatarı

2008-ci ildə Ermənistan dəmir yolları 30 il müddətinə Rusiya Dəmir Yolları şirkətinin konsessiya idarəçiliyinə keçib. Hazırda Ermənistanın dəmir yolları Rusiya Dəmir Yolları şirkətinə daxil olan Cənubi Qafqaz Dəmir Yolunun (CQDY) idarəçiliyindədir. Tərəflərin razılığı ilə, 20 ildən sonra müqavilə daha 10 il müddətinə uzadıla bilər.

2023-cü ilə olan məlumata görə, Ermənistanın dəmir yollarının ümumi uzunluğu 1252,5 kilometrdir, onlardan əsas yollar – 759,8 km təşkil edir.

CQDY 74 stansiyadan ibarətdir, lakin cəmi 55-i istismar olunur. Ermənistandan xaricə dörd sərhəd məntəqəsindən [Ayrum–Sadaxlo (Gürcüstan), Axuryan-Doğukala (Türkiyə), Yerasx-Vəlidağ (Azərbaycan), İcüvan-Barxudarlı ()Azərbaycan] yalnız biri işləyir: Ayrım-Sadaxlo (Gürcüstan).

Cənubi Qafqaz Dəmir Yolları şirkəti infrastrukturun inkişafına dair üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmədiyi üçün tənqidə məruz qalıb.Bu günədək Vanadzor-Fioletovo xəttinin 32 kilometrlik qolunun tikintisi həyata keçirilməyib. Bu, Yerevandan Tbilisiyə və Qara dəniz limanlarına yolu 112 km qısaldardı.

Tikinti 2011-ci ildə başlanmalı idi, lakin CQDY layihənin dəyərini iki dəfədən çox artıraraq, 2012-ci ildə 200-250 milyon dollara çatdırıb, sonradan isə layihə unudulub. Bundan başqa, “Ermənistan beynəlxalq hava limanları” QSC-nin bəyanatına görə, CQDY-nin fəaliyyətsizliyi ucbatından daha bir layihə - Yerevanda Çarbax metro stansiyasından Zvartnots aeroportuna dəmir yol xəttinin tikintisi kağız üzərində qalıb.

2018-ci ildə şirkət vergidən yayınmaqda ittiham olunub, və Dövlət Vergilər Komitəsi tərəfindən şirkətin binasında axtarış aparıldığı və bəzi sənədlərin müsadirə edildiyi bildirilirmişdi. Sabahısı günü CQDY rəhbərini Baş nazir Nikol Paşinyan qəbul edib.

“Komersant” qəzetinə müsahibədə Paşinyan, ilkin məlumatlara görə, CQDY tərəfindən vergilərin 60 milyon məbləğində kəsirinin ödənilmədiyini bildirib. Şirkət yoxlamaları istintaq orqanları tərəfindən sifariş yerinə yetirildiyi kimi şərh edib.

Yoxlamaların nəticələri barədə açıqlamalar olmayıb, lakin, 2018-ci ilin yekunlarına görə, CQDY tərəfindən Ermənistan dövlət büdcəsinə ödənilən vergilərin məbləği 8 milyon dollardan artıq olub.

Yuxarı Lars yolu

Yuxarı Lars yolu

Şəklin mənbəyi, Armenpress

Şəklin alt yazısı, Yuxarı Lars yolu

Ermənistan ixracatının xaricə nəql edilməsinin yeganə quru yolu Gürcüstan-Rusiya sərhədinin “Yuxarı Lars” adlanan məntəqəsindən keçir. Qış aylarında yol, buz bağladığına görə, vaxtaşırı bağlı olur. Lakin bəzən Ermənistan yük maşınları başqa səbəblərə - əsasən Rusiya tərəfinin göstərişi ilə - günlərlə yolun açılmasını gözləməli və ya geri qayıtmağa məcbur olurlar.

Keçən il, noyabrın sonunda Ermənistan baş naziri KTMT-nin Minsk sammitində iştirak etməkdən imtina edəndə, Ermənistan yük daşıyanları da Yuxarı Lars nəzarət keçid məntəqəsində problemlə üzləşirlər. Yüzlərlə məhsul, o cümlədən tez xarab olan, balıq və meyvə aparan yük maşını nəzarət məntəqəsində dayandırılır, çünki Rusiya fitosanitariya nəzarəti məhz Ermənistan məhsulları üçün tələblərini sərtləşdirmişdi.

Rusiya və Ermənistan Müstəqil Dövlətlər Birliyinin üzvləridir və KTMT formatında əməkdaşlıq edirlər. 2015-ci ilin yanvarından Ermənistan Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstanın daxil olduğu Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvüdür.