Azərbaycanda həbsdəki jurnalistlərin ana və bacılarının təqaüd hesablarına niyə həbs qoyulub?

Sevinc Vaqifqızı AbzasMedia AbzasMedia işi məhkəmə hüquq ədliyyə ədalət polis Daxili İşlər Nazirliyi Xarici İşlər Nazirliyi

Şəklin mənbəyi, Sosial media

  • Müəllif, Aygül Mehman
  • Vəzifə, BBC News Azərbaycanca, Bakı

"Pensiya hesabımda 600 manat var. Kartımdan çıxara bilmirəm", - həbsdə olan jurnalist Sevinc Vaqifqızının anası Ofelya Məhərrəmova BBC-yə deyir.

Onunla danışmağımızın səbəbi qızı həbs olunduqdan sonra pensiyasının hakimiyyət tərəfindən kəsilməsinə dair xəbərlərdir.

"Ürəyimdən əməliyyata getməliyəm, 10 mindir məbləği, sığorta məbləğin bir hissəsini ödəyir, bir qismini isə özüm ödəməliyəm", - Ofelya Məhərrəmova deyir.

Və təqaüdü kəsilən yalnız Ofelya Məhərrəmova deyil. AbzasMedia-nın direktoru Ülvi Həsənlinin həm anasının təqaüdünə, həm də bacısının maaşına həbs qoyulub.

Hakimiyyətin həbs olunan jurnalistlərin ailələrinin təqaüd və maaş hesablarına nə üçün həbs qoyduğunu öyrənə bilmədik - Daxili İşlər Nazirliyi ilə əlaqə saxlamaq mümkün olmayıb.

Jurnalistlərin bizə danışan ailə üzvlərindən bəziləri hesablara qoyulan həbslər nəticəsində yeganə gəlir yerlərini itirdiklərini deyiblər.

Ombudsman aparatından BBC Azərbaycancaya bildiriblər ki, onlara şikayət daxil olmasa da, məsələ onların "nəzarətindədir və araşdırılır".

Yüksək rütbəli məmurlarla bağlı korrupsiya araşdırmaları aparan AbzasMedianın və digər tənqidi mediaların jurnalistləri ölkəyə qanunsuz pul gətirmə ittihamları ilə keçən ilin sonlarından bəri həbs olunub.

Azərbaycan hökuməti jurnalistlərə qarşı ittihamların onların peşə fəaliyyətilə bağlı olması barədə ittihamları rədd edib.

“13 ay almaya bilərlər”

"O gün getmişdim Mərkəzi Klinikaya. Həkim dedi ki, ürəyimə aparat qoyulmalıdır. Aparat qoyulmalıdır, ancaq vəsait yoxdur. Pensiyamı da bilirsiniz, kəsiblər", - AbzasMedianın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızının anası Ofelya Məhərrəmova BBC-yə deyir.

Aylıq dərmanlarının qiyməti ümumilikdə “500 manat tutan" Ofelya Məhərrəmova dekabr ayından "AbzasMedia" işinə görə təqaüdünü ala bilməyib.

Ofelya Məhərrəmovaya "ürəyinə görə" 2023-cü ildə ikinci qrup əllilik verilib, o, buna görə müavinət alırmış.

Noyabr ayından başlayaraq Azərbaycanda 10-dək jurnalist həbs olunub, onlardan 6 nəfəri AbzasMedia saytının rəhbər və əməkdaşlarıdır. Barəsində həbs qətimkan tədbiri seçilmiş jurnalistlər "qaçaqmalçılıqda" ittiham olunurlar.

Vəkillər BBC-yə bildiriblər ki, işdə adı keçən şəxslərin hamısının hesablarına, eləcə də Abzas Medianın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı və digər bir media qurumu - Kanal13-ün həbs olunmuş rəhbəri Əziz Orucovun bütün ailə üzvlərinin maaş və təqaüd hesablarına həbs qoyulub.

Hüquq müdafiəçisi Rüfət Səfərov BBC-yə deyir ki, "bu iş üzrə istintaq araşdırmasının müddəti 13 ay davam edə bilər". Bu, o deməkdir ki, hesablarına həbs qoyulmuş şəxslər bir ildən çox bir müddətdə bu həbsin götürülməsini gözləməli ola bilərlər.

AbzasMedia Azərbaycan Jurnalistlərin həbsi

Şəklin mənbəyi, Kollaj/BBC

Şəklin alt yazısı, Soldan-sağa, yuxarıda: Sevinc Vaqifqızı, Ülvi Həsənli, Məhəmməd Kekalov, Nərgiz AbsalamovaSoldan-sağa, ikinci sırada: Hafiz Babalı, Elnarə Qasımova, Teymur Kərimov, Əziz Orucov, Şamo Eminov

“Yeganə gəlir yeri”

Ülvi Həsənlinin bacısı Səda Həsənli BBC-yə deyir ki, maaş hesabına həbs qoyulduğunu “Ülvinin həbsindən bir qədər sonra Kapital bankdan ona zəng edərək bildiriblər”.

“Hesablarıma həbs qoyulduğu bildirildi, səbəbi isə açıqlamadılar. Banka getdim, sənəd götürmək istədim, 28-ə göndərdilər, ordan ala bilmədim. Yenidən baş ofisə qayıtdım, ordan da ala bilmədim. Sənədi vermirdilər. Ümumilikdə, bütün ailə üzvlərinin kartlarına blok qoyulub”.

Səda Həsənovanın təqaüdçü anası Esvira Musayevanın təqaüd kartına da həbs qoyulub.

"Anamın köhnə maaş kartına həbs qoyulub, düzdür, o, sentyabrdan pensiyaya çıxıb. Ancaq maaş kartının vaxtına var idi və kartı istifadə edirdi. O bloklandı, daha sonra da məlum oldu ki, pensiya kartı da bloklanıb".

O vurğulayır ki, anasının təqaüd kartı qadının “yeganə gəlir yeri”dir.

Səda Həsənova deyir ki, ailə üzvlərinin hamısının hesablarına həbs qoyulması ailəni “çox çətin vəziyyətə” salıb.

“Hüquqi yollarla çalışırıq ki, bir neçə dəfə yazılı müraciət edək. Azərbaycanda bütün çətin situasiyalara öyrəşməyə çalışdığımız üçün bir müddət özümüzü sakitləşdirməyə çalışdıq ki, yaxşı, əlimizdə olan pulla keçinməyə çalışarıq. İndi vaxt keçdikcə, xüsusilə anam təlaşdadır. Deyir “tək dolanışıq yolum pensiya ilədir. Necə edəcəyəm? Bir ay, iki ay, birtəhər idarə edərəm, bəs sonra?””, - Səda Həsənli bildirir.

“Vəziyyətimiz gündən-günə çətinləşir”, - Səda Həsənova əlavə edir.

“AbzasMedia” və “Kanal13” işi üzrə həbs olunmuş şəxslərin bəzilərinin ailələrinin hesablarına həbslərin noyabrın sonunda qoyulduğu bildirilir.

Bu işdə adı keçən şəxslərin hesablarına həbs qoyulması xəbəri bəzi şahidlərə dekabrın 5-də məlum olub.

“Repressiya”

Hakimiyyətin "AbzasMedia işi”ndəki "davranışını" bu mediaya qarşı “repressiya siyasəti” adlandıran hüquq müdafiəçisi Rüfət Səfərov BBC-yə deyir ki, bu yanaşma saytın fəaliyyətini "tamamilə dayandırmaq məqsədi daşıyır".

"Azərbaycanda insanları siyasi fikirlərinə və ya peşələrinə görə həbs etmirlər və ya istintaqa cəlb etmirlər", - Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva France 24 telekanalına müsahibəsində deyib.

“Elan olunmuş ittihamların dairəsini nəzərə alsaq, mən bilən, ağır cinayətdə ittiham olunurlar, bunun da Cinayət Prosessual Məcəlləyə görə, 13 ay ibtidai istintaq müddəti var, ancaq bu, o demək deyil ki, məhz 13 ay davam etməlidir, 5-6 aya da yekunlaşdırıla bilər”, - cənab Səfərov vurğulayır.

“Bu minvalla belə çıxır ki, bu insanların bir ildən artıq müddətdə bütün gəlir mənbələrinə həbs qoyulacaq. Və sual olunur, bu ailələr necə dolanacaq? Mən bu vəziyyəti şərh edə bilmirəm, çünki burada hüquq yoxdur”, - hüquq müdafiəçisi vurğulayır.

Azərbaycanda banklardan birində çalışan, adının çəkilməsini istəməyən bank əməkdaşı BBC-yə deyir ki, "təqaüd hesablarına kənardan pul mədaxil edilməsi mümkün deyil".

Rüfət Səfərov da deyir ki, pensiya kartlarına başqa vəsaitlərin köçürülməsi mümkün deyil.

“Bəlkə də baxmısınız, Əziz Orucovun ailə üzvləri o vəziyyətdə idi ki, onun qardaşı sosial şəbəkədə yazdı və bununla bağlı marafon da oldu ki, onun azyaşlı uşaqları ac qalmasın”, - cənab Səfərov bildirib.

Daxili İşlər Nazirliyindən təqaüd və maaş hesablarına həbs qoyulması ilə bağlı şərh almaq mümkün olmayıb.

İş üzrə çalışan vəkillərdən biri BBC-yə deyib ki, onlara hesablara qoyulmuş həbsin "istintaq araşdırması bitdikdən sonra aradan qaldırılacağı" bildirilib.

"Azərbaycanda yeni repressiya dalğası hökuməti tənqid edən və yüksək səviyyəli korrupsiyanı araşdıran və xaricdən maliyyələşən jurnalistləri və medianı hədəfə alıb", - Human Rights Watch insan haqları təşkilatı jurnalistlərin həbsi barədə bəyanatında bildirib.

Azərbaycanda jurnalistlərin "qanunsuz həbsləri, müstəqil jurnalistikanın imkanlarının məhdudlaşdırılması və ifadə azadlığına qoyulan məhdudiyyətlər ciddi narahatlıq doğurur", - Avropa İttifaqı (Aİ) dekabrın 13-də verdiyi bəyanatda bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyi isə "bu cür əsassız və qərəzli bəyanatların Azərbaycanda məhkəmə hakimiyyətinin müstəqilliyinə müdaxilə cəhdləri kimi qiymətləndirdiyini" açıqlayıb.

"İstintaqın gedişatına müdaxilə edilməsi qəbuledilməzdir və məhkəmə prosesinin işinə müdaxilə hüquqi dövlətin əsas prinsipi olan qanunun aliliyinə ziddir", - Azərbaycan xarici siyasət idarəsinin bəyanatında deyilir.

Siyasi psixoloq: "Bu, bir mesajdır"

Siyasi psixoloq Samirə Qasımlı həbs olunmuş jurnalistlərin ailə üzvlərin hesablarına qoyulan həbslərin "mesaj" olduğunu deyir.

"Bu, bir mesajdır. Hədəfdə həm də sizin ailə üzvləriniz var. Ən yaxın, ən zəif nöqtələrinizdir və biz onları da hədəf alırıq. Onlar deyirlər ki, siz tək öz həyatınızla bağlı qərar vermirsiniz, öz yaxınlarınızı da zərbə altında qoyursunuz. Kimsəsiz, xəstə, bir təqaüdün ümidinə qalan yaşlı ananızı belə təhlükə altına qoyursunuz. Bunlar hamısı digər jurnalistlərə də mesajdır".

Siyasi psixoloq vurğulayır ki, gənc jurnalist qadınların bir-birinin ardınca həbsi "Azərbaycan kimi mentalitetin önəmli rol oynadığı, ənənələrin üstün olduğu, konservativ yanaşmanın güclü olduğu cəmiyyətdə... qorxu mesajı ötürmək məqsədli" olub.

"Hakimiyyət bir tərəfdən plan qurdu ki, xof yaysın. Bu qızların hərəkəti isə başqa bir effekt verdi. Ona görə də o növbəti addımlarında bir az daha qəddarlaşmağa, sərtləşməyə qərar verir ", - Samirə Qasımlı deyir.

“Əgər jurnalist sorğu-suala cəlb edilirsə və ya həbs olunursa, bu, o deməkdir ki, o, qanunsuz hərəkət edib”, - bunu isə səfir Leyla Abdullayeva France 24 kanalına deyib.

Samirə Qasımlı bir neçə il əvvəl Meydan TV-nin qadın jurnalistlərinin də "Bandotdel"ə aparıldığını, lakin həbs olunmadıqlarını xatırladır.

"Azərbaycan cəmiyyəti üçün "Bandotdel" sözü bir az qorxunc gəlir. Ora bir qızın, qadının getməsi daha qorxunc mesajdır, ona görə əvvəllər bunu edirdilər, ancaq qızları həbs etmirdilər. Hansısa şəkildə qorxudurdular, mesaj ötürürdülər. İndisə daha pisinə keçməklə gənc qızı, qadını "qaçaqmalçı" adı ilə şərləyir və həbs edirlər. Bu, bir az irəli getməkdir", - o deyir.

"Adamın hakimlərə də yazığı gəlir. Əlindəki kağızdan qərar oxuyur, ancaq başa düşmürsən ki, nə oxuyur, nə deyir. Axıra yaxın, bircə orasını eşidirsən ki, “təmin olunmadı”. Elə bil hakimlər özləri də xəcalət çəkir oxuduqları qərardan. O dəfə hakimin biri uşaqlara deyir ki, “a bala, farağat durun da””, - Ofelya Məhərrəmova deyir.

Jurnalistlər həbsdə olduqları üçün başladıqları bəzi araşdırmaları sona çatdıra bilməyiblər. Buna görə də Parisdə yaranmış "Qadağan edilmiş hekayələr" adlı layihənin üzvü olan 15 media təşkilatı onların yarımçıq araşdırmalarını davam etdirməyə qərar veriblər.

Sualınız varmı?

Mövzu barədə sualınız, şərhiniz, təklifiniz və ya müraciətiniz varsa, bu formanı dolduraraq bizə yazın.