Azərbaycanda iqtidar və müxalifətin bənzərliyi: Niyə nazirlər və partiya liderləri yalnız kişilərdir?

Mehriban Əliyeva Azərbaycan Nazirlər Kabineti Qadın qadın hüquqları q1adınlar idarəetmədə

Şəklin mənbəyi, president.az

Şəklin alt yazısı, Azərbaycan hökumətində çox az sayda qadın təmsil olunur, onlardan biri də Mehriban Əliyevadır.
  • Müəllif, Aygül Mehman
  • Vəzifə, BBC News Azərbaycanca, Bakı

Azərbaycanda qadın nazir yoxdur. İcra başçısı da yoxdur. Ölkədə yalnız bir komitənin, o da profili ailə, qadın, uşaq məsələləri olan qurumun sədri qadındır.

Ümumiyyətlə, ölkədə ən yüksək vəzifələrdə çalışan qadınlara nadir rast gəlinir. Bəzi nazirlərin 6 köməkçisi var, lakin bu şəxslər arasında da qadın yoxdur.

İqtidara müxalif olanlarda da vəziyyət çox da fərqli deyil. Müxalifət partiyalarının liderləri arasında qadın gözə dəymir.

BBC-yə danışan hakimiyyət müdafiəçi və ya tənqidçilərinin hamısı bir məsələdə həmfikirdir: mentalitet, köhnə adət-ənənə qadınların siyasi karyera yüksəlişində ciddi əngəllərdən biridir.

Prezident İlham Əliyevin 11 köməkçisindən yalnız biri qadındır.

Qadınların arxa sıralarda olduğu Qadınlar qurultayı

Azərbaycanda qadın qurultayı Azərbaycan qadını Qadın gülərsə qadınlar siyasətdə Azərbaycanda qadın haqları arvadlar kənd arvadı kənd qadınları Qabiliyyətli qadın

Şəklin mənbəyi, APA

Şəklin alt yazısı, Qadınların qurultayında çəkilmiş bu şəkil sosial media istifadəçiləri tərəfindən müxtəlif şərhlərlə Facebook sosial platformasında dəfələrlə paylaşıldı.

Azərbaycanda 2023-cü ilin oktyabrında keçirilən 6-cı Qadınlar qurultayında diqqəti bir foto çəkmişdi: ön cərgələrdə əsasən kişilər oturmuşdu.

Facebook sosial platformasında bir istifadəçi bu fotonu “Qadınsız qalan qadın qurultayı” şərhi ilə paylaşmışdı.

"Bu foto o deməkdir ki, qarşıdakı, 1-ci sıradakı kişilər arxa sıralarda olmayınca, ölkədə qadınların sözü hələ uzun müddət keçməyəcək. Deyilə bilər ki, idarəçilikdə olan kişiləri ora gətirmək, yığmaq da işdir. Yox, əzizlərim, vəziyyəti daha yaxşı bilirsiz, məndən də yaxşı”, - Ramina Eyvazqızı adlı istifadəçi yazıb.

“Kişilər yığışıb qadınlara qurultay keçiriblər, bizə əziyyət verməyiblər! Allah sizdən razı olsun”, - Demokratik Qüvvələrin Milli Şurasının üzvü, keçmiş millət vəkili Gültəkin Hacıbəyli yazıb.

“Toplumda qadına olan münasibət”

Samirə Qasımlı siyasi psixoloq
Şəklin alt yazısı, Siyasi psixoloq Samirə Qasımlı

Bəs, bu niyə belədir? Nə üçün ölkədə qadınlar yüksək vəzifələrdə istisnaları təşkil edirlər?

Siyasi psixoloq Samirə Qasımlı yüksək vəzifələrdə bir qayda olaraq, kişilərin təmsil olunmasını BBC-yə belə izah edir:

“Şərqli kişilər üçün ...qadınların olmadığı kişi kruqu daha rahatdır. Yəni, bu, həm də toplumda qadına olan münasibəti göstərir”.

O deyir ki, Azərbaycan Prezidenti və ətrafındakı şəxslər tez-tez ölkədə gender bərabərliyinin qorunmasından bəhs etsələr də, əslində ölkədə “bu bərabərlik qorunmur”.

“Məncə, bu, avtoritar rejimin təbiətindən irəli gələn bir şeydir. Belə rejimlərdə qadınların dövlət idarəçiliyində təmsilçiliyi göstəriş xətrinə olan reallıqdır”, - o vurğulayır.

Siyasi psixoloq hesab edir ki, qadınlar yalnız o vəzifələrə irəli çəkilir ki, orda qadının idarəçiliyinə, liderliyinə gərək yoxdur.

“Ailə, Uşaq Komitəsinə təyinatda da eyni yanaşmanı görürük. Bu, ailə-uşaq məsələsidir, qoy, onu da qadın idarə etsin. Təyinatlar bu şəkildə həyata keçirilir. Prezident öz həyat yoldaşını vitse-prezident təyin edir. Dünya təcrübəsinə baxanda görürük ki, bu, seçkili vəzifədir və öz funksiyası var. Azərbaycan reallığında isə bu təyinat onu göstərir ki, bu, məsələdə, sadəcə göstəriş var”, - Samirə Qasımlı əlavə edir.

Azərbaycanda qadın olmaq və siyasi iddialı olmaq. Bu, nə deməkdir?

2019-cu ildə 61 saylı Neftçala seçki dairəsindən Xol Qaraqaşlı kəndindən namizəd kimi bələdiyyə seçkilərində iştirak etmiş ictimai fəal Vəfa Nağıya görə, ölkədə bir qadın kimi "siyasi iddiası olmaq insanların gülüş obyektinə çevrilmək deməkdir”.

“Sən qadınsan, ancaq hansısa bir kənddə bələdiyyəyə namizədliyini verirsən. Bu, insanlarda gülüş yaradır ki, ümumiyyətlə, sən kimsən və niyə belə bir iş görürsən? Mən qapı-qapı düşüb, namizədliyim üçün imza yığanda, elə şəxslər var idi, görürdülər ki, qapıdayam, qapını açmırdılar. Ona görə yox ki, mənimlə şəxsi-qərəzləri var idi. Ona görə ki, mən onlara qapı arxasından deyirdim ki, bələdiyyəyə namizədliyimi vermək üçün imza toplayıram. Onlar həm gülürdülər, həm də sayıb qapını açmırdılar. İnsanlar ələ salırdılar ki, bir qadın niyə seçkiyə getsin?"

Vəfa Nağının fikrincə, siyasi iddiası olan qadınlar məhz qadın olduğu üçün “müxtəlif münasibətlərə - təkliflərə, şantaja, hədəyə, şər-böhtana məruz qalır”.

“Mənim, məsələn, şəkillərimi götürüb kişilərin toplaşdığı yerlərdən asmışdılar. Bununla kim rastlaşmaq istəyər? Mən də istəmərəm, sadəcə, mən bunu gözə almışdım. Ona görə də bizim kimi ölkələrdə qadınların siyasətdə iştirakı çətindir”, - Vəfa Nağı əlavə edir.

Vəfa Nağı 2019-cu ildə keçirilmiş bələdiyyə seçkilərində 113 səs alaraq bələdiyyə üzvü seçilib.

"Siyasətdə olan qadın şəxsi həyatından məhrum olur”

Gültəkin Hacıbəyli

Adının çəkilməsini istəməyən keçmiş icra hakimiyyəti başçısının qadın müavini deyir ki, Azərbaycanda yerli idarəetmədə qadınların sayı 30 faizdən çoxdur.

Lakin o vurğulayır ki, ölkədə nəinki siyasətdə, elə biznesdə, səhiyyə və ya təhsil sahəsində də həm qadın, həm də birinci olmağın “çətinlikləri var”.

“Bilirik ki, bacarıqlı insanlara qarşı qısqanclıq olur və bu qısqanclıqlar onların həmişə hədəfdə olmasına gətirib çıxarır. İnsanlar gözləyirlər ki, o, cüzi bir səhv etsin. Bu, hamıya qarşı olan deyil, əlbəttə. Əgər sən bir qadın kimi siyasətdəsənsə, hər bir detala çox diqqətlə yanaşmalısan. Geyim, nitq, davranış, ünsiyyət mədəniyyəti, yəni, bütün bunlara sahib olmalısan ki, səni gözləyə biləcək sürprizlərdən özünü qoruya biləsən”.

Keçmiş məmurun sözlərinə görə, ölkə siyasətində qadın olmağın çətinlikləri odur ki, qadın şəxsi həyatından məhrum olur.

“Asudə vaxtı olmur qadının. Ailəmizlə istədiyimiz qədər vaxt keçirə bilməmişik. Övladlarımızla ehtiyacları olan qədər vaxt keçirə bilməmişik, onların təhsilinə yetərli diqqət ayıra bilməmişik. Valideynlərimiz sağ olanda onlarla kifayət qədər maraqlana bilməmişik, ancaq telefon əlaqələri olub. Bu çətinliklər həmişə mövcud olub və bu gün də var. Yəqin ki, gələcəkdə də olacaq. Çünkli insan peşəkardırsa, o öz işini yaxşı görəcək. İşini yaxşı görmək üçün də işə daha çox zaman ayırmalısan”, - sabiq müavin əlavə edir.

Mehriban Əliyeva birinci vitse-prezident birinci vitse-prezident Mehriban Əliyeva İlham Əliyev cənab Əliyev Prezident İlham Əliyev

Şəklin mənbəyi, mehriban-aliyeva.az

“Səfirlərin əksəriyyəti kişilər idi”

Elmar Məmmədyarov
Şəklin alt yazısı, Azərbaycan keçmiş xarici işlər naziri Elmar Məmmədyarov

Keçmiş xarici işlər naziri Elmar Məmmədyarov BBC-yə deyir ki, onun rəhbərliyi dövründə (2004-2020) işçilərin təxminən yarısı qadınlar olub.

“Düzdür, səfirlərin əksəriyyəti kişilər idi, qadın müavinim olmayıb - o etiraf edir, - ümumiyyətlə, qadınların diplomatiyada rolu çox ciddi məsələdir. Bizdə işə qəbul imtahanla olduğundan qızlar daha yaxşı imtahan verib gəlirdilər”.

Keçmiş nazir xatırlayır ki, çalışdığı vaxt qurumun mətbuat katibi qadın olub.

Onun dövründə mətbuat katibi olmuş Leyla Abdullayeva sonradan Fransaya səfir göndərildi və hazırda bu vəzifəni tutur.

Elmar Məmmədyarov qadınların siyasi idarəetmədə, yüksək postlarda az təmsil olunmasını “din, mentalitet, təhsil məsələləri” ilə əlaqələndirir.

“İnanmıram ki, hökumət qadınlarla işləmək istəmir. Valideynlərdən də asılıdır. Ən yaxşı investisiya təhsilə qoyulandır. Uşaqlara yaxşı təhsil vermək lazımdır. Yalnız hökumət yox, gərək ictimaiyyət də bu məsələnin üstündə işləsin”, - keçmiş nazir deyir.

Müxalifətdə də oxşar vəziyyət

Arif Hacılı Müsavat Partiyası
Şəklin alt yazısı, Müsavat Başqanı Arif Hacılı

Ölkədə müxalif partiyalarda da vəziyyət təxminən eynidir. Əsas müxalif siyasi partiyaların sədrləri arasında qadın yoxdur. Yalnız sədrdən sonra gələn postlarda qadınlara rast gəlmək olar.

Azərbaycanda hazırda müxalifətdə olan Müsavat başqanı Arif Hacılı BBC-yə deyir ki, rəhbəri olduğu partiyada “ikinci şəxs, yəni, partiyanın Məclis sədri, eləcə də nəzarət-təftiş komissiyasının sədri qadınlardır”.

Ancaq o vurğulayır ki, təmsil etdiyi partiyanın sədrliyinə “hələlik hansısa qadın öz namizədliyini irəli sürməyib”.

O, bunun bir səbəbini siyasi təqib və təzyiqlərə hədəf olmaq narahatlığı ilə izah etsə də, düşünür ki, qadınların siyasi idarəetmədə zəif iştirakının əsas səbəbi “mentalitet məsələsidir” və ölkədə “əsrlərlə mövcud olmuş ənənələrlə, xüsusilə dini ənələlərlə bağlıdır”.

“Bu baxımdan, qadınların ictimai fəallığı Qərb ölkələrində olduğundan daha azdır. Bu problemləri həll etmək üçün gərək ilk növbədə qadınların təmsil olunduğu qurumlar siyasi iradə nümayiş etdirsin. Məsələn, Müsavat Partiyasında bütün seçkili orqanlarda qadınların iştirakı üçün kvota müəyyənləşdirilib. Müsavat Partiyasının ali idarəetmə orqanı olan Divanın 25 faizini, yəni, 15 nəfərdən dördünü qadınlar təşkil edir”, - cənab Hacılı vurğulayır.

Müsavat başqanı hesab edir ki, ölkədə demokratik mühit olarsa, qadınların da siyasi fəallığı artar.

Yeni partiyada da qadınlar görünmür

III Respublika Platforması ReAL

Şəklin mənbəyi, Üçüncü Respublika Platforması/Facebook

Şəklin alt yazısı, Aralarında bircə qadın belə yer almadığı III Respublika Platforması

Bu günlərdə ölkənin siyasi idarəetməsində demokratik dəyişiklik iddiasını ortaya qoyan Üçüncü Respublika Platformasının təqdimat video-çarxlarında təqdim olunmuş qurucu heyət arasında bir nəfər də olsa qadının gözə dəyməməsi də tənqid olundu: üçüncü respublikaçılar qurmaq istədikləri cəmiyyətin idarəetməsində qadınları nəzərdə tutmayıblarmı?

Qurucu heyət üzvü Elman Fəttah BBC-yə deyir ki, bu, platformaya qarşı yönəlmiş “ən haqlı tənqiddir”. Ancaq o deyir ki, platformanı təsis edənlər arasında qadınlar var, sadəcə, idarə heyətində təmsil olunmurlar.

Elman Fəttah əmin edir ki, fəaliyyətləri dövründə “bu nöqsan” aradan qaldırılacaq:

“Başa düşürük ki, qadınların təmsil olunmadığı təşkilat nə ictimaiyyət tərəfindən yaxşı qarşılanır, nə də biz özümüz bunu doğru sayırıq. Yaxın zamanda bu çatışmazlığı aradan qaldıracağıq”.

"Hakimiyyət də mentaliteti diri saxlamaqda maraqlıdır"

Alya Yaqublu Samirə Qasımlı siyasi psixoloq siyasi təhlilçi qadın haqları Qadın hüquqları siyasət iqtisadiyyat Elmar Məmmədyarov

“Ailələr qadınların karyera qurmasını istəmir. “Səhər getsin, günorta gəlsin, otursun evində” - çoxları belə düşünür”, - siyasi təhlilçi Alya Yaqublu deyir.

O, qadınların siyasi karyerada irəliləməsində və ya yüksək vəzifədə təmsil olunmasında əsas problem kimi ailə-məişət yükünün, əsasən qadının çiyninə qoyulmasını, gender ayrı-seçkiliyini görür:

“Təxminən 10 ildir, gənclər “məişət yükü bölünməlidir” və “bütün işlər qadının boynunda olmamalıdır” kimi informasiya ilə iç-içə yaşayırlar. Lakin buna baxmayaraq, hələ də o qayanı yerindən tərpətmək mümkün olmayıb”.

O hesab edir ki, “bütün Şərqdə olduğu kimi, Azərbaycanda da mentalitet qadının kişidən ağıllı olmadığı” qənaətindədir.

Alya Yaqublu hesab edir ki, hakimiyyət də bu “mentaliteti diri saxlamaqda maraqlıdır" və bəzən bunu da təbliğ edir.

2019-cu ildə Bakı Dövlət Universitetinin 100 illiyi ilə bağlı keçirilmiş mərasimdə İlham Əliyev "Avropada qadın-kişi arasında fərq qoyulmadığını" tənqid edərək, Azərbaycanın “ənənəvi cəmiyyət” olmasını müdafiə etmişdi:

“Qadınlara hörmət etməliyik, biz onları qorumalıyıq, onları müdafiə eləməliyik. Onlar bizi yox, biz onları. Gender bərabərliyi var, biz də bunu qəbul edirik. Amma biz ənənəvi düşüncədən kənarda yaşaya bilmərik və gənc nəsil də bunu bilsin”.

Bu çıxışı xatırladan Alya Yaqublu deyir ki, Azərbaycan hakimiyyəti, əslində, qadınları irəli çəkməyə həvəssiz olmasa da, onları yetişdirməyə də xüsusi maraq göstirmir:

“Çünki burda dərhal görünməyən, ilk baxışda ağıla gəlməyən səbəb var. Demokratiyanı beşiyində boğmaq məsələsi. Qadının inkişafı savadlı mühit deməkdir, savadlı ana savadlı uşaq deməkdir. Fəal qadın fəal övlad deməkdir. Öz balaca çevrəsində yaşayıb, ömrünü orda bitirən qadının müasir təfəkkürlü uşaq böyütmək imkanları da məhduddur”.

Ancaq şərhçi onu da vurğulayır ki, ailə-məişət zəminində qadınların yükü azalsaydı və dəstək verilsəydi, vəzifə pillələrində irəliləmək istəyən qadınlar çox ola bilərdi.

Qlobal Gender Bərabərsizliyi İndeksində Cənubi Qafqazda lider Gürcüstandır

Azərbaycan, Gürcüstan və Ermənistan siyasət
Şəklin alt yazısı, Azərbaycan: (qadınlar 22 nəfər), Gürcüstan (qadınlar 27 nəfər) və Ermənistan (qadınlar 42 nəfər) parlamentlərində qadın və kişilərin say nisbəti

Dünya İqtisadi Forumunun Dünyada Qlobal Gender Bərabərsizliyi İndeksi dörd göstərici əsasında dəyərləndirilir:

  • İqtisadi iştirakçılıq və fürsət;
  • Təhsil səviyyəsi;
  • Sağlamlıq;
  • Siyasi səlahiyyət.

Gender bərabərsizliyi indeksi üzrə hesabata nəzər saldıqda görürük ki, 2020-ci ildə həm Azərbaycanda, həm də Ermənistanda bir nəfər də olsun qadın nazir olmayıb.

Həmin hesabat üzrə Azərbaycan 2020-ci ildə 156 ölkə arasında 100, Ermənistan 114, Gürcüstan 49-cu yerdə olub.

Gürcüstan son 50 ildə Cənubi Qafqazda qadın liderlərinin sayına görə irəlidədir.

Gender Bərabərsizliyi İndeksi üzrə sonrakı illərin hesabatında, xüsusən Ermənistanla bağlı vəziyyətin dəyişdiyini görürük. Məsələn, 2021-ci ildə Azərbaycan bir pillə geriləyib 101-ci yerdə qərarlaşarkən, Ermənistan 89-cu pilləyə qalxıb. 2022-ci ildə isə Azərbaycan 4 pillə yüksələrək 97-ci yerdə qərar tutub, Ermənistan isə 61-ci yerə yüksəlib.

Ermənistanda 2020-ci illə müqayisədə hazırda iki quruma – səhiyyə və təhsil nazirliklərinə qadınlar rəhbərlik edir. Ölkə parlamentinin 125 deputatından 42-si qadındır (Ermənistan parlamentində hazırda 107 deputatın mandatı aktivdir, bir neçə deputat mandatını itirib).

Gürcüstan Parlamentinin 140 deputatının 113-ü kişilərdən, 27-si qadınlardan ibarətdir. Ermənistanın Baş prokuroru qadındır. Gürcüstanda isə ölkənin Prezidenti qadındır.

Digər regionlarla müqayisə etdikdə, Avrasiya və Mərkəzi Asiya bölgəsi Siyasi Gücləndirmə üzrə ən aşağı gender paritetinə malikdir və 2022-ci ildən bəri 1 faiz geriləyib.

Yalnız Ermənistan, Ukrayna və Tacikistanda ən azı 1 faizlik irəliləyiş var.

Moldova və Ukraynada nazirlərin beşdə birindən çoxu qadın olduğu halda, yalnız kişilərdən ibarət Azərbaycan Nazirlər Kabineti bircinsli hökuməti olan azsaylı ölkələrdən biri kimi qalmaqda davam edir.

Bundan əlavə, Avrasiya və Mərkəzi Asiya bölgəsinin 10 ölkəsindən yalnız beşində millət vəkillərinin 25 faizdən çoxu qadındır. Azərbaycan bu beşliyə daxil deyil.

“İndi xanımlarımız daha iddialıdır, cəsarətlidir”

Jalə Əliyeva, Milli Məclisin deputatı Milli Məclis Parlament Azərbaycan Parlamenti
Şəklin alt yazısı, Jalə Əliyeva, Milli Məclisin deputatı

Milli Məclisin üzvü Jalə Əhmədova hesab etmir ki, Azərbaycan cəmiyyətində qadınların siyasi iştirakçılığı zəifdir: “Ola bilər, nazirimiz yoxdur, ancaq komitə sədrimiz var və onun tutduğu vəzifə nazirlə eyni statusdadır. Sadəcə, biri nazirlikdir, digəri komitədir”.

Onun fikrincə, “yavaş-yavaş qadınların siyasətdə iştirakçılığının artdığını görmək olur”.

“Əvvəllər parlamentdə az qadın təmsil olunurdu, lakin indi daha çox qadın var”, - deputat deyir.

Azərbaycanda sonuncu seçkidə parlamentdə yer qazanmış 116 deputatdan cəmi 22-si qadın olub. Ötən il Qənirə Paşayevanın vəfatından sonra bu rəqəm hazırda 21-dir.

Müstəqillikdən bəri Azərbaycan Parlamentində millət vəkilliyi üzrə 6 çağırış olub. Bu illərdə parlamentdə deputat yerlərinin sayı artıb-azalaraq 136-125 arası olub. Elə deputat qadınların sayı da 14-22 arasında dəyişib.

Bir nazirin 6 müavinindən biri belə qadın deyil

Prezident Administrasiyasının şöbə müdirlərindən birinə, humanitar şöbəyə də qadın rəhbərlik edir.

Hazırda Prezidentdən sonra ən yüksək səlahiyyətlərə malik şəxs birinci vitse-prezidentdir, İlham Əliyev həyat yoldaşı Mehriban Əliyevanı 2017-ci ildə bu posta təyin edib. Ancaq Mehriban Əliyevanın 4 köməkçisinin hamısı kişidir.

Nazirliklərdə mənzərə belədir: ölkədə Baş nazir və onun müavinləri kişilərdir.

İqtisadiyyat, maliyyə, təhsil, səhiyyə, əmək və əhalinin sosial müdafiəsi, xarici işlər, ədliyyə nazirlərinin müavinləri arasında qadın yoxdur.

BBC-nin bu qurumların saytlarında yerləşdirilən və ya mətbuat xidmətlərindən aldığı məlumatlar əsasında apardığı monitorinq nəticəsində bəlli olub ki, azı 40 nəfərlik müavin heyətinin arasında qadın yoxdur. Digər nazirlərlə müqayisədə daha çox müavini olan iqtisadiyyat naziri Mikayıl Cabbarovun altı müavininin hamısı kişidir.

Yalnız mədəniyyət, kənd təsərrüfatı, ekologiya və təbii sərvətlər nazirlərinin qadın müavini var.

Müxtəlif dövlət komitələrində də vəziyyət oxşardır, ya heç yoxdur, ya da yalnız bir qadın yüksək postda təmsil olunur.

Yalnız Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinə qurum yaranandan bəri qadınlar rəhbərlik edir və elə rəhbərliyin özündə də qadınlar təmsil olunur.

Azərbaycanın şəhər və rayon icra başçıları arasında qadın yoxdur. Elə ölkəni xaricdə təmsil edən səfirlər arasında da qadınların sayı barmaqla sayılacaq qədər azdır.

Qadınların nə üçün yüksək vəzifələrdə təmsil olunmaması ilə bağlı BBC Azərbaycancanın suallarına Azərbaycan Prezident Administrasiyasından və Nazirlər Kabinetindən cavab almaq mümkün olmayıb.

Qeyd: Naxçıvan Muxtar Respublikasının dövlət strukturları BBC-in bu monitorinqinə daxil edilməyib.

Nazirlər Kabineti

Şəklin mənbəyi, Azertag

Şəklin alt yazısı, COP29-un Təşkilat Komitəsinin ilkin tərkibi 28 nəfər ölkədə ən yüksək vəzifələrdə təmsil olunan kişilərdən təşkil olunmuşdu.

COP29-un lk təşkilat komitəsi heyətinin 28 kişidən ibarət olması dünya mediasında əks-səda vermişdi

Bu il Azərbaycanda keçiriləcək COP29 Təşkilat Komitəsinin ilk tərkibində bircə qadının belə olmaması dünya mediasında tənqid edildi. Bundan sonra Prezident İlham Əliyev Təşkilat Komitəsinin tərkibinə qadın deputatları, nazir müavinlərini - 12 qadını əlavə etdi.

Ancaq nəzərə alsaq ki, təşkilat komitəsinin ilk tərkibində təmsilolunma nazirlər səviyyəsində idi, burada subyektiv yox, obyektiv səbəb var:

Ümumiyyətlə, dövlət strukturlarında ən yüksək vəzifələrdə çalışan qadınlara nadir rast gəlinir.

BBC-yə danışan bəzi siyasi psixoloq və şərhçilər bunun "avtoritar sistemlərin təbiətindən irəli gələn bir şey" olduğunu iddia edirlər.

Ancaq təkcə mövcud hakimiyyətin idarəedici postlarında yox, hakimiyyətə iddia edən aparıcı müxalifət partiyalarının da rəhbərliyində qadınlar təmsil olunmur.

Gender fərmanları: “15 il ərzində Azərbaycan bu sahədə böyük uğurlar əldə edib”

Ölkədə gender bərabərliyinin təşviqi sahəsində 2006-cı ildə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanun qəbul edilib.

Nazirlər Kabineti “Azərbaycan Respublikasında qadın məsələləri üzrə 2000-2005-ci illər üçün Milli Fəaliyyət Planı” qəbul edib. Proqramın diqqətə aldığı 12 ən vacib problem sahəsindən biri də “qadınların rəhbər orqanların işində və qərar qəbuletmə prosesində iştirakı”dır.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü Hikmət Babaoğlu deyir ki, bu 15 il ərzində Azərbaycan bu sahədə böyük uğurlar əldə edib.

“Azərbaycanda gender bərabərliyi qorunur, bu, həm Azərbaycan Konstitusiyasının tələbləridir, həm ölkədə aparılan gender siyasətinin nəticəsidir, həm də bütövlükdə milli mentalitetimizin göstəricilərindən biridir”, - Hikmət Babaoğlu vurğulayır.

YAP-ı Milli Məclisdə təmsil edən Babaoğlu ölkədə qadınların hakimiyyətdə təmsilçiliyi ilə bağlı problem görmür və hesab edir ki, qadınların ali hakimiyyət orqanlarında təmsil olunmaması iddiaları Azərbaycanı “tənqid etmək üçün axtarılan bəhanələrdir”.

“Bəzi unikal ixtisas sahələri var ki, vaxtilə bizim qadınların həmin sahələrə marağının az olmasının nəticəsidir və mümkündür ki, ayrı-ayrı spesifik, tutaq ki, icra qurumlarında onların təmsilçiliyi az olsun və ya ümumiyyətlə olmasın”, - o, ölkədə qadın nazirlərin olmamasını belə əsaslandırır.

Deputat hesab edir ki, bu, "bir statistika yox, cəmiyyətin ümumi münasibətlər sisteminin keyfiyyəti kimi görünməlidir”.

YAP-ın İdarə Heyətinin 40 üzvündən 6-sı qadındır. Hikmət Babaoğlu burda balansın pozulmadığı qənaətindədir və deyir ki, üstəlik partiyanın Nəzarət-Təftiş Komisiyasının sədri qadındır və partiyanın müxtəlif qurumlarının idarəçiliyində də qadın üzvlər aktivdir.

Azərbaycan Azərbaycanda qadınlar Qadın hüquqları qadın azadlıqları
Şəklin alt yazısı, Azərbaycan Parlamentinin müstəqillikdən bəri bütün çağırışlar üzrə ayrı-ayrı seçkidə cins nisbəti

“Mən gənclərlə sıx işlədiyim üçün indiki gənclərin ambisiyalı olduğunu görürəm. Xanımlarımız daha iddialıdır, cəsarətlidir. Tendensiya dəyişir. Özüm siyasətdə olan bir xanım olaraq, karyeram zamanında işlədiyim yerlərdə, əksər vaxt da kişi xeylaqları ilə işləmişəm və belə bir yanaşma ilə [cinsi ayrı-seçkilik] rastlaşmamışam”, - Jalə Əhmədova deyir.

Ancaq o da hesab edir ki, Azərbaycanda siyasi iddialı bir qadın olmaq bəzi şeylərdən imtina etmək deməkdir: “Yəni, övladlarınızdan, sevdiklərinizdən, yaxınlarınızda kəsirsiniz, onlarla keçirəcəyiniz zamandan kəsirsiniz. Onlara verə biləcəyiniz qayğıdan kəsirsiniz. Düzdür, mən siyasətə uşaqlarım böyüdükdən sonra gəlmişəm, ancaq mən də anayam, övladam, həyat yoldaşıyam. Sadəcə, burada təsəlli daha çox insana yardım etmək, onların problemlərini həll etmək olur”.

Siyasi psixoloq Samirə Qasımlı hesab edir ki, Azərbaycanda vəzifələrdə olan qadınların belə siyasi ambisiyaları yoxdur.

“Ölkədə birinci vitse-prezident Mehriban Əliyevanın belə siyasi iddiası yoxdur. Nə davranışında, nə ritorikasında bunu görmək olur. Hətta bir müddət əvvəl onun üçün belə bir obrazı yaratmağa çalışsalar da, alınmadı”, - o deyir.

Müstəqillikdən bəri ən yüksək vəzifələrdə olmuş qadınlar

Azərbaycanda müstəqillik qurulduqdan bəri qadınlar nadir hallarda ən yüksək postlarda təmsil olunublar.

Azərbaycan hökumətində sonuncu nazir qadın Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Babayeva olub. O, 2023-cü ildə vəzifəsindən azad edilib.

Ədliyyə Nazirliyinə 1997-2000-ci illərdə Südabə Həsənova rəhərlik edib.

Lidiya Rəsulova 1993-97-ci illərdə Azərbaycanın təhsil naziri olub.

Sonradan müxalifətə keçən Lalə-Şovkət Hacıyeva mərhum Heydər Əliyevin prezidentliyinin ilk illərində dövlət katibi olub. O, həm də siyasi partiya sədrləri arasında yeganə qadın idi.

Azərbaycan parlamentinin ilk qadın spikeri Elmira Qafarova (1990–1992) idi.

Hazırda ölkədə ən yüksək postlardan birini qadın tutur - birinci vitse-pezident Mehriban Əliyeva bu posta 2017-ci ildə təyin olunub.

Ölkədə yalnız bir qurum – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bahar Muradovanın rəhbərliyi ilə fəaliyyət göstərir.

Milli Məclisin hazırkı sədri də qadındır – Sahibə Qafarova 2020-ci ildən bu postu tutur.

Azərbaycanın Ombudsmanı təsis ediləndən bəri quruma qadınlar rəhbərlik edib: 2019-cu ildə Emira Süleymanovanı Səbinə Əliyeva əvəz edib.