Azərbaycanda yayılan qızılca nədir? 7 suala cavabda

qızılca

Şəklin mənbəyi, Getty images

Azərbaycanda son aylarda xüsusən uşaqlar üçün təhlükəli hesab edilən qızılca xəstəliyinin səviyyəsində azalma müşahidə edilir, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi bildirib.

Mərkəz bunun səbəbini qızılçaya qarşı peyvəndləmənin artmasında görür.

"Hazırda, ölkədə qızılca xəstəliyinə qarşı həm planlı, həm də peyvənddən kənarda qalan uşaqlar və böyük yaşlı əhali arasında müalicə-profilaktika müəssisələri tərəfindən peyvəndləmə işləri davam etdirilir. Respublika ərazisində qızılca xəstəliyinə qarşı (QPM və QMi) peyvəndlər ilə əhatə olunma artırılıb. Nəticədə son aylarda xəstəliyin səviyyəsində azalma qeydə alınıb", RGEM açıqlayıb.

Bundan əvvəl Səhiyyə Nazirliyi qızılcaya qarşı heç vaxt peyvənd olunmayan və xəstəliyi keçirməyən 11-40 yaş arasında şəxsləri peyvənd olunmağa çağırıb.

Səhiyyə Nazirliyi və TƏBİB bildirib ki, 2023-cü ilin payızından bəri ölkədə uşaqlar və böyüklər arasında qızılca xəstəliyinin yayılmağa başlayıb.

TƏBİB bildirib ki, 11-40 yaşlı əhali qruplarının qızılca xəstəliyindən müdafiəsi üçün onların 1 dəfə peyvənd olunması kifayət edir.

Səhiyyə Nazirliyi dekabrın 27-dən kütləvi peyvəndlənmə işlərinə başladığını bəyan edib.

2023-cü ilin aprel-noyabr ayları arasında ölkədə 300-ə yaxın qızılcaya yoluxma hadisəsi qeydə alınıb.

Səhiyyə Nazirliyi bildirib ki, onlardan 35-i yaşlı insanlar olub.

Payızda qızılcaya kütləvi yoluxma halları Kürdəmirdə, Şəkidə müşahidə edilib, yerli media yerli icra orqanlarına istinadən yazıb.

Hadisələrin epidemioloji təhlili göstərir ki, yoluxmanın əsas səbəbi peyvəndlərdən yayınma hallarının olmasıdır, Səhiyyə Nazirliyi bildirib.

Qızılca nədir? Bu xəstəlikdən necə qorunmaq olar? Jurnalist Könül Şahin BBC Azərbaycanca üçün bu və digər suallara cavab tapmağa çalışıb.

1. Qızılca nədir?

qızılca

Şəklin mənbəyi, Getty İmages

Qızılca çox asanlıqla yayılan və bəzi insanlarda ciddi problemlər yarada bilən bir infeksiyadır.

Tibbdə rubeola və ya morbilli kimi də tanınan bu xəstəlik tənəffüs sisteminin viral infeksiyası kimi də təyin edilə bilər.

Hava-damcı yolu ilə insandan insana keçən qızılcanın inkubasiya dövrü 10-14 gün arasındadır.

Qızılcaya, əsasən, uşaqlar yoluxur. Amma digər yaş qruplarında olan insanlar da bu virusla xəstələnə bilər.

Qızılca virusunun törətdiyi xəstəliyin yeganə məlum mənbəyi insandır. Yəni xəstəlik insandan insana keçərək yoluxdurur.

Xəstənin öskürməsi və ya asqırması, o cümlədən yoluxmuş şəxslə fiziki təmasda olma xəstəliyin ötürülməsinə səbəb olur.

Yoluxmuş insan asqırdıqda havaya yayılan virus bir saat havada asılı vəziyyətdə qalır. Buna görə də tənəffüs yolu ilə təmas xəstəliyin ötürülməsində mühüm amildir.

Sağlam bir insanın qızılcaya yoluxmuş şəxsin istifadə etdiyi dəsmal, geyim, boşqab, çəngəl və ya oyuncaq kimi əşyalara toxunması böyük risk yaradır.

Əgər insan bu əşyalara toxunarsa, sonra əlini sabunlamadan ağzına, burnuna və ya gözünə sürtərsə, xəstələnə bilər.

Qızılca virusu sağlam insana bulaşdıqda, insanın boğazı ilə burnunun birləşdiyi hissəyə daxil olur və bölgədəki limfa düyünlərinə çatır.

Buradan qan dövranı sistemi vasitəsilə bütün bədənə yayılır.

Müxtəlif orqanlarda hüceyrə sistemlərinə daxil olaraq çoxalmağa davam edir.

Xəstəliyin 15-17-ci günlərində immun sistemin reaksiyası ilə virusun yayılması dayandırılır və immun sistemi xəstəliklə mübarizəyə başlayır.

2. Qızılcanın simptomları

Qızılca virusuna yoluxduqdan təxminən 8-12 gün sonra xəstəliyin ilk əlamətləri görünür.

Bu simptomlar çox vaxt yuxarı tənəffüs yolları infeksiyasına bənzəyir.

Burun axması, öskürək, asqırma, halsızlıq, yorğunluq, yüksək hərarət, boğaz ağrısı, ağızda, diş ətlərinin ətrafında, yanaqların içərisində kiçik boz rəngli ləkələr, gözün işığa həssaslığı kimi əlamətlər ortaya çıxır.

Xəstəliyin 4-8-ci günlərində hərarət 39-41 dərəcə arasında dəyişir.

Qulaq və boyun arxasında səpkilər başlayır.

Bu səpkilər əvvəlcə üzə, bədənə, sonra isə qol və ayaqlara yayılır.

Qızılcada səpki qırmızı və qəhvəyi rəngdə olur.

Bütün bədənə yayılan səpkilər təxminən 4 gün davam edir.

Yetkinlərdə qızılca səpkiləri uşaqlara görə daha az olur.

Qızılcaya yoluxan insan, adətən, təxminən bir həftə ərzində yaxşılaşmağa başlayır. Amma bəzi hallarda bu xəstəlik təhlükəli ola bilir.

Qızılca orqanizmin digər hissələrinə, məsələn, ağciyərlərə və ya beyinə yayılarsa, ciddi problemlərə səbəb ola bilir.

Səpki yox olduqca, insanın qızdırması da aşağı düşür.

Ancaq xəstəliyin səbəb olduğu öskürək təxminən 10 gün davam edir.

qızılça, azərbaycan, peyvənd

Şəklin mənbəyi, Getty Images

3. Qızılcaya yoluxmanı erkən aşkarlamaq mümkündürmü?

Türkiyənin Afyonkarahisar Dövlət Xəstəxanasının həkimi Səfa Səməd Durmaz BBC Azərbaycancaya deyir ki, əgər nümunə qızılcaya yoluxan insan ilə təmasa məruz qaldıqdan ilk 72 saat ərzində götürülübsə və mənfi çıxıbsa, ikinci nümunənin götürülməsi tövsiyə olunur.

Çünki virus inkubasiya dövründə olduğu üçün əvvəlcə qanda görünməyə bilər.

Virus PCR - mikrobioloji təhlil metodundan istifadə edərək aşkarlana bilər.

4. Qızılca hansı problemlər yarada bilər?

Azərbaycanda qızılça, qızılçaya yoluxmuş qadın

Şəklin mənbəyi, Getty Images

Qızılcanın səbəb ola biləcəyi problemlər aşağıdakılardır:

  • Sətəlcəm
  • Meningit
  • Korluq

Qızılca infeksiyası vərəm infeksiyasının yenidən aktivləşməsinə, pnevmoniyaya, boyundakı limfa düyünlərinin iltihabına, orta qulaq infeksiyasına (otit mediasına) və beyinin iltihabına səbəb ola bilər.

Bu problemlər nadir müşahidə edilsə də, körpələr və immuniteti zəif olan insanlar risk altında sayılır.

5. Qızılcanın müalicəsi varmı?

qızılca

Şəklin mənbəyi, Getty İmages

Türkiyənin Afyonkarahisar Dövlət Xəstəxanasının həkimi Səfa Səməd Durmaz BBC Azərbaycancaya deyir ki, qızılcanın xüsusi müalicəsi yoxdur və sadəcə, immuniteti gücləndirən müalicə aparılır. Həkim maye balansının qorunmasının vacibliyini vurğulayır.

“Xüsusilə qida çatışmazlığı (yetərsiz qidalanma) olan və 2 yaşa qədər uşaqlara A vitamini əlavəsi verilməlidir. A vitamini qızılcada fəsadların inkişafının qarşısını alır və immunitet sistemini gücləndirir”.

Qızılcaya yoluxan insanlara yataq istirahəti və sulu yeməklər tövsiyə olunur.

Göz qapaqlarını ilıq su ilə təmizləmək, yüksək hərarət zamanı qızdırma salıcı dərmanlar qəbul etmək olar. Otağın havasını nəm saxlamaq vacibdir.

Qızılcaya yoluxan biri ilə təmasda olan hamilələrin isə tibbi məsləhət alması vacibdir.

6. Yoluxarkən və ya xəstə ilə təmas olarsa, nəyə diqqət etmək lazımdır?

Mütəxəssislər qızılcaya yoluxan uşaqlarla bağlı aşağıdakı məsləhətləri verir:

  • Uşaq beş gün evdə dincəlməli, məktəbə göndərilməməlidir.
  • Qızılca diaqnozu təsdiqləndikdən sonra məktəblərdə, uşaq bağçalarında və iş yerlərində olan insanlar məlumatlandırılmalıdır.
  • Qızılca xəstəsi olan uşaqla təmasda olan insanlar 72 saat ərzində peyvənd edilməlidir.
  • Evə yad adamlar gəlməməlidir.
  • Uşaq ayrı otaqda qalmalı və otağa baxıcıdan başqa heç kim daxil olmamalıdır.
  • Otaq havalandırılmalı, rütubət səviyyəsinə diqqət yetirilməli və otağa günəş işığı düşməlidir.
  • Xəstəyə qulluq edən şəxslər maskalardan istifadə etməlidirlər.
  • Xəstə kök, portağal və yumurta kimi A vitamini ilə zəngin ərzaqlarla qidalanmalıdır.

7. Qızılcadan necə qorunmaq lazımdır?

qızılca

Şəklin mənbəyi, Getty İmages

Həkim Səfa Səməd Durmaz qeyd edir ki, qızılcadan qorunmağın ən təhlükəsiz və təsirli yolu peyvənd olunmaqdır:

“Qızılca, xüsusilə körpələr və azyaşlı uşaqlar üçün təhlükəli xəstəlikdir. Heç bir müalicəsi yoxdur. Qızılcadan qorunmaq lazımdır və qızılcadan qorunmaq üçün peyvənd ən təsirli üsuldur. Peyvənd qızılca virusuna yoluxmuş insanlarda xəstəliyin şiddətini və yayılmasını əhəmiyyətli dərəcədə azaldır’’,- həkim vurğulayır.

O bildirir ki, peyvənd, əsasən uşaqlıq dövründə və iki dozada tətbiq edilir: “Birinci doza uşaq 12-15 aylıq ikən, ikinci doza 4-6 yaş arasında vurulur”.

Sualınız varmı?

Mövzu barədə sualınız, şərhiniz, təklifiniz və ya müraciətiniz varsa, bu formanı dolduraraq bizə yazın.