Azərbaycanda ərzaq inflyasiyası: Yemək hazırlanma xərcləri nə qədər artıb?

  • İlkin Həsənov
  • BBC News Azərbaycanca, Bakı
Bakıda bazarlardan biri

Şəklin mənbəyi, Christopher Lee/Getty Images

Şəklin alt yazısı, Bakıda bazarlardan biri

Azərbaycanda son illərdə ərzaq qiymətləri ardıcıl olaraq bahalaşıb, ərzaq inflyasiyası 2022-ci ildə 21 faizə çatıb. Bəs, bu artım mətbəxə necə təsir edir?

BBC News Azərbaycanca Azərbaycanda bəzi ənənəvi xörəklərin inqridiyentlərinin qiymətlərini hesablayıb və onun maya dəyərini əvvəlki illərlə müqayisə edib.

  • Yarpaq dolması

    inqrediyentlər 2013 2016 2019 2022
    500 qr. qoyun əti 4,60 AZN 4,50 AZN 5,60 AZN 6,60 AZN
    150 qr. soğan 0,07 AZN 0,08 AZN 0,09 AZN 0,14 AZN
    150 qr. tənək yarpağı - - - -
    100 qr. yumru düyü - 0,18 AZN 0,20 AZN 0,25 AZN
    100 qr. nanə, keşniş, şüyüd 0,17 AZN 0,17 AZN 0,18 AZN 0,20 AZN
    500 ml. qatıq 0,77 AZN 0,82 AZN 0,97 AZN 1,21 AZN
    150 qr. kərə yağı 0,92 AZN 1,29 AZN 2,41 AZN 2,86 AZN
    25 qr. sarımsaq 0,05 AZN 0,12 AZN 0,04 AZN 0,11 AZN
    Cəm 6,58 AZN 7,16 AZN 9,49 AZN 11,37 AZN
  • Parça bozbaş

    inqrediyentlər 2013 2016 2019 2022
    800 qr. mal əti 7,97 AZN 8,20 AZN 9,79 AZN 11,20 AZN
    400 qr. quyruq 0,92 AZN 1,29 AZN 2,41 AZN 2,86 AZN
    120 qr. noxud 0,73 AZN 1,03 AZN 1,93 AZN 2,29 AZN
    300 qr. kartof 0,18 AZN 0,21 AZN 0,25 AZN 0,35 AZN
    10 qr. alça qurusu - 0,46 AZN 0,46 AZN 0,47 AZN
    100 qr. pomidor 0,14 AZN 0,10 AZN 0,08 AZN 0,02 AZN
    Cəm 9,94 AZN 11,29 AZN 14,92 AZN 17,19 AZN
  • Pomidor-yumurta

    inqrediyentlər 2013 2016 2019 2022
    4 yumurta 0,40 AZN 0,60 AZN 0,56 AZN 0,72 AZN
    600 qr. pomidor 0,82 AZN 0,59 AZN 0,49 AZN 0,10 AZN
    100 qr. kərə yağı 0,61 AZN 0,86 AZN 1,69 AZN 1,91 AZN
    Cəm 1,83 AZN 2,05 AZN 2,74 AZN 2,73 AZN
  • Parça döşəmə plov

    inqrediyentlər 2013 2016 2019 2022
    400 qr. uzun düyü 0,61 AZN 0,98 AZN 1,46 AZN 1,73 AZN
    630 qr. qoyun əti 5,69 AZN 5,68 AZN 7,07 AZN 8,33 AZN
    100 qr. soğan 0,05 AZN 0,06 AZN 0,06 AZN 0,10 AZN
    100 qr. kərə yağı 0,61 AZN 0,86 AZN 1,69 AZN 1,91 AZN
    150 qr. şabalıd 1,39 AZN 1,48 AZN 1,51 AZN 1,84 AZN
    30 qr. kişmiş 0,22 AZN 0,31 AZN 0,35 AZN 0,38 AZN
    150 qr. albuxara gavalı - 0,93 AZN 0,92 AZN 0,95 AZN
    2 yumurta 0,20 AZN 0,30 AZN 0,28 AZN 0,36 AZN
    100 ml. bitki yağı 0,22 AZN 0,27 AZN 0,29 AZN 0,53 AZN
    30 ml. qatıq 0,05 AZN 0,05 AZN 0,06 AZN 0,07 AZN
    100 qr. un - - 0,11 AZN 0,14 AZN
    Cəm 8,99 AZN 10,85 AZN 13,64 AZN 16,11 AZN
  • Toyuq çığırtması

    inqrediyentlər 2013 2016 2019 2022
    1.5 kq. toyuq əti 5,03 AZN 5,18 AZN 6,95 AZN 8,31 AZN
    150 qr. soğan 0,07 AZN 0,08 AZN 0,09 AZN 0,14 AZN
    15 qr. limon turşusu - - - -
    4 yumurta 0,40 AZN 0,60 AZN 0,56 AZN 0,72 AZN
    150 qr. kərə yağı 0,92 AZN 1,29 AZN 2,41 AZN 2,86 AZN
    100 qr. pomidor 0,14 AZN 0,10 AZN 0,08 AZN 0,02 AZN
    Cəm 6,55 AZN 7,25 AZN 10,09 AZN 12,05 AZN

Qrafikdən məlum olur ki, bəzi yeməklərin hazırlanması üçün çəkilən xərclər hər il keçdikcə bahalaşıb. Cədvələ görə, ən çox bahalaşan toyuq çığırtması olub - 2013-cü ildə bu xörəyin dörd nəfər üçün hazırlanması 6 manat 55 qəpiyə başa gəlibsə, 2022-ci ildə 83.9 faiz artaraq 12 manat 5 qəpik olub.

Bundan başqa, 2013-cü illə müqayisədə ötən il pomidor-yumurta hazırlamaq üçün çəkilən xərclər 49.2 faiz, parça döşəmə plov üçün 79.1 faiz, parça bozbaş üçün 73, yarpaq dolması üçün 72.7 faiz, toyuq çığırtması üçün 83.9 faiz bahalaşıb.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə ölkədə qida inflyasiyası 21 faizə yaxın olub. Ölkədə illik ümumi inflyasiya təqribən 14 faiz olub.

Yüksək qida inflyasiyası artıq son 2 ildir davam edir.

2021-ci ildə isə 16 faizlik qida inflyasiyası qeydə alınmışdı.

Bu ilin ilk rübündə isə ərzaq məhsulları, içkilər və tütün məmulatlarında inflyasiya 17 faiz olub.

Rəsmi məlumata görə, ən çox bahalaşma tərəvəz məhsullarında (60 faiz), çörək və un məmulatlarında (18 faiz) olub.

Əhalinin gündəlik istehlakında əsas yer tutan 20 adda qidadan təşkil olunmuş səbətin dəyəri 68 faiz artıb. Lakin həmin dövrdə əsas kommunal xidmətlər (elektrik enerjisi, təbii qaz və su-kanalizasiya) üzrə əhalinin xərcləri də orta hesabla 80 faiz artıb, iqtisadçı Rövşən Ağayev Bakı Araşdırmalar İnistutunun saytında nəşr edilən yazısında deyir.

Onun araşdırmasına görə, ölkədə bir nəfər üzrə kommunal xidmətlər səbətinin dəyəri 2016-cı ildə 10.5 manat təşkil etdiyi halda, hazırda həmin məbləğ 19 manat təşkil edir. Beləliklə, zəruri qida və kommunal xidmətlər səbətinin dəyəri əsas götürüldükdə, son 6 ildə əhalinin yaşayışı 75 faizdən çox bahalansa da, orta maaşlar 65 faizə yaxın artıb.

Əhalinin orta gəlirləri isə daha zəif templə artıb. Belə ki, 2016-2021-ci illərdə adambaşına nominal gəlirlər cəmi 21 faiz artmışdı və 2022-ci il üzrə gözlənilən 13-14 faizlik mümkün artım da nəzərə alınsa, qiymətlərin gəlirlərdən az qala 2 dəfə sürətlə artdığı aydın görünür, Rövşən Ağayev yazıb.

Dünya Bankının məlumatına əsasən, Azərbaycanda inflyasiyada son artımlar 2009-cu ildən bəri artan templə davam edib, 2018-2020-ci illər aralığında sabit xətlə davam etsə də, ondan bu günə kimi kəskin artım göstərib.

Kərə yağı, yumurta, ət kimi məhsullardakı qiymət artımları tez-tez xəbərlərin mövzusu olur, sosial mediada geniş müzakirə olunur. Prezident İlham Əliyev əvvəlki illərdə yumurtanın qiymətinə həsr edilən, xalq arasında "yumurta müşavirəsi" adlandırılan iclaslar keçirib.

Ərzaq inflyasiyası 2020-ci ildən bəri artmaqda davam edir. Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya hücum edəndən sonra bəzi ərzaq qiymətlərinin və eləcə də başqa məhsullarda davamlı inflyasiya müşahidə edilməyə başladı.

Dünyanın ən böyük ərzaq ixracatçıları arasında olan bu iki ölkə arasındakı müharibə bütün dünyada ərzaq inflyasiyasına səbəb olub. Buna görə, ABŞ və Avropa iqtisadiyyatı belə artıq 8-10 faizlik inflyasiya ilə üzləşib.

Dünya Bankının statistikasına görə, Azərbaycanda ərzaq inflyasiyası Qafqazdakı qonşularından yüksəkdir.

Azərbaycanda hökümət inflyasiyaya görə, minimum əmək haqqının, büdcədən maliyyələşən maaş, pensiya, təqaüd və sosial müavinətləri artırıb.

Bundan başqa, hökümət ildə bir dəfə yaşayış minimumunun dəyərinə baxır.

Həmçinin, Azərbaycan paytaxtında dövlət qurumlarının dəstəyi ilə kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil olunur.

Prezidentin sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat olub.

İndiyədək minimum ayılıq əməkhaqqı 300 manat olub. Hökümətyönlü şərhçilər hesab edirlər ki, bu 15 faiz artım, hazırkı illik inflyasiyanı əhatə edir.

Hərçənd, hakimiyyət tənqidçiləri hökumətin inflyasiya ilə mübarizə aparmaq üçün atdığı addımları yetərli və təsirli saymır, hesab edirlər ki, iqtisadi və maliyyə bazarında köklü islahatlar aparmaq lazımdır.

Qiymətlər və reseptlər necə müəyyən edilib?

Yuxarıdakı interaktiv qrafikdə istifadə edilən yeməklər mal, qoyun, quş əti, paxlalılar və müxtəlif tərəvəz növlərini əhatə edəcək şəkildə seçilib.

Xörəklərin hazırlanmasında Milli Kulinariya Mərkəzinın çap etdiyi Tahir Əmraslanov və Leyla Rəhmanovanın "Azərbaycan mətbəxi" kitabı və ABŞ-da yaşayan azərbaycanlı Fəridə Buyuranın "Nar və zəfəran: Azərbaycana kulinariya səyahəti" kitabındakı reseptlər və miqdarlar əsas götürülüb.

Xərc hesablamasında demək olar ki, hər yeməkdə istifadə olunan və demək olar ki, hər mətbəxdə istifadə olunan duz, istiot, su kimi məhsullar daxil edilməyib.

Qiymətlər Azərbaycan Dövlət Statistika Komitəsinin hər il dərc etdiyi "Azərbaycanda qiymətlər" adlı statistik məcmuədən götürülüb.

Bəzi illərdə dövlət qurumu qrafikdə istifadə olunan ərzağın qiymətini dərc etdiyi nəşrdə göstərməyib deyə onun yeri boş saxlanılıb.