Azərbaycanda yeni doğulan körpələr: hökumətin birdəfəlik yardımına nə almaq olar?

Aygül Mehman

BBC News Azərbaycanca

uşaq yenidoğulan körpələr uşaqlara qayğı sosial müavinətlər

Şəklin mənbəyi, Getty Images

“O gün oturub fikirləşirdim ki, kaşanın sonuncusudur, bu gün verdim, bəs, sabah nə verəcəm bu uşağa? Düşünürdüm ki, çörəyi çayda-suda əzib verərəm, yeyər. Bircə ac qalmasın”, - bu, Masallıda yaşayan Nərmin Həsənovanın 5 aylıq körpəsini doydurmaq planıdır.  

Nərmin Həsənova bir çox ana kimi, Azərbaycanda yeni doğulan uşaqlara verilən birdəfəlik müavinətdən və daimi uşaq pulunun olmamasının gənc anaya yaratdığı sıxıntılardan gileylənir. 

“Bir də baxdım anam zəng edir ki, kaşanın hansından alım gətirim? Ümumiyyətlə, çox olur ki, pis vəziyyətdə qalıram. Bax, o dəfə 3-4 bezi qalmışdı. Qardaşımın körpə qızının böyük ölçüdəki bezini bağladım”, - o, söhbətinə davam edir. 

Nərmin Həsənova övladı doğulanda 300 manat “südpulu” alıb, amma bu məbləğ uşağın təməl ehtiyacları üçün "yetərli olmayıb".

“O pul uşaq ana südü ilə kifayətlənmədiyi üçün yeməyə, pampersə və vacib dərmanlara getdi”, - Nərmin BBC News Azərbaycancaya deyir. 

Üç ay əvvəl həyat yoldaşını itirən Nərmin körpəsinə baxdığı üçün işləyə bilmir. O, ara-sıra bəzi xırda işlər görərək pul qazanmağa çalışsa da, söylədiyinə görə, bu onların ehtiyaclarını qarşılamır.

körpələr, azərbaycan, uşaqlar

Bu ildən artan müavinət

Azərbaycanda uşağın anadan olmasına görə xalq arasında “südpulu” adlanan birdəfəlik müavinət 2022-ci ilin yanvarında 200 manatdan 300 manata qaldırılıb. 

Azərbaycan hökuməti bildirir ki, bu məbləğ üç il əvvəlki məbləğlə müqayisədə 2,8 dəfə dəyişib. Yəni, 2019-cu ildə yenidoğulanlara ödənilən müavinət 109 manat olub.

İqtisadi təhlilçilər hesab edirlər ki, Azərbaycanın yeni doğulan körpələr üçün indiki məbləğdən “daha çox” birdəfəlik müavinət ödəmək imkanı var.

BBC News Azərbaycancaya danışan millət vəkili Məlahət İbrahimqızı deyir ki, büdcə imkan verdikcə, hökumət həssas qruplar üçün ödənişləri artırır.

uşaq yenidoğulan körpələr uşaqlara qayğı sosial müavinətlər

Şəklin mənbəyi, Getty Images

“Paltarlar balacalaşır, dəyişmək lazımdır axı”

“Bir ay keçir, paltarlar balacalaşır, dəyişmək lazımdır axı. Yenə də ucuz, harada sərfəlisi var, onu almağa çalışıram, materialına da baxmağa çalışıram ee... Amma uşaq tez böyüyür deyə tez-tez almaq məcburiyyətində qalıram. ...Başqasının paltarlarını da geyindirirəm. Qaynımın yoldaşı uşağının bir səbət geyimini verib. Onlar mənə göydən düşmə kimi oldu”.

Ancaq gənc ananın xərcləri bununla bitmir, o bunları sadalayır:

"Şampun, sabun, yuyucu tozu, gündə 4-5 bez, nəm salfetlər, yemək qutusu - 1 həftəlik 5 manat, peçenye və sairə..."

geyim uşaq paltarları körpə  geyimləri Azərbaycan qiymətlər bahalıq südpulu birdəfəlik müavinət

Şəklin mənbəyi, Getty Images

“Azərbaycanda formalaşmış gəlirləri əhali ilə bölüşmək istəmirlər”

İqtisadi təhlilçi Qubad İbadoğlu BBC News Azərbaycancaya deyir ki, bu gün Azərbaycanın hər doğulan uşağa görə daha yüksək məbləğdə birdəfəlik müavinət vermək imkanı var:

“Azərbaycanda formalaşmış gəlirləri əhali ilə bölüşmək istəmirlər. Ola bilsin ki, burada siyasi məqsədlər də var. Çünki əhalinin daimi ehtiyac içində olması onların daha asan idarəolunmasına gətirib çıxarır. Mən hesab edirəm ki, uşaqlara əhatəli qayğının göstərilməməsinin nə ideoloji, nə maliyyə, nə də demoqrafik əsası var”.  

Qubad İbadoğlu iqtisadi təhlilçi

Təhlilçi hesab edir ki, belə müavinətlər əksər ölkələrdə tətbiq olunur və bu, həm uşaqların gələcəyinə sərmayədir, həm də bir növ demoqrafik baxımdan doğumun stimullaşdırılması məqsədilə həyata keçirilir. 

“Azərbaycanda sadəcə ödəniş uzun müddət bundan da aşağı məbləğdə olub, yalnız son zamanlar artım baş verib”, - o deyir.  

Ancaq iqtisadçıya görə, bu artım da qənaətbəxş deyil. 

“Ölkədə onsuz da demoqrafik göstəricilər bu qənaətə gəlməyə imkan verir ki, ildən-ilə yeni doğulan uşaqların sayında azalma müşahidə olunur. Bu baxımdan hesab edirəm ki, onsuz da bunu həyata keçirməyə böyük büdcə tələb olunmur”.   

uşaq yenidoğulan körpələr uşaqlara qayğı sosial müavinətlər

Şəklin mənbəyi, Getty Images

Qubad İbadoğlu hesab edir ki, əgər birdəfəlik müavinətlə yanaşı uşaqlara aylıq müavinətlər də verilsəydi, ilkin məbləğin az olması əsaslı görünərdi:

“Ancaq bilirsiniz ki, uşaqlar birdəfəlik ödənişdən sonra heç bir sosial qayğı və ödənişlə əhatə olunmurlar. Açığı deyim ki, bəzi ölkələrin, xüsusən sosial dövlətlərin təcrübəsində birdəfəlik ödənişlər çox olur. İndi Azərbaycan da Konstitusiya ilə sosial dövlət modelini seçib, amma bu yanaşma da göstərir ki, Azərbaycanın sosial siyasəti, uşaqlara qayğı siyasəti düzgün qurulmayıb”. 

2021-ci ildə Azərbaycanda 112 mindən çox uşaq dünyaya gəlib. 2020-ci ildə bu rəqəm 126 mindən çox olub. Bu göstərici 2019-cu illə müqayisədə 10 faiz azdır. Belə ki, 2019-cu ildə ölkədə doğulan uşaq sayı 141 mini ötüb.  

  “İmkanlara uyğun ”

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı BBC-yə deyir ki, yenidoğulan uşaqlara birdəfəlik ödəmələrlə bağlı hər dövlət öz imkanlarına uyğun vəsaiti ayırır:

“Azərbaycanda da sözsüz ki, illərdir var. Sonuncu dəfə bu məbləğ bizdə 300 manat məbləğində müəyyənləşdirilib. Bu pul valideynin ailəsinə gələn uşaq üçün lazım olan təməl ehtiyacları - paltarlardır, bələkdir, digər lazımi əşyaların alınması üçündür”. 

Millət Vəkili Məlahət İbrahimqızı

Bu məbləğin necə, hansı meyarlar əsasında müəyyənləşdirildiyini açıqlaya bilməyəcəyini deyən millət vəkili hesab edir ki, hökumət gələcəkdə bu məbləği artırmalıdır. 

“İmkanlarımızın ən məhdud dövrlərində də bu müavinətlər verilib.

Ümumiyyətlə, indiyədək Azərbaycanın sosial siyasətinin təməl prinsipi əhalinin həssas qrupuna diqqət olub. Bu məsələ ilə bağlı da dövlət büdcəsində hər zaman irəliləmə, inkişaf olduqca, artım olduqca, onlara ayırmalar da artıb”. 

beşik kolyaska yenidoğulmuş körpələr uşaqlar Azərbaycan hökumətinin uşaq siyasəti

Şəklin mənbəyi, Getty Images

“Regionun sonuncusu”

Azərbaycan uşaqların sosial müdafiəsi baxımından “regionda ən sonuncu”dur, bu barədə Beynəlxalq Əmək Təşkilatının Qlobal Sosial Müdafiəyə dair hesabatında deyilir.

Bu hesabatda müxtəlif ölkələrdə uşaqların sosial müdafiəsinin səmərəlilik dərəcəsi müqayisə edilib. 

“Azərbaycandakı uşaqların cəmi 16.9 faizi sosial müdafiə tədbiriylə əhatə olunub. Uşaqların sosial müdafiə tədbirləriylə əhatələnməsinin dünya ortalaması 26.4 faizdir. Bu o deməkdir ki, Azərbaycan sosial müdafiə tədbirləriylə əhatə edilən uşaqların sayına görə dünya ortalamasından da geridə qalıb”, - hesabatda deyilir.

Azərbaycan hökumət rəsmiləri dəfələrlə ölkədə uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə əlaqədar konkret tədbirlərin və dövlət proqramlarının gerçəkləşdirildiyini bildirib.

Ölkə başçısı İlham Əliyev hələ 2014-cü ildə Uşaqların Üçüncü Ümumrespublika Forumunda "artıq ölkəmizdə uşaqların sağlamlığının yaxşılaşdırılması, təlim-tərbiyəsinin düzgün təşkili, fiziki, əqli və intellektual-mənəvi inkişafı, eləcə də onların öz istedadlarını nümayiş etdirmələri üçün lazımi şərait mövcuddur” deyib.   

Bəs, qonşu ölkələrdə vəziyyət necədir? 

Azərbaycana qonşu Türkiyə, Gürcüstan və Rusiyada da uşaqlara doğularkən birdəfəlik müavinətlər verilir. 

Lakin bu, Gürcüstanda bölgədən-bölgəyə və ailədəki uşaq sayına görə fərqlənir, Türkiyədə isə bu vəsait birdəfəlik müavinət olmaqla qalmır, ailələrin sosial durumuna görə əlavə sosial müavinətləri də özündə ehtiva edir. 

Rusiyada isə birdəfəlik müavinətin məbləği qeydiyyatda olduğun əraziyə, uşaqların sayına və digər bir sıra amillərə görə formalaşır.

Yenidoğulmuşlara verilən müavinətlər

Gürcüstan

Gürcüstanın yüksək dağlıq bölgəsinin əhalisi ilk doğulan körpə üçün dövlətdən müvəqqəti yardım alır. Bu yardım uşaqların 2 yaşına qədər davam edir.

“Demoqrafik problem olan bölgələrdə isə üçüncü və sonrakı uşaqlar üçün də yardım verilir”, - Gürcüstanlı jurnalist Nino Ramişvili BBC-yə deyir.   

“Bu yardımlar Gürcüstanın üç ən böyük regionu - Tbilisi, Acarıstan və Kvemo-Kartli istisna olmaqla, digər bütün bölgələri əhatə edir”, - o əlavə edir. 

 Nino Ramişvili deyir ki, yüksək dağlıq kəndlərdə hər yeni doğulan körpəyə ayda 200 lari (təxminən 116 manat- red.), digər rayonlarda isə 150 lari, təxminən 50 dollar müavinət verilir.  

“Bizim yüksək dağlıq rayonların inkişaf proqramı var və ona görə də dövlət yardımı hər bölgə üçün fərqlidir”, - jurnalist regionlararası fərqi belə izah edir. 

Ödənilən pulun məbləğinə gəlincə, Nino deyir ki, “Gürcüstanda 50 dollara təxminən 5 böyük qutu uşaq bezi və ya 4 qutu 400 qramlıq uşaq qidası ala bilərsiniz”.

pampers uşaq bezləri ucuz uşaq bezləri ən yaxşı uşaq bezi nəm salfetlər körpə uşaq üçün

Şəklin mənbəyi, Getty Images

Türkiyə 

Türkiyədə yaşayan Günay Bayraməliyeva isə BBC News Azərbaycancaya deyir ki, il yarım əvvəl ikinci övladı doğulanda təxminən 700 lirə (təxminən, 70 manat-red.) birdəfəlik yardım alıb. 

“700 lirəyə nə aldım? Mənim südüm olmadığı üçün uşağı xüsusi yeməklə qidalandırırdıq. O da nisbətən bahalı qida olduğu üçün 250 lirə ona getdi, bundan başqa, üç-dörd aylıq bezini ala bildim”, - gənc ana vurğulayır:  

Günay deyir ki, bu, dövlətin ilk mərhələdə verdiyi yardımdır:

“Daha sonra ailənin durumu yaxşı deyilsə, siz bələdiyyəyə müraciət etdikdə, qurum uşağın iki yaşına qədər sizə süd verir. Mən bunu bilmədiyim üçün almamışdım. Bir də uşaq doğulanda bələdiyyə sizə uşaq çantası göndərir. İçində uşaq bezi, nəm salfet, uşaq üçün yemək butulkası, yenidoğulanlar üçün geyim, uşaq ayaqqabısı və corab var idi”. 

Hər iki övladını Türkiyədə dünyaya gətirmiş gənc ana deyir ki, bu ölkədə xəstəxanalar ödənişsizdir. 

“Türkiyədə uşaqların sağlamlığına “Sağlıq ocağı” addlandırılan qurum nəzarət edir. “Sağlıq ocağı” ödənişsizdir. Burada uşağı yoxlayırlar, bütün ehtiyacı olan vitaminlərin hamısı pulsuzdur və özləri verirlər”. 

Günay deyir ki, ana təkdirsə, övladı da varsa, Türkiyədə ona yardım edəcək sosial-iqtisadi dəstək xidməti var.   

“Ora baş vuranda anaya uşağa görə təxminən 2300 lirə yardım edirlər. Mən indi evliyəm, ancaq evli olsam da, dövlətdən ehtiyacım olduğu üçün yardım alıram. Azərbaycanda ilk evliliyimdən olan övladım üçün dövlətdən sosial yardım almaq üçün müraciət etdikdə, mənə "həyat yoldaşından aliment istəməmisən" deyib, sosial müavinət təyinatından imtina etmişdilər. Ancaq burada mən evli olduğum halda dövlətə müraciət etdim ki, kreditə ev götürmüşük və dolana bilmirik. Gəldilər, evdə vəziyyətimlə tanış olduqdan sonra mənim bir uşağıma müavinət təyin etdilər”.   

Günay uşağa verilən müavinətin nəyə bəs edəcəyini sayır:

“Tək ana olaraq kirayədə qalsan, 1000-1500 lirə ona gedər, qalan pul kommunala gedər. Biz indi 4 nəfərlik ailəyik, nəzərə alsaq ki, həftədə 400-500 lirə yeməyə gedir, kirayə verməsəm, uşaqlarım o pulla ay ərzində dolana bilər”. 

Rusiya

Rusiyada yeni doğulan uşağa görə verilən müavinətlərin məbləği uşaqların və ailələrin yaşadığı əraziyə görə fərqlidir.  

Rusiya vətəndaşı olan Zərrintac Cəbizadə BBC News Azərbaycancaya deyir ki, ki, Rusiyada uşaq doğulan kimi elə xəstəxanadaca analara 20 min rublluq (600 manat) yardım təklif olunur.

“Siz istəsəniz bu yardımı geyim, yemək formasında və ya pul şəklində də ala bilərsiniz”, - müsahibimiz deyir.

Zərrintac verilən pula təxminən nələr alına biləcəyini sadalayır:

“Həmin pulun 5-6 mininə ikinci əl işlənmiş kolyaska almaq olar. Ya da ümumi məbləğə uşağın təxminən 5 aylıq bezini”.

Zərrintac Cəbizadə deyir, bundan başqa “əgər ailədə ər və ya arvaddan hər hansı biri Moskva qeydiyyatındadırsa və yaşı 35-dən aşağıdırsa, o zaman bu ailədə doğulan birinci uşağa 70 min rubl (təxminən 2 min manat), ikinci uşağa 90 min, üçüncü uşağa isə təxminən 170 min rubl birdəfəlik yardım edilir”.

Birdəfəlik yardımlar bununla bitmir.

Rusiya hökumətinin vətəndaşın ölkənin hansı ərazisində qeydiyyatda olmasından asılı olmayaraq, daha bir yardımı isə uşaq doğulduqdan sonra analara təklif etdiyi 503 min rubldan başlayan birdəfəlik yardımdır.

Statista.com saytının məlumatına görə, Rusiya hökuməti birinci uşaqdan sonra 503 min, ikinci uşağa 665 min, əgər əvvəlki uşaqlara görə müavinət alınıbsa, digər sonrakı hər uşağa təxminən 161 min rubl birdəfəlik ödəniş edir.

Bəzi təhlilçilər bildirir ki, Rusiyada demoqrafik səviyyə aşağı olduğu üçün dövlət doğumu stimullaşdırmaq məqsədilə birdəfəlik yardımları davam etdirir və mümkün olduqca, artırır.

Zərrintac da deyir ki, o, ikinci övladı doğulduqda Rusiya vətəndaşlığı olmadığı üçün 500 minlik yardımı tez ala bilməsə də, vətəndaşlıq aldıqdan sonra hökumətə müraciət edərək bu vəsaiti alıb.

“Səhv etmirəmsə, uşağın 16 yaşına kimi bu pulu ala bilirsiniz. Onu sizə nağd vermirlər. Adınıza hesab açılır, ora qoyulur. Daha sonra sizə lazım olduqca, müraciət edib hissə-hissə götürə bilərsiniz. Lakin biz ipotekaya ev götürdüyümüz üçün müraciət etdik və bu pulu ipoteka kreditimizin ödənişinə yönləndirdilər. Daha sonra üçüncü uşağım olduqdan sonra bir də müraciət etdim. Yenə verdilər. Bir sözlə 7,5 milyon rubl dəyərindəki evimizin təxminən 1 milyonunu bu pulla ödəyə bildik”.

Zərrintac Cəbizadə vurğulayır ki, “hökumət verilən müavinətlər qarşısında onların uşağa necə baxmasını yoxlamasa da, ailələr müəyyən məbləği müavinət vasitəsilə ödənmiş evi sata bilməzlər və ya bu evləri satmaq üçün uşaqların adına ayrıca ev olmalıdır”.

Norveçdə: doğulacaq körpəyə 7500 avroluq yardım

Hazırda Norveçdə yaşayan yazıçı Günel Mövlud BBC-yə danışır ki, övladı doğulmazdan əvvəl Norveç hökuməti ona 7500 avro (təxminən 12,980 manat-red.) birdəfəlik müavinət verib. 

O deyir ki, yaşadığı ölkədə hamilə qadının evinə ən yaxın xəstəxanada doğmaq haqqı var və doğuş prosesi üçün anadan heç bir ödəniş alınmır, üstəlik, ana depressiyada olarsa, getmək istəmədiyini deyərsə, xəstəxanada istədiyi qədər qalmaq imkanı var: 

“Xəstəxanada qalmaq pulsuzdur və sənin digər ailə üzvlərinə də şərait yaradılır ki, ailə üzvlərin körpəyə adaptasiya oluna bilsin. Və həmin vaxtlarda ailə üçün yemək xəstəxananın mətbəxindən götürülür. Ananın halı varsa, özü, halı yoxdursa, tibb bacısı o yeməyi gətirəcək. Xəstəxanada uşağa ilkin bələk, bez, şampun və digər vacib ləvazimatlar verilir. İstədiyin qədər istifadə edə bilərsən. İstifadə etdiyin şeylərin çoxunu da sənə verirlər ki, evə aparasan, çünki bir uşaq üçün açılmış bir şeyi başqa uşaq üçün istifadə etmək istəmirlər”. 

Günel Mövlud deyir ki, hökumət gələcək anaya 7500 avro birdəfəlik müavinəti hamiləliyinin yeddinci ayının tamamında ödəyir.   

“Bu pul doğulacaq uşağın ilkin təməl ehtiyaclarını təmin etmək üçün nəzərdə tutulur”, - o vurğulayır.   

“Uşaq üçün lazım olan hər şey alınmalıdır. Uşaq sağlam, təhlükəsiz şərtlər altında böyüməlidir. O pul da onu nəzərdə tutur ki, uşaq ilk aylarında rifah içində yaşasın. Mən hər şeyin yenisini almışdım. Çarpayı, uşaq arabası, uşağı bələmək üçün altı şkaf olan masa aldım. Bankalar, südlər, uşaq yağı, losyonlar, şampunlar, bir yaşına qədər ehtiyacı ola biləcək, cürbəcür, rəngəbərəng paltarlar, oyuncaqlar, hər şey aldım. Norveç bahalı ölkədir. Yəni, hər şeyin təzəsi olmaqla və uşağın 1 yaşınadək bütün geyimlərini aldığım halda maksimum, deyəsən, beş min avro xərcləyə bilmişdim o puldan”, - xərclərini sadalayan yazıçı deyir.

Günel Mövludun sözlərinə görə, Norveç hökuməti xərcləri hesablayarkən, hətta oyuncaqları da nəzərə alır:

“Yeri gəlmişkən, oyuncaqlar mütləqdir. Uşaq oyuncaqla oynayan yaşdadırsa, oyuncaq almaq onun hüququdur. Sən uşağa oyuncaq almırsansa, bu sənə problem yarada bilər. Oyuncaqlar Norveçdə uşaqların təməl ehtiyaclarına daxildir, çünki burada uşaqlar təkcə təhlükəsiz və sağlam deyil, həm də xoşbəxt yaşamalıdırlar, bu onların hüququdur. Uşağın əyləncəsi üçün həftədə bir dəfə komputer, mütləq evdən kənara, kafe-restorana getmək lazımdır, digər fəaliyyətlər təşkil olunmalıdır, əgər valideynin imkanı çatmırsa, dövlət yenə bəzi fəaliyyətlərin pulunu ödəyir”.

Körpələr Azərbaycan südpulu birdəfəlik yardım Uşaqlar uşaq yenidoğulmuşlara verilən pul

Şəklin mənbəyi, Getty Images

Britaniya: uşaq sayına görə müavinət

Böyük Britaniya hökuməti doğulan uşaqlara görə birdəfəlik yardım yox, həftəlik müavinətlər verir.

Londonda yaşayan, iki uşaq anası Əfsanə Həmzəyevanın BBC-yə dediklərinə görə, Britaniyada iki növ ödəniş var: “Biri bütün uşaqların ala biləcəyi uşaq puludur. Orada isə ailənin ümumi gəliri illik 60 min funtdan (təxminən 122 min manat) artıq olmamalıdır. Səhv etmirəmsə, vətəndaş olmayan, lakin oturumu olanlara da şamil olunur”. 

O vurğulayır ki, hazırda Böyük Britaniyada uşaqlara say limiti qoyulur və ikinci uşaq birinciyə nisbətən daha az müavinət ala bilir. 

“Məsələn, 2022-2023-cü ildə birinci uşaq üçün həftəlik təxminən 22 (təxminən 45 manat-red.) funt hesablanıb. Hər doğulan əlavə uşaq üçün bu məbləğ 14 funtdan bir qədər artıq olur. İkinci ödəniş isə sosial yardım alan ailələrə şamil olunandır. Onlar bu müavinətlərin ikisini eyni anda da ala bilirlər. Üstəlik də, əvvəllər bu yardımları istənilən uşaq sayına ala bilirdilərsə, indi onu iki uşaq üçün verirlər”. 

Əfsanə xanım deyir ki,  2017-ci ildən əvvəl doğulan uşaqlara şamil olunan müavinət illik 500 funtdan çox olub.

"Ancaq indi iki uşaq varsa, ailəyə illik təxminən 3 min funt ödəyirlər. Əlilliyi olan uşaq üçün ödənilən müavinətin məbləği onun vəziyyətinə görə dəyişir: hər əlil uşaq  3500 funta qədər alır, əgər əlillik kəskin dərəcədədirsə, yəni özünü idarə edə bilmirsə, ona həm də 1430 funt ödəyirlər”.

Əfsanə xanım deyir ki, adi halda ödənilən həftəlik müavinətə, əsasən, qida almaq olar. 

“Burada konservə olunmuş və dondurulmuş müxtəlif qidalar satılır. 21 funta o qidalardan alıb bir həftə uşaqlarını qidalandıra bilərlər, amma bu, sağlam qida olmayacaq”.