Charles Michel: "Zorakılıq və sərt ritorika sülh naminə dayandırılmalıdır"

Charles Michel

Şəklin mənbəyi, europa.eu

Şənbə günü Brüsseldə Avropa İttifaqı Şurası Prezidenti Charles Michel-in iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş baş tutub.

Charles Michel jurnalistlərə “gündəlikdəki bütün məsələləri- suverenlik və ərazi bütövlüyü, sərhədlərin delimitasiyası, əlaqələr, humanitar ləvazimatlar, hüquqlar və təhlükəsizlik, məhbuslar və hadisələrin izlənilməsi məsələlərini" müzakirə etdiklərini açıqlayıb.

Cənab Michel deyib ki, o, Azərbaycan və Ermənistan liderlərini “yaydan sonra Brüsselə, həmçinin Qranadada növbəti Avropa Siyasi Birliyi sammiti çərçivəsində Fransa və Almaniya liderlərinin iştirakı ilə beştərəfli görüşə dəvət edib”.

“Sərhədlərlə bağlı müzakirəmizdə Ermənistan və Azərbaycan liderləri digər ölkənin ərazi bütövlüyü və suverenliyinə hörmətlərini qəbul edərək Ermənistanın ərazisinin 29.800 km2, Azərbaycanın isə 86.600 km2 olduğunu təsdiqlədilər. Hər iki lider delimitasiya üçün siyasi çərçivə kimi 1991-ci il Almatı Bəyannaməsinə birmənalı sadiqliklərini bir daha təsdiq etdilər”, o bildirib.

Avropa İttifaqı Şurası Prezidentinin sözlərinə görə, o, liderlərlə Qarabağın erməni əhalisinin vəziyyətini, Laçın dəhlizi ətrafındakı situasiyanı da müzakirə edib:

“Mövcud hal davam edə biləcək və heç kimin marağında olacaq vəziyyət deyil. Biz durumu normallaşdırmaq üçün mümkün konkret addımları da müzakirə etdik. Mən Laçın yolunun açılmasının vacibliyini, Azərbaycanın Ağdam üzərindən humanitar yardım göndərməyə hazır olduğunu qeyd etdim. Mən hər iki variantı vacib hesab edirəm və əhalinin ehtiyaclarının ödənilməsini təmin etmək üçün hər iki tərəfdən humanitar yardımları, həmçinin, BQXK tərəfindən tibbi təxliyənin bərpasını alqışladığımı bildirdim”.

Məhbuslar məsələsinə gəlincə, Charles Michel qeyd edib ki, "liderlər səhvən qarşı tərəfə keçən əsgərlərin azad edilməsinin asanlaşacağına dair aralarındakı anlaşmaya sadiqliklərini bir daha təsdiq ediblər".

"İtkin düşmüş şəxslərin taleyinin həlli və minalardan təmizlənmə üzrə əməkdaşlığın genişləndirilməsinin təmin edilməsinin vacibliyi də müzakirə olundu və mən bir daha tərəfləri mümkün qədər çox məlumat mübadiləsinə çağırdım. Biz razılaşdıq ki, komandalarımız müzakirə olunanların konkret izlənilməsini təmin etmək üçün sıx əlaqədə olacaqlar”.

Cənab Michel onu da vurğulayıb ki, o, liderlərə “prioritet olaraq, sülh və normallaşma danışıqları üçün lazımi mühiti təmin etmək naminə zorakılıq və sərt ritorikanın dayandırılmalı olduğunu” bildirib.

Cümə günü Azərbaycan Prezidenti Avropa İttifaqı Şurasının rəhbəri ilə görüşü vaxtı Brüssel formatının səmərəli olduğunu qeyd edib.

Brüssel görüşündən öncə Azərbaycan və Ermənistan tərəfi danışıqlarla bağlı ümidlərini dilə gətirib.

Bu həftə ABŞ Dövlət katibi Antony Blinken-lə telefon danışığı vaxtı İlham Əliyev “sülh gündəliyinə sadiqliyi” və Ermənistanla sülh müqaviləsinin imzalanmasını dəstəklədiyini vurğulayıb.

Ermənistanın Baş naziri də danışıqlarda irəliləyişə ümid etdiyini bildirib. Lakin ötən həftə Nikol Paşinyan Brüsseldə heç bir sənədin imzalanmayacağını deyib.

"Təəssüf ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətni hələ imzalanmağa hazır deyil", - Ermənistanın Baş naziri hökumət iclasında bildirib.

Azərbaycan və Ermənistan arasında sülh danışıqları ABŞ, Avropa və Rusiyada keçirilir. İyun ayında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ-dakı görüşündən sonra tərəflər birgə bəyanatda “əlavə irəliləyişə” nail olunduğunu elan ediblər.

Şənbə günü Rusiya, o cümlədən sülh müqaviləsinin razılaşdırılması mövzusunu müzakirə etmək üçün “yaxın vaxtlarda” Moskvada xarici işlər nazirlərinin üçtərəfli görüşünü təşkil etməyə hazır olduğunu bildirib.

Diplomatik görüşlər fonunda Qarabağda və Azərbaycanla Ermənistan arasında demarkasiya olunmamış sərhəddə tez-tez atışma halları barədə məlumat verilir. Tərəflər atəşkəsin pozulmasına görə bir-birini ittiham edir.