ABŞ-da Azərbaycan-Ermənistan sülh danışıqları: "Saziş layihəsi üzrə irəliləyişə nail olunub"

Nazirlərin Washingtonda ikinci üzun müddətli görüşü başa çatıb

Şəklin mənbəyi, Azərbaycan XİN

Azərbaycan və Ermənistan ABŞ-ın vasitəçiliyi ilə aparılan sülh danışıqlarında irəliləyiş olduğunu bildirirlər.

Cümə günü Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlikləri elan ediblər ki, "Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında ikitərəfli Saziş layihəsi üzrə danışıqlarda əlavə tərəqqiyə nail olunub".

Məlumata görə, saziş layihəsinin əlavə maddələri üzrə razılıq əldə edilib. Tərəflər onu da bildiriblər ki, bəzi əsas məsələlər üzrə mövqelərin yaxınlaşması əlavə iş tələb edir.

Azərbaycan və Ermənistan arasında ABŞ-ın Arlinqton şəhərində iyunun 27-də başlayan sülh danışıqlarının ikinci bir neçə günlük görüşü başa çatıb.

Yekun plenar iclasda çıxış edən ABŞ dövlət katibi Antony Blinken üç gün ərzində aparılan danışıqlarda "qazanılan tərəqqi" üçün Azərbaycan və Ermənistan nümayəndə heyətlərinə təşəkkür edib.

"Biz ümumi və yekun nəticəyə nail olmaq məqsədi ilə müxtəlif diskret parçalar üzrə əlavə razılaşma yolu ilə bu görüşlər vasitəsilə əldə etdiyimiz sürətdən yararlanmaq üçün qarşıdakı həftələrdə də bu prosesi davam etdirməyi səbirsizliklə gözləyirik. Qarşıdakı həftələr və aylar ərzində yekun razılıq əldə olunacaq", - Antony Blinken bildirib.

Antony Blinken deyib ki, razılaşmaq bəzi hallarda çətinləşir, çünki ən çətin məsələlər sona qalır, amma razılığa gəlməyin yolu budur.

Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev iyulun 21-də Avropa İttifaqı Şurasının Prezidenti Charles Michelin vasitəçiliyi ilə Brüsseldə görüşəcəklər.

Diplomatik görüşlər fonunda Qarabağda və Azərbaycanla Ermənistan arasında demarkasiya olunmamış sərhəddə tərəflər hər gün atışma halları barədə məlumat verirlər.

"Təmas xəttində atışmadan sonra nazirlərin görüşü davam edib"

ABŞ-da Azərbaycan və Ermənistan XİN başçılarının sülh danışıqları

Şəklin mənbəyi, Azərbaycan XİN

Azərbaycanla Ermənistanın dövlət sərhədi və Qarabağda ermənilərin yaşadığı ərazilərlə təmas xəttində atışmalardan və itkilər barədə xəbərlərdən sonra ABŞ Dövlət Departamentinin nümayəndəsi deyib ki, Ararat Mirzoyan və Ceyhun Bayramov arasında Washington-da danışıqlar davam etdirilir.

"Xarici işlər nazirləri ilə dünənki görüşlər konstruktiv keçdi və biz, sülh danışıqları getdikcə, bu müzakirələri bu gün və sabah inkişaf etdirməyə davam edirik. Qrafikdə heç bir dəyişiklik yoxdur. Biz Dağlıq Qarabağda insan tələfatından çox narahatıq və bütün həlak olanların ailələrinə başsağlığı veririk. Bu son hadisələr hərbi əməliyyatlardan çəkinməyin və davamlı və ləyaqətli sülhə nail olmağın zəruriliyini göstərir", - ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vendat Patel deyib.

Vendat Patelin sözlərinə görə, ABŞ bu məqsədə çatmaqda tərəflərə yardım etmək öhdəliyi götürüb.

"Dövlət katibi Antony Blinken bilavasitə sülh prosesinə cəlb olunub. Birbaşa dialoq problemlərin həlli və davamlı və ləyaqətli sülhə nail olmağın açardır", - Dövlət Departamentinin sözçüsünün müavini ötən gün jurnalistlərin suallarını cavablandırarkən deyib.

Ermənistan və Azərbaycan xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov arasında ABŞ dövlət katibi Antony Blinkenin vasitəçiliyi ilə danışıqlar iyunun 27-də başlayıb.

Ötən gün günü Ermənistan mediasının separatçı "Dağlıq Qarabağ Müdafiə Ordusu"na istinadən yaydığı məlumata görə, "Dağlıq Qarabağda Azərbaycan tərəfinin açdığı atəş nəticəsində dörd erməni hərbçisi həlak olub".

Azərbaycan Müdafiə Nazirliyi isə həmin gün yaydığı məlumatda "Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Azərbaycan ordusunun mövqelərinin atəşə tutulması nəticəsində bir hərbçinin" yaralandığını bildirib.

Bu gün də tərəflər bir-birini dövlət sərhədində və Qarabağda təmas xəttində atəşkəsi pozmaqda ittiham edib.

Azərbaycan bir hərbçisinin yaralandığını, Ermənistan 4 hərbçisinin həlak olduğunu deyir

Blinken, Bayramov, Mirzoyan

Şəklin mənbəyi, MFA.GOV.AZ

Şəklin alt yazısı, Ceyhun Bayramov, Antony Blinken, Ararat Mirzoyan

"Yaralı dərhal tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün təhlükə yoxdur", Azərbaycan MN bəyan edib.

"Dağlıq Qarabağ Müdafiə Ordusu" xəbəri təkzib edib.

"Ötən günlərdə Azərbaycan Müdafiə Nazirliyi mütəmadi olaraq Müdafiə Ordusu bölmələrinin guya atəşkəs rejimini pozması, xüsusən də iyunun 27-də erməni tərəfindən atəş nəticəsində Azərbaycan hərbçisinin yaralanması haqqında saxta xəbərlər yayaraq, növbəti təxribat üçün informasiya bazası yaradıb", -məlumatda deyilir.

Hər iki hadisə Vaşinqtonda iki ölkənin xarici işlər nazirləri arasında sülh danışıqlarının ilk günündən sonra baş verib.

Çərşənbə axşamı günü Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibi Antony Blinken ilə görüşüb. Bu barədə məlumatı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

"Görüşdə Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə danışıqların perspektivləri, hazırki regional vəziyyət müzakirə edilib", XİN bildirir.

Nazirliyin məlumatına görə, cənab Bayramov dövlət katibinə "Ermənistan tərəfdən sülh prosesinə maneçilik cəhdləri, bir sıra təhrikçi addımlar, sülh prosesinin uğurla nəticələnməsi üçün bu addımlardan çəkinməyin, Azərbaycan ərazilərindən hələ də tam çıxarılmayan erməni silahlı qüvvələrinin çıxarılmasının vacibliyi" kimi məsələləri çatdırıb.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da Waşinqtonda ABŞ dövlət katibi Antony Blinkenlə ikitərəfli danışıqlar aparıb. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüş zamanı Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesi, regional təhlükəsizlik və sabitliklə bağlı məsələlər müzakirə olunub.

"Ermənistanla Azərbaycan arasında sərhədin Almatı Bəyannaməsi və 1975-ci il xəritəsi əsasında delimitasiyası prosesinin təmin edilməsinin, qoşunların sərhəddən geri çəkilməsi, habelə bölgədə uzunmüddətli sülhün bərqərar olmasının önəmli amili kimi Dağlıq Qarabağ xalqının hüquq və təhlükəsizliyi məsələlərinin lazımi qaydada həllinin vacibliyi vurğulanıb", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, həmsöhbətlər həmçinin regionda nəqliyyat kommunikasiyaları üzərindən blokadanın götürülməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Ararat Mirzoyan Blinkene Laçın dəhlizinin bağlanması nəticəsində yaranan humanitar böhran haqqında məlumat təqdim edib. "O, Azərbaycanın silahlı ritorikadan əl çəkməsinin vacibliyini, eləcə də bütün erməni hərbi əsirlərin geri qaytarılmasının vacibliyini vurğulayıb", məlumatda deyilir.

Daha sonra Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin dövlət katibi ilə üçtərəfli görüşü baş tutub.

ABŞ Dövlət Departamenti mətbuat xidmətinin rəhbəri Matthew Miller bazar ertəsi brifinqdə dövlət katibi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünü şərh edərkən bildirmişdi ki, "ABŞ əvvəlki kimi, sülhün əldə edilə biləcəyinə inanır".

"Biz hesab edirik ki, birbaşa dialoq qalan məsələlərin həllinin və möhkəm sülhə nail olmağın açarıdır", Mattew qeyd etmişdi.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ikitərəfli sülh sazişi üzrə danışıqlar cümə axşamına qədər davam edəcək.

Hər iki ölkənin xarici işlər nazirləri sonuncu dəfə ABŞ dövlət katibi Blinkenin vasitəçiliyi ilə Vaşinqtonda mayın 1-də görüşüblər. Danışıqlar mayın 4-dək davam edib.

Həmin danışıqların yekunlarına dair ABŞ-ın dövlət katibi Antony Blinken bəyan etmişdi ki, Yerevan və Bakı arasında "əhəmiyyətli irəliləyiş" əldə edilib və "razılaşma əl çatacaq məsafədədir".