Qələbənin vitrini. Müharibədən iki il sonra Qarabağda vəziyyət necədir?

  • Olqa Prosvirova, Olqa İvşina
  • BBC-nin Rusca Xidməti
Ağdam Qarabağ Dağlıq Qarabağ Ermənistan Azərbaycan

Şəklin mənbəyi, VLADIMIR PIROZHKOV / BBC

Şəklin alt yazısı, Ağdam məscidi artıq bərpa olunur, amma şəhər hələ də xarabalıqdır

Dağlıq Qarabağın xəritəsini yenidən cızmış müharibənin başa çatmasından iki il keçir. Cəbhənin hər iki tərəfində səkkiz mindən çox ana oğlunu itirib. On minlərlə insan evsiz qalıb. Azərbaycan 30 ilə yaxın gözlədiyi qələbəni qeyd edir. BBC hazırda Qarabağda vəziyyətin necə olduğunu öyrənmək üçün müharibə nəticəsində Bakının nəzarətinə keçmiş ərazilərə baş çəkib.

İki il ərzində Azərbaycan öz qələbəsinin nümayişi üçün gözəl bir vitrin yaradıb. Qarabağ nəhəng tikinti meydanına çevrilib. Yollara yeni asfalt döşənir, məscidlərə yeni üzlüklər çəkilir, körpülər salınır, hava limanları tikilir. Burada hərbçilərdən, minaaxtaranlardan və hətta mülki vətəndaşlardan da çox fəhlə var.

Azərbaycan var gücüylə göstərməyə çalışır ki, ermənilər torpaqları viran qoyub gediblər, azərbaycanlılarsa həyatı geri qaytarırlar. Ancaq illərdir öz doğma yurdlarına qayıtmaq arzusunda olan insanlar əvvəlki kimi yataqxanalarda yaşamağa davam edirlər - Qarabağda yaşamağa yer yoxdur.

"Bizdə ölmürlər, şəhid olurlar"

Bir gün əvvəl hava isti və günəşli olsa da, oktyabrın 21-də keçmiş cəbhə xəttindən 30 kilometr aralıda yerləşən kiçik Bərdə rayonunda güclü külək başladı və yerli qəbirstanlıqdakı ağır çiçək qablarını aşırdı.

Qarabağ münaqişəsi

Şəklin mənbəyi, VLADIMIR PIROZHKOV / BBC

Radə Qurbanova qəbiristanlıqda elə dolaşır ki, elə bil öz həyətindədir - aşmış güldanları qaldırır, uçub kənara düşmüş kiçik ölçülü Azərbaycan bayrağını qaldırıb yerinə qoyur, sinə daşlarının üstündəki quru qərənfilləri cəld bir hərəkətlə yığıb yarıya bölərək zibil qabına atır.

Radə iki il əvvəl gördüyümüz kimidir: əynində topuğuna çatan həmin qara paltar, əlində həmin qara çanta, gözündə həmin eynək var. Başını tamamilə örtən qara şərf bağlayıb.

Bu gün onun oğlu Xudayarın cəbhədə həlak olduğu günüdür. Məzar daşının üstündə ölüm tarixi 23 oktyabr göstərilib, amma Radə deyir ki, bu, oğlunun dəfn edildiyi gündür.

Qranitə Xudayarın hərbi geyimli, gülümsəyən şəkli həkk olunub. Oğluyla salamlaşan Radə onun əlini öpür. Şərfinin ucuyla başdaşını silib soyuq daşı təkrar bir də öpür.

Ermənistan Azərbaycan şəhid Xudayar

Şəklin mənbəyi, VLADIMIR PIROZHKOV / BBC

Şəklin alt yazısı, Radə Qurbanova oğlu Xudayarın məzarı başında

Müharibədən iki il sonra da Radə gündə bir neçə dəfə qəbiristanlığa gəlməyə davam edir. O ağlamır, sadəcə qaşqabağını tökür. Baxışları ciddi və diqqətlidir.

"Ağlamağıma nəsə mane olur. Tək olanda ağlaya bilirəm, amma belə yox. Bu uşaqlar bizim üçün əllərindən gələni etdilər. Bir əsgər mənə demişdi ki, bizdə ölənlər yox, şəhid olanlar var. Bizdə ölmürlər, haqq uğrunda həlak olan qəhrəman şəhid mərtəbəsinə yüksəlir. Qarabağ bizim torpağımız olmasaydı, mən oğlumun burada şəhid olmasına icazə verməzdim. Mən özümü öldürərdim, ya da arxasınca gedərdim ki, onu dayandırım. Amma bura bizim torpağımız olduğu üçün ona heç nə deyə bilmədim".

Məzara yanında iki qızı, əynində şəhərli geyimi olan bir qadın yaxınlaşır. Qızların parlaq paltarları qara qəbir daşlarının fonunda adamın gözünə batır. Hər üçü Radəylə salamlaşıb Xudayarın qəbrinə yaxınlaşırlar, başdaşını öpüb şəkil çəkdirirlər.

- Qohumlarınızdır?

- Yox. Bura Azərbaycanın hər yerindən gəlirlər.

Xudayar Ermənistan Azərbaycan münaqişəsi İkinci Qarabağ müharibəsi

Şəklin mənbəyi, VLADIMIR PIROZHKOV / BBC

Şəklin alt yazısı, Radə Xudayarın son videoları çəkdiyi telefonunu göstərir.

Xudayarı Azərbaycanda yaxşı tanıyırlar. 22 yaşında könüllü olaraq cəbhəyə yollanıb, Ermənistanla həmsərhəd Zəngilan rayonuna hücumda iştirak edib. Azərbaycan ordusu bu rayona 20 oktyabr 2020-ci ildə daxil olub. Həmin günlərdə Xudayar telefonunun selfi kamerasına videolar çəkib.

Kadrlarda döyüşdən sonra təpədə dincələn bir neçə Azərbaycan əsgəri görünür. Hərbçilər yorğun halda kameraya gülümsəyib əllərini yelləyirlər. Xudayar avtomatını əlində tutaraq məşhur "Vətən yaxşıdır" mahnısını ifa edir. Radə, ardınca da bütün ölkə bu videonu Xudayarın ölümündən sonra görüb - döyüş yoldaşları onun şəxsi əşyalarını və telefonunu anasına təhvil verəndə.

Son dəfə nəfəs aldığı yer

Müharibədən sonra Radəyə icazə veriblər ki, Zəngilana - oğlunun öldüyü yerə getsin. Bu kiçik şəhərə aparan yol Azərbaycan-İran sərhədi boyunca uzanır. Horadizdən - sərbəst gedə biləcəyiniz son qəsəbədən sonra post var. İki il ərzində bu keçid məntəqəsi avtomatik şlaqbaumlarla təchiz edilib, yaxınlığında fəhlələr üçün üstü örtülü avtobus dayanacağı tikilib.

RUSİYA Qarabağ Ermənistan Azərbaycan münaqişəsi İkinci Qarabağ müharibəsi

Şəklin mənbəyi, VLADIMIR PIROZHKOV / BBC

Keçid məntəqəsindəki hərbi polis uzun müddət sənədləri yoxlayır. Onlardan biri müharibə vaxtı Azərbaycan ordusuna məxsus forma geyinmiş bir ermənini necə aşkar etdiklərini danışır. "Geyimi bizimkiydi, amma mənim suallarıma cavab vermirdi. Danışmağa başlayanda nəsə bir ləhcə hiss olundu. Dərhal avtomatın qundağıyla vurub yerə yıxdıq".

Sənədlərimizi qaytaranda xəbərdarlıq edirlər: yoldan kənara çıxmayın - iki il əvvəl olduğu kimi, yenə ətrafda minalar var.

Şlaqbaum qalxır.

Maşın köhnə asfalt yolda elə silkələnir ki, elə bil daş döşənmiş körpünün üstüylə gedir. Yol kənarındakı otların üstündə qalın toz qatı var.

İlk xarabalıqları iyirmi dəqiqə sonra görürük - bunlar hələ Birinci Qarabağ müharibəsindən qalmış "çapıqlardır". Otuz ildən çoxdur ki, tökülüb qalmış daş topalarının arasından bünövrələrin qalıqları görünür.

Cənuba doğru yüz metr aralıda isə ağır texnika yeni yol üçün landşaftı hamarlayır.

Zəngilan xeyli uzaqda yerləşir. Şəhəri erməni hərbçiləri 1993-cü ildə götürüblər, müharibə dövründə ciddi dağıntılara məruz qalıb, amma 2020-ci ilə qədər burda yaşayış olub. İndi şəhər boş görünür. Yollarda hərbi maşınlar, bir də tikinti materialları daşıyan yük maşınları gözə dəyir.

İlk növbədə məscidi təmir etməyə başlayıblar. Azərbaycanlılar iki il əvvəl şəhərə daxil olanda onun içində donuz saxlandığını görüblər.

İndi məscid evlərin xarabalıqları arasındadır. Uçuq divarlardan birində mavi kafel qalıb - ola bilsin, ya mətbəxdən, ya da hamam otağından qalıb.

Zəngilanda məscidi bərpa edirlər

Radə Qurbanova oğlu Xudayarın həlak olduğu yeri tapır. Kəndarası yolun hər iki tərəfində sıx kolluqlar və ağaclıqlar, onların arxasında isə uçuq bir ev var. Onun həm divarları, həm də damı salamat qalıb. Torpağa basdırılmış dəmir boruların üstündə deşiklər - güllə izləri görünür.

"Bura oğlumun son dəfə nəfəs aldığı yerdir. Qeyri-bərabər döyüş olub, amma o əyilməyib. Elə bilirəm, oğlum məni bura çağırır. Zəngilan mənimçün Xudayar deməkdir", - Radə belə deyir.

O, oğlunun həlak olduğu yerdən içində gilizlər olan torpaq götürür. İndi həmin torpaq onun evində - bir vazanın içindədir.

Qarabağ münaqişəsi

Şəklin mənbəyi, VLADIMIR PIROZHKOV / BBC

Xatirə vitrini

Hündür, ağ hasardan Radə Qurbanovanın evinin ancaq kiçik bir hissəsi görünür. Daş hasara Xudayarın nəhəng portreti vurulub, adı böyük, qızılı hərflərlə yazılıb. Orda İkinci Qarabağ müharibəsində həlak olmuş digər hərbçilərin də portretləri də var - nisbətən kiçik ölçüdə.

Radə Qurbanovanın evi Xudayarın anası Radə xanım Azərbaycan Ermənistan Qarabağ münaqişəsi

Şəklin mənbəyi, VLADIMIR PIROZHKOV / BBC

Şəklin alt yazısı, Radə Qurbanovanın evi

Həyətdə Xudayarın daha bir portretiylə qarşılaşırıq - o qədər böyükür ki, birmərtəbəli evinin divarını yarıyacan örtüb. Radə dəhlizdə ayaqqabılarını çıxarıb bizi içəri dəvət edir. Qaranlıqda adama elə gəlir ki, otağın küncündə əliavtomatlı adam dayanıb. Radə işığı yandırır və məlum olur ki, bu, oğlunun kartondan düzəldilmiş fiqurudur.

Buranın qonaq otağı olduğunu dərhal anlaya bilmirsən. İçəridə yemək masası, künc divanı, kiçik jurnal masası və televizor var. Azca çatlamış tavandan nəhəng ölçülü büllur çilçıraq asılıb.

Otaq daha çox xatirə muzeyinə oxşayır. Xudayarın şəkli hər yerdədir - jalüzlərdə, divarlardakı böyük mozaik panolarda, divanın üstündəki balınclarda, böyüdülmüş şəkillərdə. Divanın ancaq bir yarısında oturmaq olur, o biri yarısına Xudayarın portretləri qoyulub.

Ermənistan Azərbaycan şəhid Xudayar

Şəklin mənbəyi, VLADIMIR PIROZHKOV / BBC

Divarların birində əsl muzey vitrini düzəldilib. Şüşənin arxasında həlak olmuş əsgərin hərbi forması asılıb. Rəflərə Xudayarın medalları və şəxsi əşyaları düzülüb - attestatı, saatı, pul qabı, maşının açarları, kəməri və işlək vəziyyətdə olan telefonu.

Xudayar Radənin sonuncu - 4-cü uşağı olub, atası onun heç bir ayı tamam olmamış vəfat edib. Anası övladlarını tək böyüdüb.

"Xudayar çox intizamlı uşaq idi, hərbçilər kimi. O biri uşaqlarımı səhərlər mən oyadırdım, amma Xudayar özü qalxardı, özü geyinərdi. Musiqi məktəbini bitirəndə dedim ki, bəlkə konsevatoriyada təhsil alasan, cavab verdi ki, musiqiçi yox, hərbçi olmaq istəyir".

Xudayar sərhəd qoşunlarında xidmət edib, gizir rütbəsində.

"Müharibə başlayanda mən işdəydim. Zəng vurdu, dedi ki, narahat olma. Dedim, müharibə başlayıb. Cavab verdi ki, onsuz da bir gün başlamalıydı, onların bizim torpaqlarımızda əylənməsinə nə vaxta qədər baxacaqdıq?"

Xudayar cəbhəyə könüllü olaraq yollandığını anasına deməyib. Ona nadir hallarda - döyüşlərdə qısa fasilələr yarananda yazıb, ya da zəng vurub. Radənin sözlərinə görə, oğlunun öz istəyilə müharibəyə getdiyini təsadüfən, döyüş yoldaşlarının birindən öyrənib:

"Məni niyə aldatdığını ondan soruşmadım. Başa düşdüm ki, həyəcanlandırmaq istəməyib. Amma mən həyəcanlanırdım. Müharibə qan və qorxu deməkdir, hər dəqiqə nəsə ola bilər".

Xudayarın həlak olduğunu əvvəlcə Radənin qardaşı bilib. Zərbəni yumşaltmaq üçün bir pritça danışmağa başlayıb: bir ailənin uzun illər uşağı olmayıb, günlərin birində allah, nəhəyət ki, onlara bir qız övladı bəxş edib. Bir neçə il sonra qız qəflətən vəfat edib. Qızının ölümünü həyat yoldaşına deməzdən əvvəl əri soruşub ki, kimsə bizə bir şey əmanət etsə, sonra onu geri qaytararsanmı? Qadın deyib, əlbəttə, başqasının əmanətini qaytarmaq lazımdır. Bizə də allah Xudayarı əmanət etmişdi, indi də aldı.

Ermənistan Azərbaycan şəhid Xudayar İkinci Qarabağ müharibəsi

Şəklin mənbəyi, VLADIMIR PIROZHKOV / BBC

"Mən allahın oğlumu geri aldığını belə öyrəndim", - Radə deyir.

İşıq sönür. O, bunu çox sakit qarşılayır:

"Sistemdə kəsinti oldu. Güclü külək əsəndə belə olur".

Kartondan düzəldilmiş Xudayar əlində avtomat otağın alaqaranlığında bizə baxır.

Minalı çöllərin ortasındakı oazis

Azərbaycanın geri aldığı Qarabağ torpaqlarının bəzi yerlərində böyük tikinti işləri gedir. Füzuli və Zəngilanda rekord dərəcədə qısa müddətə iki hava limanı tikilib, hər ikisinə hakimiyyət beynəlxalq aeroport statusu verib. Hər iki aeroport binasının əyri xətləri günəş şüaları altında bərq vurur - bu müasir arxitektura nümunələri ətrafdakı minalı çöllər və xarabalıqlarla təzad təşkil edir.

Qarabağ münaqişəsi Ermənistan Azərbaycan müharibəsi İKinci Qarabağ müharibəsi

Şəklin mənbəyi, VLADIMIR PIROZHKOV / BBC

Şəklin alt yazısı, Zəngilan aeroportu açılışdan bir gün əvvəl

İki il əvvəl geri alınmış Şuşa şəhərinə yeni yol çoxdan çəkilib, indi Laçına - Azərbaycana bu yay qaytarılan şəhərə yol salınır. Dağıdılmış şəhərlərdə və kəndlərdə evləri yox, məscidləri bərpa edirlər, həm də sürətlə. Qarabağda doğulub 30 il bu yerlərə dönməyi gözləyən adamlar üçün qayıtmağa yer yoxdur.

Zəngilan rayonunun Ağalı kəndi nadir istisnadır. Ən yaxın yaşayış məntəqəsindən bu kəndə köhnə yolla 1,5 saata çatmaq olur. Viran qalmış torpaqlardakı saat yarımlıq qulaqbatıran sakitliyi yolun tozunu dumana çevirən təkəmseyrək yük maşınlarının səsi pozur.

Ağalı heç bir həyat əlaməti olmayan çölün ortasındakı ilğım kimi peyda olur. Qala divarını xatırladan girişdə - daş tağın üstündə "Agali smart village" yazılıb. Burda sürrealist bir mənzərə var: təzə döşənmiş plitələr, hər evin damında günəş batareyaları. Amma həyətlərə girəndə "Burjuyka" sobalarının borularını görürsən. Bu "ağıllı kənddə" hələ qaz yoxdur, ona görə də yerlilər çay suyunu samovarda qaynadırlar, evləri odunla isidirlər.

Rusiya

Şəklin mənbəyi, Ağalı kəndi

Şəklin alt yazısı, Ağalı kəndi

Təzə rənglənmiş, həyətində futbol meydançası olan məktəb binası kəndin kənarındadır. Ağalının mərkəzi meydanı balaca, amma görünüşcə idealdır: biçilmiş yaşıl otu, fəvvarəsi, mağazaları, bank şöbəsi var. Ancaq xəstəxana yoxdur.

Yayda Ağalıda 57 yaşlı qadın vəfat edib. Aktivistlərin dediyinə görə, onun yaxınları daha əvvəl "Təcili yardım"a zəng vurublarmış, gələn olmayıb. Dövlət KİV-ləri hadisəni başqa cür təqdim ediblər - yazıblar ki, "doğma torpaqlara qayıtdığı üçün həyəcanlanan" qadın ürək tutmasından ölüb.

Ağalıya köçmək istəyənləri kəndə bu ilin iyul ayından yerləşdirməyə başlayıblar. Rahilə Almuradova yaşamaq üçün doğma torpağına qayıdan ilk qarabağlılardandır. Qara məxmərdən don geyinib, başına göy ləçək bağlayıb, kətilin üstündə - öz ləklərinin arasında oturub.

Qarabağ münaqişəsi Ermənistan Azərbaycan müharibəsi İkinci Qarabağ müharibəsi

Şəklin mənbəyi, VLADIMIR PIROZHKOV / BBC

Şəklin alt yazısı, Rahilə Almuradova

O bizə bostanını göstərir, iki ay ərzində xiyar, lobya, göyərti, kələm şitili əkdiyini deyir. Sonra evə dəvət edir. Otaqlar geniş, işıqlı və boşdur. Qonaq otağında ancaq masa, stullar və divan var. Divarların birinə zolaqlı, digərinə geometrik fiqurlu kağız vurulub. Divarın birindən naqillər sallanır - yəqin ki, lampa üçün nəzərdə tutulub. Yataq otağında Rahilənin hələ Birinci Qarabağ müharibəsində həlak olmuş qardaşının çox böyük bir şəkli var. Otaqlarda mebel də azdır, şəxsi əşyalar da. Mətbəxdə "Burjuyka", odunlar və hakimiyyət orqanlarının hədiyyə etdiyi paltaryuyan maşın yan-yana qoyulub.

Birinci Qarabağ müharibəsi başlayanda onun 35 yaşı olub. Erməni ordusu Zəngilana hücum edəndə Rahilə, əri və onların dörd uşağı Araz çayını keçərək qaçıblar.

"Biz Zəngilandan çıxanda qızım 1 yaş 2 aylığındaydı. O, boynumdan sallaşmışdı, o biri ikisinin əlindən tutmuşdum, böyüyü yanımca gedirdi, ərim iki çamadan götürmüşdü. Avtobusa mindik, orda tələbələr də vardı, gəlib yanımızda oturub qızımla oynamağa başladılar, qucaqlarına götürdülər. Düşəndə onun əlinə pul qoyub getdilər. Gördüm, ərim ağlayır. Soruşdum, nə olub, niyə ağlayırsan? Dedi, bizi dilənçi bildilər, qızımıza ona görə pul verdilər".

Sonrakı illərdə ailə Bakı yaxınlığındakı qaçqınlar yataqxanasında yaşayıb.

"Bir otağımız vardı. Mətbəx, hamam, yemək otağı - hamısı o otaqdaydı. Halbuki böyük - 6 nəfərlik ailəydik. 2005-ci ildə oğlum orduda xidmət edirdi, ərimlə birlikdə ona baş çəkməyə getdik. Hava çox istiydi, yolda ərimin təzyiqi qalxdı və o vəfat etdi. 4 uşağa tək baxmalı oldum. Yataqxananın o bir otağında hər çətinlikdən keçdim, uşaqlarımı böyütdüm, oxutdum", - Rahilə belə deyir.

O, şəhər sakinlərinin qaçqınlara mənfi münasibət bəslədiyini xatırlayır:

"Yanlarından keçib gedəndə "Qaçqınlar gəlir" deyirdilər, çörək almağa gedirdik, "Qaçqınlar gəldi" deyirdilər".

Yataqxananın o hər cür komfortdan uzaq şəraitində Rahilə 29 il yaşamalı olub. Bu il ona Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən zəng vurub Qarabağa qayıtmaq istəyib-istəmədiyini soruşublar. "Dedim ki, lap ayaqyalın da gedərəm".

Hazırda Rahilə tək yaşayır. Nəvəsi xəstələndiyinə görə ailənin digər üzvləri onu müalicə etdirmək üçün şəhərə gediblər.

Qarabağ münaqişəsi

Şəklin mənbəyi, VLADIMIR PIROZHKOV / BBC

Şəklin alt yazısı, Rahilə Almuradova 29 il qaçqınlar yataqxanasında yaşayıb.

Burada restoranlar yoxdur

21 yaşlı Gülüş Səmədli Rahiləgildən bir neçə ev aralıda yaşayır. O, öz həyətində dəbli, qalın altlıqlı ağ idman ayaqqablarında gəzir. Kiçik tikilini göstərib "Bu, bizim hinimizdir" deyir. Bu qız ideal makiyajı, gözünün sürməsi, dodağınn boyası, başına taxdığı eynəyi və Azərbaycan kəndlərində geyinilməyən tərzdəki koftasıyla digərlərindən fərqlənir.

Qarabağ münaqişəsi

Şəklin mənbəyi, VLADIMIR PIROZHKOV / BBC

Şəklin alt yazısı, Gülüş Səmədli

Gülüş Bakıda doğulub, heç vaxt kənddə yaşamayıb.

O, şəhərdəki həyatından razı olduğunu deyir: "Yaxşı işim, lüks həyatım vardı. "Port Bakı"da işləyirdim, hər gün bir restorana gedirdim. Burada ümumiyyətlə restoran yoxdur, amma mən darıxmıram, artıq alışmışam".

Gülüşün atası Zəngilanda doğulub, Birinci Qarabağ müharibəsi başlayanda ordan qaçıb.

"Mən Zəngilanı heç görməmişdim. Amma rayon azad olunandan sonra bir neçə dəfə yazılı müraciət etdim ki, məni ora işləməyə göndərin. Bu mənimçün nağıl kimi bir şey idi - babam Zəngilan haqqında çox danışmışdı, onun bu yerlərə sevgisi mənə də sirayət etmişdi".

Gülüşü və bir neçə gənc mütəxəssisi yerli administrasiyada işləməyə - sənədlərin hazırlanmasına kömək etməyə göndəriblər.

Ermənistan Azərbaycan şəhid Xudayar İkinci Qarabağ müharibəsi Zəngilanın Ağalı kəndi

Şəklin mənbəyi, VLADIMIR PIROZHKOV / BBC

Şəklin alt yazısı, Gülüş Bakıdakı işini atıb Zəngilanda yaşamağa gedib.

"Əvvəlcə gənclər gəlmək istəmirdilər, çünki burda onları nələr gözlədiyini bilmirdilər. Mən onları dəstəklədim, ürəkləndirdim. Çünki heç kim bura gəlməsə, bərpa eləməsə… Şəxsən mən Bakı üçün darıxmıram. Orada stress çoxdur və bu məni yorurdu. İndi Bakıya gedəndə işlərimi tez bitirib geri qayıdıram. Amma hələ dəqiq bilmirəm ki, niyə Bakını yox, Zəngilanı seçdim".

Gülüşün babasının və atasının doğulub böyüdüyü kəndin xarabalıqları Ağalıdan 10 dəqiqəlik maşın yolu məsafəsindədir. Kənddə yeganə salamat qalmış tikili - ikimərtəbəli daş bina onların evidir. Küçədəki təkadamlıq çarpayının üstündə kirli bir divan balışı var. Evin divarına döşək söykədilib, rəflərə boş balonlar düzülüb. Böyük masa. Ağ ipdən paltar şəridi. Həyətdən otağın içi görünmür - pəncərəyə jalüz vurulub; məhəccərdə boş, amma kirli külqabı, qənd qabı, qayçı və təmizləyici vasitə var.

Qarabağ münaqişəsi Ermənistan Azərbaycan müharibəsi İkinci Qarabağ müharibəsi

Şəklin mənbəyi, VLADIMIR PIROZHKOV / BBC

Şəklin alt yazısı, Gülüş bir zamanlar valideynlərinin yaşadığı evin yanında

Bu ev ona görə salamat qalıb ki, o müharibədə burada erməni hərbçiləri yaşayıblar. Yan-yörəsindəki birmərtəbəli evlərdənsə, demək olar ki, heç nə qamayıb. Vaxtilə həmin evlərdə Gülüşün qohumları yaşayıb. Bu kənddə nə inşaatçı, nə də texnika var.

"Birinci dəfə bura gələndə hönkürüb ağladım. Atama zəng vurdum, dedim, axı, mən burda doğulmamışam, niyə ağlayıram? Ətrafa, bu xarabalıqlara baxırdım, fikirləşirdim ki, 30 il əvvəl burda həyat olub, uşaqlar qaçışıblar. Amma indi bunların heç biri yoxdur və bu, ermənilərin işidir. Bu isə [yeni Ağalı kəndi] bizim işimizdir. Bizim fərqimiz bundadır. Onlar burada dağıdıcılıqla məşğul olublar, biz isə qayıdıb yenidən tikirik".

Köhnə qəbirlərin izləri

Yeni yol Böyük Tağlar (ermənicə-Mets Tager) kəndinin ortasından keçir. İki il əvvəl - son yüz il ərzində burada yaşamış ermənilər müharibədən qaçanda bu yol yox idi.

Meşəli dağlar və dərələrlə əhatələnmiş bu kənddə sakitlikdir. Dağların başına duman çökür. Üstündən tırtıllı texnika keçmiş torpaq yağışdan sonra qara və sürüşkəndir.

Ermənistan Azərbaycan şəhid Xudayar İkinci Qarabağ müharibəsi Zəngilanın Ağalı kəndi

Şəklin mənbəyi, VLADIMIR PIROZHKOV / BBC

Şəklin alt yazısı, Böyük Tağlar kəndi

Yoldan on metr aralıda 1846-cı ildə tikilmiş Surb Amenaprikç (Müqəddəs Xilaskar) kilsəsi var. Taxta giriş qapıları yerindən çıxarılıb, İsus Xristosun çarmıxdan qoparılmış, sınıb parçalanmış daş başı kandarda, parçalanmış vəziyyətdədir. Şimal tərəfdəki divarın yanında köhnə sinə daşlarının bir hissəsi sındırılıb - ağ daşlar ayaq altındadır.

Bura çox qaranlıqdır - buludlu gündə kiçik, şişbucaq pəncərələrdən içəri, demək olar ki, heç işıq düşmür. İbadət zalının mərkəzində üstü qalın toz qatıyla örtülü taxta skamya qoyulub. Yanında arxası üstə çevrilmiş daha biri var. Üçüncüsünü isə bilinməyən bir səbəbdən mehraba söykəyiblər. Mehrabın üstündə və divarların bəzilərində böyük, qırmızı hərflərlə 2020-ci ildə kəndə ilk girmiş Azərbaycan əsgərlərinin adları yazılıb. Kilsə avadanlıqlarından heç biri yoxdur. Bircə bir tərəfi cırılmış bir ikona qalıb.

Qarabağ münaqişəsi Ermənistan Azərbaycan müharibəsi İkinci Qarabağ müharibəsi

Şəklin mənbəyi, VLADIMIR PIROZHKOV / BBC

Böyük Tağlarda əvvəlki həyatın izləri hələ də qalmaqdadır. Atılmış evlərdən birinin eyvanında kiminsə qoyub getdiyi döşəməsilən ağac qalıb, üstündəki əski sanki hələ də qurumaqdadır. Qonşu həyətdəki xarab maşının kuzovu paslanıb, damında şüşə qırıqları var. Bir neçə addım aralıda əzilmiş darvaza qapıları görünür.

Kəndin mərkəzindəki üçmərtəbəli məktəbin müharibədən bir az əvvəl təmir olunduğu hiss olunur. Hamar, ağ divarlardan qeydləri rusca yazılmış xəritələr asılıb: "Dünyanın böyük adaları", "Dünyanın hissələri". Erməni dilində yazılmış ulduz xəritəsini isə qoparıb yerə atıblar - indi bura başqa kainatdır.

Enli dəhlizlərdə azərbaycanca sözlər yazılıb. Siniflərin döşəmələrinə vurulmuş uzun və möhkəm lövhələrin yeri boşdur - ola bilsin, tikinti işlərinə yaradıqları üçün. Yeni partalar və stullar bir yerə yığılıb. İki il əvvəl uşaqlar qaçışan dəhlizlərdə indi heç kim yoxdur.

Ermənistan Azərbaycan şəhid Xudayar İkinci Qarabağ müharibəsi Zəngilanın Ağalı kəndi Dağlıq Qarabağ Qarabağ münaqişəsi

Şəklin mənbəyi, VLADIMIR PIROZHKOV / BBC

Məişət əşyaları köhnəlib toza çevrildikcə təbiət kəndə basqın edir. Hər tərəf adamın əlini, boynunu cızan tikanlı otlarla doludur. Yerdə dəyib tökülmüş almalar və qırmızı giləmeyvələr var. Ağaclar nizamsız şəkildə böyüyür, kollar evlərə "dırmaşır".

Burada tüğyan edən təbiət iki il əvvəl yuxarısında köhnə erməni qəbirstanlığı olan təpəni görünməz edib. Ancaq hasardakı yarıqdan keçib ağacların budaqlarından tuta-tuta yağışdan sonra sıvırçaq olmuş torpaq yolla irəliləyəndə həmin qəbirstanlıqdan nə qaldığını görmək olur.

Mədəni irsin vəziyyətini izləyən "Caucasus Heritage Watch" təşkilatı İkinci Qarabağ müharibəsi bitdikdəndən yarım il sonra peyk vasitəsilə çəkilmiş şəkilləri paylaşaraq qəbirstanlığın azərbaycanlılar tərəfindən məhv edildiyini açıqlayıb. Amma həmin vaxta qədər məzar daşlarının dağıdılğını təsbit edən olmayıb.

Qarabağ münaqişəsi Ermənistan Azərbaycan müharibəsi İkinci Qarabağ müharibəsi

Şəklin mənbəyi, VLADIMIR PIROZHKOV / BBC

Şəklin alt yazısı, Erməni qəbirstanlığından qalanlar

Qəbirstanlıqda buldozer izləri sezilir. Salamat qalmış yeganə başdaşı təpənin ətəyindəki tikanlı kolların arasındadır; üstündə qısa saçlı, 1998-ci ildə vəfat etmiş bir kişinin şəkli var. İndi onun hansı məzarda dəfn olunduğunu müəyyənləşdirmək mümkün deyil. Onlarla metr məsafədə məzar izləri görünən başqa daşlar da var.

Qarabağ münaqişəsi

Şəklin mənbəyi, VLADIMIR PIROZHKOV / BBC

Şəklin alt yazısı, Böyük Tağlar kəndindəki erməni qəbirstanlığında salamat qalmış daşlardan biri

"Qoy uşaq müharibənin nə olduğunu bilməsin"

Bakı ətrafındakı kasıb Qaraçuxur qəsəbəsində yaşayan Mənsur Şükürov öz tarixçəsini il yarım bundan əvvəl danışmışdı: Füzuli ətrafındakı döyüşlərdə iştirak edib, batalyon komandiri olub, 250-dən çox əsgərini itirib, yaralanıb, 3 gün mühasirədə qalıb və möcüzə sayəsində xilas olub. Mənsur deyir ki, ayağına dəyən güllələr onu yarışikəst edib. Həkimlər ömrünün sonuna kimi ayağının ancaq 50 faiz işlək olacağını bildiriblər. Lazımi səviyyədə fizioterapiya müalicəsi alarsa, 5 ildən sonra yerişi bir qədər normallaşa bilər. Mənsur bir də heç vaxt futbol oynaya bilməyəcəyinə təəssüflənir.

Qarabağ münaqişəsi İkinci Qarabağ müharibəsi 44 günlük müharibə

Şəklin mənbəyi, VLADIMIR PIROZHKOV / BBC

Şəklin alt yazısı, Mənsur Şükürov

Amma elə şeylər var ki, onlara alışmaq fiziki ağrıya dözməkdən daha çətindir.

"Normal həyata dönmək heç asan olmadı. Deyirlər ki, müharibə bitir, amma o müharibədə döyüşənlər ya ölür, ya da psixoloji travma alırlar. Bu sözlərdə həqiqət var. Zəhlətökən fikirlər adamdan əl çəkmir, boş şeylərə görə özündən çıxırsan. Ancaq dərmanlarla sakitləşə bilirsən, onları qəbul etməyəndə güclü stress keçirirsən. Müharibədən sonra hər şeyə başqa gözlə baxırsan. İndi mənim gözlərim açılıb. Deyəsən, daha səbirli olmuşam. Bütün bu dərmanlar və iynələr məni sakitləşdirib".

Onu intihardan qorumaq üçün həkimlər Mənsura qəbirstanlığa getməyi qadağan ediblər, amma o, yenə məzarlara baş çəkir. "Şəhidlər Xiyabanına gedəndə ürəyim dözmür", - zabit belə deyir. Mənsur daha çox Qarabağa - döyüş yoldaşlarının həlak olduğu yerlərə gedir.

Qarabağ münaqişəsi İkinci Qarabağ müharibəsi 44 günlük müharibə

Şəklin mənbəyi, VLADIMIR PIROZHKOV / BBC

Şəklin alt yazısı, Mənsur yaralandığı və bir neçə gün mühasirədə qaldığı yeri tapdığını deyir

"Orada tamam başqa hissiyyat yaranır adamda. Sanki öz çətinliklərini, yükünü unudursan. Şəhərdə ağlayanda və ya müharibədən danışanda başa düşən az olur. Amma orada sanki öz dostlarınla söhbət edirsən".

Mənsur İkinci Qarabağ müharibəsində batalyonunun minalanmış əraziyə daxil olduğunu xatırlayır: "Sən zabitsən, hamı sənə baxır: nə edək, necə edək? Minalarsa o qədər çoxdur ki, keçid tapmaq sadəcə mümkün deyil. Maşında məndən və sürücü-mexanikdən başqa heç kim yoxuydu. Ona dedim ki, maşını əraziyə sür, yoxsa bütün uşaqlar həlak olacaq. Cavab verdi ki, "Yox, komandir, sən düş, mən tək gedəcəm". Mən onu ölümə necə tək göndərə bilərdim? O israr edib "Mənim ölməyim qorxulu deyil, amma komandir ölsə, uşaqlar başsız qalacaqlar" dedi".

Mexanik Mənsuru düşürüb və maşını minalı əraziyə sürüb. Partlayış maşının sağ cinahını zədələyib - Mənsurun həmişə oturduğu tərəfi. Mexanik sağ qalıb.

Gələcək haqqında düşünmək Mənsur üçün çox çətindir. Sadəcə ümid edir ki, gələcək nəsillər, o cümlədən, onun balaca oğlu müharibə görməyəcəklər. "Müharibə qəddardır, mən onun bir də olmamasını istəyirəm. Siz uşağınıza nifrət hissi aşılayırsınızsa, o, atasının qisasını almaq istəyəcəksə, yenə müharibə olacaq. Mən istəyirəm ki, bizim uşaqlarımız müharibə görməsinlər. Müharibə həqiqətən dəhşətlidir. Qoy heç olmasa, mənim uşağım onun nə olduğunu bilməsin".

Ermənilər haqqında Mənsur çox qısa danışır: "Onlarla bir masa arxasında oturmaram".

Partladılmış həyatlar

Mənsur Şükürovun hələ ki bircə arzusu var: Azrbaycanın qaytardığı torpaqlarda - Ağdamda yaşamaq. Amma bu arzu tezliklə reallaşmayacaq. Bərpası tamamlanmaq üzrə olan mərkəzi məscid istisna olmaqla, şəhər hələ də xarabalıqdır, yalnız mərkəzi hissəsi minalardan təmizlənib. Hazırda Ağdamın kənarındakı düzənliyi təmizləməyə başlayıblar - orada hakimiyyət daha bir "ağıllı kənd" salmaq istəyir.

Qarabağ münaqişəsi İkinci Qarabağ müharibəsi 44 günlük müharibə

Şəklin mənbəyi, VLADIMIR PIROZHKOV / BBC

Şəklin alt yazısı, Ağdamda məscidin rekonstruksiyası başa çatır.

"Burada mənsiz heç yerə getməyin, yoxsa sizi toplaya bilmərik sonra", - Ağdam rayonunun minalardan təmizlənməsinə cavabdeh olan Ehtiram Cəfərov gülümsəyərək belə deyir. O, ANAMA-da - minasızlaşdırma üzrə milli agentlikdə çalışır.

İki il ərzində ANAMA Qarabağ ərazisində 17 mindən çox mina və partlamamış döyüş sursatı zərərsizləşdirib. Amma bu, dəryada damladır. Bu müddətdə 260 nəfər minaya düşüb, 45-i həlak olub, qalanları yaşamağı yenidən öyrənirlər. Onlardan biri 55 yaşlı mühəndis Hafiz Əzimzadədir. Keçən ilin martında o, Novruzlu kəndində su quyularını təftiş edirmiş.

"Biz rayonun suvarma sistemini nizama salırdıq. Həmin gün getdiyimiz sonuncu obyektdə quyunu nəzərdən keçirib geri, yola tərəf qayıdırdım… Partlayış oldu, gözlərimə qaranlıq çökdü. Bir də xəstəxanada ayıldım", - Əzimzadə sakit səslə sözə başlayır və "Birinci dəfə ayağımı görəndə, daha doğrusu, görməyəndə ağladım" deyib susur.

Qarabağ münaqişəsi İkinci Qarabağ müharibəsi 44 günlük müharibə qarabağda mina təhlükəsi

Şəklin mənbəyi, VLADIMIR PIROZHKOV / BBC

Şəklin alt yazısı, Hafiz Əzimzadə ayağını itirəndən sonra da işləməyə davam edir.

Tabeliyində olanlara enerjili bir şəkildə göstərişlər verən, artezian nasoslarını yoxlayan Əzimzadəyə baxanda inanmaq olmur ki, yarası irinlədiyi üçün ayağının sümüyünü bir neçə dəfə qısaltmaq lazım gəlib və ard-arda on dəfə əməliyyat olunub, reabilitasiya üçün aylarla xəstəxanada qalıb. Əzimzadə keçməyən ağrılara dözərək protezlə yeriməyi öyrənib.

"Hər səhər yuxudan oyananda elə bilirəm ki, yenə iki ayağım var, hər şey əvvəlki kimidir. Sonra gözlərimi açıram və xatırlayıram... Mən hələ xəstəxanada özümə söz vermişdim ki, normal həyata, işimə qayıdacam, qoy ermənilər bilsinlər ki, onların minaları da bizi sarsıda bilməz. Hər günümü belə yaşayıram".

Minaaxtaranlar Qarabağın minalardan nə vaxt tam təmizlənəcəyinə dair heç təxmini tarix də açıqlamırlar. İşin sürəti müxtəlif faktorlardan, ən başlıcası isə onların özlərinin sayından asılıdır. Hazırda ANAMA-da 1500-ə yaxın adam işləyir, onların yalnız 762-si minaaxtarandır (2020-ci ildə dha az olub- cəmi 300 nəfər). Bu kiçik komanda 8000 kvadrat kilometrdən çox ərazini təmizləməlidir.

Qarabağ münaqişəsi İkinci Qarabağ müharibəsi 44 günlük müharibə qarabağda mina təhlükəsi

Şəklin mənbəyi, VLADIMIR PIROZHKOV / BBC

"Ermənilər bizə öz mina xəritələrini verdilər. Amma yoxlama zamanı məlum oldu ki, göstəricilərin yalnız 20-25 faizi dəqiqdir. Ona görə də həmin xəritələrdən, demək olar ki, heç istifadə etmirik. O torpaqlar bir neçə dəfə minalanıb - həm mərkəzləşdirilmiş şəkildə, həm də xaotik olaraq. Minalardan başqa, həmin torpaqlarda çox sayda partlamamış döyüş sursatı var. Bütün bunlar işimizi çətinləşdirir. İnsanların Qarabağa nə vaxt qayıdacaqlarını heç kim təxmin edə bilməz", - ANAMA-nın digər nümayəndəsi Xaliq Zülfüqarov belə deyir.

Elədirsə, niyə Azərbaycan hakimiyyəti yaşayış binaları tikməklə yox, aeroportlar açmaqla məşğuldur?

Azərbaycanlı tarixçi Altay Göyüşov bu suala belə cavab verir: təsəvvür edin ki, Bakıya uçmusuz, aeroportun çox gözəl binasından çıxıb çox səliqəli Heydər Əliyev prospektiylə paytaxta gəlirsiz, yeni və gözəl binaları, olimpiya stadionunu görürsüz - yəni şəhərin parıldayan hissəsini.

Qarabağ münaqişəsi İkinci Qarabağ müharibəsi 44 günlük müharibə qarabağda mina təhlükəsi Zəngilan ağıllı kəndlər

Şəklin mənbəyi, VLADIMIR PIROZHKOV / BBC

Şəklin alt yazısı, Ağalı kəndi

"Mən bunu Disneylənd adlandırıram. Ağalı kəndi də hakimiyyətin təbliğat maşınının, turist marşrutu üzərində Potyomkin kəndləri tikmək siyasətinin bir hissəsidir. 20 kilometr başqa istiqamətə gedib hökumətin turist marşrutundan kənara çıxsaz, əhalinin realda necə yaşadığını görəcəksiz".

Müharibədən iki il sonra azərbaycanlılar hələ də sərbəst şəkildə Qarabağa gedə bilmirlər. Hakimiyyət "ağıllı" kəndlər layihələşdirməklə və məscidlərin təmiriylə məşğul ikən məcburi köçkünlərin çoxu yataqxanalara sığınmış vəziyyətdə qalmaqdadırlar - hələ də ümid edərək ki, müharibənin dağıtdığı evlərini bir gün bərpa edə biləcəklər.