İran-İsrail qarşıdurması: İran İsrailin hücumunu təkzib edir

İran İsrail qarşıdurması İsrail İrana hücum edib

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Foto: Arxiv

İki ABŞ rəsmisi cümə günü Amerikanın CBS kanalına İsrail raketinin İranı vurduğunu bildirib.

Ancaq İran bu hücumu təkzib edib.

Ölkənin yarı rəsmi Fars xəbər agentliyinin məlumatına görə, bu səhər İranın İsfahan şəhərinin şimal-qərbində partlayış səsi eşidilib.

ABŞ mediası İsrailin İrana hücumla bağlı Washington-u əvvəlcədən xəbərdar etdiyini yazıb.

Lakin ABŞ İsrailin İrana zərbə endirmək planlarını dəstəkləməyib.

Ağ Ev və Pentaqon İranın “yalnız bir neçə pilotsuz uçan aparatdan (PUA) ibarət” adlandırdığı zərbə ilə bağlı hələlik hər hansı şərh verməyib.

Bu arada, İran raket hücumu ilə bağlı xəbərləri təkzib edib, rəsmilərdən biri "Amerika mediasının xəbərləri doğru deyil" deyib.

İranın Milli Kiberməkan Mərkəzi İrana raket hücumu edilməsini birbaşa təkzib edib.

Qurumun sözçüsü Hüseyn Dəlirian X-da yazıb ki, “xaricdən İsfahana və ya ölkənin digər bölgələrinə heç bir hava hücumu olmayıb”.

Onun sözlərinə görə, İsrail “yalnız kvadrokopterləri [dronları] uçurmaq üçün uğursuz və aşağılayıcı cəhd edib" və onlar vurulub.

İranın dövlət mediası da oxşar xəbər yayaraq, ola biləcək hədəfləri vurmaq üçün gecə ərzində ölkənin bir neçə bölgəsində hava hücumundan müdafiə sistemlərinin işə salındığını, lakin birbaşa zərbə və ya partlayışla bağlı heç bir məlumat verilmədiyini bildirib.

ABŞ İsraildəki səfirlik əməkdaşlarına və onların ailə üzvlərinə növbəti xəbərdarlığadək "təhlükəsizlik mühitinin ...siyasi vəziyyətdən və son hadisələrdən asılı olaraq sürətlə dəyişə biləcəyi" ehtimalı ilə səyahət etməyi qadağan edib.

Böyük Britaniya isə İsrailin İrana raket atması xəbərlərinin İran tərəfindən təkzib edilməsinə baxmayaraq, "İsrailin özününmüdafiə haqqı var" kimi açıqlama yayıb. Lakin Baş nazirin ofisi həm də İsrailə "hazırda gərginliyin azaldılmasının önəmli olduğunu vurğulamışıq” açıqlamasını da verib.

xəbər yenilənir..

İran İsrail

Şəklin mənbəyi, Nurphoto

İran dövlət mediası bir neçə şəhər üzərində uçuşların dayandırıldığını bildirib.

Fars xəbər agentliyi yazıb ki, hadisə şəhərin beynəlxalq hava limanı yaxınlığında baş verib.

İranın dövlət mediası İsfahan əyalətindəki bir ordu generalına istinadən xəbər verib ki, Isfahanda “heç bir zərər” qeydə alınmayıb.

İsfahan vilayətində böyük hava bazası, böyük raket istehsalı kompleksi və bir neçə nüvə obyekti yerləşir.

İran dövlət televiziyası bildirib ki, partlayışlar PUA-ları hədəf alan hava hücumundan müdafiə sistemlərinin nəticəsidir.

İran dövlət televiziyası bildirib ki, İsfahandakı nüvə obyektləri "tamamilə təhlükəsizdir"

Bir neçə gün qabaq İran İsrailə 300-dən çox raket və dron atmış, İsrail buna cavab verəcəyini bəyan etmişdi.