"Qızlar oxusunlar ki, sabah heç kimə möhtac olmasınlar", - Gürcüstan azərbaycanlıları

Tozu Gülməmmədli, Tbilisi- Gürcüstan

Şəklin mənbəyi, K.Şahin

Şəklin alt yazısı, Tozu Gülməmmədli, Tbilisi- Gürcüstan

Gürcü dilini bilməmək Gürcüstanda yaşayan azərbaycanlıların həyatına necə təsir edir?

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı bölgəni gəzən Könül Şahin BBC Azərbaycanca üçün yazır:

Qonşu Gürcüstandakı etnik azərbaycanlılar ümumi əhalinin 6,5 faizini təşkil edir. Onlar, əsasən, Kvemo Kartli, Kaxeti, Şida Kartli və Mtşeta-Mtianeti kimi bölgələrdə yaşayırlar. Gürcüstan Milli Statistika İdarəsinin 2014-cü ildə apardığı ümumi siyahıyaalmaya əsasən, Gürcüstanda 233 mindən çox azərbaycanlı yaşayır.

Azərbaycanlılar Gürcüstanda ən böyük etnik azlıq olsalar da, ictimai və siyasi fəaliyyətləri yüksək deyil. Gürcüstanda mənzillənən Tolerantlıq və Müxtəliflik İnstitutunun (TDİ) apardığı araşdırmaya görə, bunun əsas səbəblərindən biri azərbaycanlıların gürcü dilini bilmə səviyyəsinin aşağı olmasıdır.

Azərbaycanlıların yaşadığı bölgələrə ziyarətim zamanı müşahidə elədim ki, insanların çoxu ancaq Azərbaycan dilində danışır, dövlət dili olan gürcü dilini bilmir.

Həmsöhbətlərim gürcü dilini bilməməyin insanların ölkədən təcrid vəziyyətində yaşamasına, informasiya əldə etmələrinin çətinləşməsinə, təhsil imkanlarının məhdudlaşmasına və dövlət idarələrində bir çox problemlərlə üzləşməsinə səbəb oluğunu vurğulayırlar.

Qadın hüquqları ilə bağlı məlumatsızlığı və biganəliyi nəzərə alsaq, Gürcüstanda yaşayan və azlıq statusuna malik azərbaycanlı qadınların həyatının asan olmadığını söyləmək lazımdır. Dövlət dilini bilməmələri onlara əlavə maneələr yaradır.

Gürcüstanda qeyri-hökumət təşkilatlarının birində çalışan Tozu Gülməmmədlinin sözlərinə görə, dil maneəsi üzündən qadınlar öz hüquqları ilə bağlı kifayət qədər məlumatlara malik deyillər və dövlətin qadınlara göstərdiyi xidmətlərdən də xəbərsizdirlər:

“Tərcüməçi olmadan xəstəxanaya gedə bilmirlər. Bəzən intim məsələlərini ikinci şəxsin qarşısında müzakirə etmək məcburiyyətində qalırlar”.

Gülməmmədlinin sözlərinə görə, dil problemi məişət zorakılığına məruz qalan qadınlar üçün də böyük bir problemdir.

O deyir ki, zorakılığa məruz qalan qadın dövlətin onun üçün yaratdığı vəkillə ünsiyyət qura və ya sığınacağa yerləşdiriləndə ətrafdakı insanlar gürcücə danışdığı üçün özünü rahat hiss edə bilmir. Bu səbəbdən bəzi qadınlar zorakılığa məruz qaldıqları evlərinə qayıtmalı olurlar.

Müsahibə aldığım qadınların ən çox vurğuladığı və “həyatımızı dəyişdirdi” dedikləri şey isə etnik azlıqların ali təhsil almasını asanlaşdıran “1+4” proqramıdır. 2010-cu ildə Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin dövründə başladılan bu proqram sayəsində etnik azlıqlar arasında universitet məzunlarının, əsas da məzun olan qızların sayı artmağa başladı.

“1+4” proqramına görə orta məktəbdən məzun olan tələbələr universitetdə bir il gürcü dili üzrə təhsil aldıqdan sonra istədikləri ixtisaslara müraciət edə bilərlər.

Bu proqrama qədər məktəbi Azərbaycan dilində bitirən və gürcü dilini bilməyən tələbələr təhsil üçün Azərbaycana getməli idilər. Bu da qızların ali təhsil almasını çətinləşdirirdi. Birdən çox övladının təhsil almasına maddi imkanı olmayan ailələr oğullarının təhsilinə daha çox əhəmiyyət verirdilər.

Mehbarə Səfərova, Dezerter Bazarı, Tbilisi- Gürcüstan

Şəklin mənbəyi, K.Şahin

Şəklin alt yazısı, Mehbarə Səfərova, Dezerter Bazarı, Tbilisi- Gürcüstan

Qardabani rayonunun Qaracalar kəndindən olan Mehbarə Səfərova Tbilisi bazarında meyvə-tərəvəz satır.

Onun qızı gürcü dilini bilmədiyi üçün 20 il əvvəl ali təhsili üçün Azərbaycana gedibmiş.

İndi həkim olan qızı ilə fəxr edən Mehbarə Səfərova deyir ki, "düşüncəli valideyn" qızının oxuması üçün əlindən gələni etməlidir.

Gürcüstan

Şəklin mənbəyi, K.Şahin

Mehbarə ilə eyni bazarda işləyən Həqiqət xanım da onunla eyni fikirdədir.

İki qız nəvəsi olan Həqiqət xanım deyir ki, onların təhsilinə xüsusi fikir verir:

“Nəvələrimdən biri iki universitet bitirib, digəri də doqquzuncu sinifdə oxuyur. Oxuyub yaxşı yerlərdə işləmələrini istəyirəm. Qızlar oxusunlar ki, sabah heç kimə möhtac olmasınlar".

Samirə Bayramova, Tbilisi - Gürcüstan

Şəklin mənbəyi, K.Şahin

Şəklin alt yazısı, Samirə Bayramova, Tbilisi - Gürcüstan

Amma bu "1+4" proqramının da bir çox çatışmazlıqları var, Gürcüstanın fəal qadınlarından olan hüquq müdafiəçisi və ictimai siyasi fəal Samirə Bayramova deyir və əlavə edir ki, bu proqramda islahatlar aparılmalıdır.

O deyir ki, bir illik hazırlıq proqramına tələbə qəbulu zamanı şagirdlər yalnız riyaziyyat və məntiq elmlərindən imtahan verirlər, bu isə onların məktəbdə bu dərslərdən başqa digər dərslərə əhəmiyyət verməməsinə səbəb olur.

“Sistem onları yaxşı təhsil almalarına deyil, gürcü dilini öyrənməyə meyilləndirir. Bəzi universitetlərdə 1+4 proqramının tətbiqi çox zəifdir”, - Samirə Bayramova əlavə edir.

Etnik azlıqların, gənclərin və qadınların problemlərinin həlli istiqamətində bir çox yerli və xarici qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edən Samirə Bayramovanın sözlərinə görə, Gürcüstanda azərbaycanlı qadınların bir çox sosial, iqtisadi və siyasi problemləri var. Bayramova deyir ki, etnik azərbaycanlıların sıx yaşadığı rayonlarda, kəndlərdə qadınların sosiallaşması üçün kifayət qədər yer yoxdur:

“Qadınların böyük əksəriyyəti bu gün evdar qadın statusundadır. Evdən kənarda sosial həyatları olmadığı üçün onlara çox şey təklif edə bilmirik. Burada dövlətin dəstəyi çox önəmlidir. Resursları onlar yaratmalıdır”.

Dövlət dilini bilməməyin yaratdığı problemlər etnik azərbaycanlı qadınların üzləşdiyi yeganə problemlər deyil.

Gürcüstanın kəndlərindən Tbilisiyə təhsil almağa gələn gənc qızlar bəzən ictimai nəqliyyatda, həmyaşıdları arasında və ya universitetdə diskriminasiya ilə qarşılaşa bilərlər.

Gülgün Məmmədxanova və Aysun Məmmədova, Marneuli- Gürcüstan

Şəklin mənbəyi, K.Şahin

Şəklin alt yazısı, Gülgün Məmmədxanova və Aysun Məmmədova, Marneuli- Gürcüstan

Marneuli rayonun Təkəli kəndində doğulub boya-başa çatan Gülgün Məmmədxanova deyir ki, komfort zonasını tərk edib Tbilisiyə universitet təhsili üçün gələndə acı gerçəklərlə qarşılaşıb:

“İctimai nəqliyyatda azərbaycanca danışanda insanların bəzən reaksiyaları ilə qarşılaşırıq. Deyirlər ki, bunlar illərdir burada yaşayırlar, niyə gürcü dilində danışmırlar. Halbuki Gürcüstan konsititusiyasında yazılıb ki, insanların ana dilində danışma, fikrini ifadə etmə haqqı var”.

Gülgün Məmmədxanovaya görə, bu problemlerin həll olmamasının səbəblərindən biri də yaşlı nəslin öz hüquqlarını bilməməsidir:

“Gürcüstan konstitusiyasında yazılıb ki, dilindən, dinindən asılı olmayaraq, hər kəs bərabər hüquqludur, amma bizim böyüklərimiz bunu bilmir. Onlar elə bilirlər ki, gürcülərin bizdən daha çox hüququ var. Tbilisiyə təhsil üçün gələndə atamın mənə ilk məsləhəti belə oldu: "Sən yeni mühitə addım atırsan, haqlı olsan belə, səsini çıxartma".

Bolnisinin Faxralı kəndindən olan, Tbilisi Dövlət Universitetinin 3-cü kurs tələbəsi Aysun Məmmədova deyir ki, ayrı-seçkiliklə üzləşsə də, ailəsi, dostları və universitetdəki professorları ona dəstək olur. Tezliklə Erasmus proqramı ilə İtaliyaya gedəcək Aysun Faxralı kəndində qızların təhsili əleyhinə fikirlərin müsbətə doğru dəyişdiyini deyir:

“Oxuya bilmədiyi üçün bir çox problemlərlə üzləşən valideynlərim bizim də eyni problemləri yaşamağımızı istəmirlər”.

Qızların erkən yaşda evləndirilməsi təkcə Azərbaycanda deyil, Gürcüstanda da əsas problem olaraq qalmaqda davam edir. Yaşı 18-dən az olan qızlar evlilik məqsədilə qaçırılır və bu problemlə bağlı cəza tədbirləri yetərli deyil.

Müsahibə zamanı həmsöhbət olduğum qadınlar bildirdilər ki, bəzən kənd məktəbləri də azyaşlı qızların evləndirilməsi hadisələrini ört-basdır etməyə çalışırlar. Fəal qadınların fikrincə, məktəbə başlayan və məktəbi bitirən qızların sayındakı fərq əslində vəziyyətin ciddiliyini ortaya qoyur.

Hüseyn Abdürrəhmanov, Xocornu kəndi - Gürcüstan

Şəklin mənbəyi, K.Şahin

Şəklin alt yazısı, Hüseyn Abdürrəhmanov, Xocornu kəndi - Gürcüstan

Etnik azərbaycanlılarla ermənilərin birgə təhsil aldığı Xocornu kənd məktəbində müəllim işləyən Hüseyn Abdürrəhmanov deyir ki, məktəb müəllimləri həm ailələrə, həm də şagirdlərə erkən nikahın qanuna zidd və səhv addım olduğu haqqında seminarlar keçirlər.

Məktəbin digər müəllimi Lali xanım şagirdlərinin erkən nikah problemi ilə bağlı maarifləndirici kinolara və sənədli filmlərə baxması üçün xüsusi sinif yaradıb.

Bolnisidə fəaliyyət göstərən “Vətəndaş Bərabərliyi” platformasının təsisçisi və sədri Samirə İsmayılova erkən nikahlara qarşı həm məktəb müəllimləri, həm də valideynlərlə danışıqlar aparır. O deyir ki, bəzi insanlar erkən nikahları ənənənin bir hissəsi kimi görürlər:

“Bunun bir sonu olmalıdır, bu bizim ənənəmiz deyil. Qızın fiziki və psixoloji sağlamlığına xələl gətirən bir şey necə adət-ənənə ola bilər?”

Samirə İsmayılova, Tbilisi-Gürcüstan

Şəklin mənbəyi, K.Şahin

Şəklin alt yazısı, Samirə İsmayılova, Tbilisi-Gürcüstan

Samirə İsmayılova qadınların reproduktiv sağlamlığı istiqamətində bir çox işlər apardıqlarını söyləyir.

O, iki mindən çox qadınla görüşərək, onlara pulsuz müayinə xidmətləri barədə məlumat verib və bundan faydalanmaları üçün pulsuz nəqliyyat da təşkil edib.

“İşimiz sayəsində erkən diaqnozla bir çox qadının həyatını xilas etdik, bu da insanların bizə olan güvənini artırdı”.

Gürcüstanda müsahibə aldığım qadınların cəsarətinə və əzmkarlığına heyran olmamaq mümkün deyil.

Bütün çətinliklərə baxmayaraq, onlar cəmiyyətdə müsbət dəyişiklik etməyə çalışırlar.

Diqqət çəkən başqa bir detal isə bu qadınların əməkdaşlığa verdiyi önəmdir. Onlar Gürcüstandakı erməni və gürcü həmcinsləri ilə birlikdə mövcud problemlərin həlli üçün layihələrdə iştirak edirlər.

Bu, Cənubi Qafqazda regional əməkdaşlığın nə qədər vacib olduğunu bir daha bizə xatırladır.