ABŞ ermənilərin kütləvi qətlini "soyqırım" kimi niyə indi tanıdı?

Erməni "soyqırım"ına həsr olunmuş Tsitsernakaberd abidəsi - Yerevan

Şəklin mənbəyi, KAREN MINASYAN/AFP

Şəklin alt yazısı, Erməni "soyqırım"ına həsr olunmuş Tsitsernakaberd abidəsi - Yerevan

Bu gün ABŞ Nümayəndələr Palatasında 1915-ci ildə Osmanlı İmperiyasında ermənilərin kütləvi öldürülməsinin "soyqırım" kimi tanınması ilə bağlı qərar səsverməyə çıxarılıb. Bu sənəd həm Demokratik, həm də Respublikaçı partiyaların nüfuzlu nümayəndələri tərəfindən dəstəklənib.

Qətnamənin sürətlə baxılmasına Türkiyənin Suriyanın şimalındakı əməliyyatına görə ABŞ-Türkiyə münasibətlərindəki böhran səbəb olub.

Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu da səsvermədən sonra Twitterdə yazıb ki, belə bir qərar Türkiyənin Suriya ilə sərhəddində apardığı "Barış Pınarı" hərəkatına görə verilib.

Gözlənilir ki, "soyqırım"ın tanınmasına cavab olaraq rəsmi Ankara Washington-dakı səfirini geri çağıracaq. Türkiyə səfiri sənədin mətninin "əsassız ittihamlarla" dolu olduğunu bildirib.

1915-ci ildə Osmanlı İmperiyasında ermənilərin kütləvi deportasiyası və öldürülməsi Rusiya, Almaniya, Fransa, Kanada və dünyanın bir sıra digər ölkələrində "soyqırım" kimi tanınıb. Türkiyə həmin hadisələrin belə qələmə verilməsinə daim etiraz edir və deyir ki, qurbanlar bütün tərəflərdən olub.

Erməni lobbisi, yəhudi lobbisi

Bazar ertəsi günü sənəd Nümayəndələr Palatasında erməni lobbiçilərinin istədiyi kimi, düzəlişlər edilmədən səsvermədən keçib.

Qanun layihəsi erməni mənşəli amerikalıları təmsil edən iki ən böyük qrup - Amerika Erməniləri Milli Komitəsi (ANCA) və Amerika Erməni Məclisi tərəfindən dəstəklənir. Onları iki nüfuzlu yəhudi təşkilatı - Amerika Yəhudi Komitəsi və Antidiffamasiya Liqası dəstəkləyir.

Demokratik partiya Konqressin aşağı palatasında çoxluqdadır, digər tərəfdən palatanın bir sıra nüfuzlu respublikaçı üzvü də qətnaməyə səs verməyi planlaşdırır.

Sənədi kimlər dəstəkləyir?

Sənəd Konqresə yanvar ayında təqdim olunub. Nümayəndələr Palatasında çoxluq təşkil edən demokratlar çox sayda erməni və Yaxın Şərqdəki digər xristian azlıq mənşəli amerikalıların yaşadığı bir çox dairəni təmsil edirlər.

Qətnaməni Xarici İşlər Komitəsinin sədri Demokrat Eliot Engel və komitədəki Respublikaçı azlığın lideri Michael McCaul, həmçinin Kaliforniyanın müxtəlif dairələrindən olan iki konqresmen - Devin Nunes və Adam Schiff bir çox digər məsələlərdə barışmaz rəqib mövqeyindən çıxış edirlər.

Demokrat Schiff kəşfiyyat komitəsinə rəhbərlik edir və faktiki olaraq Trump-ın impiçmenti ilə bağlı araşdırmaya rəhbərlik edir. Schiff-dən əvvəl komitəyə sədrlik etmiş Respublikaçı Nunes isə, əksinə, prezidentə sadiqliyi ilə tanınır.

Qətnamənin mətninin hazırlanmasında Amerika Erməni Məclisi və Erməni Milli Komitəsi iştirak ediblər, BBC-yə bu qurumların rəhbərliyindən bildirilib.

"29 oktyabr Amerika erməniləri üçün ən vacib günlərdən biri ola bilər", - Amerika Erməni Məclisinin qərb bölgəsi üzrə direktoru Migran Tumajyan deyib.

"Biz sözün əsl mənasında [Capitol] təpəsindəki bütün kabinetləri gəzirik", - ANCA-nın Qərb bölgəsi üzrə icraçı direktoru Armen Sahakyan BBC-yə bildirib.

Amerika erməniləri çoxdandır ki, ABŞ-dan erməni soyqırımını tanımağı tələb edirlər.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Amerika erməniləri çoxdandır ki, ABŞ-dan "erməni soyqırımını" tanımağı tələb edirlər.

Mənəviyyatsız dünyada mənəviyyat

Qətnamənin sürətlə baxılmasına səbəb İŞİD-ə qarşı mübarizədə ABŞ-ın əsas müttəfiqi olan Suriya kürdlərinə qarşı hərbi əməliyyata görə ABŞ-ın Türkiyə ilə münasibətlərinin pisləşməsi olub.

Bu geo-siyasi kontekst qətnamə tərəfdarları tərəfindən gizlədilmir də. Türkiyənin əməliyyatının başladığı gün, çox sayda erməninin yaşadığı dairəni təmsil edən konqresmen Ted Lew, Twitter səhifəsində yazmışdı: "ABŞ-ın erməni soyqırımını tanımaq üçün əsl vaxtdır."

Bundan əvvəl Türkiyənin ABŞ-dakı səfiri Serdar Kılıç ABŞ konqresmenlərinə qətnaməyə səs verməzdən əvvəl "Türkiyə ilə ABŞ arasında tərəfdaşlığın davam etdirilməsinin vacibliyini xatırlamağa" çağıran məktub göndərib. Türkiyə səfiri qətnamədə 1915-ci il hadisələrinin şərhini "əsassız ittihamlar" adlandırıb.

"ABŞ Konqresi əsrlər boyu davam edən tarixi mübahisədə NATO müttəfiqi əleyhinə tərəf tutmaq istəyirmi?", - səfir sual edib.

"Dünyadakı ermənilər soyqırımın tanınmasını mənəvi məsələ kimi görürlər", Amerika Erməni Məclisindən Tumajyan bildirib.

"Biz hər şeyin, sürətlə dəyişən maraqlara əsaslanan, mənəviyyatsız bir dünyada yaşayırıq, - Tumajyan deyib. - Yaxın Şərqdə sülhün bərqərar olmasını gözləmək absurddur."

"Soyqırım" məsələsində ABŞ-ın mövqeyi ənənəvi olaraq geo-siyasət bucağından müəyyən edilib - indiyədək Washington NATO-da mühüm partnyoru olan Türkiyə ilə bu məsələyə görə münasibətləri korlamağa hazır olmayıb. ABŞ prezidentləri, o cümlədən Donald Trump 1915-ci ildə Osmanlı İmperiyasındakı hadisələri "böyük qırğın" adlandırırdılar, ancaq "soyqırım" sözünü işlətməkdən çəkinirdilər. Türkiyə hakimiyyəti 1915-1919-cu illərdə xristian azlıqların qətl edilməsi hallarını məqsədyünlü dövlət siyasəti olduğunu inkar edir.

"Bu səsvermə üçün seçilən vaxt və qətnamə layihəsini dəstəkləyənlərin bunu ABŞ-Türkiyə münasibətlərində konkret problemlə əlaqələndirməsi, bu sənədi, əslində, siyasi bir alətə çevirir", - Eurasianet nəşrinin Qafqaz şöbəsinin redaktoru, amerikalı ekspert Joshua Kuchera qeyd edib.