Rusiya-Ukrayna müharibəsi: Azərbaycan necə siyasət yürüdür?

  • Fərid Həsənov
  • BBC News Azərbaycanca, Bakı
Azərbaycan, Ukrayna, İlham Əliyev, Volodimir Zelenski, siyasət, diplomatiya

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Azərbaycan Prezidenti İlham Əliyev Ukraynalı həmkarı Volodimir Zelenski ilə 2022-ci il yanvarın 14-də Kiyevdə görüşüb.

Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin başlamasından iki gün qabaq Rusiya ilə müttəfiqlik bəyannaməsi imzalayan, iki il əvvəl isə Ukraynanın özünə strateji tərəfdaş seçdiyi Azərbaycan 14 gündür davam edən döyüşlərin gedişində necə bir siyasət yürüdür?

Bəzi Qərb ölkələri, hətta Rusiya ilə münasibətlərini saxlayan və beynəlxalq sanksiyalara qoşulmayan qonşu Türkiyə açıq-aşkar mövqe göstərərək Ukraynadakı hərbi əməliyyatları tənqid edib, ölkənin ərazi bütövlüyünü dəstəkləyib. Azərbaycandan isə belə bir bəyanat yüksək səviyyədə eşidilməyib, bəzi siyasi təhlilçilər hesab edirlər.

Azərbaycan Ukraynaya humanitar yardımlar məsələsində əsaslı addımlar atsa da, siyasi bəyanatlarda hadisələrin yalnız "narahatlıq doğurduğunu" deməklə kifayətlənib.

Millət vəkili Rasim Musabəyov deyir ki, ATƏT-in fevralın 24-ü, müharibənin ilk günündə baş tutan iclasında Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıdığını bildirib. Ancaq XİN-in həmin iclasdan yaydığı açıqlamadan aydın olur ki, görüşdə iştirak edən xarici işlər nazirinin müavini Araz Əzimov Ukraynada baş verənlərin sadəcə "ciddi narahatlıq doğurduğunu" qeyd edib.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev fevralın 25-də yerli mediaya müsahibəsində yalnız Rusiya-Ukrayna müharibəsinin narahatlıq doğurduğunu qeyd edib və qeyd edib ki, Azərbaycan bu məsələnin "diplomatik yolla həllinin" tərəfdarıdır.

"Azərbaycan beynəlxalq münasibətlərdə beynəlxalq hüququn norma və prinsiplərini həmişə rəhbər tutur. Bu sırada da dövlətlərin suverenliyi və ərazi bütövlüyü məsələsini xüsusi qeyd etmək istərdim", - Hikmət Hacıyev deyib.

Amma görünür, Araz Əzimov və Hikmət Hacıyev səviyyəsində səslənən bu bəyanatlar Ukrayna üçün yetərli olmayıb. Elə həmin gün UkraynanınAzərbaycandakı səfiri Vladislav Kanevskiy brifinq keçirərək Azərbaycan hökumətindən "rəsmi cavab gözlədiklərini" bildirib.

Ukrayna, Azərbaycan, diplomatiya, siyasət
Şəklin alt yazısı, Vladislav Kanevskiy, Ukraynanın Azərbaycandakı səfiri

Azərbaycan "ehtiyatlı siyasət" aparır

Rasim Musabəyov hesab edir ki, Rusiya-Ukrayna münaqişəsində Azərbaycan balanslı deyil, "ehtiyatlı siyasət" aparır:

"Biz Ukraynanı dost dövlət kimi dəstəkləyirik. Amma o da aydındır ki, Rusiya nüvə silahına malik və Azərbaycanla həmsərhəd olan böyük gücdür. Ukraynanın NATO ölkələri ilə sərhədləri var. Amma Azərbaycanın şimalında Rusiya, cənubunda heç də o dərəcədə dost olmayan İran və 700 kilometr Xəzər boyu hər bir hərbi müdaxilə üçün açıq olan su sərhəddi var. Bundan əlavə, Rusiya donanması Xəzərdə güc sahibidir. Qərbdə hələ də sülh imzalamağa nail olmadığımız düşmənimiz Ermənistan və o dərəcədə də etibarlı olmayan Gürcüstan var. Belə olan halda Azərbaycanın siyasəti təbii ki, ehtiyatlı olmalıdır".

siyasət, Azərbaycan, İsa Qəmbər

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, İsa Qəmbər 2003-cü il 12 oktyabr tarixində keçirilən etiraz aksiyasında iştirak edir

"Doğru siyasət deyil"

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər isə Azərbaycan hökumətinin Ukrayna məsələsində "neytral mövqe sərgildəyini" deyir və bunu "doğru siyasət" saymır.

"Rusiya Ukraynaya qarşı cinayətkar müharibəyə başladığı üçün beynəlxalq aləmdə təklənməyə başlayıb. Ona görə də, bu gün Kreml administrasiyasının onun mövqeyini dəstəkləyən Belarus, Şimali Koreya, Suriya kimi ölkələrlə yanaşı, Azərbaycan kimi kiçik dövlətlərin bu məsələdə neytral qalmasına ehtiyacı var", - İsa Qəmbər qeyd edib.

Martın 2-də keçirilmiş BMT-nin İnsan Haqları Şurasının iclasında iştirak edən xarici işlər naziri Ceyhun Bayramov çıxışında Ukraynadakı vəziyyətin "insan itkilərinə yol açdığından təəssüfləndiyini" deyib və tərəfləri "təxirəsalmaz dialoqa" çağırıb.

BMT Baş Assambleyasının eyni tarixdə baş tutan xüsusi sessiyası çərçivəsində Rusiya əleyhinə qətnamə qəbul olunsa da, Azərbaycanın BMT-dəki nümayəndəliyi səsvermədə iştirak etməyib.

Rasim Musabəyov Azərbaycanın səsvermədə iştirak etməməsini rəsmi Bakının hazırda "Qoşulmama Hərəkatına sədrlik etməsi ilə" əlaqələndirir.

Ukrayna, Rusiya, BMT, müharibə

Şəklin mənbəyi, Getty Images

"Azərbaycanın mövqeyi Ukrayna ilə münasibətlərə mənfi təsir göstərməyəcək"

Siyasi təhlilçi Alya Yaqubluya görə, BMT-nin Ukrayna ilə bağlı keçirdiyi müzakirələrdə rəsmi Bakı bu cür mövqe nümayiş etdirməyə "məhkumdur".

"Türkiyə kimi böyük və NATO üzvü olan ölkə də Rusiya ilə münasibətləri qorumaq məcburiyyətindədirsə, o zaman bu məsələdə Azərbaycanın hansısa ciddi mövqe ortaya qoyması inandırıcı deyil", o deyib.

Amma o hesab edir ki, Azərbaycan hökumətinin bu mövqeyi Ukrayna ilə münasibətlərə təsir etməyəcək: "Rəsmi Kiyev də anlayır ki, Azərbaycan coğrafi baxımdan Rusiyaya olduqca yaxın ölkədir və Azərbaycan ərazisində də artıq qanuni şəkildə gəlmiş və oturmuş rus ordusu var".

Ukrayna, Azərbaycan, yardım, münaqişə

Şəklin mənbəyi, Ukrayna səfirinin Facebook hesabı

Azərbaycan "imkan çərçivəsində" Ukraynaya yardım göstərir

Millət vəkili Rasim Musabəyovun fikrincə, Azərbaycan xarici siyasətini "qarşılıqlı əsasda" formalaşdırır.

O hesab edir ki, Azərbaycan "imkanı çərçivəsində" Ukraynaya bütün yardımı göstərir.

"Biz müharibədən qabaq Ukraynaya 300 milyon dollarlıq kredit vermişik, yanacaqla təmin edirik, humanitar yardım göstərmişik və beynəlxalq qurumlarda da səsləndiririk ki, Ukraynanın ərazi bütövlüyü təmin olunmalıdır. Bundan artıq Azərbaycan nə edə bilər?" - Rasim Musabəyov deyib.

O əlavə edib ki, Azərbaycan bu məsələdə Ukraynaya Türkiyədən daha çox dəstək vermək imkanında deyil: "Türkiyə Rusiya ilə münasibətdə ehtiyatlı siyasət apardığı halda, Azərbaycan da mövcud məqamda çox ölçülü və ehtiyatlı siyasət aparmalıdır".

Xarici işlər naziri Ceyhun Bayramov martın 5-də türkiyəli həmkarı ilə görüş zamanı Azərbaycanın müharibə başlayandan həmin tarixədək Ukraynaya 5.5 milyon avro dəyərində humanitar yardım göstərdiyini açıqlayıb.

Bundan əlavə, Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) fevralın 27-də Ukraynada təcili tibbi yardım və yanğınsöndürən xidmətinin avtomobillərinə pulsuz yanacaq ilə dəstək verəcəyini bəyan edib.

Bu arada Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib.

Ukrayna, Bakı, Azərbaycan, aksiya, nümayiş, Rusiya, müharibə,

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Bakıda Ukraynanın Azərbaycandakı səfirliyi qarşısında fevralın 27-də ukraynalılara dəstək aksiyası keçirilib

"Azərbaycan xalqı Ukraynanı dəstəkləyir"

İcazəsiz aksiyaların bir qayda olaraq polis tərəfindən dağıdıldığı Bakıda, Ukrayna səfirliyinin qarşısında keçirilən, böyük izdihamın qatıldığı dəstək aksiyasına "göz yumulması" diqqətdən qaçmır.

Amma eyni zamanda Azərbaycan hakimiyyəti Rusiya səfirliyi qarşısında hər hansı etiraz aksiyasına da icazə vermir. Bir neçə nəfərin belə aksiya cəhdi alınmayıb, amma bununla yanaşı bir qrup şəxs Rusiya səfirliyi qarşısında dəstək aksiyası keçirə bilib.

İsa Qəmbər hesab edir ki, siyasi müstəvidə Azərbaycan hökumətinin hansı mövqe sərgiləməsindən asılı olmayaraq, Ukrayna səfirliyinin qarsısında keçirilmiş "möhtəşəm aksiya" Azərbaycan xalqının Ukraynanı dəstəklədiyini göstərir.

Rusiyanın Ukraynaya başlatdığı müharibədən sonra geniş iqtisadi sanksiyalarla üzləşib.

Azərbaycan bu sanksiyalara qoşulub-qoşulmayacağı ilə bağlı hər hansı işarə verməyib.

Amma Azərbaycan da, Rusiya da "beynəlxalq riskləri" əsas gətirərək qarşılıqlı olaraq təyyarə uçuşlarını dayandırıb. Lakin tərəflər bu risklərin nədən ibarət olduğunu hələ də açıqlamayıb.